XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2016 - 21:01

Deputat Zahid Oruc yazır:"Bakı Türkiyənin paytaxtına, Rusiyanın dostluq mərkəzinə çevrilir"
zahid oruc
 
Zahid ORUC,
 
Milli Məclisin deputatı
 
 
Soyuq müharibənin bitməsindən sonra Türkiyənin Qərb üçün önəmini itirdiyini deyənlərin iddiaları əsassız deyildi. Dünyanı qorxu içində saxlayan Sovetlər Birliyinin çöküşü NATO-nun Şərqə doğru genişlənməsinin yeni strategiyası ilə nəticələndi və bu, Avroatlantik məkana can atan dövlətlərin timsalında ənənəvi müttəfiqlərin rolunun ələnməsinə və təhlükəsizlik baxımından çəkisini itirməsinə səbəb oldu.
 
Qırmızı imperiyanın qarşısında on illər duruş gətirən Türkiyə Kubanın Amerika qitəsinə nəzarəti üçün oynadığı rolu başqa bir məkanda – Avrasiyada təkrarlayırdı. Qırmızıların təhlükəsi çəkilincə, vəziyyət dəyişdi. Avropa qitəsində Varşava Blokundan azad olan ölkələrin timsalında Atlantik İttifaqı daha mühüm dayaq nöqtələri tapdığından, Ankara yeni xarici siyasət vektorları seçməyə məhkum oldu. Bakı nefti Türkiyənin dünya üçün əhəmiyyətini qaytarmaq baxımından misli görünməmiş yeni üfüqlər açdı və qədimdən dünya diplomatiyasının əsas mərkəzlərindən biri olan Şərqi aparıcı siyasi mərkəz statusundan çıxmağa qoymadı.
 
İndi İstanbulda Enerji sammiti keçirən Ərdoğan neft-qaz ölkəsi olmayan bir dövlətin hansı məqsədə doğru can atdığını yaxşı bilir. Zirvə görüşünə cəmi 3 dövlət rəhbəri qatılsaydı belə, türk siyasi elitası əsrlər boyu müharibə apardığı Rusiya ilə münasibətləri tarixdə heç vaxt olmadığı qədər yaxınlaşdıran neft Bakısının xidmətlərini inkar edə, yaxud unuda bilməz. Cəmi 23 il öncə bunları ağıla belə gətirmək mümkün deyildi. Yenicə müstəqilliyinə qovuşan bir türk respublikasının beynəlxalq arenaya çıxmasına yardım göstərərkən yalnız qardaşlıq duyğularından, yaxud, vahid mədəni və dini sivilizasiyaya mənsub olmaqdan çıxış edildiyini düşünmək yanlışdır. Dövlətləri maraqlar idarə edir. Hər halda Azərbaycan siyasi xəritədə yerini alandan sonra başqa dövlətlərə yük olmağa, onunla vassal kimi davranaraq daimi yardımlar altında yaşamağa çalışmadı. Hətta bir başqa xalqın rəhbəri olduğunun fərqinə varmadan Atatürkün əsgəri olduğunu Anıt Qəbirə daşıyan Əbülfəz Elçibəy belə, Dəmirəldən xilas vertolyotları diləyərkən bunu qatı türkçülüyünün əvəzi olaraq humanitar yardım kimi istəmirdi.
 
Hər halda rus xofu, yaxud Amerika basqısı altında hərəkət edən Dəmirəl Türkiyəsinin əvəzində ondan sonrakı iqtidarlar azərbaycanlılarla hərbi ittifaqın nə demək olduğunu yaxşı başa düşürdülər. O üzdən erməni işğalı ilə üzə-üzə qalan xalqın ən sonuncu nümayəndəsi belə, Azərbaycanın qarşılaşdığı fəlakətdən çıxınca bir kimsəyə borclu qalmayacağına əmin idi. İndi Türkiyə Bakı hesabına güclənir və daha da qüdrətli regional hökmrana çevrilir. Rusiya prezidenti Vladimir Putini iki türk liderinin əhatəsində görərkən keçmişdən və gələcəkdən gələn səsləri necə eşitməmək olar? 
 
Bir vaxtlar demokrat Yeltsin Rusiyasının liderlərinin davranışlarını indi İstanbul tribunasından verilən bəyanatlarla müqayisə edə bilərsinizmi? Xəzərdə əsil müharibə törətməyə yaxın olan dövlətlər Azərbaycanın dünyaya çıxan yoluna gəlmiş kimi görünürlər. Başa düşmək olar, neft bahalı sərvətdir, onu əldən vermək imperiyalar üçün ölümə bərabər hadisə idi, lakin indi Andrey Kozırevi Moskvada tapıb desən ki, sanksiyalarla hədələdiyi Bakını o vaxt qan içində boğsaydılar, Qərbə gedən yolları qapadılan Moskvanın Türkiyə ilə qaz ittifaqını xəyal edə bilərdilərmi? 
 
Yaddaşları təzələməkdə bir fayda var. Azadlıq mübarizəsinin çox görkəmli siması sayılan Rutskoy “Xəzər neftinin Azərbaycana məxsus olmadığını” deyərkən məxfi sənədlərdə balaca xalqların heç bir hüquqa malik olmadığı müddəasından çıxış edirdi, Jirinovski “xarici konsorsiumla işlənən buruqları bombalamağı” təklif edirdi, Paşa Qraçovsa, “müqavilələr bağlanacağı təqdirdə erməni tanklarının Bakıya yeridiləcəyi” ilə hədələyirdi. Putinin rəhbərlik etdiyi iqtisadi-siyasi elita təmsilçilərinin oxşar leksikonda imperativ dillə çoxları ilə danışdıqlarını görmüsünüz. Lakin bizimlə yox. Hər halda qalstukundan asmağa çalışdıqları Saakaşvili ilə müqayisədə Moskvadan Azərbaycan əleyhinə ultimatumlar çoxdandır ara verib. Dünya ilə qarşıdurmada olanların Qafqazda kiçik bir ölkənin seçiminə loyal yanaşması nəyin hesabına olub, sizcə? “Cənubi Qafqazın geopolitikası tamam dəyişib” deyənlər, bunun necə baş verdiyini obyektiv təsvir edə bilərlərmi? Axı hazırkı regional reallıqlar öz-özünə meydana çıxmayıb. 
 
Azərbaycan strateji kursunu səhv seçsəydi, indi Türkiyə belə, onu meydanda təkbaşına qoruya bilməzdi. Halbuki Bakı-Ceyhan təkcə neft kəməri deyildi. O vaxt iki dövlətin birliyini istəməyənlər onlarla marşrut xətti seçməyi tələb edirdilər ki, türk faktorunu bəri başdan zərərsizləşdirə bilsinlər. Yəqin, çoxları məlumatsızdır ki, 1992-ci ildə Bakıya gələn "AD Petrosan" şirkətinin türk rəhbəri Oğuz Kapan boru xəttini İrəvandan keçirməyi təklif edirdi. Orijinal ideyası ilə neft biznesinə qoşulan bu adam əslində tək deyildi – Qərbdən də oxşar çağırışlar səslənirdi. Hər halda türk iş adamını dəli hesab etməyinə dəyməz. O vaxtkı reallıq bundan ibarət idi. Heç bir rəssamın qələmə ala bilməyəcəyi fantasmoqorik mənzərə yaranırdı – torpaqlarını işğal edən düşmənlə bir araya gəlib onun ərazisindən enerji ixrac edirsən, o da tanklarını müftə yanacaqla təchiz edib ərazilərini daha böyük vəcdlə ələ keçirir. İkinci dünya müharibəsində sovetlər birliyinin ərazisində neft uğrunda mübarizə aparan Hitlerin Bakı planı bundan daha humanist deyildimi? Yaxşı ki, ermənilərin əli Bakı neftinə çatmayıb, yoxsa, Xəzərin tarixən kimə məxsusluğunu 5 dövlətlə deyil, birisi ilə mübahisələndirmək lazım gələcəkdi. 
 
İndi Türkiyə dünyaya enerji ixrac edən dövlətə çevrilir. Bəli, nə qədər qəribə səslənsə də belədir. Yaxın Şərqdə maraqlarına böyük zərbə dəyən, Avropa ilə daimi gərginlik yaşayan, Amerika ilə soyuq münasibətlərə girən bir ölkə yalnız Qafqazdan gələn qan-damar sistemləri hesabına yeni enerji xəritəsi hazırlamağa qalxır. İran, İraq, Rusiya və Qətər dövlətləri tarixdə heç vaxt olmayacaq qədər Ankaraya yaxınlaşıblar. Bəlkə də ABŞ-ın o vaxtlar Ceyhandan fərqli ünvanlar axtarmasının bir səbəbi də bu idi – türklərin böyük iddialarına yol vermək olmazdı. 

 

 
Azərbaycan Rusiya və Türkiyənin yeni barışığında rol oynayaraq fərqli siyasi perspektiv formalaşdırır. İlham Əliyev Qafqazda ənənəvi toqquşmaları inkar edən bir xətti izləyərək Putin və Ərdoğanı düşmənçilikdən uzaqlaşmağa inandıra bilir. Hər halda Qazaxıstan lideri də burada müsbət rol oynayarkən türk-rus birliyinin tarixi əhəmiyyətini yaxşı başa düşür. Baxın, necə maraqlı bir mənzərə yaranır – İsrail və Rusiya Türkiyəni cəmi bir neçə ay öncə neosmanizmdə və diktaturada günahlandırdıqları halda, yenidən əməkdaşlıq formatına qayıtmağa razılıq verirlər. Ancaq günlər öncə bütün informativ arsenallarını bir-birinə qarşı tuşlayan tərəflərin istəyindən asılı olaraq, Bakı müxtəlif pozucu addımlara əl ata, qızışdırıcı mövqe tuta bilərdi. Onun gələcəyini hesablamaqsa, çətin deyildi. Hər halda iki qitəni birləşdirən eks-imperiyalar təzədən bir araya gələndə Azərbaycanın əziləcəyinə heç bir şübhə qalmayacaqdı. 
 
İndi ərazi bütövlüyü problemi olan bir ölkə Türkiyənin daxili və xarici təhlükələrini üzərinə götürür və İlham Əliyev Putinin gözləri qarşısında türk dilində qardaş ölkəsinə ən yüksək istəklərini dilə gətirir. 15 iyul çevrilişinə cəhddən yenicə çıxmış bir ölkəyə belə yanaşan nə qədər lider var? Bəlkə ruslarla türkləri barışdırmaq Qərbin qəzəbinə gəlmək deməkdir və hər iki imperiya varisini birgə əzməyə çalışanlarının gücünü, niyyət və təxribatlarını görüb çoxları vasitəçilik missiyasından uzaq durardılar. Belə yerdə boşalan bazarları özünə girəvə bilən, yaxud “Türk axını” layihəsinin başa gəlməsi nəticəsində neft-qaz maraqlarına zərbə gələcəyini hesablayan ölkə Bakı kimi hərəkət etməzdi. Axı qonşular dalaşanda silahdan kəfənə qədər geniş çeşiddə məhsullarını satan üçüncülər üçün imkan daha da artır. Kişi simalı siyasət aparmağın müasir dünyada qeyri-mümkün olduğunu deyənlərə əksini sübut etmək üçün Azərbaycan yaxşı nümunədir. Türklər üçün təkcə Orta Asiya qazına deyil, Rusiyanın təbii sərvətlərinə gedən yol Bakıdan keçmirsə, onun başqa ünvanını bizə göstərin. Yaxın Şərqdə xüsusi mövqe qazanmağa çalışan ruslarla oturub danışmaq üçün əlverişli məkan yenə də Azərbaycandır. 
 
Bəli, zaman çox dəyişib. Türk generallarının burada görünməsindən narahat olub İrəvana "Skad" raketlərini yığan bir dövlət Azərbaycan və Türkiyə şahinlərinin iki ölkə səmasında şərti düşmənə qarşı manevrlərindən daha əl-ayağa düşmür. Gizli servislərin daim təhlükə saçan şifroqrammalarının hər gün siyasi liderlərin masası üzərinə yatırılmasına baxmayaraq, Moskva Cənubi Qafqazdakı nüfuz dairəsini Türkiyə ilə bölüşməyə razıdır. Hər halda Amerika və Avropanın müqabilində Kremlin strateqləri üçün bu, daha təhlükəsiz arxitekturadır. Halbuki rus və türk əsgərinin sümükləri belə uyuşmayıb, qəbirləri də eyni torpağa qarışmayıb. 

 

 
Avrasiya məkanının iki nəhəngi faciə ilə nəticələnən təyyarə insidentini Gülənin üzərində saxlayaraq, münasibətlərdə yeni səhifə açmağa qərar verərkən, rus silahı və türk zabiti ilə güclənən Bakını 20-ci əsrin əvvəllərində olduğu kimi, ayaqlar altında qoya bilməzlər. Doğrudur, tarixin qara kölgəsi hər zaman xalqları təqib edir. Qarabağ üzərindən Rusiya və Türkiyə arasında razılaşmaların tapılacağı təqdirdə, Azərbaycanın mənafelərinin bir kənara atılacağı iddialarının əsassızlığını sübuta yetirmək üçün dərin politoloji təhlillərə baş vurmağına dəyməz. Bakı-Ceyhanı əvəz etmək olar, yaxud, Gürcüstan üzərindən Qafqazlarda İran və Rusiya əleyhinə divar tikmək də mümkündür, lakin hər şey siyasi çıxarlarla və xəritədəki yerlə ölçülməz. Azərbaycanın can varlığını, ruhunu, doğmalığını Türkiyə üçün əvəz etmək mümkün deyil. Ya da ki, əksinə! 

 

 
Ona görə İstanbuldakı üç dövlət başçısının vahid bir tabloda birləşməsi çoxları üçün ölüm səhnəsidir. İrəvandan baxanda Putinlə Ərdoğanı yaxın edən, onların arasında sözün gerçək mənasında körpüyə çevrilən və iki xalqın böyük bir gələcəyi inşa etməsində ən yaxın silahdaşa çevrilən İlham Əliyevin düşmən əleyhinə necə dərin və strateji müharibə apardığını görməmək mümkün deyil. Azərbaycanı öz orbitində saxlamağa çalışanlar zamanın çağırışı ilə Bakıda birləşirlər. Vaxtilə sovetlərin əyalət şəhəri indi Türkiyənin paytaxtına, Rusiyanın dostluq mərkəzinə çevrilir.
 
Yaxın Şərqin xaosunu ixrac edənlərə, Haaqa tribunalında rusları mühakiməyə çağıranlara və türkləri on illərdi Avropa Birliyinin qapısında saxlayanlara qarşı Moskva-Bakı-Ankara divarı ən yaxşı müdafiə istehkamıdır.
 
Min illərdi ki, insanları və dövlətləri birləşdirən iqtisadi mənafe bağları qırılanda onları asanlıqla düşmənə çevirirlər. Ona görə də kəmərlər birləşən yerdə, talelər də birləşir!