Azərbaycan Dövlət İqtisad Universiteti və onun rektoru Ədalət Muradov məhkəməyə verilib.
Bu barədə Strateq.az-a İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Bədirxan Musayev məlumat verib.
Onun sözlərinə görə, 2011-ci ildə universitet rektorunun müşaviri və 40 il rəhbərlik etdiyi «İqtisadi Kibernetika» kafedrasının müdirliyindən qanunsuz olaraq çıxarılsa da, o, bu illər ərzində çoxsaylı müraciətlərinə baxmayaraq, vəzifələrinə bərpa oluna bilməyib. Əksinə, istər keçmiş rector Şəmsəddin Hacıyev, istərsə də yeni rector Ədalət Muradov tərəfindən profesor kimi universitetə buraxılması da məhdudlaşdırılıb. Bu günədək onu universitetə qanunsuz olaraq buraxılmadığını əsas gətirən iqtisad elmləri doktoru Bədirxan Musayev də bunu əsas gətirərək, universitetə və onun yeni rektoruna qarşı iddia qaldırmağa məcbur olduğunu deyir:
«Məlumat üçün bildirirəm ki, mən, keçmiş Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra 18.09.1957-ci ildən həmin institutda labotant kimi əmək fəaliyyətinə başlamışam. 1972-ci ildə, 38 yaşımda doktorluq dissertasiyası müdafiə etmişəm. Keçmiş SSjRİ məkanında “İqtisadi kibernetika” elmi istiqaməti üzrə ilk dərslik və monoqrafiyaların, “İqtisadi kibernetika” və “İqtisadi kibernetikanın əsasları” dərsliklərinin müəllifi olmuşam. çoxsaylı dövlət mükafatları almışam. Ancaq 4 ildir ki, qondarma saxta əmrlərlə vəzifələrimdən azad olunsam da, məhkəmələrdəki rüşvətxorluq və ədalətsizlik bu orqanda haqqımı bərpa etmək məqsədimi əngəlləyib. Nəhayət, Prezident İlham Əliyev barəsində çoxsaylı şikayətlər və milyonlarla manat korrupsiya ittihamı olan Şəmsəddin Hacıyevi vəzifəsindən azad edərək, Ədalət Muradovu rektor təyin elədi. üstəlik, Şəmsəddin Hacıyevin universitetdə yaxın qohumları və ətrafı da vəzifələrindən azad olundu. Qardaşının qudası Müzəffər Məmmədov, ailə dostu Kamil Qafarov və digərləri dekan vəzifələrindən, həyat yoldaşının qohumu Həsən İsrafilov Magistratura Mərkəzinin rəhbərliyindən qovuldular. Bu siyahını xeyli uzada da bilərəm…
Nə isə. Prezidentin sərəncamından sonra ümid edirdim ki, universitetin yeni rektoru, professor Ədalət Muradov mənə qarşı haqsızlığı aradan qaldıracaq. Yəni ən azından universitetin professoru, iqtisad elmləri doktoru və 60 illik xidmətlərimi nəzərə alaraq, məni professor kimi universitetə qaytaracaq. Ancaq nəinki bunlar oldu, hətta 4 ildən çoxdur universitetin binalarına buraxılmağıma əngəllər də aradan qaldırılmadı. Qeyri-rəsmi qadağanın şiddəti o səviyyədədir ki, hətta mənim əmək kitabçamı da küçəyə gətirib veriblər. Bu isə mənimçün dözülməz haldır. Ona görə məhkəməyə müraciət edib, «gestapo ənənəsi»nə son qoyulmasını xahiş etmişəm».
İqtisad elmləri doktoru Bədirxan Musayevin sözlərinə görə, o, universitetə buraxılmaması ilə bağlı Əddalət Muradovun cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir: “Artıq yeni iddia ərizəsini Səbail rayon Məhkəməsinə təqdim etmişəm. İddia ərizəmdə universitetə buraxılmamı və professor kimi tədris yükümün davam etdirilməsini təmin etməyi xahiş etmişəm. Hesab edirəm ki, respublika və xarici dövlətlər üçün 60-dan çox elmlər namizədi və doktoru yetişdirən, 20 il Təhsil Nazirliyində İqtisad bölməsinə rəhbərlik edən, namizədlik və doktorluq disertasiyaları müdafiə şurasına sədrlik edən, 15 rektorla 60 il İqtisad Universitetində bütün vəzifələrdə işləyən, 40 ildən çox İqtisad Universitetinin “İqtisadi Kibernetika” kafedrasının müdiri, 12 il rektorun müşaviri, 10 il dekan, 8 il prorektor işləyən şəxs kimi, mənim buna tam haqqım çatır».
Yaxın günlərdə məhkəmənin başlayacağını deyən müsahibimiz ölkə rəhbərliyinə və mətbuata da müraciət edib: «Cənab prezident, Sizdən xahiş edirəm, bu məsələni şəxsi nəzarətinizə götürəsiniz. Eyni zamanda, jurnalistlərdən iclasda iştirak edərək, prosesin işıqlandırılmasını da xahiş edirəm».
Fazil ƏHMƏD