XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2016 - 12:18

Latviyanın Hava Qüvvələri Komandanı olmuş səfiri:“Biz enerji resurslarının diversifikasiyasında maraqlıyıq” - MÜSAHİBƏ

sefir-komandan-1

Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs Strateq.az-a müsahibəsində Latviya-Azərbaycan münasibətlərinin mövcud durumundan, perspektivlərindən, ikitərəfli əlaqələrin daha da gücləndirilməsi imkanlarından bəhs edib:

 

– Cənab səfir, Azərbaycanla Latviya arasındakı hazırkı münasibətləri qənaətbəxş hesab etmək olarmı?

– Bəli, mən deyərdim ki, ölkələrimiz arasındakı münasibətlər, siyasi əlaqələrimiz nəinki qənaətbəxş, yüksək səviyyədədir. Buna sübut kimi, yaxın günlərdə Latviya Seyminin sədri xanım İnara Murnietsenin Bakı səfərini göstərmək olar. Biz bütün görüşlərdə siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu bildiririk. Əlbəttə, iqtisadi əlaqələrimizin daha da yaxşılaşdırılmasına ehtiyac var.  

– Latviya Seyminin sədri ilə görüşlər hansı səviyyədə keçdi və görüşdə daha çox hansı məsələlərə toxunuldu?

– Xanım Murnietse Azərbaycan parlamentinin sədri tərəfindən dəvət olunmuşdu. Buna baxmayaraq, seymin sədri Azərbaycan Prezidenti, Baş nazir, Xarici İşlər naziri ilə də görüşlər keçirdi. Onu vurğulamaq istərdim ki, Latviya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından sonra bu, Latviya Seymi sədrinin ölkənizə ilk səfəri idi. Və bu, çox önəmliydi. Görüşdə müzakirə olunan məsələlərdən ən vacibi parlamentlərarası əlaqələrin daha da sıx qurulmasıdır. Bilirik ki, hər bir ölkədə bu əməkdaşlığın qurulması üçün dostluq qrupları yaradılıb. Latviyadan gələn Latviya-Azərbaycan Dostluq Qrupunun üzvülərindən biri Azərbaycan əsilli idi. Daha sonra iqtisadi, turizm, təhsillə bağlı məsələlərə toxunuldu. Növbəti əsas məsələ isə Avropa İttifaqı ilə bağlı oldu. Bilirsiniz ki, Milli Məclis bu qurumla münasibətləri genişləndirməklə bağlı qərar qəbul edib. Latviya bu istiqamətdə maraqlıdır. Bu günlərdə Azərbaycanda səfərdə olan Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndələrinin ikisinin latviyalı parlamentari olduğunu vurğulamaq istərdim.    

– Azərbaycan Avropa İttifaqı münasibətlərinə toxundunuz. Bu münasibətlərdə yeni mərhələnin başalayacağı ilə bağlı həm Brüsseldə, həm də Bakıda anonslar səslənir. Necə düşünürsünüz, Azərbaycan-Avropa İttifaqı münasibətlərində dönüşə nail olmaq mümkündürmü? Ümumiyyətlə, fikrinizcə, ikitərəfli münasibətlərin perspektivi bu gündən baxanda necə görünür?

– Xatırladım ki, 2015-ci ildə Latviya 6 ay müddətinə Avropa İttifaqı şurasına rəhbərlik edib. Bu müddət ərzində Şərq tərəfdaşlığı əməkdaşlığı prioritet məsələlərdən biri olub. Qeyd etmək istəyirəm ki, Latviya indi də bu istiqamətdə regional əməkdaşlığın inkişafında maraqlıdır. Bura Belarusiya, Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan daxildir.

Bilrisiniz ki, üç ölkənin – Rusiya, İran və Azərbaycan prezidentlərinin görüşündən sonra tranzit məsələsi aktual məsələlərdən biri olub. Tranzit vacib məsələlərdəndir. Əlbəttə, bu tranzit birbaşa Azərbaycan və Latviya ilə deyil, arada olan digər ölkələr də bu tranzitə cəlb olunacaq. Buna görə də regional əməkdaşlıq vacib məsələlərdən biridir, buna diqqət göstərmək lazımdır.

Növbəti əsas məsələ Avropanın enerji təhlükəsizliyidir. Bəllidir ki, müxtəlif layihələr var ki, Azərbaycan qazı Avropaya nəql olunur. Əlbəttə ki, bu qaz birbaşa Latviyaya gəlmir. Latviya Avropa İttifaqının üzvü olduğu üçün, hesab edirik ki, bizi də təmin edir. Biz bu enerji resurslarının diversifikasiya olunmasında maraqlıyıq. Buna görə də, inkişafda olan TANAP, TAP layihələri bizim üçün maraqlıdır. Azərbaycan tərəfi çıxış edib ki ölkə Avropaya qaz nəql edir.

– Bəzən səfirlər bildirir ki, ölkəmizi təmsil etməklə münasibətləri daha da yaxşılaşdırmaq, əlaqələri daha da möhkəmləndirmək üçün burdayıq. 13 aydır Azərbaycandasınız. Gələcək planlarınız nədir?

– Bir səfir kimi qeyd edə bilərəm ki, gələcək planlarımın əsas məqsədi iqtisadi əlaqələri yüksək səviyyəyə qaldırmaqdır. Əlbəttə, bunun da öz problemləri var. Devalvasiya baş verdi, bütün dünyanı əhatə edən maliyyə böhranı iqtisadi əlaqələrin qurulmasına əngəl yaradır. Hər iki tərəf istəyir ki, ölkələrində sərmayələr yatırılsın. Maliyyə böhranında hamı sərmayə qoymağa çəkinir. Düşünürük ki, hər iki tərəfin maraqlarına uyğun layihələr həyata keçirilsin və iqtisadi əlaqələr inkişaf etsin. Çalışacam ki, əlaqələr tək iqtisadi sahədə olmasın, bütün sahələri əhatə etsin. Bura mədəniyyət, təhsil, turizmi misal çəkə bilərəm.

Təhsil sahəsinə gəlincə, hazırda Latviya ali təhsil ocaqlarında 200-ə yaxın azərbaycanlə tələbə təhsil alır. Gələcəkdə də bu tələbələrin sayının artmasını arzu edirik.

– Turizmdən söz düşmüşkən, hələ sovetlər dönəmindən Riqa, Yurmala və digər şəhərlər turistləri özünə cəlb edə bilmişdi. Gəlir gətirən sahələrdən olan turizmi genişləndirmək üçün nələri etmək lazımdır, təklifləriniz varmı?

– Düz deyirsiniz, Yurmala hələ də hamı üçün maraqlıdır. Yay məzuniyyətində Yurmalada gördüklərim buna sübutdur. Çoxlu sayda yeni dostlarım ora gəlmişdi. Latviyanın “Air Baltic” Hava Yolları Şirkəti yay vaxtı, maydan sentyabra kimi Riqa-Bakı-Riqa marşrutunda birbaşa uçuşlar həyata keçirir. Bu ilin yazında biz Azərbaycan turizm şirkətləri ilə görüş keçirmişdik. Görüşdə Latviyanın səhiyyə turizminin inkişafı ilə bağlı məlumatlar vermişik. İnsanlar sadəcə gəzməklə kifayətlənməsin, öz sağlamlıqlarının da qaydına qalsın.

– Azərbaycanda fəaliyyət göstərən Latviya şirkətlərinin sayı nə qədərdi və ümumiyyətlə, 2015-ci il üçün qarşılıqlı ticari dövriyyə nə qədər olub?

– Azərbaycanda müxtəlif sahələri əhatə edən 20-yə yaxın Latviya şirkəti fəaliyyət göstərir. Qız qalası, Nobel muzeyi, Atəşgahın daxilindəki dekorasiyanın qurulması Latviya şirkətləri tərəfindən həyata keçirilib. Bundan başqa restoran və xidmət sektorunun inkişafı üçün Latviyadan bir şirkət dəvət olunub. Bundan əlavə də, çoxlu fiziki şəxslər var ki, burada müxtəlif sahələrdə çalışırlar.

Sualın ikinci hissəsinə gəlincə, bu rəqəm çox deyil. 25 milyon alqı-satqı olub. 6 milyon xidmətlərdən gələn vəsait olub. Devalvasiya və maliyyə böhranını nəzərə alsaq, bu il azalmağa doğru gedir. 25 milyonun 10 faizi Azərbaycandan olan malların Latviyaya ixracını təşkil edib. Əsas bir hissəsi də Latviya mallarının Azərbaycana idxalının payına düşüb. Təəssüf ki, belədir. 

– Uzun müddət hərbi sahədə salışan, Milli Müdafiə Hərbi Akademiyasında müəllimlik edən, sonradan Milli Silahlı Qüvvələrin komandanı, Hərbi Hava Qüvvələrin komandanı olan Yuris Maklakovs üçün səfir təyinatı gözlənilməz olmadı ki? Yoxsa, bu vəzifəni gözləyirdiniz?

– Əlbəttə ki, mənim üçün bu, sürpriz oldu.  Şəxsi həyatımda çox şeylər dəyişdi. Bizdə komandan vəzifəsində işləmək 4 ildir. Bir hərbçi kimi mən karyeramın ən yüksək zirvəsinə qalxdım. Bundan sonra nə edəcəyim mənim üçün çətin idi. Prezidentlə görüşdən sonra o mənə bu vəzifəni təklif etdi. Səfir olaraq ilk işimə Qazaxıstanda başladım. Bir sahədən digər sahəyə keçməyin öz çətinlikləri var. Amma bu 5 il ərzində mən çox şey öyrəndim və bundan sonra çox asan olacaq. Qəbul edirəm ki, mən çox cavanam. Ölkəmə çox töhvələr verə biləcəm. Ölkəm üçün müsbət işlər görmək istəyirəm. General rütbəsi aldıqdan sonra otağımda görüdüyünüz bu qılıncı simvol olaraq bizə hədiyyə edirlər. Mən hara getsəm, bunu özümlə aparıram. Bu, bundan əvvəlki işimdən mənə olan yadigardır.

– Dediniz Azərbaycana təyin olunanadək siz Latviyanın Qazaxıstanda səfiri olmusunuz. Bu iki ölkədən hansı sizin üçün daha yaxın, doğma görünür?

– Hər ölkənin öz fərqli cəhətləri var. Bu, o xalqa, millətə xas olur. Bu mədəniyyət tarixən, uzun illər formalaşıb. Hər iki ölkənin nefti və qazı var. Neftin qiymətinin düşməsi hər iki ölkə üçün iqtisadi böhran yaradır. 4 il yarım Qazaxıstanda işləmişəm və bir müddətdir buradayam. Çalışdığım ölkələr haqda heç bir mənfi fikir söyləyə bilmərəm. Tək fərq şəhərlər arasında, havayla bağlı ola bilər. Latviyanın Qazaxıstandakı səfiri dünən yazdığı məktubda orada artıq qar yağdığını bildirir. Amma burada hava hələ də yaxşıdır. Bu ölkələrin ikisi də mənim üçün doğmadır.

– Uzun illər hərbi sahədə çalışdığınıza görə, Sizə daha çox necə müraciət edirlər, general- mayor, yoxsa cənab səfir?

Yaxın insanlar, dostlar hələ də mənə general deyir. Amma hazırda hamı mənə səfir deyə müraciət edir.

 – Cənab general-mayor, keçmiş hərbçi kimi, Sizə Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ problemi ilə bağlı sual vermək istəyirəm. Sözügedən problemə Latviyanın mövqeyini necə ifadə edərdiniz?

– Mən sualınıza səfir kimi cavab verəcəyəm (gülür). Tarixə baxdıqda görərik ki, heç bir müharibə insanlara, ölkəyə müsbət heç nə vermir. Ölüm, qəm, kədər, bədbəxtlik gətirir. Burada əsas məsələ odur ki, münaqişənin sülh yoluyla həll olunmasıdır. Bu istiqamətdə hər bir işin görülməsidir. Xatırladım ki, Latviya Seymi sədrinin son səfərindəki bütün görüşlərdə ilk müzakirə olunan məsələ Xocalı soyqırımı ilə bağlı olub. Bildiyiniz kimi, Latviya Seyminin 53 üzvü Xocalı Soyqırımı barədə bəyanat qəbul edib. Əlbəttə, başa düşürük ki, bu münaqişənin sülh yoluyla həll olunması uzun vaxt tələb edir. Amma hər bir halda bunun sülh yoluyla həll olunması istiqaməti ilə getmək lazımdır.

–  Ekspertlər Ermənistanın sürətlə silahlanmasını bütün bölgə üçün təhlükə hesab edir. Bu yaxınlarda isə Ermənistan Rusiyadan “İsgəndər” raket sistemləri aldı. Bir diplomat, keçmiş hərbiçi kimi, bu narahatlıqları necə şərh edərdiniz?

– İlk olaraq qeyd edim ki, silahların alınması müsbət nəticə verən deyil. Hər bir halda, oturub müzakirə edərək, münaqişə sülh yoluyla həll olunmalıdır. Düzdür, şayiələr yayılır ki, Ermənistan silahlar alır. Balans yaranacaq. Hər iki ölkə silah alır. Bilirik ki, Azərbaycanın da müqavilələri var. Yenicə sərgi keçirilib, ölkənizin silahları nümayiş olunub.

“İsgəndər” raket sisteminə gəlincə, real faktı hələ ki, heç kim görməyib, bunlar şayiədir. Ümumiyyətlə, Ermənistanda Rusiyanın hərbi bazası var və onların Rusiya ilə əlaqəsinin yaxşı olduğu məlumdur. Amma orda olan hərbi baza və silahlar Ermənistanın deyil, ruslarındır. Yenə də əsas məsələ burada münaqişənin sülh yolu ilə həll olunmasıdır.

– 13 ayda ölkəmizlə, mətbəximizlə tanış ola bildinizmi? Daha çox nələr diqqətinizi çəkib?

– Çox dadlı ətiniz var. Bura gələndə ilk gün məni antrikota qonaq etdilər. Bu 13 ay ərzində yediyim antrikotların hamısı ləzzətli olub. Qutab, digər yeməkləriniz dadlıdır. Balığı çox sevirəm, balıqlarınız daha ləzzətlidir, əsasən berj balığını xoşladım. Ötən qış iki dəfə xaş yemişəm.  Demək olar ki, bütün meyvələrdən, hər bir şeydən mürəbbələr hazırlayırsınız və hamısının dadına baxmışam, çox ləzzətlidir. İlin bütün fəsillərində sizdə meyvə-tərəvəz olur. Fəsillər dəyişdikcə bunlar da bir-birini əvəz edir. Bu, çox yaxşıdır. Bunlar bizdə yoxdur.  Mətbəxiniz çox dadlı, yaxşı və zəngindir. Amma bir az diqqət etmək lazımdır ki, kökəlməyəsən…

Laçın SƏMLA

Strateq.az

sefir-latviya-1