XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2016 - 14:51

İŞİD-in “ikinci paytaxt”ına hücum nə ilə nəticələnəcək? –"Xilafət ordusu"nda satqınlıq başlayıb - Təhlil

mosul_iraq

Maksim Solopov

gazeta.ru, 17.10.2016

 

ABŞ-ın başçılığı ilə koalisiya İraqda İŞİD-in ən böyük şəhərinə – iki milyonluq Mosula  hücuma başlayıb. Quru əməliyyatlarında İraq hərbçiləri, könüllü şiə yğımaları, könüllü xristianlar, peşmərgə kürd dəstələri və Amerikanın məhdud kontingenti iştirak edir. Qərb koalisiyası havadan və arxa cəbhədən onlara dəstək verir. Humanitar təşkilatlar bir milyona qədər qaçdın proqnozlaşdırır.

 

“Şadyanalıq vaxtıdır”

 

İraq baş naziri Heydər əl-Abadi bazar günü axşam jurnalist və politoloqlarla görüş zamanı əməliyyatın tezliklə başlanacağını bildirmişdi.

CNN əl-Abadinin sözlərini sitat gətirir: “Bağdad ətrafında İŞİD-lə mübarizəyə başlamışıq, indi onunla Mosul civarında vuruşuruq  və inşallah, həlledici döyüş ən yaxın vaxtlarda olacaq”.

Əslində, Mosul İŞİD-in ikinci paytaxtıdır. Xilafət məhz burada elan olunub və sonra vətəndaş müharibəsinin bürüdüyü Suriyaya yayılıb. Hökumət qoşunları şəhəri 2014-cü ilin iyununda tərk edib.

Bazar günü Mosula ilk hazırlıq aviazərbələri endirilib. İŞİD-ə qoşulmuş “Amaq” agentliyi həmlələrdə ABŞ aviasiyasını ittiham edir. Havadan hücum vaxtı Dəclə çayının ikiyə böldüyü şəhəri birləşdirən körpülərdən biri zədələnib. İŞİD yaraqlıları körpünün hər iki başını bağlayıblar ki, hərəkətin qabağı alınsın.

Şəhərə atılmış vərəqələr Mosul sakinlərinə bildirib ki, İraq qüvvələri ABŞ-ın başçılıq etdiyi koalisiyanın dəstəyi ilə ən yaxın zamanda şəhərə daxil ola bilər və heç kim qorxuya düşməməlidir. İraq hərbçiləri dinc sakinlərdən şəhərin müəyyən hissələrindən, İŞİD yaraqlılarının mövqelərindən kənar durmaq, öz evlərinin pəncərə və qapılarını kip bağlamağı xahiş ediblər.

CNN İraq baş anziri əl-Abadinin imzaladığı vərəqələrdən sitat gətirir: “Qələbə vaxtıdır. İŞİD-siz təmiz İraqı bayram etməyin zamanıdır”.

Telekanal xəbər verir ki, İŞİD-in Mosuldakı yaraqlıları Suriyaya köç planı qururlar. Şəhərdəki şahidlər telekampaniyaya deyiblər ki, İŞİD tərəfdarlarının ailə və uşaqları daxil olmaqla şəhəri şənbə günü erkən tərk edən altı avtobus görüblər.

Bundan savayı, İŞİD liderləri hücum ərəfəsində əhəmiyyətsiz pozuntulara – geyim və yaxud siqaret çəkməyə görə saxlanmış dustaqları həbsxanalardan buraxıblar.

Kürdlərin peşmərgə könüllü dəstələri də döyüşə hazır olduqlarını bildiriblər. İraq Kürdüstanı bölgə hökumətinin prezidenti Məsud Bərzani şənbə günü öz tvitterində yazıb: “Mosulu azad etməyin vaxtı çatıb”.

Onun sözlərinə görə, Bağdad və Ərbil (İraq Kürdüstanının paytaxtı) Mosul azad edildikdən sonra işlərə rəhbərlik etmək üçün birgə siyasi şuranın yaradılması haqda razılığa gəlib.

İraq Kürdüstanındakı qaynaqlara istinad edən Sky News Arabia telekanalının məlumatına görə, Mosulun azad edilməsi üzrə xüsusi əməliyyatın yerüstü hissəsi ümumi sayı 50 min döyüşçüyə çatan məhz kürd peşmərgəsinin irəli hərəkətlənməsi ilə başlanmalıdır.

The Wall Street Journal” və Türkiyənin “Milliyet” qəzeti əvvəllər bildirmişdi ki, hücumda 120 min nəfərlik güc qruplaşması hərəkətə gətiriləcək. “Milliyet”in məlumatına əsasən, əməliyyata qatılan kürd peşmərgəsinin sayı 10 minə yaxın olacq. Daha 5-10 min kürd durumun inkişafından asılı olaraq hərbi əməliyyatlarda mümkün iştirak üçün hazır duracaq.

Türk qəzeti yazır ki, İraq ordusunun sünni hərbçiləri və müxtəlif qeyri-hökumət birləşmələri hücum edən qüvvələrin ilk sırasında olacaq.

Nəşrin məlumatına görə, şiə hərbçilər gücləndirmə birləşmələri yaradıb və Mosula daxil olacaqlar. Kürsdlər isə islamçıların mümkün irəliləyişinə imkan verməməkdən ötrü müdafiə xətti qururlar. Əməliyyata beş mindən çox Amerika hərbçisi qatılacaq. Türk nəşri dəqiqləşdirir ki, lakin onlar da peşmərgə bölmələri kimi şəhərə daxil olmayacaqlar. Fransa, Almaniya və Kanada gücləri havadan yerüstü bölmələrə dəstək verəcək. Başikdə bazada yerləşmiş türk kontingenti də əməliyyata qatılmağa hazırlaşır.

 

Səhra komandirləri xəyanət edirlər

 

İŞİD koalisiyaya hələlik Bağdadda teraktla cavab verib. Şənbə günü İraq paytaxtınn əl-Şəəb rayonunda şiə məscidinə yönəlmiş hücumda, ən azı, 34 nəfər öldürülüb və 35 nəfər yaralanıb.

İŞİD yaraqlıları hazırda şəhərdə mövqelərini möhkəmləndirirlər. Onlar müşahidəni gücləndirib, bütün Mosulda mina-tələlər quraşdırır, həmçinin tunel sistemi qazıb və uşaqlardan casus qismində istifadə edirlər.

"RİA Novosti" hərbi-diplomatik qaynağa istinadən cümə günü ABŞ və Səudiyyə xüsusi xidmətlərinin İŞİD yaraqlılarının Mosuldan Suriyaya təhlükəsiz keçidini təşkil etmək planlarndan yazıb. Agentliyin həmsöhbəti deyib: “Koalisiya aviasiyası hücum vaxtı ancaq yaraqlılarla əvvəlcədən razılaşdırılmış şahərdaxili ayrıca boş binalara zərbə endirəcək”.

O, qeyd edib ki, beləliklə, İŞİD-in doquz mindən çox döyüşçüsü Suriyanın şərqinə atılacaq. Plana əsasən, onlar Əsədin nəzarətindəki Palmira və mühasirədə olan Deyr-əz-Zora hücum həyata keçirəcəklər. Güc strukturlarının birindəki həmsöhbət gazeta.ru-ya təsdiq edib ki, Moskvada bu cür ssenarinin varlığından xəbərdardırlar.

Cümə günü məlum olub ki, İŞİD öz sıralarındakı sui-qəsdin üstünü açıb: islamçıların komandirlərindən biri gizlicə İraq hökumətinin tərəfinə keçib və Mosulun götürülməsi üzrə əməliyyatın gedişatında hökumət qüvvələrinə kömək planlaşdırırmış. Bu haqda İraq xüsusi xidmətlərinə istinadla "Reuters" agentliyi xəbər verib. Agentliyin həmsöhbətləri xəbər verib ki, ehtimal olunan 58 sui-qəsdçi hələ oktyabrın əvvəlində aşkarlanıb. Hamısı edam edilib.

Satılmışlar, guya, şəhərin müxtəlif rayonlarında silahlar gizlədib. İŞİD üzvləri sui-qəsd iştirakçılarının birinin telefonunda silah partiyası xatırlanan məlumatı görərkən sui-qəsdin üstü açılıb. Həbsə alınan istintaq vaxtı hər şeyi etiraf edib və şəriklərini ələ verib.

Agentlik İraq terrorizmlə mübarizə xidmətinin rəsmi təmsilçisi Səbah ən-Numanidən sitat gətirir: “Bu, açıq şəkildə buna işarə edir ki, terrorçu qurum təkcə əhali tərəfdən deyil, hətta öz üzvləri içində də dəstəyini itirir”.

 

Bir milyon qaçqın

 

Rusiya Dövlət humanitar universitetinin professoru Qriqori Kosaç gazeta.ru-ya bildirib ki, terrorçular çətin ki Mosuldan getməyə razılaşar. Onun sözlərinə görə, Ər-Ramadini azad edərkən də terrorçulara təslim olmağı təklif etmişdilər, lakin onlar qəti müqavimət göstərmişdilər. Şəhəri bir neçə günə alıblar.

Beynəlxalq Qırmızı Xaş Komitəsi İraq şöbəsinin təmsilçisi Sara əl-Zəvkari bildirib ki, Mosulda hərbi əməliyyatlar üzündən dörd milyona qədər adam qaçqın düşə bilər. O, izah edib: “İraqda humanitar durum bütünlükdə çox ağırdır. 3 milyondan çox köçkün var və indi Mosulda əməliyyat başlanan kimi, gözləyirik ki, yüz minlərlə adam şəhəri tərk edəcək. Say bir milyona çata bilər. Bu adamların hamısının ilkin zəruri şeylərə – daldanacaq, qida, su, dərmana ehtiyacı olacaq. Əlbəttə, əməliyyat başlanan kimi adamlar zorakılıqdan qaçmağa çalışacaqlar və biz lap yaxında olacağıq ki, yardım göstərək”.

 

Tərcümə Strateq.az-ındır.