XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

02 Noyabr 2016 - 00:19

Türkiyə “qırmızı cizgi”sini “gərəksiz gərginlik”lə əvəzlədi:Ankara əvvəlki mövqeyindən niyə geri çəkildi?

barzani-erdogan

“Başika düşərgəsinin məqsədi İŞİD-ə qarşı yerli güclərə təlim keçməkdi, amma indi gərəksiz bir hala gəldi”.

Strateq.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

Rəsmi səfərə getdiyi Qətərdə jurnalistlərin İraqla Türkiyə arasında vasitəçilik etmək istəyən İranın təklifinə münasibəti soruşulan Çavuşoğlu, Tehrana bu yanaşmasından dolayı təşəkkür edib. Amma artıq vasitəçiliyə ehtiyac qalmadığını bildirib: “İraq bizim qardaş və qonşu ölkəmizdir… İraqın ərazi bütövlüyünə, müstəqilliyinə verdiyimiz əhəmiyyəti ən gözəl şəkildə Bağdad rəhbərliyi bilir. Hər kəsdən daha çox biz dəstək vermişik, veririk. Başika düşərgəsi aramızda gərəksiz bir gərginlik yaratdı. Olmaması lazım olan bir gərginlikdi, amma biz bunu yoluna qoymaq üçün də diplomatik səylərimizi davam etdiririk. Ötən həftə nümayəndəmiz Bağdada getmişdi. İndi də Bağdaddan bir heyət gözləyirik. Əlbəttə, İranın da burada müsbət bir qatqısı olursa, bundan da məmnuniyyət duyarıq. Çünki İran da bizim qonşumuzdur, eyni şəkildə İraq, Suriya da hamısı bizim qonşularımızdır. Qonşularımızın hamısıyla əlaqələrimizi ən yaxşı səviyyədə qurmaq istəyirik. Problemlərinin həllinə çalışırıq. Bu yanaşması üçün İrana təşəkkür edirik. "

cavus

Qeyd edək ki, iki həftə öncə İraq gücləri Mosul hərəkatına başlayanda Ankara tamamilə başqa cür danışırdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyata ciddi şəkildə qarşı çıxır, Başikada yerləşən türk əsgərlərinin qoşulmayacağı əməliyyatın nəticələriylə razılaşmayacaqlarını bildirmişdi.  Çıxışında "İraq ordusu şiələrdən formalaşır və onlar Mosula girəndə sünnilərlə qarşı-qarşıya gələcəklər” məntiqinə əsaslanan prezident bu hərbi əməliyyatla laqeyd qalmayacağını bildirərək, deyirdi: “Türkiyənin olmadığı bir əməliyyatın nəticələrindən biz məsuliyyət daşımırıq. Biz əməliyyatda olacağıq, masada da oturacağıq. Bunun xaricində qalmağımız mümkün deyil. Çünki bizim üçün burada bir tarix yatır”.

Məlum olduğu kimi, İraq ordusu artıq Mosuldadır. Bildirildiyinə görə, artıq şəhərin ortasında İŞİD-çilərlə küçə döyüşləri gedir. Türkiyə isə əvvəlki ritorikasını unutmuş kimidir və Başikanın artıq əhəmiyyətinin qalmadığını bildirir.

Çavuşoğlunun açıqlamasında ən diqqət çəkən məqam isə İraq və Suriya ilə də münasibətlərini normallaşdırmaq istəyini dilə gətirməsidir. Halbuki, Türkiyə prezidenti həmin odlu-alovlu çıxışında tək Bağdadı yox, həm də Dəməşqi top atəşinə tuturudu. Hətta Bəşər Əsədi “qatil” adlandıraraq deyirdi: “Suriya ilə yaxından-uzaqdan əlaqəsi olmayanların Suriyaya girməsi haqdır, bizə gəlincə, "Sizi qatil Əsəd çağırmadı ki, necə oraya gedərsiniz?" deyirlər. Qüsura baxmayın, gedərik. Çünki əgər biz terror təhdidi altındayıqsa, əgər bizi o ölkədən toplarla, raketlərlə təhdid edirlərsə, gedərik. Bunun hüquqdakı yerini siz daha yaxşı bilirsiniz. Nəfsi-müdafiəmı deyirsiniz, nə deyirsiniz, deyin. Biz artıq Suriyadayıq”.

firat-kalkani-847x477

Düşündürücüdür ki, Türkiyə Xarici İşlər naziri Çavuşoğlu üzərindən qısa müddət keçdikdən sonra ölkə başçısının bu şahin mövqeyini “olmaması gərəkən gərginlik” adlandırır, “qonşularının hamısıyla (o cümlədən Suriyayla da-H.O) əlaqələrini ən yaxşı səviyyədə qurmaq istəyir”. Özü də o zaman ki, Türkiyənin “Fərat qalxanı” əməliyyatında hərbi hava qüvvələrindən istifadə etməsi barədə xəbərlər artıq gəlmir. Mətbuata sızdırılan məlumat isə bunun səbəbini Suriya və rus ordusunun havadan müdafiə sistemləriylə türk təyyarələrinə “vura bilərik” siqnalının göndərilməsiylə izah edir.

Türk mətbuatında əks olunmayan, amma kürd informasiya kanallarının bildirdiyinə görə isə, kürd yaraqlıları Ankaranın “qırmızı cizgi” elan etdiyi Münbiçdən nəinki geri çəkilməyib, əksinə “Böyük Kürdüstan” proyektindəki son qala sayılan əl-Bab qəsəbəsinə doğru irəliləyir. Bu qəsəbənin ələ keçirilməsi isə Türkiyənin bir başqa, özü də ən qalın “qırmızı cizgisi"nin tamamilə silinməsi demək ola bilər.

Belə çətin durumda Ankaranın yeganə yolu həqiqətən həm İraq, həm də Suriyanın dövlət suverenliyinin müdafiəsini gündəmə gətirmək, qonşularının ərazi bütövlüyünü arzulamaqla, “Böyük Kürdüstan” proyektinin qarşısını almaqdır. Türkiyə Xarici İşlər nazirinin Qətərdə verdiyi bəyanat da bu mənada təsadüfi sayılmamalıdır.

Sual oluna bilər: öz torpaq bütövlüyünə də qarşı olan bu proyektə Türkiyə niyə əvvəldən qarşı çıxmırdı?

Zənnimizcə, bunun əsas səbəblərindən biri həmin ərazilərin təbii zənginlikləriylə bağlıdır. Xüsusilə Mosul və Kərkük nefti Türkiyəni özünə cəlb edir, Ankara onun dünya bazarına çıxarılmasında mühüm rol oynamaq istəyirdi.

Statistik məlumatlara görə, Şimali İraq coğrafiyasındakı neft ehtiyatı əhəmiyyət verilməyəcək qədər az da deyil. Təkcə Mosulda bir gündə 2.5 milyon barrel neft çıxarılır. Özümüzlə müqayisə etsək, bu, Azərbaycanın gündəlik neft hasilatından, hardasa, 4 dəfə çoxdur. Zira bizim günü-gündən azalan gündəlik hasilatımız hazırda 650-700 min barrel civarındadır.

turkiye-kurdistan

Üstəlik, Türkiyənin “Misaki-milli” sərhədlər deyib iddia etdiyi ərazilərdəki ərəb bölgələrini də hesaba qatsaq, gündəlik hasilat potensialının 4 milyon barrelə yüksələ biləcəyi bildirilir. Bu da, hardasa, İranın hazırda çıxardığı neft qədərdir.

Həmin ərazilərdən çıxarılan neftin Türkiyənin nəzarətində olması üçün bir tərəfdən Şimali İraqla mərkəzi hakimiyyət arasında ziddiyyət yaranmalı, digər tərəfdən isə “Böyük Kürdüstan”ın Şimali Suriya ayağı qurulmamalı idi. Əks halda Mosul və Kərkükdə çıxan neft ya mərkəzi İraq hökuməti vasitəsilə Fars körfəzinə, ya da Şimali Suriya üzərindən Aralıq dənizinə axardı. Odur ki, Ankara Mosulun nə Bağdad tərəfindən xilas olunmasını, nə də PYD-nin Şimali Suriyada irəliləməsini istəyirdi. Çünki yalnız hər iki marşrutun bağlanması durumunda Şimali İraq kürd muxtariyyətinin hasil edəcəyi neft Türkiyə ərazisindən keçə bilərdi.

Türkiyənin bu mövqeyi Barzani hökumətinin də işinə yarayırdı. Ən azı ona görə ki, Mosul, Kərkük, Telafər, Tuzhurmatu və s. kimi kürdlərin azlıqda yaşadığı türkmən yurdları yalnız bu halda Şimali İraq kürd muxtariyyətinin əlinə keçə, sərvətləri Barzani əşirətini zənginləşdirə bilərdi.

Üstəlik, Barzani hakimiyyətinin gələcəyə yönəlik başqa bir planı da var idi. Şimali İraqda situasiyanı mənsub olduğu millətin xeyrinə dəyişdikdən sonra Kürdüstan Demokrat Partiyası həm Türkiyədə, həm Suriyada yaşayan bütün kürdləri  öz ətrafına toplayaraq, rahatlıqla əsl hədəfinə çatardı – “Böyük Kürdüstan” dövləti elan edə bilərdi.

Kifayət qədər ciddi mənbələrin məlumatına görə, “yaxşı düşünülmüş” bu plan naminə Barzani hətta Türkiyəyə birləşməyi belə ağlından keçirdirmiş. Hər halda mərkəzi Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupunun 2009-cu ildə yayınladığı hesabatında belə deyilir. Hesabata görə, Barzani Ankaraya belə bir təklif verib, rəhbəri olduğu əraziləri, Mosul vilayəti kimi, Türkiyənin bir parçasına çevrmək istəyib.

Barzaninin xüsusi işlər müdiri Fuad Hüseyn də həmin vaxt bu ehtimalı istisna etməyərək deyib: "Əgər şiələr İranı, sünnilər də ərəb dünyasını seçərsə, kürdlər də Türkiyə ilə yaxınlaşarlar. Türkiyənin də kürdlərə ehtiyacı olur. Baxmayaraq ki, biz bir-birimizi sevmirik, hətta sevməyə də ehtiyacımız yoxdur. Amerika Bağdaddan çəkiləndə qarşıdurma yaşanacaq, Türkiyənin də başqa şansı olmayacaq. Kürdlər bu şərtlərlə Türkiyənin qoruması altında rahatlıq tapdığı kimi, Türkiyə də Kərkükdəki nəhəng neft ehtiyatlar daxil olmaqla, İraqın şimalındakı bölgənin təbii sərvətlərinə birbaşa çıxış imkanı əldə edəcək və dolayısıyla Kərkükə sahib olacaq".

firat-kalkani

Maraqlıdır ki, həmin vaxt Şimali İraqın bir vilayət kimi Türkiyəyə birləşmək istəməsinə Ankara razılıq verməyib. Səbəb isə bu birləşmənin gələcəkdə Türkiyənin etnik tərkibini Ankaranın zərərinə çevirməsi ehtimalıyla bağlı imiş.

Ankaranın plana isti baxmadığını adı açıqlanmayan yüksək səlahiyyətli bir türk rəsmisinin Beynəlxalq Böhran Qrupuna bildirdiyi bu açıqlamalar da sübut edir: "İqtisadi əməkdaşlıq mümkündür. Lakin rəsmi yox, faktiki birlikdəlikdən söhbət gedə bilər. Bağdadla razılaşaraq, kürd bölgəsi ilə sərhədərimizi elastik hala gətirib iqtisadi (sərbəst) bölgə yarada bilərik".

Məhz bu qeyri-rəsmi "faktiki birlikdəlik" Başika hərbi düşərgəsini Türkiyənin “qırmızı cizgisi” halına gətirmişdi. İndisə Çavuşoğlunun təbirincə desək, o, əslində “olmaması lazım olan gərginlik” idi. Görünür, “qara qızıl” üçün olduqca riskli oyuna girən Ərdoğan hakimiyyəti Suriyada və İraqda yaşanan hadisələrin qarşısını ala bilmədiyini anladığından, artıq köhnə siyasətindən imtina etməli olub.

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə