XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 October 2016 - 17:47

MDB-də seçki marafonu:Rusiya keçmiş SSRİ ərazisində mövqelərini necə möhkəmləndirir? – Təhlil

putin-mdb-16

 

2016-cı ildə MDB məkanında – Rusiyada Dövlət Dumasına (parlamentin aşağı palatası)  18 sentyabr seçkiləri ilə start götürən, Azərbaycanda 26 sentyabr referendumu, Gürcüstanda 8 oktyabr parlament seçkiləri ilə davam edən seçki marafonuna 30 oktyabrda Moldovada, 4 dekabrda isə  Ozbəkistanda  keçiriləcək prezident seçkiləri nöqtə qoyacaq. 

2017-ci ildə də MDB ölkələrində çox əhəmiyyətli seçkilər keçiriləcək: 2017-ci ilin 12 fevralında Türkmənistanda növbəti prezident seçkiləri baş tutacaq; aprel ayında Ermənistanda parlament seçkilərinin keçirilməsi planlaşdırılır, oktyabrda isə Gürcüstanda sayca 7-ci prezident seçkiləri keçirilməlidir.

 

Rusiya və Gürcüstanda parlament seçkilərində sürpriz qeydə alınmadı

 

Rusiya və Gürcüstanda parlament seçkilərində sürpriz qeydə alınmadı. Gözlənildiyi kimi, hər iki ölkədə hakim partiyalar öz mövqelərini qorudular.

Rusiyada 14 partiya və seçki blokunun qatldığı parlament seçkilərində hakim “Vahid Rusiya” Partiyası 450 mandatdan 343-nə sahib oldu və səs verən seçicilərin səslərinin 76.22%-ni əldə etdi.

Gürcüstanda 8 oktyabr parlament seçkilərində keçmiş prezident Mixael Saakaşvilinin tərəfdarlarının  "Milli Birlik Hərəkatı" Partiyasının revanşı baş tutmadı.  4 il əvvəl olduğu kimi, keçmiş baş nazir, milyarder Bidzina İavanişvilinin lideri olduğu "Gürcü arzusu" Partiyası qalib gəldi. Hakim "Gürcü arzusu" Partiyası səslərin 48,65 faizini, müxalifətdə olan "Milli Birlik Hərəkatı" 27,21 faizini topladı. Beş faizli baryeri keçən siyasi təşkilatlardan biri də "Gürcüstan Vətənsevərlər Alyansı" oldu. Beləliklə, "Gürcü arzusu" Partiyası yenidən hökuməti formalaşdıracaq…

Bundan əvvəl – 2015-ci  ilin 11 oktyabrında Belarusda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenko növbəti dəfə səs vermiş seçicilərin 83.49%-ni alaraq, qalib oldu. 1994-cü ildən Belarusa rəhbərlik edən Lukaşenko 5-ci müddətə prezident seçildi…

 

Moldova və Özbəkistanda hansı dəyişikliklər  gözlənilir?

 

Moldovada 2015-ci ildə keçirilən davamlı kütləvi etiraz aksiyalarından sonra prezdentin vətəndaşlar tərəfindən birbaşa seçilməsi parktikasının yenidən tətbiq olunmasına qərar verilib. Hazırda etiraz aksiyalarının lideri, müxalif Sosialistlər Partiyasının başçısı İqor Dodon seçki marfonunun lideri hesab olunur. İ.Dodon Rusiya ilə iqtisadi və ticarət əlaqələrinin bərpasına, ölkədə güclü prezident hakimiyyətinin formalaşmasına çağırır. Onun Rusiya ilə yaxınlaşmaq təklifləri ölkədə rəğbətlə qarşılanıb və rəy sorğularına görə, seçicilərin 30%-i İ.Dodonu dəstəkləməyə hazırdır.

Moldovanın Avropa ilə daha sıx inteqrasiya xəttinin saxlanılması tərəfdarl kimi müxalif Fəaliyyət və Həmrəylik Partiyasının lideri Maya Sandu çıxış edir. Eyni zamanda prezident seçkilərinə hakim koalisiyadan qatılan Demokratik Partiyanın rəhbəri Marian Lupu da Avropaya inteqrasiya xəttini dəstəkləyir.

Rəy sorğularına görə, oliqarxalara savaş açacağını bəyan edən M.Sandunun reytinqi 15%-i keçmir. Artıq bir dəfə prezident səlahiyyətlərini həyata keçirən M.Lupunun da reytinqi aşağıdır və 12% təşkil edir. O, ölkədə “oliqarxların adamı” hesab olunur. Onun 1-ci müavini ölkənin ən varlı adamı Vlad Plaxatnyukdur.

Rusiyameyilli qüvvələrin daha populyar olmasına səbəb 2009-cu ildən bəri hakimiyyətə gələn Avropaya inteqrasiya xəttini müdafiə edən partiyaların vəd etdikləri köklü iqtisadi islahatları aparmaması və korrupsiyanın geniş yayılmasıdır. Ölkənin vaxtilə ən böyük partiyası olan Liberal-Demokratik Partiyanın rəhbəri Vlad Filatın korrupsiyaya görə 9 il məhkum edilməsi də Avropaya inteqrasiya xətti tərəfdarlarının möveqyini çox sarsıdıb.

Moldovada prezident seçkilərində sosialistlərin namizədi qalib gəlsə, 4 gündən sonra Moskvada – Kremldə Rusiyanın Gürcüstandan sonra növbəti revanşı qeyd ediləcək. Hətta İ.Dodon prezident seçilməsə belə, Rusiya tərəfdarları o qədər güclənəcəklər ki, qərarların qəbuluna çox böyük təsir imkanları əldə edəcəklər.

Özbəkistanın 79 yaşlı prezidenti bu il 2 sentyabrda insultdan vəfat etdikdən sonra növbədənkənar prezident seçkiləri 4 dekabra təyin olunub. Prezident seçkilərinə Özbəkistan Demokrat Partiyası, Liberal-Demokratlar Partiyası, Xalq-Demokrat Partiyası, Sosial Demokrtarlat Partiyası buraxılıb.

Hakim Liberal-Demokratlar Partiyası prezident səlahiyyətlərini icra edən baş nazir Şavkat Mirziyayevin namizədliyini irəli sürüb.

Qeyd edək ki, Özbəkistanın 1-ci prezidenti İslam Kərimov 1991, 2000, 2007, 2015-ci illərdə dövlət başçısı seçilib. 1995-ci il və 2002-ci illərdə iki dəfə referendumlarında öz səlahiyyət müddətini artırıb. 1991-ci ildən başqa, bütün seçkilərdə 90%-dən çox səs alıb.

4 dekabrda baş nazir Şavkat Mirziyayevin prezident seçiləcəyinə isə heç kim şübhə etmir. Mirziyayevlə bağlı daxili siyasi elitanın konsensusu var. Çünki İ.Kərimov vəfat etdikdən sonra Konstitusiyaya uyğun olaraq prezident səlahiyyətləri parlamentin yuxarı palatasının sədrinə həvalə olunmalıydı. Amma Niqmatullin Yoldaşov könüllü olaraq bu səlahiyyətlərdən imtina etdi və Ş.Mirziyayev dövlət başçısı vəzifəsini icra etməyə başladı. Digər tərəfdən, Ş.Mirziyayev Rusiyanın dəstəyini ala bilib. İ.Kərimovun vəfatı ilə əlaqədar Səmərqəndə səfəri zamanı prezident Putin bunu açıq nümayiş etdirib.

 

Ermənistanda nə baş verəcək?

 

2015-ci ilin 6 dekabr referendumunun nəticələrinə görə, Ermənistan parlamentinə seçkilər yalnız proporsional qaydada keçiriləcək. Parlamentdə 101 deputat təmsil olunacaq. Əgər bir partiya çoxluq əldə edə bilməsə, iki ən çox səs toplamış partiyanın iştirakı ilə ikinci tur keçirilə bilər.

Konstitusiya dəyişikliklərinə görə, prezident 7 il müddətinə parlament və  yerli özünüidarəetmə orqanlarının seçilmiş nümayəndələri tərəfindən seçiləcək. Prezident parlament seçkilərində qalib gəlmiş partiya və partiyalar blokunun irəli sürdüyü namizədi Baş nazir təyin edəcək. Silahlı Qüvvələr hökumətə tabe olacaq. Müharibə zamanı isə Baş nazir Ali Baş Komandan vəzifələrini icra edəcək. Ermənistanda növbəti parlament seçkilərinin aprelin ikinci yarısı keçirilməsi gözlənilir.

Təhlilçilərin fikirincə, S.Sarkisyan Gürcüstanda 4  il əvvəl baş verənləri yeni formatda təkrarlamaq niyyətindədir. Belə ki, onun 3-cü müddətə prezident seçilmək hüququ yoxdur. Sarkisyan Baş nazir postuna seçilməklə hakimiyyətdə qalmasını təmin etmək niyyətindədir. Əgər bu variant da baş tutmasa, o, Gürcüstanda İvanişvili etdiyi kimi, öz təmsilçisini hökumətin rəhbəri seçilməsinə nail olmaqla, faktiki, “kölgə lideri” statusunda qalmağı planlaşdırır.

Bu planların həyata keçirilməsi üçün əsas hazırlıq görülüb. Bu il sentyabrın 8-də Ermənistan hökuməti istefaya göndərilib. Prezident Serj Sarkisyan Karen Karapetyanın baş nazir təyin olunması haqqında fərman imzalayıb.

Karapetyan 1963-cü ildə Xankəndi şəhərində doğulub. O, 2010-2011-ci illərdə İrəvanın meri olub. "Qazprombank"ın 1-ci vitse-prezidenti postu da daxil olmaqla, "Qazprom"un strukturlarında yüksək vəzifələrdə çalışıb, "Armrosqazprom"un keçmiş baş direktorudur.

Karapetyan Sarkisyan üçün ideal kadrdır. Həm Qarabağ klanındandır, həm də birbaşa Rusiyanın təmsilçisidir. Seçkilərə 8 ay qalmış hökumət dəyişikliyi isə məhz 2017-ci ilin apreldə parlament seçkilərinə hazırlıq məqsədi daşıyırdı. Əsas vəzifələrə Rusiyanın bilavasitə kadrları təyin edildi, nisbətən müstəqil fiqurlar isə hökumətdən uzaqlaşdırıldı.

Əgər qlobal geosiyasi şərtlərdə ciddi dəyişiklik olmasa,  böyük ehtimalla, Ermənistanda parlament seçkiləri bilavasitə Rusiyanın nəzarətində keçəcək. Sarkisyan isə ya Baş nazir, ya da “kölgə lider”i kimi qalacaq.

 

Türkmənistanda da heç nə dəyişməyəcək

 

2017-ci il 12 fevralda Türkmənistanda növbəti prezident seçkiləri baş tutacaq. Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədov növbəti dəfə 7 illik müddətə prezident seçilmək niyyətindədir. Seçki kampaniyası seçki gününə iki ay qalmış start götürəcək. Q. Berdimuhəmmədov sentybar ayında hökumətlə Dövlət Təhlükəsizlik Şurasının birgə iclasınвa bəyan edib ki, “ölkədə geniş demokratik, alternativlərin olduğu, bir neçə namizədin iştirak etdiyi seçki keçirilməlidir”.  Ehtimal olunur ki, prezident seçkilərinə ondan başqa 2 namizəd də qatılacaq. Bunun özü də Türkmənistan üçün əslində demokratik addımdır…

Q. Berdimuhəmmədov 2007-ci ildə Türkmənistanın ilk prezidenti Türkmənbaşının – Saparmurad Niyazovun ölümündən sonra dövlət başçısı seçilib. O, 2001-ci ildən həm də  Nazirlər Kabinetinin sədri postunu tutan S.Niyazovun müavini vəzifəsində işləyirdi.

Q. Berdimuhəmmədov artıq özünəməxsus şəkildə seçki kampaniyasına start verib.  Bu ay onun ilin əvvəlindən bəri 7-ci kitabının təqdimatı keçirilib…

 

Zaur İBRAHİMLİ

Strateq.az