XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2016 - 15:47

Gürcüstanda parlament seçkiləri: Bakının qərbə açılan qapısında kim qalib gələcək? - Təhlil

saakasvili-bdzina

Sabah Gürcüstanda parlament seçkiləri keçirləcək.  150 nəfərlik parlamentə 77 deputat partiya siyahıları üzrə, 73 deputat isə birmandatlı dairələrdən seçilməlidir. 

Deputat mandatları uğrunda 25 partiya və seçki bloku mübarizə aparır.  Birmandatlı dairələrdə isə 800 namizəd yarışır.  Daha çox səs toplayan partiya və blok hökuməti formalaşdırmaq hüququ əldə edəcək. 

Gözlənildiyi kimi, 8 oktyabr seçkiləri çox gərgin mübarizə və sərt rəqabət şəraitində keçirilir və məhz sabah Gürcüstanın növbəti 4 il üçün perspektivinə aydınlıq  gətiriləcək.

Seçkilərdə yenə əsas rəqiblər kimi keçmiş baş nazir, milyarder Bidzina İvanişvilinin qurucusu və faktiki lideri olduğu, hakim “Gürcü arzusu” və keçmiş prezident Mixael Saakaşvilinin tərəfdarlarının birləşdiyi, ana müxəlifət – Vahid Milli Hərəkat Partiyasıdır.

Seçkiyə 1 gün qalsa da, müstəqil müşahidəçilər hansı qüvvənin qalib gələcəyini proqnozlaşdırmaqdan çəkinirlər. İndiyə qədər keçirilmiş rəy sorğuları göstərib ki, seçicilərin 60%-i öz mövqelərini qətiləşdirməyiblər. Seçkiyə 3 gün qalmış Vahid Milli Hərəkat Partiyası Tbilisidə “Qızılgüllər meydanı”nda on minləri toplayan çox izdihamlı mitinq keçirməklə siyasi meydanda onu dəfn etməyə tələsənlərin güclü yanıla biləcəyini nümayiş etdirdi.  Bu mitinqdən sonra hakim partiya sıralarında çaşqınlıq nəzərdən qaçmır. Hətta Saakaşvili optimistləri belə, mitinqin bu qədər izdihamlı və coşğulu keçəcəyini gözləmirdirlər. Mitinqə Odessadan canlı bağlanan M.Saakaşvili də çoxdandır ki, Gürcüstanda baş verənlərə münasibətdə bu qədər inamlı görünmürdü.

Müşahidəçilər qeyd edirlər ki, son 4 ildə ölkədə müşahidə olunan çətinliklər və İvanişvili komandasının öz vədlərinə əməl etməməsi Vahid Milli Hərəkat Partiyasının şanslarını artırıb. Bununla belə, hələ də 12 il əvvəlki populyarlıqdan söhbət gedə bilməz. 

Ölkədə iqtisadi vəziyyətin ağırlaşması, bahalaşma İvanişvili tərəfdarları üçün ciddi problemlər yaradır və getdikcə daha çox insan Saakaşvili hakimiyyətini nostalgiya ilə xatırlamağa başlayıb.

Digər tərəfdən, seçki müstəvisində Rusiya-Qərb rəqabəti açıq hiss olunur. Son iki aya qədər ruslar özlərini açıq göstərməməyə çalışırdılar. Amma seçki kampaniyası dövründə Rusiya tərəfdarları görünməmiş fəallıq nümayiş etdirdilər.

ABŞ fondları və təşkilatları isə əksinə, əvvəlcədən  nümayişkarənə surətdə Saakaşvili tərəfdarlarına dəstək verirdilər.

Bir dəfə qeyd etmişdik, yenidən xatırladaq ki, Gürcüstandakı seçkilər eyni zamanda ABŞ-Rusiya rəqabətinin vacib komponenti kimi də nəzərdən keçirilməlidir. Vaşinqton bu seçkilərdə Vahid Milli Hərəkat Partiyasının mövqeyinin möhkəmlənməsinə çalışır. Əsas vəzifə isə, şübhəsiz, qərbmeyilli qüvvələrin parlamentdə elə təmsilçiliyinə nail olunmasıdır ki, qərarlara təsir etmək, Rusiyaya istiqamətlənmiş təşəbbüslərə müqavimət göstərmək mümkün olsun.

Sirr deyil ki, Gürcüstanla yaxşı münasibətlər ABŞ üçün Qara dəniz regionunda, Cənub Qafqaz bölgəsində möhkəmlənməyin əsas şərtlərindən biridir. Gürcüstan Xəzər hövzəsindən Qərbə doğru  enerji, nəqliyyat dəhlizlərinin açıq qalmasında strateji əhəmiyyətə malikdir. Bu isə Avropaya Rusiyanın təzyiqlərini qismən də olsa azaltmağa yardım edir, alternativ enerji mənbələrinə çıxışa, nəqliyyat layihələrinin genişlənməsinə imkan yaradır. 

Digər tərəfdən, Gürcüstanda seçkilərin nəticələri rəmzi, psixoloji baxımdan da mühüm əhəmiyyətə malikdir. Bu seçkilərdə iki ideologiya, geosiyasi xətt toqquşur və nəticələr “domino effekti” vermək potensialına malikdir.

Son 12 ildir ki, Gürcüstanda Qərb, ABŞ xətti öz aktuallığını saxlayır. Hətta 4 il əvvəl Saakaşvilinin məğlub olaraq uduzması, Rusiyaya loyallığı ilə seçilən “Gürcü arzusu”nün hakimiyyətə gəlməsi də Qərbə inteqrasiya ilə bağlı strateji xətti çox güclü korreksiya edə bilməyib. Gözlənilir ki, sabahkı nəticələrə əsasən “Gürcü arzusu” yenə parlamentdə çoxluq əldə etsə, Vahid Milli Hərəkat Partiyası isə mövqelərini saxlaya bilməsə,  ölkədə artıq fərqli proseslərin şahidi olaq. Bundan sonra amerikalılar və Avropa İttifaqı ölkədə əvvəlki rahatlıqla işləyə bilməyəcəklər. Çətin ki, İvanişvili növbəti 4 il üçün xalqdan möhkəm mandat alsa, əvvəlki kimi dözümlü və təmkinli davransın. Söhbət heç də Ermənistan formatından getmir, amma Qərb ölkələri üçün çətin günlərin başlayacağı şübhə doğurmur.

Saakaşvili tərəfdarlarının triumfu isə əks prosesləri başlada və son 4 ildə müəyyənləşmiş kövrək tarazlığı poza bilər. Yəqin ki, gürcüləri bu məsələlər də, sosial-iqtisadi problemlər qədər narahat edir. Ona görə, ehtimal etmək olar ki, sabah onlar daha çox tarazlığın qorunmasına səs verəcəklər.

8 oktyabr seçkilərinin nəticələri Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Çünki  Gürcüstanın balanslı siyasəti Bakının maraqlarına cavab verir. Azərbaycan üçün Gürcüstanda xarici qüvvələrdən daha az asılı və ölkənin milli maraqlarını önə çəkən, geosiyasi oyunlarda risklərdən sığortalanmağı bacaran komandanın hakimiyyətdə olması çox əhəmiyyətlidir. Gürcüstanda bunu təmin etməyə yol açacaq qüvvələr nisbətinin bərqərar olması Azərbaycan üçün ən məqbul variantdır. Gürcüstan Azərbaycanın Qərbə qapısıdır və Bakı son 15 ildə bərqərar olmuş münasibətlər sisteminin davam etməsində maraqlıdır.

 

Zaur İBRAHİMLİ

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə