XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 October 2016 - 21:51

Reyqana arxa çevirən, Ərdoğanı dizləri yanında oturdan ahıl komandan –PORTRET CİZGİLƏRİ (FOTOLAR)

erdogan-reyqann

Bir vaxtlar onun adı gələndə Əfqanıstandakı kommunist siyasi xadimlər zağ-zağ titrəyirdi. O, əfqan mücahidlərinin sözsüz və şəriksiz lideri idi. Hərgah digər silahdaşları onu kiçiltməyə çalışırdı.

SSRİ-yə qarşı döyüşən ən böyük müxalif hərbi birləşmənin komandanı kimi mücahid qüvvələrinin düppədüz üçdə biri məhz ona məxsus idi. Onu ehtişamla qəbul edir, qarşısında hər cür lütfkarlığı əsirgəmirdilər. Zarafat deyil, hətta dünya müsəlmanlarının lideri olmağa çalışan Tayyip Ərdoğan onun dizinin dibində oturmaqdan qürur duyurdu.

Strateq.az. artıq ahıl yaşına çatmış, qocalsa da, hələ də şir heybətini saxlayan Əfqanıstan İslam partiyasının lideri Gülbəddin Hikmətyarı “tanıdır”.

Təxminən, bir ay əvvəl Əfqanıstanın İslam Partiyasının sədri Kabildə Əfqanıstan dövləti ilə sülh razılaşması imzaladı. İslam Partiyasının nümayəndələri, Ali Sülh Şurasının üzvləri və Əfqanıstan prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Hənif Ətmərin iştirakı ilə keçirilən mərasimdə, saziş mətnində dərkənar qoyan Gülbəddin Hikmətyarın, nəhayət, dinc, guşənişin həyata qayıdacağına indinin özündə belə çox az adam inanır.

Doğrudur, sənədə əsasən, Əfqanıstan dövləti G.Hikmətyarı və partiyanın digər tanınmış simalarını toxunulmazlıqla təmin edir. Bunun müqabilində isə G.Hikmətyar partiyasının hərbi qanadını buraxır və yalnız siyasi fəaliyyətini davam etdirəcəyi barədə öhdəlik götürür. Amma…

Buna inanmamaq üçün Hikmətyarı tanımaq lazımdır.

Ötən əsrin 40-cı illərində Gündüz vilayətindəki bir kənddə, puştu ailəsində bir oğlan uşağının təvəllüdü Quran səhifələrinin kənarına yazıldı. Oğlan böyüyüb hərbi akademiyaya yazıldı və az sonra Kabil universitetinə keçərək mühəndisliyi öyrənməyə başladı. Uşaqlıqdan dəcəl olan G.Hikmətyar dörd il sonra həbsə atıldı.

Səbəb hələ də müəmmalıdır: bir fərziyyəyə əsasən, maoçu yaşıdının qətlinə görə, digər fərziyyəyə əsasən, şah rejiminə qarşı çıxdığından.

Ruspərəst baş nazir Məhəmməd Davud şahı devirdikdən sonra Hikmətyar Pakistana köçüb yeni rejimə meydan oxumağa başladı. 1975-ci ildə artıq Əfqanıstan İslam Partiyasını yaradaraq fəal siyasi fəaliyyətə keçdi.

Davud hökuməti ilə vuruşa-vuruşa sonda, 70-ci illərin axırlarından başlayaraq, Əfqanıstanda kommunistlərin hakimiyyətinə müxalif oldu. Sıralarında 40 mindən çox döyüşçüsü olan “Hezbe İslami” mücahidlərin ən böyük hərbi birləşməsi idi.

Mücahidlərə dəstək verən Qərb dövlətlərinin rəhbərləri Gülbəddin Hikmətyarın gücünü görür və onunla yaxın təmasa səy göstərirdilər. Amma nə qədər qəribə olsa da, mücahidin özü 1980-ci ildə hətta ABŞ prezidenti Ronald Reyqanın görüş təklifini rədd etmişdi. Sovetpərəst Nəcibulla rejiminin süqutundan sonra mücahid liderləri arasında qovğalarda G.Hikmətyar da yer aldı.

Bölüşdürülə bilməyən tac uğrunda əsas rəqiblər “Pəncşir pələngi” Əhməd Şah Məsud və puştu şiri G.Hikmətyar gah o səfdən, gah da bu səfdən özlərinə müttəfiq tapırdı. 1994-cü ildə o, yarıtürkmən-yarıözbək generalı Əbdürrəşid Dustumla ittifaqda Əhməd şah Məsuda qarşı döyüşdü.

Bu amansız qovğalarda nəinki paytaxt, bütün ölkə viran oldu.

Nəhayət, 1996-cı ildə Bürhanəddin Rəbbani ilə anlaşdılar və G.Hikmətyar bir müddət Əfqanıstanın baş naziri oldu.

90-cı illərin ortalarından Pakistanın “Taliban” hərəkatını dəstəkləməsinin sonucu G.Hikmətyarın qaçışı ilə nəticələndi. İrana sığınan Əfqanıstan İslam Partiyasının sədri Tehranda məskən saldı. Amma sonradan İrana dönük çıxaraq, rəsmi Tehranı Əfqanıstanda məzhəb qarşıdurmasını qızışdırmaqda ittiham etdi.

2001-ci ildə “Taliban” rejimi çökdükdə G.Hikmətyarın adı “qara siyahı”da təhlükəli terrorçu kimi qeyd edilirdi. Halbuki, onun bir çox sabiq müşavirləri prezident Həmid Kərzai hökumətində təmsil olunurdular.

Ümumiyyətlə, 2000-ci illər G.Hikmətyar üçün bəxtsiz və şərəfsiz keçdi. Bir-birinə zidd açıqlamalar, səf dəyişmələr, gah “əl-Qaidə” ilə əməkdaşlıq, gah da “taliblərə” sığınma…

Puştu şirinin nüfuzu sarsıldı. İndi o, goreşən təəssüratı yaradırdı. Hikmətyarın həyatında bir maraqlı məqam Ərdoğanla bağlıdır.

Ötən əsrin 90-cı illərində, Rifah partiyasının mövcud olduğu dönəmdə mücahid lideri Türkiyəyə səfər etmişdi. Nəcməddin Ərbakanın iltifatını qazanan əfqan siyasi-hərbi xadiminin qaldığı məkana bir neçə “rifah”çı gəlmişdi. Onun otağında olan və dizləri yanında yer alan şəxslərdən biri Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyip Ərdoğan idi.

Bu anı əks etdirən foto uzun müddət, hətta indi də Türkiyədə siyasi möhtəkirlik mövzusudur.

İşin məğzini bir həmin gün, həmin saat o otaqda olanlar və bir də Allah bilir…

M.Rzasoy

Strateq.az

erdogan-reyqann

hikmetyar

hikmetyar-1

hikmetyar-3