XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2016 - 13:49

İŞİD və peşmərgə:Kürdüstan projesinin iki tərs üzü; Mosul və Kərkük necə kürdləşdirilir?

multeciturkmen

“Kərkükdə nəzarət tam təmin olunub”.

Strateq.az xəbər verir ki, bu məlumatı İraq ordusu yayıb. Rəsmi məlumata görə, İŞİD-in “yatan hücrələri"nin bir neçə gündür eyni anda intihar hücumları həyata keçirdiyi Kərkükdə həyat əvvəlki axarına dönür.

Ancaq Kərkükdən gələn xəbərlər isə bu məlumatı təsdiqləmir. İraq Türkmən Cəbhəsindən Ərbil millət vəkili olan Aydın Maruf  mətbuata verdiyi açıqlamada İŞİD-in nə zaman və necə hücuma keçəcəyini müəyyənləşdirməyin mümkün olmadığını bildirib. Onun sözlərinə görə, xalqın təhlükəsizliyini tam təmin etmək üçün küçəyə çıxmamaq tələb olunur: “Mosul qədər Kərkük də əhəmiyyətlidir,  çünki bu şəhərdə bir çox etnik və dini ünsür birlikdə yaşayır".

İŞİD-in Mosul əməliyyatı başlayandan dərhal sonra Kərkükdə hərəkətə keçməsinin səbəblərindən danışan millət vəkili bunu dünyaya verilmiş mesaj kimi qiymətləndirir. Onun sözlərinə görə, "İŞİD birdən-birə Kərkükə yönəlməklə Mosul operasyonu ilə bağlı dünya ictimai rəyində oturuşmuş təsəvvürü dəyişdirməyə çalışır, böyük güclərə bir ovuc militanla da bir şəhəri nəzarət altında tuta biləcəyi mesajını vermək istəyir".

Kərkükdə gərginliyin yaşandığı ərazilərin demoqrafik xarakterinə nəzər salanda isə İŞİD hücumlarının təkcə dünya güclərinə mesaj verməklə qalmadığını, həm də bu tarixi şəhərin etnik tərkibini dəyişdirmək planının həyata keçirildiyini görə bilərik.

Yerli mənbələrin bildirdiyinə görə, şəhərin daha çox ərəblər yaşayan qərb səmtindəki Dumiz ilə ərəb və türkmənlərin birgə məskunlaşdığı 1 İyun və Əsra Mahkudin kimi qərb məhəllələrində qarşıdurmalar indi də davam edir. Harada gizləndiyi bilinməyən və hərəkətlilik görəndə dərhal atəş açan İŞİD-çi snayperlər üzündən küçələr tamamilə boşalıb. Günlərdir, evlərdə, iş yerlərində, çöllərdə gizlənən vətəndaşlar olduqları yerdən çıxmaq üçün antiterror dəstələrinin gəlməsini və İŞİD-çilərin təsirsiz hala gətirilməsini gözləyirlər.

Şəhərin şimal və şərqindəki kürd məhəllələri isə ən etibarlı bölgələr sayılırlar. İndiyə qədər həmin bölgələrdə hər hansı bir qarşıdurma yaşanmaması diqqəti cəlb edir. Küçəyə çıxma qadağasından dolayı həyatın durduğu şəhərdə sakinlər fürsət tapan kimi ƏrbilSüleymaniyyəyə qaçırlar. Artıq kürdləşdirilmiş həmin şəhərlərdə də ərəb və türkmən köçkünlərin uzun müddət duruş gətirməyəcəyi bəllidir. Köçkünlərin böyük çətinliklərə məruz qalaraq Türkiyəyə sığınacaqları gözlənilir.

Kərkükdə İŞİD terroru başaladığı ilk gün vəziyyətlə bağlı açıqlama verən İraq Türkmən Cəbhəsinin sədri Ərşad Salihi də şəhərdə özəlliklə  türkmənlərin hədəf seçildiyini etiraf etmiş, Şimali İraq kürd muxtariyyətini təhlükəsizlik orqanlarına işçi götürərkən, milli ayrıseçkilik saldığından gileylənmişdi. O, açıqlamasında türkmənlərin də bu cür sürprizlərə qarşı silahlanmasının vacibliyinə diqqət çəkmişdi.

Ərşad Salihinin sözlərindən belə çıxır ki, türkmənlər İŞİD və kürd separatizmi təhlükəsi qarşısında tamamilə silahsız vəziyyətdədir. İstər İraq, istərsə də Suriyada qlobal güc mərkəzlərinin yürütdüyü “Böyük Kürdüstan” layihəsinin taktikalarına nəzər salanda türkmənlərin indiki vəziyyəti acınacaqlı perspektivdən xəbər verir.

Məlum olduğu kimi, hər iki ölkənin şimalındakı ərazilər əvvəl İŞİD tərəfindən ələ keçirilir, çoxməzhəbli və çoxdinli mozaikanı xatırladan həmin bölgə digər əhali ünsürlərinin öldürülməsi, yaxud köçə məcbur edilməsi  nəticəsində sünniləşdirilir,  daha sonra isə kürd separatçılarına təslim olunur, beləcə, məzhəbçi təəssübkeşliyi etnik həssasiyyətlə əvəz edilir və sünni ərəblər də bölgədən qovularaq, xilafətçilərdən təmizləndirilmiş coğrafiyaya kürdlər yerləşdirilir. Əvvəl Tel Abyad, Minbiç, Tel Afrin və digər Suriya şəhərlərində həyata keçirilən bu kürdləşdirmə siyasəti indi Mosul və Kərkük üzərində  gerçəkləşdirilir. Mosulda İŞİD-in girovuna və “canlı qalxan”ına çevrilmiş 1 milyondan artıq əhali ölümlə qalım arasında vurnuxurkən, Mosulda da türkmən və ərəblər mini təmizləmə əməliyyatlarının qurbanlığı kimi son anlarını gözləyirlər.

Maraqlıdır ki, İraqda kürd muxtariyyətinin ən yaxın müttəfiqi kimi görünən Türkiyə də Kərkük türkmənlərinin imdad çağırışlarına əhəmiyyət verməyə tələsmir. Əksinə, Başikada əsasən kürd separatçıları olan peşmərgələrə və bəzi sünni ərəblərə hərbi təlimlər keçir, silahlandırır, Mosulun məhz bu iki etnikdən təşəkkül tapan şəhərə çevrilməsinin vacibliyini ən yüksək siyasi ağız tərəfindən dilə gətirir. Kərkük türkmənləri isə sırf şiə olduqlarından İŞİD və kürd separatçılarının birgə düşünüb həyata keçirdikləri siyasətin qurbanına çevrilirlər.

Məsələyə bu baxımdan yanaşanda Kərkükün bir tərəfində can bazarı yaşanarkən, digər tərəfində əmin-amanlığın hökm sürməsi qətiyyən təəccüblü görünmür.

Halbuki, Türkiyənin himayəsinə sığınan kürd muxtariyyətinin sonuna qədər qardaş ölkəylə müttəfiq olması da mümkün deyil. Regionun yenidən şəkilləndirilməsi projesində istər-istəməz fərqli maraqlara sahib olmaları bu gün olmasa belə, sabah iki tərəfi ən ciddi düşmənə çevirəcək. O zaman isə Ankaranın bölgədə istinad edə biləcəyi qüvvə mövcud olmayacaq.

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə