XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

12 Oktyabr 2016 - 11:19

Nəqliyyat-boru kəmərləri:Siyasətləri və hakimiyyətləri dəyişən, yeni ittifaqlara səbəb olan əsas amil - Təhlil

putin-aliyev-erdoqan-1

Murad Yetkin

Hürriyet (Türkiyə), 12.10.2016

 

Oktyabrın 10-da İstanbulda Rusiyadan Türkiyəyə təbii qaz ötürəcək üçüncü qaz kəmərinin inşası haqda saziş imzalanıb. Uyğun imzalar 23-cü Ümumdünya Energetika Konqresi çərçivəsində atılıb. Qara dənizin dibindən keçəcək xətt “Türkn axını” adlanıb.

Moskva ilə Ankara arasında ilk qaz kəməri haqda saziş Turqut Özalın dönəmində 1984-cü ildə – Rusiya hələ Sovet İttifaqı olarkən imzalanıb.  Bu xətt Rumıniya və Bolqarıstan ərazisindən Şərqi Frakiyaya qaz tədarükünü təmin edirdi.

SSRİ dağılıb, Ukrayna müstəqil olub, Rusiya ilə münasibətlərdə problemlər başlanıb, Türkiyəyə qaz tədarükündə fasilələr meydana çıxır. Bu müddətdə qaza tələbatı artmış Türkiyə formulu başqa ölkələrin ərazilərini ehtiva etməyən Qara dənizdə tapıb.

Sazişi 1997-ci ildə Məsud Yılmazın baş nazir olduğu vaxt imzalanmış bu ikinci xətt “Mavi axın” adlandırılmışdı. Bu qaz kəmərinin inşasında İtaliyanın “Eni” şirkətinin texnologiyasından istifadə edilib. 2003-cü ildə Samsunda açılış mərasiminə Türkiyə, Rusiya və İtaliya baş nazirləri (mətndə bu cürdür-tərc.) Tayib Ərdoğan, Vladimir Putin və Silvio Berluskoni qatılıblar və yeri gəlmişkən, onlar bir-biri ilə yaxşı dil tapırdılar.

İndi İstanbulda energetika naziri Berat Albayraq və rusiyalı həmkarı Aleksandr Novakın “Türk axını” üzrə saziş imzalama mərasimində iştirak edən Ərdoğan və Putin öz ölkələrinin prezidentləridir. Albayrağın Ərdoğanın kürəkəni olması faktı prezidentin iri energetika layihələrində şəxsən maraqlı olduğu və buna özəl önəm verdiyinin daha bir göstəricisidir.

Berluskoni artıq siyasi səhnədə yoxdur. Rusiyanın Ukraynaya müdaxiləsi və Krımı ilhaqından sonra AB-nin Rusiyaya qarşı  sanksiyaları üzündən İtaliya da iştirak etmir. Lakin bu sazişin birbaşa iştirakçısı olmasa da, daha bir prezident – Azərbaycan prezidenti İlham Əliyev də bu hadisənin şahidləri sırasında idi. Məlum olduğu kimi, o, TANAP layihəsi və Türkiyə-Yunanıstan sərhədində birləşməklə Azərbaycan təbii qazının Avropa bazarlarına ötürülməsi layihəsini gerçəkləşdirir.

İqtisadi artım üçün AB ölkələrinə enerji resursları lazımdır, lakin Rusiya qazından asılılığın tədrici artımı strateji planda ABŞ-ı narahat edir. Rusiyaya isə enerji resursları ilə ticarət etmək lazımdır ki, iqtisadi fəaliyyətin müdafiə və kosmik sənaye kimi əsas sahələrini dəstəkləsin.

Bu, təkcə Rusiya üçün deyil, neft qiymətlərinin düşməyindən əzab çəkən Azərbaycan, Qazaxıstan və İran kimi ölkələr üçün də aktualdır. Məgər Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Cavid Çağların (məşhur türk biznesmeni-tərc.) Türkiyə-Ruisya münasibətlərindəki təyyarə böhranının ardan qaldırılmasına yönəlik müdaxilə və cəhdləri təsadüfi idi? Lakin maraqlar tələb edərkən ritorika da dəyişilir, fəaliyyət də, siyasət də. Məsələn, bu konqresin Türkiyədə keçiriləcəyi qəti şəkildə həll olunarkən (2014-cü ildə xeyli cəhd göstərmiş Abdulla Gülün prezident olduğu dövrdə) Türkiyə və İsrailin münasibətlərində böhran baş verdi. Əslində, dəvətlilərin tərkibinin tam müəyyən edildiyi bu ildə də böhran saxlanırdı. Xatırladığınız kimi, İsraillə münasibətlərin normallaşması haqda qərar iyunun 26-da – Rusiyaya münasibətdə anoloji təşəbbüsə bir gün qalmış elan olunub.

Dünən məlum olub ki, İsrailn energetika naziri Yuval Steynits İstanbula səfər edəcək. Onun rəsmən dəvət edilmədiyinə baxmayaraq, konqres çərçivəsində panel diskussiyalar təşkil edən Amerika Atlantik Şurasının (Atlantic Council) qonağı kimi gələcək. Amma o, həm də energetika naziri Albayraqla görüşməlidir.

Belə gətirib ki, bu diskussiyanı 1999-cu ilədək Bakı-Tiflis-Ceyhan neft kəmərinə keçmiş ABŞ prezidenti Bill Klintonun özəl təmsilçisi qismində nəzarət etmiş Riçard Morninqstar aparacaq. (Dünən onunla “Hilton” otelinin girişində görüşdük; xeyli qocalıb, amma əvəlki tək olduqca fəaldır.)

1984-cü ildə Rusiya ilə sazişi imzalayan Özal deyib: “Qarşılıqlı asılılıq böhranların qabağını alacaq”. Və haqlı çıxdı.

Bəli, Türkiyə-Rusiya münasibətlərindəki böhran tamamilə başqa səbəbdən yarandı, qaz kəmərləri bunun qabağını ala bilmədi, lakin böhranın tezliklə aradan qaldırılmasında önəmli rol oynadı.

Bölgəmizdə Özalın sözlərini xatırlamağa məcbur edən daha bir boru  kəməri var. Bu, İsrailin Aralıq dənizi sahilindəki Eşkalon və Qırmızı dənizin sahilindəki Eylat terminalları arasında çəkilmiş neft kəməridir. Bu xətdən istifadə olunmağa başlansa, Misirin nəzarət etdiyi Süveyş kanalından və buradan keçən tankerlərdən asılılığı aradan qaldıracaq. Bu boru kəməri 1969-cu ildə İsrail hökumətinin Yaxın Şərqin daha bir hökuməti ilə bərabərhüquqlu tərəfdaşlığı sayəsində salınıb.

Soruşacaqsınız ki, hansı hökumətlə? Bircə düşünməyin ki, sizin ələ salıram. İranla.

Bu gün bu kəmər boşdur və istifadə olunmur. Lakin günlərin birində kimsə onu  yada sala bilər.

Axı dünən deyilmiş acı sözlər fotoşəkillərdəki gülüşlə əvəzlənə bilər. Siyasət dəyişilir, hətta rejimlər də dəyişilir, lakin boru kəmərləri qalır.

 

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə