İlya Plexanov
ИноСМИ.ru, 08.11.2016
ABŞ Konqresinin daxili təhlükəsizliyin təminatı üzrə Komitəsinin oktyabrda məruzəsi dərc edilib. Komitə İŞİD-in məhz necə maliyyələşdiyi barədə on ay ərzində məlumat toplayıb. Məruzə hələ Mosula hücuma qədər təqdim olunub, amma həm böyük terror təşkilatlarının maliyyələşməsi haqda ümumi xülasələr, həm də terrorçuların əməliyyat apardığı vəsaitlərin miqyasını dəyərləndirməyə imkan verən konkret rəqəmlərlə maraq doğurur. Xüsusən də ona görə ki, hətta Mosul və Rakkanın süqutundan sonra az adam İŞİD-in fəaliyyətinin dayanacağını gözləyir.
Komitə sıradakı on dörd əsas nəticəyə gəlib:
1. İŞİD-ə qarşı fəaliyyət və oxşar terrorçu qruplaşmaların vəsait yığması üzrə taktikası üçün ABŞ hökumətinin sanballı şəkildə işlənmiş milli strategiyası yoxdur.
2. İraq və Suriyada bu yaxınlardakı uğursuzluqlara baxmayaraq, İŞİD-in sürətli kürəsəl genişlənməsi və gəlir qaynaqlarının müxtəlifliyi ABŞ hökumətinə qruplaşmanın maliyyə axınını müvəffəqiyyətlə bağlamaq imkanı vermir.
3. Obama administrasiyası ABŞ vətəndaşlarını oğurlayan terrorçulara ödənişdən imtina üzrə ABŞ-ın mövqeyini zəiflədib. ABŞ həmçinin xarici hökumətləri İŞİD və başqa terrorçu qruplaşmalara ödəniş etməkdən çəkindirmək üçün gerçək tədbirlər görməyib.
4. İŞİD-in vəsait yığmaqdan ötrü onlayn-platformadan hansı miqyasda istifadə etdiyi haqda ABŞ hökumətində aydın qənaət yoxdur.
5. ABŞ hökuməti terrorizmin maliyyələşdirilməsi ilə mübarizədə xarici tərəfdaşlara yardım üçün kompleks dövlət yanaşması hazırlamağa nail olmayıb.
6. Xarici tərəfdaşların transsərhəd qaçaqmalçılığı ilə mübarizədə səyləri kifayət qədər olmayıb.
7. İŞİD-in maliyyə axınlarını bağlamaq üçün az-az ölkələrin effektli maliyyə kəşfiyyatı var.
8. İŞİD məqsədyönlü maliyyə sanksiyalarına qarşı uğurla dura bildi, çünki nadir ölkələr buna gerçək şəkildə əməl edir.
9. Əksər ölkələr və onların hüquq-mühafizə qurumları maliyyə məlumatını bir-birilə sistemsiz və qismən bölüşür ki, bu da terrorçulara maliyyə əməliyyatları keçirtməkdə yol tapmaq imkanı verir.
10. Hüquq-mühafizə orqanları terrorçuların əsaslı gəlir mənbəyi olan mədəni artefaktlar və qədim əşyaların satışı qara bazarını izləməyi yetərincə əhəmiyyətli hesab etmir.
11. Maliyyələşmə üçün terrorçuların xeyriyyə cəmiyyətləri, QHT, qeyri-kommersiya təşkilatları və humanitar qruplardan istifadəsini önləmək üzrə ABŞ hökumətinin standartlaşdırılmış daxili nəzarət sistemi yoxdur.
12. Həvalə olunmuş maliyyə-hesablaşma sistemi üzərində nəzarətin qüsurları İŞİD maliyyəçilərinin üzə çıxardılması üzrə cəhdləri çətinləşdirir və maliyyə müəssisələrini məsuliyyətə cəlb etməyə imkan vermir.
13. İŞİD döyüş meydanında uğursuzluqlara uyğunlaşmağı öyrənib və yeni gəlir qaynaqları yaratmaq iqtidarındadır.
14. İŞİD Fars körfəzi ölkələrindəki tərəfdarlarından maliyyə yardımı almağı davam etdirir.
İndi isə Komitənin məruzəsində göstərilən rəqəmlər barədə:
– 34 radikal islamçı qruplaşma İŞİD-ə sədaqət andı içib;
– 120 ölkədən çıxanlar İŞİD-in tərəfində döyüşürlər;
– 2015-ci ildə İŞİD-in gəliri 1 milyard dollar təşkil edib;
– İŞİD 2015-ci ildə neft satışından 500 milyon dollar əldə edib;
– İŞİD 7 əsas gəlir qaynağına istinad edir: 1) neft-qaz ticarəti, 2) qara bazarda əmtəə (taxıl, kübrə, sement, duz və s.) ticarəti; 3) əntiq əşyalar ticarəti; 4) zorakılıq, qarət və vergilər; 5) ödəniş xatirinə adamların oğurlanması; 6) Fars körfəzi ölkələrindəki tərəfdarlardan yardımlar; 7) yeni üsullar (Qərb ölkələrində cinayətkar fəaliyyət, kraudfandinq (xalq maliyyələşməsi-tərc.), xeyriyyəçi islam fondlarının ianəsi və onlayn ianə);
– 2016-cı ilin başlanğıcında Suriyada neft hasilatının 50%-i, İraqda isə 10%-ə qədəri İŞİD-in payına düşürdü, İŞİD-in nəzarətində 300-ə qədər neft quyusu var idi;
– İŞİD bir gündə 80-120 min barrel neft çıxardıb və 2-4 milyon dollar qazanıb;
– İŞİD-in 125 kuratoru 1600 neftçinin işinə nəzarət edib;
– İŞİD qaçaqmal nefti təkcə Türkiyəyə deyil, həm də Avropadakı müştərilərə tədarük edib, Suriya-Türkiyə sərhədindən isə hətta plastik borulardan əldəqayırma neft kəmərləri salınıb;
– İŞİD İraqda 400 min kəndlinin yaşayışına nəzarət edib və taxıl, arpa ticarətindən ildə 200 milyon dollara qədər pul qazanıb;
– İŞİD öz ərazisindən yük tranzitinə görə malın 25%-i alıb;
– İŞİD sonradan London və Nyu-Yorkda üzə çıxan əntiq əşyalar alverindən ildə 100 milyon dollara qədər vəsait qazanıb;
– İŞİD müstəqil şəkildə qazıntı ilə məşğul olmayıb, lakin “peşəkar qara arxeoloqlara” tapılan sərvətlərə vergi qoymaqla lisenziyalar verib;
– İŞİD hər il yerli əhalidən 360 milyon dollar vergi yığıb;
– Mosul ələ keçirildikdən sonra rəsmi Bağdad bir il ərzində işğal edilmiş ərazilərdəki dövlət qulluqçularına təqaüd və maaşları ödəməyi davam etdirib və İŞİD bunun 50%-i özünə götürüb;
– İŞİD 2014-cü ildə girovlara ödənişdən 45 milyon dollara qədər qazanıb. Terrorçulara ödənişdən imtinaya baxmayaraq, Avropanın bir sıra dövlətləri öz vətəndaşlarını xilas etmək naminə gərkəsiz hay-küysüz sövdələşməyə gedib;
– Ağ Ev iyunda bildirib ki, oğurlanmış yaxınlarına görə ödəniş barədə terrorçularla danışıqlar aparan Amerika ailələrini daha izləməycək. İŞİD bunu öz qələbəsi sayır.
– NATO və ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ceyms Stavridis hələ 2014-cü ildə bildirmişdi ki, Fars körfəzi ölkələrindən pul ianələri “əkin fondu” olub və İŞİD-ə ayaqüstə durmaqda yardım edib.
Tərcümə Strateq.az-ındır.