XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2016 - 12:28

Ankaranın Suriya səmalarında nəfəsi daralır:"Avrasiyaçılıq"a doğru növbəti addım - Təhlil

f-16

 

Türk Silahlı Qüvvələri (TSQ) 22 oktyabrdan bu yana Suriyanın şimalında hava əməliyyatlarını dayandırıb.

Strateq.az xəbər verir ki, məlumatı Türkiyənin “Hürriyyət” qəzeti yayıb.

Məlumata görə, qardaş ölkəni bu addımı atmağa vadar edən səbəb Suriya ordusunun hava müdafiə sistemlərini aktiv hala gətirməsidir. Qəzet Rusiyanın rəsmi RİA agentliyinə istinadən bildirir ki, 22 oktyabrda Suriya hava sahəsinə girmək istəyən bir qrup türk hərbi təyyarəsi bölgədəki müdafiə sistemləri tərəfindən vurulacaqları ilə təhdid olunub və xəbərdarlıq siqnalından sonra reaktivlər geri dönmək məcburiyyətində qalıblar. Türk təyyarələri ilə yanaşı, ABŞ təyyarələrinin də eyni coğrafiya üzərindəki manevr uçuşlarını azaltdığı xəbər verilir.

Xəbərdə həmçinin qeyd olunur ki, Türk Hava Qüvvələrinə Suriya səmalarını dar edən həmin havadanmüdafiə sistemini Əsəd rejiminə Rusiya verib. “Pantser” adlı qısamənzilli sistem Türkiyənin 19 oktyabrda Hələb yaxınığında PYD silahlılarını məhv etməsində sonra Suriyaya transfer edilib.

Xatırladaq ki, 200-ə yaxın kürd separatçısının öldürüldüyü həmin əməliyyat rəsmi Dəməşq tərəfindən sərt dillə tənqid olunmuşdu. Ölkənin Müdafiə Nazirliyi Türkiyə təyyarələrinin bir daha Suriya hava sahəsini pozarsa vurulacağını bildirmişdi. Son zamanlar Türkiyəylə guya, dostluq əlaqələrini gücləndirən Rusiya da rəsmi Dəməşqin tərəfində dayanmış, ölkənin Xarici İşlər naziri Sergey Lavrov “Türk Hava Qüvvələrinin Suriyanın şimalında keçirdiyi hava hücumlarından xeyli narahat olduğunu" dilə gətirmişdi.

Görünən budur; Rusiyanın “narahatlığı” elə həddə olub ki, özünün “Pantser” tipli müdafiə sistemlərini tələm-tələsik Suriyaya göndərib. Suriya isə 3 gün ərzində həmin sistemləri quraşdırıb və ilk xəbərdarlıq siqnalını göndərib.

Məlumatdan xəbərdarlıq siqnalının yalnız Türkiyə yox, həm də ABŞ təyyarələrinə verildiyi anlaşılır. 22 oktyabrdan sonra ABŞ Hava Qüvvələrinin manevr uçuşlarının azaldılması yalnız bununla izah edilə bilər.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Suriya məsələsilə bağlı Rusiyayla danışıqlarını birtərəfli qaydada dayandırmasından sonra Moskva Vaşinqtona rus ordusunun Suriyaya aid hərbi bazalarda məskən saldığını və Əsəd qüvvələrinə atılan mərmilərin həm də özünə yönəldiyini “xatırlatmışdı”. Həmin ultimatuma bənzər açıqlamasında Moskva onu da “yada salmağa” ehtiyac hiss etmişdi ki, Suriyada qurduğu havadanmüdafiə sistemləri aktiv hala gətirilib və bundan sonra o təhlükəli dəmir parçaları dost-aşina tanımadan fəaliyyətə başlayacaq. Beləcə, Suriya ordusuna edilən hər bir həmləni Rusiyaya qarşı hücum kimi anlayan sistemlər Moskvanın iradəsindən asılı olmayaraq, öz funksiyalarını avtomatik həyata keçirəcəklər. Dolayısıyla, ABŞ Suriya ordusuna hücum edəcək təyyarələrini bir anın içində səmada vurulduğunu görsə, gərək Rusiyadan inciməyə. Bu xəbərdarlıqdan dərhal sonra Moskva rus donanmasının ən güclü flotunu da Şimali Buzlu okeanından Aralıq dənizinə “sürüşdürmüş”, tamamilə döyüşə hazır olduğu mesajını vermişdi.

Qısası, Türkiyənin 24 avqustda başlatdığı “Fərat qalxanı” əməliyyatının artıq bir həftədir ki, hava yolları bağlanıb. İndi ona aralarında onsuz da soyuq yellər əsən köhnə müttəfiqi ABŞ da kömək edə bilməyəcək. Məsələnin həlli Türkiyə-Suriya-Rusiya-İran danışıqlarının nəticələrinə qalıb.

Bir sözlə, Türkiyə ya şüurlu və ya şüursuz şəkildə yeni müttəfiqliyə sürüklənir. İlk baxışdan, bu müttəfiqlik ABŞ-ın ürəyincə görünməsə də, yaradılmış yeni situasiyanın dərinliyinə nəzər salanda, qətiyyən belə təəssürat yaranmır. Nədən ki, köhnə müttəfiq ABŞ da Türkiyəylə yola getmir, onun milli maraqlarına qətiyyən cavab verməyən addımlar atır, bütün israrlarına rəğmən, qardaş ölkənin torpaq bütünlüyünü təhdid edən PYD-ni dəstəkləyir. Öz suverenliyini təkbaşına müdafiə etmək məcbiriyyətində qalan Türkiyənin bu səyləri isə rəqib koalisiya tərəfindən əngəllənir. PYD-nin dəstəklənməsinin səbəb, Türkiyənin Suriya hava sərhədlərini pozmasının isə nəticə olduğunu nəzərə alsaq, belə çıxır ki, faktiki olaraq, ABŞ da  sanki rəsmi Ankaranı düşmən qucağına atmağa çalışır.

Qəsdən formalaşdırılmış stutus-kvo təəssüratı yaradan bu vəziyyət bir sıra eskpertlərin “ABŞ Yaxın Şərqi Rusiyaya buraxıb, Sakit okeana çəkilir” mülahizələrinə haqq qazandırır.

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə