Bir toplum öz dəyərlərini daş-qalaq edə-edə, dəyərsizləşir. Dəyərsizləşdikcə də, dəyərli gördüyü toplumların sırasında dayana biləcəyinə özü də inanmır.
Açığı, Nobel mükafatının bir addımlığına qədər irəliləyən Sərdar Cəlaloğlu barədə deyilənləri oxuduqca, bu fikirlər ağlıma gəldi. Kimlərsə, illah da, bu adamın nəzəriyyəsini gözdən salmaq üçün dəridən-qabıqdan çıxır, oxumadıqları bir tədqiqat əsərini elmlilikdən uzaqlıqda suçlayırlar. Özü də bu insanlar heç araşdırılan sahənin belə, adamı deyillər. Sərdar Cəlaloğlunun nəzəriyyəsini oxuyan əcnəbi mütəxəssislər isə onun Nobel mükafatının son mərhələsinə qədər irəliləməsinə etiraz etməyiblər. Deməli, bununla da, ən azı, nəzəriyyənin elmi olduğunu təsdiqləyiblər. Bəs, görəsən, bu nəzəriyyənin qısa mahiyyəti nədən ibarətdir?
Sərdar Cəlaloğluyla söhbətimizdə bu suala aydınlıq gətirməyə çalışdıq. ADP sədrinin Strateq.az-a müsahibəsini təqdim edirik
(əvvəli: http://strateq.az/manshet/103975/s%C9%99rdar-c%C9%99laloglu-6.html)
– Maraqlıdır, məlumatı komitə yayıbsa, niyə onda bəziləri sizi faktı şişirtməkdə və özünüzü reklam etməkdə günahlandırır?
– Bilmirəm, bunu məni ittiham edənlərdən soruş. İrəli sürdüyüm nəzəriyyə ilə tanış deyillər, nə dediyimi bilmirlər. Amma mənim savadsızlığımı sübuta yetirmək üçün milləti belə, təhqir etməkdən çəkinmirlər. O gün özünü elmlər namizədi adlandıran biri öz aləmində məni tənqid etmək üçün bütün Azərbaycanın elmi potensialını şübhə altına alır. Deyir ki, Azərbaycandan heç kim elm sahəsində Nobel mükafatı ala biləcək ağılda deyil. Bunu həm də alimlik adına iddia edən biri dilə gətirir. Təsəvvür edin, bu adamlar nələrə əl atırlar. Mən elmdən heç nə qazanmamışam. Əksinə, əlimdə olan bütün imkanlarımı elmə xərcləmişəm. Kəşfimi Nobel Komitəsinə təqdim etmək üçün qurumun Nizamnaməsinin tələbinə görə, minimum əməkhaqqının 30 mislində pul lazım idi. Hansı elmi quruma müraciət etdimsə, mənə arxa çevirdilər. Məcbur olub kredit götürdüm. Kredit borcuyla işimi mükafatlandırmanın son mərhələsinə qədər aparıb çıxara bildim. Bu, yalnız mənim problemim də deyil. Azərbaycanın ciddi elmlə məşğul olan bütün alimləri məhz bu problemlər üzündən ortaya heç bir nəticə çıxara bilmirlər. Nobel Komitəsinin Azərbaycan filialı 20 ildir açılıb. İndiyə qədər isə bu komitəyə cəmi 11 elmi iş təqdim olunub. Gizli səsverməyə qədər isə iki iş gedib çıxıb, onlardan biri də mənim nəzəriyyəmdir. Mənim savadsızlığımı sübuta yetirmək üçün bütünlüklə bu xalqı intellektsizlikdə ittiham edənlər isə elmin hesabına dolanırlar. Aldıqları elmi ünvanlarının arxasında gizlənərək cəmiyyətdə sayılıb-seçilirlər. Adama deyərlər ki, əgər Azərbaycan xalqı həqiqətən də Nobellik intellektə sahib deyilsə, niyə elmlər namizədi, professor kimi ünvanlarınızı gözə soxursunuz? Nə üzlə dövlətdən maaş alır, yeri gələndə qanunən haqqınız olmayan imtiyazlardan faydalanırsınız? Axı mən indiyə qədər bu imtiyazların heç birini görməmişəm. Əksinə, əqidəmə görə təqib olunmuşam. Sənə bir fakt deyim: 1994-cü ildə rəhmətlik Azad Mirzəcanzadə qələmə aldığım “Mahiyyət” kitabını oxumuşdu. Mənə zəng edib görüşə çağırdı. Görüşdə dedi ki, kitabımı çox bəyənib və mənə elmlər doktoru elmi adı vermək istəyir. Dedim, "Azad müəllim, özünüzü çox yormayın, mənə siyasi əqidəmə görə, bu ünvanı verməzlər". Təəccübləndi ki, elmin müxalifətçiliyə nə dəxli var? Bu ünvanın mənə verilməsinə mütləq nail olacağını bildirdi. Mən də, təbii ki, Azad müəllimin savadıma verdiyi qiymətə görə sevindim və onun təklifi ilə razılaşdım. Üzərindən bir neçə ay keçəndən sonra yenidən mənə zəng etdi, görüşməyimizi istədi. Yanına getdim. Utana-utana dedi ki, "Sərdar bəy, haqlıymışsan. Sənə elmi status vermək üçün qabağıma, uzun müddətdir ki, qəbul etmədiyim şərtlər qoyuldu. Dedilər ki, Sərdar Cəlaloğlu da kitab yazıb, Anar da, Elçin də. Sən niyə onlara yox, Sərdara elmlər doktoru ünvanı verirsən? Get, nə vaxt Anara, Elçinə bu ünvanı verərsən, Sərdar bəylə bağlı təklifinə ondan sonra baxarıq". Azad Mizəcanzadə bu adamları başa sala bilməmişdi ki, hər kitab eyni deyil, Anar, Elçin ədəbi, Sərdar Cəlaloğlu isə elmi-nəzəri əsərlər yazır. Mən də ona dedim ki, "mənə elmi titul vermək xətrinə bu ünvana haqqı çatmayan hər hansı bir adamı təltif etmək elmə xəyanət olar. Elmi bədbəxt günə qoymamaq üçün siz buna getməyin. Mənə o elmi titul lazım deyil".
Bax, bizim elmə yanaşmamız bundan ibarətdir. Bəzi adamlar hesab edir ki, hakimiyyət bunlardadırsa, Azərbaycanın idmançısı da, alimi də, şairi də, jurnalisti də ancaq bu zümrənin arasından çıxa bilər. Özlərindən kənarda harda bir işartı görürlərsə, onu söndürməyə çalışırlar.
– Sərdar bəy, onda niyə təəccüblənirsiniz ki? Hansısa elmlər namizədi çıxıb "Azərbaycanda Nobel mükafatı alacaq alim yoxdur" deyəndə, yəqin ki, öz ətrafını nəzərdə tutur. Sadə insanları, heç bir elmi titulu olmayanları nəzərdə tutmur. Yəni “alim yoxdur” deyir, “adam yoxdur” demir ki…
-Yox, axı, mənim nəzəriyyəmə kölgə salmaq üçün bunu deyirlər. Sən dediyin kimi desə, mən də razılaşaram. Amma elə demirlər. Deyirlər ki, hətta bizim alimlərimiz gedib “Nobel”i ala bilməz, o ki qala Sərdar kimi elmi statusu olmayanlarımız. Səni inandırım ki, mən “Nobel” mükafatı alsaydım da bu cür, hətta bundan daha artıq ittihamlara məruz qalardım. Bilirsənmi, Azərbaycanda mənim kimi Nobel mükafatının son mərhələsinə qədər yüksələn bir adam da var – BDU Bitki fiziologiyası kafedrasının müdiri Nemət Qasımov. Məni də “Nobel” mükafatına sənədlərimi təqdim etməyə həvəsləndirən bu adam olub. Söhbətlərimizin birində dedi ki, Sərdar bəy, mən Nobel mükafatı almayanda sevindim. Çünki məni çox sıxışdırırdılar. Təsəvvür et, bu dəyərli alim gizli səsverməyədək nə qədər basqı ilə üzləşib ki, mükafatı almadığına sevinmişdi. Yaxşı, deyək, mən müxalif düşüncəliyəm, gözləri götürmür. Hesab edirlər ki, mənim uğurumu qəbul etsələr, bu, onların siyasi karyeralarını sarsıdar. Elmdən başqa heç bir iddiası olmayan Nemət Qasımova niyə eyni paxıllıqla yanaşırlar? Nemət müəllim ki siyasi iddiası olmayan adamdır.
– Doğrudan da maraqlıdır. Sizin sözünüzdən belə çıxır ki, hansısa sehrli qüvvə Azərbaycanın elmi inkişafının qarşısını qəsdən almaq istəyir…
– Açığı, mənə qarşı son zamanlar başlayan qaralama kampaniyasının təsadüfən aparıldığına inanmıram. Bu, bir mərkəz tərəfindən idarə olunur. Düşünə bilirsənmi, Nobel həftəsidir, komitə gizli səsvermədə iştirak edənlərin adını açıqlayıb. Mən də bu xəbəri informasiya kanallarından almışam və dolayısıyla Azərbaycanın müxtəlif dairələrindən təbrik gözləyirəm. Bu vaxt telefonum zəng çalır, telefonu açıram. Mənə zəng edən xanım jurnalist soruşur ki, Sərdar bəy, filan yanacaqdoldurma stansiyasının xidmətindən razısınızmı? Bir də bu jurnalist hökumətin ən iri məmurlarından birinin maliyyələşdirdiyi mətbuat orqanında işləyir. Bu zamana qədər, bir dəfə də olsun, mənə zəng edib ciddi bir məsələylə bağlı heç nə soruşmayıb. Nobel həftəsində mənə verilən suala bax. Rəsmən məni öz aləmlərində aşağılamaq, “sən bizim üçün məişət adamısan” demək istəyirlər, sanki. Bu da azmış kimi, öyrədilmiş adamları mediaya çıxarıb kobud ifadələrlə əməyimə kölgə salmaq istəyirlər.
– Hiss olunur ki, jurnalistdən o sualı eşidəndə çox qıcıqlanıbsınız. Cavabınız nə oldu?
– İnan ki, qıcıqlanmıram. Mütəmadi eyni münasibətlərlə üzləşmişəm. Artıq mənim üçün bütün bunlar adi hala çevrilib. Bilirəm ki, məqsədləri məni həvəsdən salmaq, elmi çalışmalarımın qarşısını almaqdır. Ona görə də bu cür münasibətlərlə üzləşəndə daha çox öz əqidəmə, işimə bağlanıram. Fikirləşirəm ki, mənim çalışmalarım kimlərisə narahat edirsə, deməli, Haqq yolundayam. Mən niyə Haqq yolundan dönməliyəm?
– Siyasi fəaliyyətlə elmi fəaliyyətiniz bir-birinə mane olmur?
– Niyə olsun ki? Əksinə bir-birinə kömək edir. Biri var, hər hansı siyasi məsələyə elmi yanaşasan, hadisələrin mahiyyətini dərk edərək, addım atasan. Biri də var ki, kor-koranə bir işin dalınca gedəsən. Nəsrəddin Tusinin Hülaki xanı Marağa rəsədxanasını tikməyə razı salması barədə məşhur bir əhvalat var, eşitməmiş olmazsan. Hülaki xan böyük xərc tələb etdiyi üçün rəsədxananı tikdirmək istəmir. Tusi bir dağın zirvəsindən içi boş çəlləkləri dığırlandırır. Qoşun qorxuya düşüb, ciddi həyəcan keçirir. Tusi özünü çox rahat aparır və xana deyir ki, bizim rahatlığımızın səbəbi gələn səs-küyün nədən ibarət olduğunu bilməyimizdir. Ordu isə ona görə vəlvələdədir ki, bu dəhşətli səslərin adi boş qazan səsi olduğunu bilmirlər. Elm siyasi hədəfi olan insana bu rahatlığı, düzgün qərar qəbul etmək imkanı verir.
– Elmin siyasətə və ümumiyyətlə hər hansı sahəyə bu cür müsbət təsirlərinin olduğu aydındır. Amma siyasi intriqalar, lüzumsuz polemikalar axı elmə ayıracağınız zamanı alır. Bu mənada siyasətin elmə zərəri var.
– Heç siyasətin də elmə zərəri yoxdur. Bayaq dediyim kimi, Nobel mükafatında son mərhələyə qədər gedən iki azərbaycanlıdan biriyəm. Məndən əvvəl bu zirvəyə yüksələn Nemət müəllim olub. Özü də 1998-ci ildə. Yəni məndən 18 il qabaq. Bu dəyərli alimin o zaman imza atdığı bu uğurdan kim xəbər tutdu? Heç kim. Niyə? Çünki siyasi arenada tanınmırdı. Elm kollektivinə isə bu uğuru görmək sərf etmirdi. Mənim Nobel mükafatına namizədliyim isə cəmiyyətdə ciddi əks-səda doğurdu. Bədxahlarım məni söyəndə belə, özləri istəmədən reklamımı təşkil edirlər. Onların absurd iddiaları mətbu orqanların diqqətini çəkir. İstər-istəməz sənin kimi jurnalistlər gəlib məsələnin mahiyyətini xəbər alır. Bu vaxta qədər başqaları soruşmuşdu, indi sən soruşurursan. Sabah ayrı mətbu orqanlardan müsahibə almağa gələcəklər. Bu minvalla mən öz elmi nəzəriyyəmi, fəlsəfi düşüncələrimi cəmiyyətə yayıram. Bilirsənmi, istənilən elmi nəzəriyyə cəmiyyətə yayıldığı, müzakirə olunduğu zaman yaşayır, effekt verir. Cəmiyyətin bu ilgisi istər-istəməz elmi çevrələrimizi də müzakirəyə cəlb edəcək. Dolayısıyla mənim üzümə qapı bağlayan elm mərkəzləri də, ən azı, siyasi məqsədləri naminə nəzəriyyəmlə tanış olacaqlar. Bir çoxları nəzəriyyəmdə irəli sürdüyüm iddiaları çürütmək üçün enerji sərf edəcəklər, bu, nəticə verməyəndə isə, razılaşmağa məhkum olacaqlar. Bir elm adamı bundan artıq nə istəyə bilər?
– Müsahibələrinizdə çox əminliklə “Nobel”i indi olmasa da, sonra qazanacağınızı söyləyirsiniz. Bu əminlik hardan qaynaqlanır?
– Çünki “Nobel”in Əsasnaməsinə görə, mənim təqdim etdiyim kimi nəzəriyyələr – hansı ki, praktiki işlər deyil – bir neçə ildən sonra da mükafata layiq görülə bilər. Səbəb də nədir? Belə elmi nəzəriyyələri praktiki sınaqdan keçirirlər. Təcrübələr özünü doğrultsa, mükafatlandırma məsələsinə yenidən baxırlar. Bu təcrübələr ən müasir elmi labaratoriyalarda, NASA kimi tədqiqat mərkəzlərində aparılır. Mən bunu deyəndə əleyhdarlarım ya nə dediyimi başa düşmürlər, ya da qəsdən fikirlərimi təhrif edirlər. Deyirlər ki, guya, mən elmi nəzəriyyəmin NASA tərəfindən təcrübədən keçirildiyini iddia edirəm. Halbuki, iddiam bu deyil. İstənilən elmi labaratoriyada aparılan təcrübələr mənim nəzəriyyəmlə üst-üstə düşə bilər. Bu zaman mənim nəzəriyyəmə əsaslanıb elmi-təcrübi fəaliyyətə keçə bilərlər. Elm tarixində bu, dəfələrlə baş verib. Ümumiyyətlə, hər hansı elmi ekol yalnız bir alimin əməyinin nəticəsi olmur. Bir çox alimlərin kəşfləri toplanaraq məktəblər ortaya çıxır. Elm bu şəkildə yaranır. Dama-dama göl olur.
– Sizin bu elmi nəzəriyyəniz elm ictimaiyyəti tərəfindən qeydə alınıb? Məsələn, sabah bir yəhudi alim çıxıb həmin fikirləri öz kəşfi kimi irəli sürə bilərmi?
– Necə sürə bilər? Mən bu kəşfimi Nobel Komitəsinə təqdim etmişəm. Nəzəriyyə ən son mərhələyə qədər gedib. Gizli səsvermədə iştirak edib. Üstəlik, ondan əvvəl nəzəriyyəmi Azərbaycanda Müəlliflik Agentliyində qeydə aldırmışam. Burda qeydə alınan əsər Ümumdünya Bilik Bankına daxil olur. Nobel Komitəsi də nəzəriyyəni mənim işim kimi qəbul edib və müzakirəyə çıxarıb. Minlərlə alimin ekspertizasından keçib. Kimsə necə idda edə bilər ki, bu kəşf Sərdar Cəlaloğluya yox, ona aiddir? Mən ümumiyyətlə 5 elmi iş hazırlamışam. O işlərdən biri üzvi maddələrin əmələ gəlməsi haqqındadır. Yəni üzvi maddədəki üzvilik nədən ibarətdir, necə meydana gəlir? İkinci elmi nəzəriyyəm canlılığın əmələ gəlməsiylə bağlıdır. Hansı ki, elmdə bununla bağlı heç bir ciddi mülahizə yoxdur. Üçüncüsü də fiziki nəzəriyyədir, onu bu il Nobel Komitəsinə göndərəcəyəm – "Mütləq Nisbilik Nəzəriyyəsi: maddə necə əmələ gəlir?" Dördüncüsü də dilin əmələ gəlməsiylə bağlıdır. “Ümumiyyətlə, dil necə yaranıb” sualına cavab verir. Güman edirəm ki, bu işlərimin hamısında çox yüksək beynəlxalq təltiflər əldə edəcəyəm.
– İnşallah. Mən o biri nəzəriyyələr haqqında çox dayanmaq istəmirəm. Hələ ki, əsas müzakirə mövzusu Kosmik cismlərin kiçilməsi nəzəriyyəsidirsə, gəlin, ondan danışaq. Açığını desəm, Sizin bu nəzəriyyə Nyutonun Dünya Cazibə qanunundan sonra sonra elmi çevrələr tərəfindən qəbul olunan təsəvvürlərə bənzəyir. Bildiyimiz kimi, ötən əsrin ortalarına qədər elm Cazibə qanunundan hərəkət edərək, kainatın kiçildiyini düşünürdü. Çünki cazibə qüvvəsiylə bütün göy cisimlərinin bir-birini sıxdığı və nəticədə kainatın balacalaşdığı güman olunurdu. Sonra Genişlənən Kainat nəzəriyyəsi irəli sürüldü və onu təsdiqləyən dəlillər ortaya çıxınca bu düşüncələr də dəyişdi. Sizin nəzəriyyənizi kiçilən kainat düşüncəsindən fərqləndirən əsas cəhət nədən ibarətdir?
(ardı var)
Söhbətləşdi: Heydər Oğuz
Strateq.az