Rusiya öz hərbi donanmasının şimal flotunu Aralıq dənizinə göndərib.
Strateq.az xəbər verir ki, Rusiyanın “Admiral Kuznetsov” adlı təyyarə gəmisinin rəhbərliyi altında hərəkət edən flot La-Manş boğazını keçərək, Aralıq dənizinə daxil olub. Flotda “Admiral Kuznetsov”dan başqa nüvə gücünə sahib “Böyük Pyotr” adı döyüş gəmisi, bir ədəd sualtı gəmi və destroyer də var.
Şimal Buzlu okeanından çıxıb İngiltərə sahillərindən keçərək, Şərqi Aralıq dənizinə doğru irəliləyən flotun İŞİD-ə qarşı mübarizə üçün Suriyanın qərbinə göndərildiyi bildirilsə də, əksər mütəxəssislər bu iddianın reallığına inanmırlar. Onların fikrincə, Rusiya əslində bu hərəkətilə Qərbə güc nümayiş etdirir və məqsəd heç də İŞİD-i zərərsizləşdirmək deyil.
Moskva Dövlət Universitetinin mütəxəssislərindən Viktor Mizin də bu cür düşünənlərdəndir. Muzinə görə, Rusiya bu addımıyla bir daha qlobal güc olaraq dünyanın hər yerində varlığını davam etdirə biləcəyinin mesajını verir.
Hərbi mütəxəssis Pavel Felgenhauer də həmkarının fikirlərini dəstəkləyir. Xüsusi təchizatlı bir döyüş gəmisini Aralıq dənizinə göndərməyi "siçanları tutmaq üçün nəhəng dinozavr düzəltməyə" bənzədən ekspert bu addımın axmaq hərəkət olduğuna inanır.
NATO rəsmiləri isə Rusiyanın bu addımının Suriyadakı vəziyyəti daha da mürəkkəbləşdirəcəyindən çəkinirlər. Alyansın “Reuters” xəbər agentliyinə açıqlama verən bir rəsmisi Rusiyanın soyuq müharibədən sonra ilk dəfə Aralıq dənizinə bu qədər böyük hərbi dəniz gücünü göndərdiyini etiraf edib. Qurumun baş katibi Jens Stoltenberq isə “Kuznetsov”un daha çox insana zərər verəcək hücumlara qatıla biləcəyindən nigarandır.
Şəkildə: "Kuznetsov" təyyarə gəmisi
Rusiyanın bu addımınin qlobal müzakirələrə səbəb olması təsadüfi deyil. “Kuznetsov” rus donanmasının yeganə təyyarədaşıyan gəmisi kimi tanınır. Flota qatılan “Pyotr” gəmisi isə nüvə gücünə sahibdir. Sözsüz ki, ortada ciddi səbəb olmasa, Rusiya ən böyük kozırlarından istifadə etməz.
Gəmilərin bu qədər böyük gücə malik olması azmış kimi, rus donanmasının rəsmi internet saytı da Avropanın və Yaxın Şərqin ürəyini ağzına gətirib. Sayt flotun Şərq Aralıq dənizidəki donanma gücünə əbədi qatılacağını yazıb. Rusiyanın Aralıq dənizidəki hərbi gəmiləri isə Suriyadakı hava hücumlarında aktiv iştirak edir.
Şimal flotunun Aralıq dənizinə göndərilməsinin zamanlaması da əndişə artıran əsas faktorlardandır. Zira bir müddət əvvəl ABŞ birtərəfli qaydada Rusiyayla bütün danışıqlarını dayandırdığını elan etmiş və iki dövlət arasında söz dueli yenidən qızışaraq, soyuq müharibə dövründəki həddinə yüksəlmişdi. Baxmayaraq ki, Obama hakimiyyəti daha sonra bu gərginlikdən geri çəkilməyi məqsədəuyğun hesab etmiş və ölkənin Milli Təhlükəsizlik Şurası yenidən Rusiya ilə münasibətlərdə dialoqa qayıtmağa üstünlük vermişdi.
Xatırlayırsınızsa, ABŞ Milli Təhlükəsizlik Şurasının bu qərarını şərh edərkən, Vaşinqtonun əsas məqsədinin regionu özünə daha sərfəli qüvvəyə buraxıb Şərqə – Sakit okean sahillərinə yönəlmək istədiyini bildirmişdik. Onu da ifadə etmişdik ki, ABŞ prezidenti Barak Obama ötən il Sakit okean sahıllərində yerləşən iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərlə əməkdaşlıq sazişi bağlayıb və Vaşinqton bütün diqqətlərini bu istiqamətə yönəldib. Nədən ki, qlobal əməkdaşlığa başlayan və ABŞ, Yaponiya, Cənubi Koreya və s. kimi ölkələri özündə birləşdirən Trans-Sakit Okean Əməkdaşlıq İttifaqı Ümumdünya Milli Gəlirinin (ÜDMG) 40%-dən artığına sahibdir. Hazırda ÜDMG göstəricilərində lider kimi görünən Avropa Birliyinin bu siyahıda payının 19% olduğunu nəzərə alsaq, ABŞ-ın ətrafına topladığı yeni ittifaqın gücü gözlər önünə sərilər. Belə bir durumda ABŞ-ın getdikcə qürub çağını yaşayan Qərbdən uzaqlaşıb, hər qürubdan sonra Günəşin doğduğu Şərqə yönəlməsi təəcücblü görünməz.
Şəkildə: "Böyük Pyotr" gəmisi
Odur ki, Qərbdə Amerikanın nəzarətindən çıxacaq bu hegemonluq boşluğunu elə bir qüvvə doldurmalıdır ki, gələcəkdə ən azı iqtisadi cəhətdən onun rəqibinə çevrilməsin. Avropa Birliyinin qorunmasına can atan Fransa, Almaniya kimi ölkələr öz hədəflərinə çatarlarsa və Yaxın Şərqdə ortaya çıxan hegemonluq boşluğunu doldurarlarsa, daha erkən ABŞ-la qarşı-qarşıya gələcək gücə çevrilə bilərlər. Hərbi baxımdan güclü olsa da, iqtisadi baxımdan tükənən təbii sərvətlərindən asılı vəziyyətdə qalan Rusiya isə belə bir təhlükə yaratmır. Üstəlik, onun Avropanın tam burnunun dibində hegemoniya boşluğunu doldurmağa çalışması da qoca qitə ilə aralarında ciddi konfliktə yol açacaq və bu da hər iki rəqibi zəif vəziyyətdə tutacaq.
Rusiyanın əsas hərbi donanma gücünü Şimali Buzlu okeandan Aralıq dənizinə sürüşdürməsi də bu mənada təsadüfi deyil. Nədən ki, Aralıq dənizi, xüsusilə də dənizin Suveyş kanalının yerləşdiyi şərq sahilləri Avropanın dünyaya, əsasən isə Hind okeanına açılan qapısıdır. ABŞ da müasir hegemonluğunu məhz Hind və Sakit okeanda yürütməyə çalışacaq. Faktiki olaraq, rus donanmasının nəzarəti altına keçəcək Aralıq dənizində isə Avropanın şələsi fırlanmayacaq və o, ABŞ-la yarışmaq imkanından məhrum olacaq. Eynilə Rusiyanın Aralıqda başının qatılması Sakit və Hind okeanı sahillərində yeni hegemoniya qurmağa çalışan Çinin də təklənməsiylə nəticələnəcək.
Rusiyaya gəlincə, dünya hegemoniyasının bölüşdürülməsi məqsədilə ABŞ-la sövdələşməyə getmək onun da ən çox arzuladığı hədəflərdəndir. İstisadi və hərbi baxımdan ABŞ-la müqayisə edilməyəcək səviyyədə olan Rusiya üçün Aralıq dənizinin şərqinə və Yaxın Şərqin qərbinə nəzarət imkanı bütün hallarda göydəndüşmədir. Onun bu qənimətlə razılaşması və Çinlə müttəfiqliyi tərk etməsi də indiki halından daha rasional təsir bağışlayır. Zira başqa alternativ kimi onun önündə Şanxay Əməkdaşlıq Təşkilatı var ki, Rusiya bu və bənzər qurumlarda Çinin arxasınca sürünməyə məhkumdur. Çinin liderliyi və dünya dövlətinə çevrilməsi üçün rus gücündən maksimum istifadə edilməsi Moskvaya çox şey, hətta heç nə qazandırmır. Bu mənada alternativlər Kreml üçün yanlız hədəfə gedən yolda manevrlər etməyə yaraya bilər.
Zənnimcə, Rusiya hərbi donanmasının ən güclü flotunun Aralıq dənizinə döndərilməsinə məhz bu kontekstdə baxılarsa, NATO-nun Avropa ölkələrinə bağlı nümayəndələrinin əndişələrini anlamaq mümkündür. Ehtimal ki, əsil məqsəd dünya hegemoniyasında post təhvil-təslimindən başqa bir şey deyil.
Heydər Oğuz
Strateq.az
P.S. Onu da unutmamalıylıq ki, indiyədək öz dünya ağalığını bütün su hövzələrinə nəzarət imkanında görən ABŞ da Aralıq dənizində təyyarə gəmiləri saxlayırdı. İndisə, eyni funksiyanı Rusiyanın yerinə yetirəcəyi aydın olur. Hər halda, rus hərbi donanmasının rəsmi saytı şimal flotunun Aralıq dənizində əbədi qalacağını etiraf edib.