XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2016 - 15:11

Haşdi Şabi:Ərdoğanın barmaq silkələdiyi ordu haqda nə bilirik?

BAGHDAD, IRAQ:  A V-sign for victory is flashed in front of a portrait of religious leader of Iraq's Shiite majority Grand Ayatollah Ali al-Sistani during a march through the streets of Baghdad, 08 June 2004, heeding Sistani's latest call as they headed from the northern district of Al-Shaab toward the coalition's headquarters. The 2000 demonstrators denounced the interim constitution as an instrument of the United States, drafted behind closed doors with the aid of the US-picked and now dissolved Governing Council. Sisitani yesterday warned the UN Security Council not to mention the country's interim constitution in an imminent resolution. AFP PHOTO/Ahmed AL-RUBAYE  (Photo credit should read AHMAD AL-RUBAYE/AFP/Getty Images) 

I yazı

 

 

İraqda Mosul əməliyyatı başlar-başlamaz, şəhərin İŞİD-dən təmizlənməsi prosesində iştirak edəcək qüvvələrin kimliyi ciddi müzakirələrə səbəb oldu. Hətta hərbi əməliyyatları belə, ləngidən bu müzakirələrdə ən çox adı hallanan qüvvələrdən biri isə Haşdi Şabi hərbi birləşmələridir.

Hazırki mərhələdə də Haşdi Şabi müzakirələrinin İraq sərhədlərini aşdığını, Türkiyə, İran rəsmilərinin qarşılıqlı ittiham predmetinə çevrildiyini müşahidə edirik. Xüsusilə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məsələyə münasibəti xeyli sərtliyi ilə seçilir. Xatırlayırsınızsa, bu yaxınlardakı çıxışlarının birində Mosulun qurtarılmasına 30 min Haşdi-Şabi silahlısının iştirak edəcəyi xəbərinə Ərdoğan belə cavab verdi: “İndi deyirlər ki, 30 min adamla Hasdi Şabi gəlir. Ya gəlirsə gəlsin, gələcəyi varsa, görəcəyi də var!”.

Türkiyə prezidentinin həmin çıxışında ən diqqət çəkən məqam isə Mosul probleminin mərkəzi İraq hakimiyyəti ilə müzakirə etməyəcəklərini, vilayətin taleyinə Ankaranın təkbaşına qərar verəcəyini dilə gətirməsiydi: “Mosul ərəb və türkmənlərin yaşadığı, ağırlıqlı olaraq sünnilərdən ibarət bölgədir. İndi bizə “burada bir sünni – şiə müharibəsi olmaması lazımdır” deyirlər. Sənin Bağdad dediyin nədir – tamamilə, şiədən ibarət bir ordu! Biz Mosulun qədərini onlarlamı müzakirə edəcəyik?”

Prezidentin sanki Türkiyə torpağı kimi Mosuldan danışması, dolayısıyla, İraqın suverenlik haqlarına əhəmiyyət verməməsi bir yana, belə bir ritorikanın Yaxın Şərqdə məzhəb savaşlarını ancaq qızışdıra biləcəyi olduqca aydındır. Əlbəttə ki, öz siyasi ənənəsi və böyük dövlət vizyonu baxımından Türkiyə prezidentinə yanğını söndürə biləcək çıxış daha çox yaraşardı. Ən azı ona görə ki, Şimali İraq (nə yazıq ki, haqqında bəhs etdiyimiz ərazilər regional qüvvələrin, o cümlədən Türkiyənin yanlış strategiyası üzündən İraqın şimalı olmaqdan çıxmaq üzrədir) qardaş ölkənin tam cənub-şərq ayağında yerləşir və ayağı altında tüstüləyən atəşi söndürmək, ilk növbədə, yanmaq təhlükəsi altında olan insanların marağına uyğun olmalıdır.

Rəcəb Tayyib Ərdoğanın çıxışına qiymət verməyi qardaş ölkənin ictimai rəyinə buraxaraq, bu yazıda Haşdi Şabinin həqiqətənmi "şiələrin İŞİD-i" olduğu iddialarını araşdırmağa çalışacağıq. Araşdırmamız çərçivəsində əsasən bu suallara cavab axtaracağıq: Haşdi Şabi hansı zərurətdən yaranıb? Mosul probleminin Türkiyənin göstərdiyi cizgidə həlli kimin işinə yarayar? Ankaranın bu məzhəbçi mövqeyi bölgənin türk əhalisinə nə gətirə, ondan nə apara bilər?

erdogan-reuters-640x480

Haşdi-Şabi kimdir?

Haşdi Şabinin kimliyi haqqında müxtəlif versiyalar mövcuddur. Kimisinə görə, bu təşkilat Yaxın Şərq coğrafiyasını məzhəb müharibələrinə sürükləyən beynəlxalq güc mərkəzlərinin sünni İŞİD-ə qarşı yaratdıqları şiə alternatividir, kimisinə görə də İŞİD zülmünə qarşı İraq əhalisinin ortaya qoyduğu dirəniş hərəkatının adı...

İlk versiyanı irəli sürənlərin fikrincə, xaricdən qidalanan Haşdi Şabi də region üçün İŞİD qədər təhlükəlidir. Haşdi Şabi tərəfdarları üçün isə bu könüllülər ordusu İraqı və Suriyanı İŞİD zülmündən azad edəcək yeganə silahlı qüvvədir.

Haşdi Şabinin kimliyi haqqında mülahizələr müxtəlif olsa da, onun hazırda İraqda ən ciddi hərbi qüvvə olduğunu hər kəs qəbul edir. Təxminlərə görə, Haşdi Şabi ətrafında 300 mindən artıq insan birləşib. Bu sayın şişirdildiyini, 300 min yox, 120 min və ya 150 min Haşdi Şabiçinin olduğunu təxmin edənlər də var.

Bir-birindən, hardasa, 2 dəfə fərqli olan bu rəqəmlər isə onun İraqdakı güc nisbətindəki üstünlüyünü qətiyyən azaltmır. Ən aşağı ehtimalda belə, haqqında danışdığımız qüvvənin, bütövlükdə götürəndə, İraqın bütün silahlı qruplarından – həm peşmərgənin, həm İŞİD-in, həm də İraq ordusunun ümumi sayından 2 dəfə çox olduğu bildirilir.

Bütün bu ehtişamı ilə Haşdi Şabi İraqda istənilən gücə qalib gələcək özəlliyə malikdir. Əslində haqqında bu qədər söz-söhbətin yaranması da bununla bağlıdır. Görünür, cənab Ərdoğan da “gələcəkləri varsa, görəcəkləri də var” deyərkən, Mosulun İŞİD-dən azad ediləcəyi təqdirdə, Türkiyə ordusu tərəfindən əngəllənə biləcəyinə eyham vurur. Bununla da kifayətlənmir, açıq şəkildə əllərində hələ “B”, “C” planlarının olduğunu diqqətə çatdırır. Rəsmi Ankaranın Haşdi Şabini bu tərzdə təhdid etməsi həmin hərbi birləşmənin rahatlıqla Mosulu alacağına inandığından xəbər verir.

hasdi-sabi

Ankara Mosulun İŞİD-dən təmizlənmə ehtimalından niyə bu qədər narahatdır?

Bu barədə də müxtəlif versiyalar var. Biz isə sadəcə Ankaranın irəli sürdüyü mülahizə üzərində dayanmaq və həmin əndişənin nə dərəcədə haqlı olub-olmadığını incələməklə kifayətlənmək istərdik.

Ankaranın fikrincə, Haşdi Şabi radikal şiə qruplaşmasıdır  və əhalisi “sünni ərəb, sünni kürd və türkmənlərdən” təşəkkül tapan Mosul onun əlinə keçərsə, sünni qətliamları başlaya bilər. Bu versiyanı əsaslandırmaq üçün Türkiyə əsasən iki arqument üzərində dayanır.

Arqumentlərdən biri Mosuldan əvvəl Tikrit, Beyci, Anbar, Bellucə əyalətlərində keçirilən hərbi əməliyyatlar sırasında yaşanan bir çox insan haqlarının pozulması faktlarıdır. Məlumatlara görə, Haşdi Şabi həmin əraziləri azad edərkən, İŞİD-çi ittihamı ilə bir çox mülki vətəndaşlara da ciddi zərərlər vurub. Bəzilərini vəhşicəsinə öldürüb, bəzilərinin mülkiyyətlərini əllərindən alıb, bölgəyə köçürdüyü şiə inanclı vətəndaşlarla onun demoqrafik tərkibini dəyişib.

Həqiqətən də, belə halların yaşanmadığını iddia etmək mümkün deyil. İstər beynəlxalq insan hüquqları təşkilatlarının hesabatları, istərsə də rəsmi Bağdadın etirafları Ankaranın bu əndişəsinə haqq verir. Belə ki, beynəlxalq insan hüquqları təşkilatlarının təsbit etdiyi qanun pozuntularını qəbul edən İraq hökuməti bu halların sistematik xarakter daşımadığını bildirib və günahkarlar barədə hüquqi ölçü götürəcəyinə söz verib. Hələ də verilən sözlərin yerinə yetirilməməsi İraq hökuməti əleyhdarlarının səsinin yüksək çıxmasına yol açır.

Bununla belə, Haşdi Şabinin hətta Bağdad tərəfindən təqdir edilməyən bəzi cəzalandırma metodlarına əl atması da səbəbsiz deyil. Başlıca səbəblərdən biri onun İŞİD zülmlərinə reaksiyadan doğmasıdır. İŞİD-ə qarşı əməliyyatlarda iştirak edənlərin əksəriyyəti həmin bölgə “xilafətçi”lər tərəfindən ələ keçirilərkən, qaçıb canlarını qurtaranlardır. Köçkünlərdən bir çoxlarının malları-mülkləri talan olunub, ən yaxın adamları İŞİD-çilərin qurbanlarına çevrilib, ailələri, qızları cariyyələrə çevrilib, qul bazarında satılıb, oğulları öldürülüb və s. Təbii ki, bu vəhşətlərin intiqamını almaq üçün yola çıxanlardan əllərinə keçən şübhəlilərə nəzakətlə davranmasını gözləmək sadəlövhlük olardı və Bağdad istəsə belə, bəzi xoşagəlməz hadisələrin önünü kəsə bilməz.

Sözsüz ki, eyni təhlükə Mosul əməliyyatı zamanı da baş verə bilər. Ən azı ona görə ki, İŞİD-in insanlığa qarşı vəhşiliklər törətdiyi yerlərin başında  Mosul gəlir. Bu vilayətdə xüsusilə Yezidi kürdlərin başına gətirilənlər dünyanın ən qanlı qətliamlarından biri kimi tarixə düşüb. Məlumata görə, istər Suriyanın Raqqa, istərsə də İraqın Mosul vilayətində məskunlaşan Yezidilərə dinlərini dəyişdirmək üçün 3 gün vaxt verən İŞİD-çilər vədə tamam olmamış kəndlərə girmiş, bütün yaşlıları öldürmüş, gəncləri isə özləri ilə əsir götürmüşdülər. Daha sonra əsirləri cinslərə görə ayırmış, oğlanların başını bacılarının gözləri qarşısında kəsmiş, qızlara isə kollektiv təcavüz etmişdilər. Murdar hesab edildiyindən, İŞİD-in qul bazarlarında Yezidi qadınlar indi də ən ucuz qiymətə satılırlar.

sadr

Ən dəhşətlisi isə budur ki, İŞİD bu gücünü bəzi əşirət liderlərinin və vəhhabi alimlərin fitvalarından alıb. Hər halda bu gün İŞİD-ə qarşı savaşan İraq əhalisi belə düşünür. 2014-cü ildə Duhoka qaçan Yezidi tayfa liderlərindən İsmayıl Həmmadın bu yaxınlarda əl-Cəzirə televiziyasına verdiyi aşağıdakı açıqlama da fikrimizin ən bariz nümunələrindəndir: "Telafərdə qalan tayfalar silahlıdırlar, hamısı birlikdə ayağa qalxsalar, ora İŞİD-dən təmizlənər. İŞİD-lə əməkdaşlıq edirlər. İndi biz oradayıq, Haşdi Sabiylə Telafərə girəcəyik. Oradakı hər qatilin verəcəyi hesab var… "

Haşdi Şabini “şiənin İŞİD-i” hesab edənlərin digər arqumenti onun şiə üləmalarından ayətullah Seyid Əli Hüseyn Sistaninin fitvasıyla qurulmasıdır. Qurulduğu ilk dövrlərdə Sistaninin “Ləbbeykə ya Hüseyn!” şüarı altında İraq xalqını İŞİD-ə qarşı mübarizəyə səsləməsi istər Qərb, istərsə də müsəlman dünyası tərəfindən birmənalı qarşılanmamış, sünnilərdən qısas almaq arzusu kimi qiymətləndirilmişdir. Sistani kimi İraq şiələri arasında ciddi nüfuz sahibi olan bu üləmaya ilk etirazını bildirənlərdən biri də Haşdi Şabi qüvvələri arasında mühüm yer tutan Müqtəda əs-Sədr olmuşdur. "Mehdi ordusu" adlı hərbi birləşməyə rəhbərlik edən bu gənc lider “Lebbeykə, ya Hüseyn!” şüarı əvəzinə “Ləbbeykə, ya Tikrit!”, yaxud “Ləbbeykə, ya Mosul!” kimi regional adlardan istifadə olunmasının vacibliyinə toxunmuşdu. Regional və beynəlxalq təpkiləri nəzərə alan ayətullah Sistani sonradan bu səhvini düzəltmiş, həmin ərazilərin yalnız şiələrin deyil, həm də bütün iraqlıların vətəni problemi olduğunu etiraf edərək, şüarını dəyişdirmişdi.

İnsafən, fitva verəndə belə, Sistani yalnız şiələri cihada cağırmırdı. Bəlkə də o, Hüseyn məhəbbətinin və döyüş əzminin bütün iraqlılar üçün örnək olduğunu nəzərə alaraq, bu şüarı səsləndirmişdi. Nədən ki, Həzrəti Hüseyn bizim coğrafiya baxımından sadəcə bir imam, Kərbəlanın yerləşdiyi İraq xalqı üçünsə həm də o torpaqların yetişdirdiyi ən böyük qəhrəman kimi tanınır. Biz müharibələrdə, necə ki Babəki, Şah İsmayılı, Koroğlunu, Səttarxanı…ən böyük qəhrəmanlarımız kimi təbliğ edir, onların mifik obrazları ilə əsgərlərə döyüş ruhu aşılayırıq, məntiqlə, İraq xalqı da İmam Hüseynə o cür yanaşmalıdır. Fəqət İŞİD-ə qarşı mübarizədə Hüseyn adından istifadə olunması müxtəlif yönlərə çəkiləcəyindən, görünür, Sistani də bu şüarından geri addım atmışdır.

kildani

Şəkildə: Reyyani Kildani

İmam Hüseynin İraq xalqı tərəfindən məzhəbçi şəxsiyyətdən daha çox, ümummilli qəhrəman kimi qavranılmasını Sistaninin bu çağırışına ölkənin ən müxtəlif çevrələri tərəfindən müsbət cavab verilməsi də təsdiqləyir. Təsadüfi deyil ki, bu çağırışa təkcə şiələr yox, İraqın bütün dini, məzhəbçi qrupları qoşulublar. Ölkə xristianlarını təmsil edən Reyyani Kildaninin Anadolu Agentliyinə verdiyi açıqlama da fikrimizi təsdiqləyir. 1700 nəfərlik Kildani batalyonuna rəhbərlik edən bu adam açıqlamasında bildirirdi: "İŞİD Mosulda çox sayda xristianı qətlə yetirdi və köçə məcbur etdi. Şiə avtoritet Əli Sistaninin cihad çağırışı üzərinə biz də Haşdi Şabi sıralarına qoşulmaq qərarına gəldik. Çünki bu çağırış yalnız şiələrə deyil, bütün ölkə xalqlarına yönəlmişdi. BƏƏS rejimi dövründə əlləri qana bulaşmayan onlarla təqaüdçü xristian komandiri yığaraq, lideri olduğum hərəkatın hərbi qanadını qurduq".

Eyni şəkildə həmin hərəkata Yezidilərin və bəzi sünni əşirətlərin qoşulması da Haşdi Şabinin bir “şiə İŞİD”-i olmadığını sübut edir.

sistani

Haşdi Şabi niyə quruldu?

Xristian hərbi lider Kildaninin bildirdiyi kimi, ayətullah Sistaninin bütün İraq xalqını cihada səsləməsi də səbəbsiz yerə ortaya çıxmamışdı. 2014-cü ilin 9 iyun tarixində Mosulu heç bir müqavimətlə üzləşmədən ələ keçirən İŞİD sürətlə Bağdada tərəf irəliləmək əzmindəydi. O dövrlərdə İraq ordusuna rəhbərlik edən kürd əsilli generallar isə bu yürüşün qarşısını almaqda maraqlı görünmürdülər. İraq və Suriyanın şimalındakı kürdləşdirmək siyasətinin ilkin mərhələsi kimi ortaya çıxan və şiələrdən təmizləndikdən sonra kürd separatçılarının kiçik bir müdaxiləsiylə tənəzzülə uğrayan “xilafət” oyununun önünü xalqın iradəsilə kəsilməsi zərurəti ortaya çıxmışdı (Daha detallı şəkildə sonrakı yazılarımızda bəhs ediləcək). Bunu Bağdad da çox yaxşı anlayırdı. Belə çətin vəziyyət qarşısında bütün ölkə insanları tərəfindən qəbul edilən mənəvi liderin ortaya çıxıb xalqı bir yumruq kimi birləşdirməsi tələb olunurdu. Nə qədər yalnız şiələrin müraciət etdiyi lider olsa da, Sistani İraqın bu çətin anında sinəsini qabağa verdi və Mosulun işğalından bir gün sonra cihad çağırışını səsləndirdi.

Ərəbcə “xalq səfərbərliyi” mənasına gələn Haşdi-Şabi elə həmin çağırışdan sonra dinindən, məzhəbindən asılı olmayaraq İraqın bütövlüyü uğrunda canını fəda etməyə hazır bütün əşirət liderlərinin ümid yerinə çevrildi. Şiə əşirətlərinin bu çağırışa münasibəti təəssübkeşlik kimi qiymətləndiriləcəyindən, biz yenə xristian Kildaninin məlum çağırış haqqında fikirlərini diqqətinizə çatdırmağa üstünlük veririk. Yenə Anadolu Agentliyinə verdiyi həmin müsahibəsində Kildani deyirdi: “Bu güc olmasaydı, Bağdaddan əsər qalmazdı”.

Etnik mozaikadan ibarət olan İraq əhalisinə aid 76 etnik qrupun müqavimət gücünü özündə birləşdirən Haşdi Şabi döyüşçüləri arasında türkmənlər də mühüm yer tutur. Telafərli alim Ziya Abbasın bildirdiyinə görə, Haşdi Şabidə ərəblərdən sonra ən böyük batalyonlar türkmənlərə məxsusdur. Rusiyanın “Sputnik” xəbər agentliyinə açıqlama verən Ziya Abbasın fikrincə, hazırda Mosul əməliyyatına başlayan bu silahlı birləşmədə, ən azı, 12 min türkmən döyüşür. Nəzərə alsaq ki, Mosulda İŞİD-çilərin cəmi 4-8 min arasında döyüşçüsü var, türkmənlərin say etibarilə onlardan ikiqat artıq qüvvəyə malik olduğu ortaya çıxır. Yaxud, Ərdoğanın dediyi kimi, Mosula doğru hərəkət edən Haşdi Şabiçilərin sayı 30 mindirsə, deməli, onların hardasa yarısı türkməndir. 

Elədirsə, gələcəkləri varsa, görəcəkləri olanlar kimdir?

 

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə