XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 October 2016 - 15:41

Aydın Qacarın Məmməd Araz haqda yazısı:"Dərdin çoxdan gözü düşmüşdü Ona"

 aydin-memmedov

Aydın Qacar

[email protected]

 

Allah, xəbərin olmadı

 

Bu başsağlığı, bu kiçik təsəlli – Məmməd Araz sözünün sehrinə, möcüzəsinə tapınanlar üçündür.

… Sonuncu qoruyla od qalamışdı, səhra sinəsidir sinəm deyirdi. Mən indi yol azmış bir səhra quşu, səhra yanğısında sönüm deyirdi. Təklərə hay verib tənha qalsa da, səhra dözümündən dözüm qoparmışdı, dözürdü. 

Dözdü – dözdüm həddinəcən, dözdü ölüm səddinəcən.

 

Heçdən qaçıb, heçə yetdim,

Bu mənzilə necə yetdim

Vallah, xəbərim olmadı.

 

Daşda, dəmirdə yaşadım,

Açıq qəbirdə yaşadım,

Dəni xəlbirdə yaşadım,

Allah, xəbərin olmadı…

 

İlk payızda gəlmişdi dünyaya, son payızda da getdi… Yazda ölüm asan olur, saxlar məni yaza Allah – ümidi, gümanı da doğrulmadı.

Bu Allahın Allahı yox!?

Payız hesabat fəslidir, bir az nisgilli – qərib, bir az kövrək – boz, bir az da fəlsəfi, elə Məmməd Arazın özü kimi. Görən, nə qədər insanın mənəvi sığınacaq yeri olub Məmməd Araz poeziyası? Onun müqəddəs kədəri nə qədər qəlbi riqqətə gətirib, heyrətləndirib, ovundurub, düşündürüb, paklaşdırıb, saflaşdırıb? Hesablamaq olarmı? Çətin! 

Reallıq isə budur ki, Azərbaycan şerinin Məmməd Araz adlı əfsanəsi artıq yoxdur… Köçün çəkib getdi bu dünyadan… Şəninə neçə-neçə nəğmələr qoşduğu, şerlər yazdığı – bu get-gəllər bazarına dəvə olan, bu ömür gün naxışına həvə olan dünyadan.

memmed-araz-111

Çıxıb getmək istəyirdi

 

Ömrüm keçdi, xeyirlə – şər, balla – zəhər arasında, yük daşıdım – Sözlə bəşər arasında söyləyirdi. Hələ çoxdan çıxıb getmək istəyirdi, – əbədiyə qəh-qəh çəkən, bu əbədi dünyadan.

 

Bir yad qəlbə əsir düşən hörmətimi,

Yığıb getmək istəyirəm, yığıb getmək…

Son gülləmi öz başıma sıxıb getmək,

Çıxıb getmək istəyirəm, çıxıb getmək!

 

Ürəyimin sızıldayan səsini də,

Anlarımın kövrəyini, tərsini də,

Yığıb getmək istəyirəm, yığıb getmək –

Çıxıb getmək istəyirəm, çıxıb getmək.

 

Biganəliyə, dərdə, üzüntülü ömrə etiraz idi bu şer, bu etiraf! Ancaq o, hesabında ayıq və qərarlı olub həmişə. Etiraf da vəsiyyət kimidir -yüngüllük, rahatlıq gətirir. Bütün yazarlar öz yazdıqlarına oxşadıqları kimi, bu şeir də Məmməd Arazın özü idi:

 

Nə itim var – daş atalar, hürdürələr,

Nə atım var – çubuq çəkib hürküdələr,

Nə qoyunum, nə quzum var – qurda qismət…

Varım – yoxum beş – on sözdür – yurda qismət.

 

Öz köçünü yığıb getmək istəyirdi – yığıb getdi, çıxıb getmək istəyirdi – çıxıb getdi, – dünyamızı Məmməd Arazsız qoydu… Ancaq sözsüz qoymadı, – yığıb aparmaq istədiyi ürəyinin sızıldayan səsini də, anlarının kövrəyini tərsini də, ayağa dur, Azərbaycan nərəsini, havarını,  haykırtısını da eşitmək istəyən eşidir və hələ çox eşidəcək!

Ömrü boyu xeyirlə-şər, sözlə – bəşər arasında karvan-karvan söz yükü daşıyan bu Sarvanın, bu Zəvvarın, bu Söz sərrafının elə yeganə umacağı da söz idi. Söz verirdi bu dünyaya ki, Söz adlı dəfinə ala: İnsanlardan da umduğu yeganə mükafat Söz oldu.

Bu yazı, bu ağı, bu layla da mənim o böyük insana, o böyük ustada vəfa, etibar, söz borcumdu…

 

Tanrının Söz əmanəti

 

Yəqin, kənddə böyüyən əksər uşaqlar əlində, ovcunda ətcə quş balası, sərçə tutub və quşun az qala sinəsindən çıxacaq qədər şiddətlə döyünən ürəyini ovcunun içində hiss edib. Mən Məmməd Arazı oxuyanda, onun ürək döyüntülərini eləcə eşidir, duyur və həmin ritmə də özüm köklənirəm.

Hərdən lirik – kövrək, hərdən müdrik – fəlsəfi, millət, vətən, vətəndaş təəssübü, torpaq qeyrəti gələndə isə tanınmaz dərəcədə sərt, qəzəbli olur bu döyüntülər.

"Ayağa dur, Azərbaycan!" şerini oxuyan oxucuya elə gəlir ki, bu nida, bu haray, bu Azərbaycan marşı dağ cüssəli bir pəhləvanın, qılıncından qığılcım qopan ixtiyar bir sərkərdənin hayqırtısı, nərəsi, havarıdır…

Hələ neçə illər öncə bir qorxu, hakim kəsilmişdi içinə.

 

Vay odu olasan yataq yorğunu

Vay odu vədənə ölüm gecikə…

 

Qorxduğu da başına gəldi, biganəlik də gördü, laqeydlik də, yataq yorğunu olmaqlıq da, gözü yolda qalmaqlıq da…

Üzüntülü ömürdənsə, "iydə dənəsi boyda qurğuşuna əl uzat, bu haqdır Məmməd Araz" nidaları səsləndi dilində, ancaq yenə də:

 

Qəfil düşdüm bəd taleyin kəməndinə mən,

Axır dönüb bu halımla barışan oldum.

 

– deyib barışdı şair qismətiylə. Nəçiliyini kimliyindən gərəkli saydı, heç bilmədi ki:

 

Bir vəzifə kürsüsünün cazibəsi nə,

Bir telefon dəstəyinin ədası nəymiş!

 

Qələminə, kağızına, sözünə güvəndi, sığındı. Dörd divar sərhədli olsa da, uzaq mənzilləri vuran sözü-şeri ilə sözə abidə ucaltdı, özü Tanrının söz abidəsinə çevrildi.

 

Onun dərdi də seviləndir, sözə gələndir

 

Asif Ata deyimində olduğu kimi, yalançı dərdsizlik özü də bir dərddir. Bəli, onun dərdi böyük idi, həm fiziki, həm mənəvi və bu dərd çoxdan gözaltı etmişdi onu, təzə deyildi.

Ancaq dərd var – dərd var…

Dərd var, qalıb qurdlanmış qar kimi köhnədir, soyuqdur, üşüdür, nə özü əriyib gedir, nə də sən yaxın düşə, yiyə dura bilirsən, ağır daşdır asılıb boynundan – Qarabağ dərdi kimi. Dərdə də nifrət edirsən, öz əlacsızlığına da.

Dərd də var, elə hər gün onun içindən keçmək, laylaya bayatıya tutmaq, əzizləmək, oxşamaq, sevmək olar. Və bu təmas həm dərd sahibini yüngülləşdirir, həm də bu dərdə şərik olmaq istəyəni.

Bax, lap elə bu cür, şair özü deyən kimi:

 

Dağ ömrümü qış əritdi yaz yıxdı,

Dərdim keçən yollar yazıq – yazıqdır.

Desəm, dilim yanar, dilim yazıqdır,

Deməsəm duymazlar üzümdən mənim.

 

Mən illər dəniyəm, illər dənimdir

İllərə qəniməm, illər qənimdir.

Azəri torpağı son kəfənimdir,

Doymaram bu qara bezimdən mənim.

 

Dağ döşündən, Səngər təpədən gəlir bu səs… Doğulduğu Nurs kəndinin, Səngərtəpə deyilən yerindən bir ovuc torpaq istəmişdi son mənzilində üzünü qoymağa!!!

Təzə kostyum aldırmışdı, 70 illik yubileyində geyməyə, hələ də kağızlarını qoparmağa qoymurdu, – qismət olmadı, ölüm yatağında idi ölkə rəhbəri.

Məzar daşında bircə misrasının yazılmasını vəsiyyət etmişdi, həmin misrada "o" əvəzliyini "bu" ya dəyişmək şərtilə. Vəssəlam!

 

Ürəyində itirdiyi səsi gəzdi son anında

 

… Başa düşə bildiyim ən kiçik arzusunu, istəyini yerinə yetirməkdən mənəvi zövq alardım – istər ayaqqabısını geydirmək, qolundan tutub yeritmək olsun, istərsə də saatlarla oturub şerdən, sənətdən, müxtəlif problemlərdən danışıb, ağrılarını unutdurmaq.

Əhvalının ən sakit dayanıqlı anında belə, Məmməd Arazın əlindən, qolundan tutan adam, onun bədənində bir dəqiqə ərzində minlərlə titrəyiş olduğunu hiss edərdi.

… Dəmir yolunun qırağında quzu otaran "məktəbli çobanların" uşaq əyləncələrini xatırlayıram. Qulağımızı uzanıb gedən dəmir relslərə söykəyib uğultuya, silkələnməyə müvafiq proqnozlar verərdik – "gəlir", "bir saata gələcək", yaxud – "bu gün bu yoldan qatar keçməyəcək"!… Uzaq uşaqlıq illərində qalan o əyləncə, o istək, o "münnəcimlik", Məmməd əminin hüzurunda olanda məni yenidən çulğayırdı.

İstəyirdim qulağımı, üzümü böyük ehtiramla onun sinəsinə söykəyib "proqnozlar" verim – hərəkətlərini, nitqini itirmiş bu nurun deyə bilmədiklərini, yaza bilmədiklərini, o çırpıntılardan, o titrəyişlərdən oxuya bilim!

Hərdən mənə səthi qalın buz qatı ilə örtülmüş dəryanı xatırladıb Məmməd əmi. Otuz illik yataq yorğunu olmaq azmış kimi, son illərdə nitqi, səsi də tamam itmişdi. Könül dalğası ilahidən gələn bütün səsləri tutsa da, ötürə bilmirdi.

Ürəyində itirdiyi səsi gəzdi son anında…

 

Əridi səs, qeyb oldu səs ürəyinin vulkanında.

Öz qəlbinin tufanında təkbaşına avar çəkdi.

 

Qələmiylə!

"Qələmimdən gen düşəndə, öz – özümə yaslanıram, köhnəlirəm, paslanıram. Qələm mənim yol yoldaşım, söz qardaşım, oxum, nizəm, mübarizəm" – yazdı. Bəli, heç nə deyə bilmirdi, təkcə yaza bilirdi sonda, çətinliklə, sükutla, səssiz və bu yazıları da hamı oxuya bilmirdi.

Sövqi-təbiilə duyurdum ki, dəryadan gələn o kardioqrama oxşar yazılar da, bir vaxtdan sonra titrəyən düz xətlərdən ibarət olacaq və bunları ömür – gün yoldaşı Gülxanım müəllimə də artıq oxuya bilməyəcək… Sözü ola-ola deyə bilməmək dərdi yarı ruh, yarı cisimdən ibarət olan bu şəmi söndürəcək… Və söndü!!!

 

O, Vətən simvolu, vətəndaşlıq etalonu idi

 

Vəfat edən günü içəridə oturmuşduq, xəbər təzə yayılırdı, dostlarım – yaxınlarım mənə zəng vurur, başsağlığı verirdilər. Mən fərqində olmasam da, qarşı-qarşıya oturduğum bir ağsaqqal özünü saxlaya bilməyib məndən soruşur: "Bala, bağışla, mən Məmmədin qohumu, kəndçisiyəm. Onunla bir yerdə böyümüşük. Ancaq vallah, bilmədim axı sən kimlərdənsən?" Dedim: "Tanımazsız, mən onun oxucusuyam, pərəstişkarıyam, qohumu, kəndçisi deyiləm".

Cavab kişinin təəccübünü azaltmadı. Yəqin fikirləşib ki, oxucuya ictimai qaydada mətbuatda, ədəbiyyatda başsağlığı vermək olar. Yanımızda oturan Cəfər həkim izahat verməli oldu. Sonra ziyalı ağsaqqal Bahadur əmi, uşaqlıqda Məmməd Arazla birgə hansı ağır zəhmətlərə qatlaşıb, bir qarnı ac, bir qarnı tox yaşadıqlarını xatırladı, şairdən 6 – 7 yaş böyük olduğunu dedi.

Bu epizodu nahaq xatırlatmadım, indi fikrimi tamamlayacağam.

Mən onu sevirəm – o torpağını, vətənini sevdiyi qədər! Bu sevginin əvvəli, başlanğıcı olsa da, sonu yoxdur. Onu sevməyi elə vətəni, poeziyanı sevmək kimi qəbul edirəm. O, mənim üçün artıq vətən simvoluna, vətəndaşlıq etalonuna çevrilib. Onun özü ilə, şerləri ilə olan təmasdan, mənəvi Dağ – Ata doğmalığı, mərhəmliyi duyuram. O etibarlıdır. Onu oxumaq azad olmaq, Tanrıya, sözə qovuşmaqdır.

Balaca qızım deyir: "Ata, bilirsən, sən Məmməd Arazı niyə çox istəyirsən? Əziz babaya oxşayır, ona görə".

Bu da bir uşaq yozumu, tapıntısıdır.

Əslində ağsaqqalın mənə başsağlığı verilməsinə təəccüblənməyi də, uşağın yozumu da təbii haldır. Yüzlərlə belə epizod olub ki, mənim poeziyaya, Məmməd Araz şəxsiyyətinə olan sevgimi, oxucu – şair münasibətlərimdən daha yaxın bir səbəblə – ya qohumluq, ya dostluq zəminində izah etməyə çalışıblar. Elə, Məmməd Arazın şair xoşbəxtliyi də burasındadır! Və mən bu anı, bu məqamı şairin eşitmək istədiyi ən xoş söz, qazandığı ən böyük mükafat sayıram. Oxucusuna baş sağlığı verilən Şair!!! Ruhun şad olsun, son kəfənin, üz qoymaqdan doya bilmədiyin o qara bezin – Azərbaycan torpağın başın altda qu tükü olsun…  

aydin-araz

İçimdə söz qəribsədi

 

Məmməd Arazla rəsmi vida mərasiminin təşkili, yəqin ki, çox oxucunu, pərəstişkarı qane etmədi. Məmməd Araz sözünün qədrini, qiymətini bilən Mikayıl Mirzə kimi adamlar o rəsmi akademik çıxışlara qatılmadı. Zəlimxan Yaqub, Ağalar Bayramov çadırda bayatı çəkdi, ağı dedilər.

İçimdə bir söz qəribsədi, nisgilimi, kədərimi, təəssüfümü ovutmaq üçün şairin ŞERLƏRİNƏ, SÖZLƏRİNƏ sığal çəkmək, BAŞSAĞLIĞI vermək istədim. Mənəvi cəhətdən Məmməd Araz sənətinə yaxın, ya uzaq hesab etdiyim adları çəkmək, məqamlara, deyimlərə toxunmaq istədim.

Başın sağ olsun, Vətən! Məmməd Araz yetirən Daşın sağ olsun, yastanın, yalmanın, mamırın, ormanın sağ olsun! Keçəl yoxuşların, qozbel diklərin, ofsar cığırların var olsun!

Durnaları dönməz olan dağlarının, döşdə bitən, daşda itən cığırının çəlhiminin, qaşdan baxan dağ kəlinin, ər oğlu ərinin başı sağ olsun, Vətən!

Son anında qəlpələnmək, Araz boyu səpələnmək istəyirdi Şair, "bütün qoluzorlulara nifrətim var" deyirdi: çinli olsun, çinsiz olsun, dinli olsun, dinsiz olsun, lətti olsun, qıvraq olsun, boylu olsun, alçaq olsun… Nə fərqi var, başınız sağ olsun, hədə-qorxu nazirlikləri.

"Qəza ötsün məndən" deyən, ötən kimi "mən – mən" deyən Şəki xanı, Bakı xanı, Fətəli xan, Kəlbəli xan adınızı dastanlardan oyrayası, ruhunuzu qıyma – qıyma doğrayası bir kimsə yox artıq!

Yerin görünür, ölkə rəhbəri! Anar müəllim kimi böyük qələm sahibləri, şair Fikrət Qoca vida səhnəsində hazırlıqsız, qeyri-səfərbər idilər.

Bütün əzizlərinin yaxınlarının, sel boğan dərələri səninlə birgə keçən, mərd, cəfakeş qadının Gülxanımın başı sağ olsun, Məmməd Araz!

Allah vergisi səsinlə, poeziya duyumun, aktyor istedadınla, iki İstiqlal şairinə olan ehtiramınla, daş yaddaşınla – başın sağ olsun, Mikayıl Mirzə!

Ziyalı təəssübünlə, "Xalq şairi Məmməd Araz" albom monoqrafiyanla başın sağ olsun, İsa Həbibbəyli!

"Zəhmətkeş arıdır, sözdən bal çəkər" – deyiminlə, "Yandır işığını Məmməd Arazın" şerinlə  – başın sağ olsun, Zəlimxan Yaqub!

Başın sağ olsun, Ağalar Bayramov, laylaların, ağıların, duyğuların, səmimiyyətin, sədaqətinlə!

Başınız sağ olsun: Nizami Xudiyev, Mirşahin, qızı İradə Tuncay – video yaddaşda saxladığınız görüntülərlə!

Söhrab Tahir, Məmməd Arazı "poeziyamızın şah misrası, qarlı zirvəsi" adlandırdı. Başınız sağ olsun!

"Məmməd Araz sözünün sehri"nə toxunardı Sabir Rüstəmxanlı bir vaxtlar. "Bu dünyanın qara daşı göyərməz" deyərdi Musa Yaqub. Artıq gözlərinin qara yaşı göyərdi, Musa müəllim, leyləklərin çöp yuvası boş qaldı… Neyləyək, başınız sağ olsun hər üçünüzün! Süfrəmizi sözsüz qoymayın, barı!

Başın sağ olsun, Bahadur kişi, təəccübünlə, başınız sağ olsun dostlarım, diqqətiniz – zənglərinizlə.

Başın sağ olsun məktəbli qızım Əfsanə, izahın, yozumunla!

Ağlı gödəninə calaqlarının, payını it qapan maymaqlarının, qadını ər doğmaz qorxaqlarının, boylu – buxunlu alçaqlarının da başı sağ olsun, Məmməd Araz!?

Ömrü əyri naxışlayan həvən də, bu əyriyə baxıb gülən dəvən də var olsun, Şair!

Bir pərdə çahargah, bir sim heyratı, bir ağız dilqəmi sonuncu qəhərin olsun! Rahat yat, Ustad! Haray çəkən səssizliyin – sükutun, niyələrin, bəlkələrin, ümidlərin, gümanların, ibrətin, nifrətin, nəbilimin, həsrətin, heyrətin, kədərin, ahların – sehrli şeirlərinlə, sözlərinlə yaşayacaq qəlbimizdə, yaddaşımızda, mənəviyyatımızda!!! Allah rəhmət eləsin, qəbrin də İlahi sözlə, nurla dolsun Şairim, Məmməd əmim, mənəvi Dağ-Atam…

 

2004-cü ilin dekabrı,

Bakı şəhəri