XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 October 2016 - 08:59

Mosul necə bölünəcək? –İŞİD-dən sonra bölgənin taleyinin necə olacağı barədə ciddi fikir ayrılıqları var - Təhlil

mos

© AFP 2016, Əhməd əl-Rubayə

 

İbrahim Varlı

Birgün (Türkiyə), 18.10.2016 

 

İki il ərzində İŞİD-in əlində olan Mosulun azad edilməsi üzrə əməliyat rəsmən başlanıb. Şəhərə kimin girəcəyi, hansı güclər arasında və necə bölünəcəyi xüsusunda Ankara, Vaşinqton, Bağdad və Ərbil arasındakı fikir ayrılıqları aradan qalxıb. Türkiyənin hesaba alınmadığı əməliyyatın kodunu və gizli məqamlarını on bənddə ümumiləşdirmişik.

 

1. Niyə böhranın səbəbi Mosuldur?

 

Mosul strateji önəmli, zəngin  neft yataqları və İraqın şimalında olan şəhərdir. Ankara, Bağdad, Ərbil, Tehran və Vaşinqton arasında bölgəsəl pəncələşməyə gətirən səbəb İŞİD-dən sonra bu şəhərin necə bölünəcəyi məsələsində gizlənib. Əməliyyat indi yalnız ona görə başlanıb ki, tərəflər şəhərə hansı güclərin girəcəyi və İŞİD qovulduqdan sonra necə bölünəcəyi barədə razılığa gələ bilməyib. İraq hökuməti, kürd administrasiyası, şiə gücləri, ABŞ, Rusiya, İran, Türkiyə, Səudiyyə Ərəbistanı bu şəhərdə səs hüququna sahib olmağa can atır.

 

2. Əməliyyata kimlər qatılıb?

 

Əməliyyata İraq ordusu, peşmərgə, “Nineva keşikçi dəstəsi” və açıq deyilməsə də, şiə milisi qatılıb. “Nineva keşikçi dəstəsi”ni lap bu yaxınlarda Türkiyə yaradıb.  Bu dəstəyə Türkiyənin Başik düşərgəsində təlim keçdiyi sünni ərəblər daxildir ki, bu da İraqla münasibətlərdə böhrana səbəb olub. ABŞ və Fransanın daxil olduğu koalisiya qüvvələri yerüstü qüvvələrə havadan dəstək verir. İraq baş naziri Heydər əl-Abadi Mosulda əməliyyat haqda bildirərkən qeyd edib ki, şəhərə ancaq İraq ordusu və polisi girəcək.

 

3. Mosul necə bölünəcək?

 

İŞİD şəhərdən qovulduqdan sonra Mosulun statusunun necə olacağı məsələsi üzrə qeyri-müəyyənlik qalır. Piroqdan öz payını almağa çalışan və buna görə də əməliyyata qatılan və yaxud qatılmaq istəyən qüvvələr arasında bu barədə ciddi fikir ayrılığı müşahidə olunur. Şəhər bir neçə hissəyə bölünərkən onun idarə edilməsindən tutmuş muxtariyyət statusu verilməyədək müxtəlif ssenarilər müzakirə olunsa da, indiki anda ön plana çıxan alternativ İraq hökumətinin tam nəzarətinin təmin edilməsi ilə bağlıdır. İŞİD-dən sonrakı dövr haqda razılığın əldə edilib-edilmədiyi barədə sualı cavablandıran Bərzaninin sözləri diqqətə layiqdir: “Biz də istərdik ki, bu cür siyasi planımız olsun. Lakin digər tərəf – Bağdad – dedi ki, əvvəlcə əməliyyatı başlamaq lazımdır. Sonradan hansısa problemlər yaransa, onu qarşı tərəflə həll etmək istəyərdik”.

 

4. Kim nə istəyir?

 

Bağdad istəyir ki, şəhər onun nəzarətində qalsın. Sünni ərəblər şiələrin, şiələr isə sünnilərin səs hüququna sahib olmasını istəmirlər. Türkiyə Mosula tarixi haqqını elan edir və sünni ərəblər vasitəsilə şəhərə müdaxiə etmək istəyir. İraq bölgəsəl kürd administrasiyası Bağdadın idarəçiliyində olan, lakin orada faktiki olaraq peşmərgənin dominantlıq etdiyi kürd rayonları haqda Bağdadla razılığa gəlib. ABŞ Ankara ilə Bağdad arasındakı böhranda İraqın tərəfində durur. Bağdad hökuməti ilə problemlərə baxmayaraq, Ərbil isə istəyir ki, Türkiyə İraqla razılığa gəlsin və İraqla ABŞ-ı özünə qarşı kökləmək istəmir. Bağdad hökuməti və şiələr səbəbindən İran da Mosul bərabərliyində mühüm qüvvədir.

 

5. Türkiyə niyə masa arxasında deyil?

 

Ərdoğanın “Biz əməliyyatda da olacağıq, masa arxasında da” deməyinə baxmayarq, Ankaranın məzhəbçiliyi və Mosula münasibətdə iddiaları Türkiyəni “hələlik” bu bərabərlikdən kənarda qoyur. Ankara nəyin bahasına olur-olsun, Mosul masasının arxasına əyləşmək niyyətindədir. Lakin onun ifrat məzhəbçiliyi digər oyunçularda təşviş doğurur. İraq hökuməti, şiə milisi və hətta sünni tayfaların bir qismi Türkiyənin yürütdüyü siyasət üzündən onun iştirakını istəmir. O səbəbdən ki, bu, İraqın suveren hüquqlarına müdaxiləni bildirəcək. Türkiyə və Səudiyyə Ərəbistanı şiə milisinin bu əməliyyatda iştirakından narahatdır, çünki İranın nüfuzu artacaq. Türkiyə yerli “Sincar müqavimət qüvvələri”nin iştirakına qarşı kəskin şəkildə çıxış edir, çünki PKK-nın nüfuzu yüksələcək.

 

6. İŞİD hara qaçacaq?

 

Həqqiqi mənada ən böyük problemlərdən biri şəhərdən qovulduqdan sonra İŞİD döyüşçülərinin necə olacağıdır. İraq rəsmiləri və kürd gücləri bildiriblər ki, şəhərin qərb çıxışı açıq qalacaq və İŞİD döyüşçüləri burada yaradılmış dəhlizlə Suriyaya qaça bilərlər. İŞİD-in əlinə keçdikdən sonra əhalisi iki milyona qədər azalan şəhərdə yeddi minə yaxın cihadçının yerləşdiyi ehtimal olunur. Bu döyüşçülərin Rakkaya qaçması Suriyada yeni problemlərə səbəb olacaq. Livan “Hizbullah”ının lideri, Suriyadakı ən mühüm oyunçulardan biri Həsən Nəsrulla xəbərdarlıq edib ki, İŞİD üzvləri Suriyanın şimalına qaça bilər. Mosuldan geri çəkilməyə yol olmamalı olduğunu israr edən şiə lider İraq hökumətinə müraciət edib: “ABŞ-ı sizi aldatmağa qoymayın”.

 

7. Mosuldan sonra nə olacaq?

 

Mosul əməliyyatı nəticəsində İŞİD İraqdan tam qovulacaq. Sonra isə diqqət Rakka əməliyyatına yönələcək. İŞİD-in öz paytaxtı elan etdiyi Rakkadan çıxardılması ilə təşkilat “torpaqsız” qalacaq və “oturaq” struktur olmağı tərgidəcək. Bu halda “Əl-Qaidə” kimi hansısa bir mobil strategiyanı işə sala bilər. Və öz döyüşçülərini bütün dünyaya yayıb hücumları davam etdirə bilər.

 

8. Masa arxasındakı vəziyyət dəyişiləcək?

 

Yaxın Şərqin bu son dərəcə dayanıqsız siyasi iqlimində tutulmuş mövqelər çox tez-tez və qəflətən dəyişilə bilər. Hazırda masa arxasına buraxılmayan Türkiyə də ən yaxın vaxtlarda ora buraxıla bilər. Bu, Türkiyənin sövdələşmə gücündən asılıdır. Hələ bu yaxınlara qədər Suriya bərabərliyindən kənarda qalmış Ankara Rusiya ilə razılaşmadan sonra yenidən oyuna qoşulmuş göründü.  Bərzaninin sözləri səciyyəvidir: “Ankara əməliyyata qatılmaq istəyirsə, Bağdadla razılaşmalıdır”.

 

9. “C” planı işə düşəcəkmi?

 

Türkiyə Mosul əməliyyatına qədər bildirmişdi ki, onun “A”, “B” və “C” planları var. “A” planı əməliyyatda iştirak idi. Lakin əməliyyat başlananda Türkiyə nə döyüş meydanında göründü, nə də danışıqlar masasının arxasında. Bundan sonra “B” planını həyata keçirmək istədi. “B” planına uyğun olaraq Ərbil administrasiyasının əliylə Mosula girməliydi. Bərzaninin “Bağdadla razılaşın” sözlərindən sonra bu plan da iflasa uğradı. “C” planı qalıb: sünni ərəbləri səfərbərlik etmək. Bütün İraq üzrə 400 sünni tayfasının liderləri Mosul əməliyyatına qədər Türkiyəyə dəstək verməklə Ərbildə mətbuat konfransı keçiriblər.

 

10. Rusiya niyə reaksiya vermir?

 

Rusiya üçün prioritet köhnə dost Suriyadır. Buna görə də Kreml  Mosulla bağlı böhranda Hələbdəki qədər fəal deyil. Ölkə hüdudlarından kənarda yeganə hərbi bazalarının yerləşdiyi Suriyadakı hadisələr onun bölgəsəl maraqları baxımından önəmlidir. ABŞ-la əldə edilmiş gizli razılaşmaya əsasən İraq Vaşinqtona qalıb. Rusiya Hələbdəki əməliyyatlarını gücləndirib Mosuldan qaçacaq cihadçıların yeni problemlər yaratmaması üçün strategiya hazırlayır.

 

Tərcümə Strateq.az-ındır.