XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

11 Noyabr 2016 - 18:01

“Yoldaş” Tramp və onun “möhtəşəm Amerika”sı:ABŞ-da “proletarlar” niyə birləşdi? –TƏHLİL

tramp-esas

 

ABŞ-da keçirilmiş prezident seçkilərinin nəticələri dünyanı əsl mənada heyrətləndirdi. Avropa dövlətlərinin liderləri qaşqabaqlı halda tez-tələsik Hillari Klintona ünvanlamağa hazırladıqları təbrik məktubunun mətnini dəyişməyə başladılar. Peşəkar siyasətçilər üçün “qara gün” idi: pulunu sevib özünü sevmədikləri biznes təbəqəsinin nümayəndəsi ABŞ prezidenti seçilmişdi…

İndi bütün dünyanın politoloqları nəyə görə seçkidə milyarder Donald Trampın qalib gəlməsi haqqında baş sındırırlar. Doğrudan da maraqlıdır: “Məhəbbət və əyləncə kralı”nı boz Kapitoliyə aparan səbəblər nə olub?

Bunun detallarını bilmək üçün ilk növbədə ABŞ- siyasi və iqtisadi həyatına diqqət yetirmək lazımdır. Trampın seçki uğuru əslində ABŞ-ın son 30 illik periodda yığılıb qalan problemləri ilə bağlıdır. Bu problemlər Trampın nümunəsində siyasi elita ilə Amerika xalqı arasında yaranmış uçurumun bariz nümunəsi kimi ortaya çıxıb. Axı, superdövlət təkcə özündən zəif dövlət üzərində hökm etmək yox, həm də daxildə öz vətəndaşlarının qazandığı etimad və möhtəşəm birlik deməkdir.

Barak Obama 2008-ci ildə prezident seçilərkən dünya iqtisadi böhranın ağır girdabında idi. Amerikalılara böyük vədlər verən liberal Obama özünün seçki proqramında əsas şüar kimi sosial islahatların vacibliyini göstərirdi. Ucuz təhsil, əlçatımlı tibbi sığorta, əmək haqqının artması, dünya üçün “mehriban Amerika”, miqrantlara “yaşıl işıq” sloqanları Obamanı cazibədar edən əsas şüarlar idi.

İndi – üstündən 8 il ötdükdən sonra bütün bu siyasəti təhlil etdikdə o zaman Trampın qələbəsinin sirrini bilmək olur.

Builki seçkidə Demokratlar Partiyasından prezidentliyə namizəd olmuş və praymerizdə Hillari Klintona uduzmuş senator Sanders nəticələr bəlli oduqdan sonra belə yazmışdı: “Donald Tramp ağrılı nöqtəyə zərbə vurdu: ölkənin siyasi və iqtisadi həyatında baş verənlərdən dəhşətli dərəcədə bezən və kasıblaşan orta sinfin hirsi bu seçkidə böyük rol oynadı. İnsanlar yoruldular. Onlar az maaş müqabilində işləməkdən yoruldular. Adamlar görürlər ki, yaxşı iş yerləri Çində, başqa ölkələrdə ucuz işçi qüvvəsi hesabına yaradılır. İnsanlar milyarderlərin qazancdan vergi ödəmək istəmədiklərini  gördülər. Bu insanlar övladlarına layiqli ali təhsil verə bilmədiklərindən acıqlıdırlar. Onlar gördülər ki, əksinə, varlılar isə öz var-dövlətlərini daha da artırırlar”.  

Bu, ciddi etirafdır. Bu sözlər Amerikanın daxili siyasi və iqtisadi həyatında uzun müddət diqqət istəyən və gözləyən təbəqənin qiyamının etirafıdır. Politoloqlar bunu elə-belə də adlandırırlar: “Amerika xalqının siyasi və iqtisadi elitaya qarşı üsyanı!”

Bəs “üsyançılar” nə istəyir?

Trampın seçki vədlərinə baxaq: o, oktyabrın 22-də Pensilvaniya ştatının Gittesberq şəhərində mitinqdə hakimiyyətə gələcəyi təqdirdə şistli neft, neft, qaz və kömür daxil olmaqla Amerika enerji resurslarının hasilatına məhdudiyyətləri götürəcəyəni elan edir. “Şaxtaçılarımız yenidən işə qayıtmalıdır”-deyə o, bildirir.

Bu mesaj nəyədir?

Obamanın 2010-cu ildə “yaşıl texnologiyalar”ın inkişafı ilə bağlı proqramına görə, əsas diqqət ABŞ-da alternativ enerji ehtiyatlarına yönəldilməli idi. Bu proqram Obamanın ən uğurlu layihəsi sayılır. Lakin onun nəticələri orta-statistik amerikalı işçi üçün ağır olub. Bu, ilk növbədə, kömür şaxtalarının kütləvi şəkildə bağlanması ilə müşayət olundu. Bunun nəticəsində ilk dövrlərdə 2 min adam iş yerini itirdi. Sonralar bu rəqəm 10 min nəfərə qədər artdı. ABŞ-da isə elektrik stansiyalarının 60 faizi kömürlə işləyir. Bərpaolunan enerji mənbələri isə ölkədə tələb olunan elektrik enerjisinin yalnız 4 faizini təmin etməyə gücü çatır.

Obama seçkilərdə ABŞ-ın xarici enerji idxalından aslılığını azaldacağını vəd etsə də bu, baş verməyib. Əvəzində o, ölkədə neft istehsalının artmasını əngəllədi və şist qazının emalının  genişlənməsinə imkan vermədi. “Yaşıl texnologiyalara” qoyulan vəsait də boşuna xərclənib. Halbuki Obama administrasiyasının 5 yüksək çinli məmurunun adı  bərpaedilən enerji ehtiyatlarının inkişafı üçün ayrılmış 3,9 milyard dollarlıq hökümət qrantının alınması ilə bağlıdır.

2009-cu il böhran zamanı hökumətin “General Motors” şirkətinə müdaxilə edərək onu iflas olmaqdan xilas etməsi prezident Obamanın uğuru sayılırdı. Bu şirkətin müflis olunmasının qarşısının alınması nəticəsində vergi ödəyiciləri 25 milyard dollar itirdilər. Şirkətin bir sıra müəssisələri bağlandı və işçilər küçədə qaldı. Şirkətin 20 min işçisi isə özlərinin təqaüd planlarından məhrum oldu. Hökümətin müdaxiləsindən isə yalnız həmkarlar ittifaqı və iri oliqarxlar qazana bildilər. 

Obama dövründə benzinin qiyməti 80 faiz, qarğıdalı, soya və şəkərin qiyməti 88 faiz, 47 faiz və 18 faiz bahalaşıb.  Ərzağın, pambığın və enerjinin qiymətləri isə müvafiq olaraq 49%, 140%, və 18% artıb. Amerikalı ailəsinin orta aylıq gəliri 5,9% azalıb.

Prezidentin tibbi sığorta islahatı da tam şəkildə həyata keçmədi. Layihəyə görə, 30 milyon insan tibbi sığorta almalı, bununla da tibbi sığortası olmayan adamların tibbi xərcləri azalmalı idi.  Lakin bu qanunun qəbulundan sonra səhiyyə xərcləri 18,9% artıb.

Bütün bu sadalananlar əslində Amerika cəmiyyətinin alt qatında yatan bəzi “bomba”lara nəzər salmağı vacib edir.

Donald Trampın aparılan miqrant siyasətinə münasibəti çox pisdir. Nədən həmişə “miqrantlar ölkəsi” sayılan ABŞ üçün indi bu kart ən ağrılı məsələyə dönüb?

Məlum olduğu kimi, ABŞ-da böyük sayda qeyri-qanuni miqrantlar yaşayır. Obamanın miqrasiya islahatının məqsədi nə idi? O, miqrasiya amnistiyası ilə milyonlarla qeyri-qanuni yaşayan miqrantların ABŞ vətəndaşlığını almasını istəyirdi. Rəsmi məlumata görə, onların sayı 5 milyon olsa da, əslində bu rəqəm 9-10 milyon arasındadır.

Lakin bu məsələdə tarixi ənənə ilə çağdaş dövrün siyasi reallığı üz-üzə gəlməli olub. “Yerli amerikalılar” hesab edirlər ki, artıq multikulturalist yanaşma tərzinə yenidən baxılmalıdır.

İnformasiya cəmiyyətinin formalaşması özü ilə birgə əvvəlcədən müəyyən edilməmiş nəticələri doğurub. İndi miqrantlar ABŞ-da yaşasalar da, onların Amerika cəmiyyətinə tam  inteqrasiyası daha əvvəlki kimi vacib sayılmır. Çünki indi onlar çox asan şəkildə feysbuk, skayp, internetlə öz ana vətənləri ilə əlaqə saxlaya bilirlər. Halbuki ana  vətəndəki  qohumlarla  belə asan əlaqə əvvəllər mümkün deyildi. Miqranta artıq ingilis dilini yüksək səviyyədə öyrənmək də gərək deyil.  

ABŞ-ı vahid saxlayan amillər itməyə başlayıb: ingilis dilinin rolu azalır, bir sıra cənub ştatlarında ispan dili populyardır və qeyri-rəsmi ikinci dövlət dili statusunu alıb. Miqrant icması daha çox öz ana vətənlərini xatırladan mədəni mühitlərində yaşayırlar. Bununla bərabər, Çin, Hindistan, Brazilya, İndoneziya kimi yeni güc mərkəzləri etnik diasporları öz tarixi vətənləri ilə asossiasiyasını  gücləndirir. Məsələn, əgər çinli olmaq prestijlidrsə, o zaman çinli miqrant amerikalı olmaq xətrinə özünün milli identik xüsusiyyətindən  imtina etməyəcək.  

Odur ki, yeni miqrant elektoratının loyallığını və nəyə üstünlük verdiyini müəyyən etmək getdikcə çətinləşir. Bu, həmçinin ABŞ-ın köhnə sakinlərinin mənfi dalğasını yaradır: axı, hər halda Trampın da fəxrlə dediyi kimi, “əsl amerikalılar” Amerikanı hər şeydən üstün tutmalıdır.

Öz doğma vətəni ilə müntəzəm əlaqə saxlayıb Amerika bayrağına təzim etmək ABŞ-a loyallıq göstərici sayıla bilərmi? Odur ki, ABŞ-da cəmiyyətin yeni təbəqəsi yaranıb: bu təbqənin böyük hissəsini diaspora təşkil edir. Bu isə ABŞ-la onların ana vətənləri ilə münasibətlərində çətinliklər yaradır.

Tədqiqatçı -alim Byokenen özünün “Supergüclərin intiharı” kitabında yazır ki, “ABŞ vətəndaşlığı heç bir etnik və mədəni komponentə söykənmədən Amerika Konstitusiyasına loyallıq əsasında formalaşıb. Amerikada 20-ci əsrin əsas hökm edən konsepsiyası məhz bu olub: bütün dinlərin və mədəniyyətlərin nümayəndələri amerikalı sayılırdı”.

Amerika tarixinə baxsaq, görərik ki, miqrantlar “yeni dünya"ya Qərbi Avropadan gəliblər. Onların dini-milli tərkibi əsasən protestant və anqlikan idi. Məhz ABŞ-da bu ağ anqlosaks qrupunun protestant imanı mədəni dəyərlərin daşıyıcısı sayılırdı. Bu dəyərlər həm siyasətə, həm də iqtisadiyyata keçərək cəmiyyətin şüurunda hakim yer tuturdu.

Digər etnik icmaların iqtisadi-siyasi imkanları və sayı artması ona gətirib çıxartdı ki, rənginə, dininə, mədəniyyətinə görə fərqli olan qruplar özlərini  anqlo-saks kimi hiss etməyi lazım bilmədilər. Heç onların  etnik-mədəni fərqliliyi  də buna imkan vermirdi.  Odur ki, Trampın dediyi “qeyri-qanuni  mühacirlərin ölkədən çıxardılmasına başlayacağıq” vədi  orta amerikalının ürəyindən xəbər verən bir şüardır.

Digər bir məsələ də maraqlıdır. Trampın vəd etdiyi “Amerika əzəmətinin dönüşü”nün əsas hədəfi oliqarxiya yox, məhz ABŞ-ın orta sinfidir. Çünki bu gün  sənaye cəmiyyətinin qızğın inkişafı dövründə yaranan orta sinif ciddi çətinliklər qarşısında durub.  

Nədir əsas problemlər?

1980-ci illərdən ABŞ-da başlanan deindustrilizasiya prosesi nəticəsində  istehsalın ucuz işçi qüvvəsinin çox olduğu inkişaf etməkdə olan ölkələrə köçürülməsi başlandı. ABŞ isə sürətlə xidmət iqtisadiyyatına keçid aldı. Əvvəl istehsalın yüksək texnoloji seqmentinin köçürülməsi başlandı. Daha sonra yüksəkdəqiqli aparatların, elektronikanın, məişət avadanlığının istehsalının bir hissəsi köçürüldü. Nəticədə Amerika şirkətlərinin gəlirlərinin artması ticarətin səviyyəsi ilə disbalans yaratdı.

Bundan başqa, köçürmə ABŞ-da işsizliyin yaranmasına gətirib çıxartdı: aşağı kvalifikasiyalı 100 minlərlə mütəxəssislər və müxtəlif peşələrdə çalışan işçilər üçün iş tapmaqda böyük çətinliklər yarandı.

Odur ki, ekspertlərin fikrincə, iqtisadi paradiqmanın belə dəyişməsi ABŞ üçün ciddi fəsadlar verə bilər. Onlar bu amili Böyük Britaniya imperiyasının dağılmasının əsas faktoru sayırlar.

Amerika iqtisadi tarixinin müasir tədqiqatçısı, nüfuzlu alim Maykl Lind yazır ki, ABŞ-ın dünya iqtisadiyyatındakı hazırkı rolu Britaniya imperiyasının 100 il əvvəlki rolunu xatırladır. Məhz bu oxşarlığa görə ABŞ Britaniya imperiyasının üzləşdiyi geopolitik mövqeyi itirmə taleyini yaşaya bilər.

Amerikalı alim hesab edir ki, Britaniya imperiyası kimi, ABŞ da beynəlxalq ticarətdə azadlığı dəstəkləməklə özünün istehlak bazarının daha az inkişaf etmiş ölkələrdən gəlmiş sənaye malları ilə doldurulamasına imkan yaradıb. Bu ölkələrdə isə sənayenin inkişafı  yüksək sürətlə getməyə başlayıb. ABŞ isə  dünyanın maliyyə xidməti mərkəzinə çevrilib. Belə vəziyyət  ABŞ biznesinin liderlərini tam qane etsə də, ABŞ-ın orta təbəqəsi üçün ciddi çətinliklər yaradıb.

Belə ki, “yerli bazarın” bu cür dolması Amerika orta sinfinin əsasını yaradan çoxsaylı iqtisadi sahələrin dağılması və itirilməsinə gətirib çıxarıb. Nəticədə, iqtisadçıların fikirincə, 1970-ci ildən bu yana orta sinfin sayı və gəliri artmır.  

Trampın maliyyə oliqarxiyasına və korrupsiyaya qarşı elan etdiyi müharibə daha çox kosmopolitik maliyyə bosslarına yönəlib.

Nüfuzlu tədqiqatçıların fikrincə, qloballaşma prosesi öz -özlüyündə kosmoploit maliyyə elitasının xeyrinədir. Çünki onlar bu zaman hansısa coğrafi əraziyə az bağlı olur, öz maliyyə axınını sərbəst idarə edir, milli dövlətlərin deyil, öz maraqları çərçivəsində işləyirlər. ABŞ-ın timsalında bu amil cəmiyyətin gələcəkdə daha ciddi  təbəqələşməsi deməkdir. Bu təbəqə iki yerə – Amerikada işləyib vergi verən, kredit götürən, borc ödəyənlərə və çətin maliyyə sxemlərindən istifadə edib vergidən qaçan, hökumətdə öz xeyirlərinə olan qanunların lobbiçiliyini edənlərə bölünür.   

Amerikada orta sinifin problemləri çoxdur. Rəy sorğusuna görə, amerikalıların 60 faizi öz maliyyə vəziyyətlərindən razı deyil. Onlar az qazanır, yaxud gəlir əldə edə bilmirlər. 50 milyona yaxın amerikalı isə ərzaq talonu ilə dolanır. Bütün bunlar iqtisadi problemlərin vacib göstəricidir. Bu situasiya isə orta sinfə bu “bağlı dairədən” çıxmağa imkan vermir.

Noyabrın 8-də ABŞ-da “susan çoxluq” öz “Amerika arzusuna” səs verdi. Bu arzunu çin etməyə söz verən Donald Trampın quracağı “böyük və möhtşəm Amerika”nı isə gözləmək qalır…

Xaqani SƏFƏROĞLU

Strateq.az

 

 

 

 

 

 

 

 




Yuxarı Əvvələ Ana Səhifə