XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 March 2015 - 05:58

Çin ABŞ-ın əlindən son silahını da alır

Çin'den ABD'ye karşı yeni ekonomik hamle

öz iqtisadi artımı və dünya ticarət bazarında çəkiciliyi ilə ABŞ-ın qorxulu röyasına çevrilən çin indi supergücün son silahını da əlindən almağa çalışır. Söhbət qlobal maliyyə sistemində rəsmi Pekinin ABŞ-ı sıxışdırmasından gedir.

Xarici mətbuatın verdiyi məlumata görə, ABŞ öz müttəfiqlərinin çinin yaratdığı yeni bank sisteminə – Asiya İnfrastruktur və İnvestisiya Bankına (AİİK) qoşulacağından xeyli nigarandır. ABŞ-ın nəzarətində olan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankıyla ciddi rəqabətə girən AİİK-nın dünyada xeyli rəğbət qazandığı bildirilir.

BVF və Dünya Bankından fərqli olaraq tərəfdaşlarıyla yalnız iqtisadi əməkdaşlıq edən, ortaya heç bir siyasi şərt qoymayan çin Afrika və Asiya ölkələrində Amerikanı xeyli sıxışdırmışdı. Seneqalın keçmiş dövlət başçısı Abdullah Vədin 24 yanvar 2008-ci ildə “Financial Times” qəzetinə verdiyi müsahibədə dilə gətirdiyi həqiqətlər bu mənada xeyli düşündürcüdür. Sabiq prezident deyirdi: “Ehtiyaclarımızın çin tərəfindən anlaşılması bir çox hallarda Qərb iş adamlarının və qeyri-hökumət təşkilatlarının özündənrazı mövqeyindən daha effektlidir. çindən öyrənən və yararlanan təkcə Afrika deyil. Eyni zamanda Avropa və Amerikanın da ondan öyrənəcəyi çox şeylər var”.

Qeyd edək ki, çinin iqtisadi orbitinə meyl göstərən təkcə Seneqal deyil. çinin bu ölkəylə yanaşı, Sudan, çad, Nigeriya, Niger və s. ölkələrdə də ciddi investisiya qoyduğu, hətta bu dövlətlərə faizsiz kredit verdiyi bildirilir. Demək olar ki, dünyanın bir sıra ölkələrindən Avropa maliyyə sistemini tamamilə sıxışdırıb çıxaran çin maliyyə sistemi, seneqallı siyasi xadimin dediyi kimi, indi Avropa ölkələrini də öz ağuşuna cəlb etmək əzmindədir.

Verilən məlumata görə, öncə İngiltərə, daha sonra Fransa, Almaniya və İtaliya çinin rəhbərliyi altında qurulan AİİK-ya qatılmaq haqqında düşüncələrini dilə gətiriblər. Dünya iqtisadiyyatında böyük paya sahib olan Qərbi Avropa dövlətlərinin üzünü okeanın o tayından Uzaq Asiyaya çevirməsi istər-istəməz ABŞ-ı narahat edir. Bu səbəbdəndir ki, sözü gedən Qərb ölkələrinin məlum açıqlamalarına münasibətini bildirən rəsmi Vaşinqton müttəfiqlərini AİİK-ya üzv olarkən təkrar-təkrar düşünməyə çağırdı.Qısqanclıq hissi təsiri bağışlayan bu açıqlamanı ekspertlər ABŞ-ın beynəlxalq diplomatiya və qlobal iqtisadiyyatda çinin artan nüfuzunun qarşısını almağı hədəfləmək cəhdi kimi qiymətləndirirlər. Digər məlumatlara görə, Avropa ölkələrinin çin maliyyə və iqtisadi sisteminə meyllənməsi Brüssellə Vaşintqon arasındakı ticari əməkdaşlıqda da gərginliyə səbəb olub.

Görünən budur ki, bütün nigaranlıq və nəsihətlərinə baxmayaraq, ABŞ-ın öz müttəfiqlərini bu fikirdən yayındırması mümkün deyil. Artıq Almanıyanın maliyyə naziri Volqanq Şubl (Wolfgang Schaeuble) çinin baş nazirinin müavini Ma Kayı ziyarət edib və görüşdən sonra keçirilən mətbuat konfransında Avropanın ən böyük iqtisadi gücü və çinin ən böyük ticari tərəfdaşı olan Almaniyanın AİİK-nın investorlarından biri ola biləcəyini dilə gətirib. ABŞ maliyyə sisteminə tərs bir şillə də Yunanıstandan gəlib. İqtisadi böhran içində çabalayan Yunanıstanın müdafiə naziri Panos Kammenos rəsmi Afinanın BRİCS ölkələriylə maliyyə əməkdaşlığına yönələcəyini açıqlayıb.

Qeyd edək ki, BRİCS inkişaf etməkdə olan 5 nəhəng dövlətin – Braziliya, Rusiya, Hindistan, çin və Güney Afrikanın meydana gətirdiyi iqtisadi əməkdaşlıq ittifaqdır. Bu ittifaq da BVF-yə alternativ olaraq qurulub və onun ən böyük iqtisadi gücə malik üzvü çindir. Panos Kammenosun bu mənada BRİCS-in adını çəkməsi təsadüfi deyil və yunan siyasi iradəsinin öz təmayülünü dəyişmək istəyindən xəbər verir.

Düzdür, yunan nazir açıqlamasında hər ehtimala qarşı əl yeri də qoyub və yerli radiolardan birinə verdiyi müsahibəsində hal-hazırda BRICS-dən maliyyə almalarının bəhs mövzusu olmadığını qeyd edərək deyib: “Təbii ki, vətəndaşların iradəsiylə hakimiyyətə gələn və seçki platformasında milli müstəqilliyimizi bərpa edəcəyinə söz verən yeni hökumətə avrozona və BVF başqa bir çıxış yolu qoymasa, biz bu addımı atmağa məcbur olacağıq”.

Panos Kammenosun sözü gedən mövqeyi göstərir ki, hətta Avropa ölkələrində belə BVF şərtlərinin milli müstəqilliyə zərbə vurduğu barədə ciddi qənaətlər var. çinin 100 milyard dollarlıq ilkin sərmayə ilə qurduğu və bir sıra ciddi maliyyə imkanlarına sahib ölkələrin diqqətini çəkən AİİB-ı cazibədar edən də məhz ABŞ-ın maliyyə qurumlarının milli müstəqillikləri şübhə altına qoyan zorakı məntiqidir.

Qısası, belə görünür ki, getdikcə rəğbət qazanan AİİB-in büdcəsi və tərəfdaşları böyüdükcə çin qlobal iqtisadi idarəçiliyi də ABŞ-dan təhvil alacaq.

Heydər Oğuz