XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 November 2016 - 21:47

Tramp “qan dəyirmanı” qarşısında –Təhlil (II yazı)

trump

Birinci yazı : Donald Tramp:ABŞ-ın "qullar üsyanı"nın yeni "Spartak"ı? – Təhlil

II yazı

 

… Bəs, Uoll-Strit nə edir ki, ABŞ-da qullar üsyanına səbəb olur?

Bu suala cavab tapmaq üçün, gəlin, yenə türkiyəli iqtisadçı Sait Yılmazın fikirlərinə göz ataq:

“Rotşildin rəhbərlik etdiyi BIS BVF və Dünya Bankından pul gözləməkdə olan ölkələrin mərkəz banklarına "körpü borcları" verir. Mərkəzi bankları, digər ölkələrin hökumətlərini bir daha qurtulmayacaqları şəkildə borclandırır. Bu borclar ölkələrin pulunu və mülkiyyətini müsadirə etmək üçün verilir. Neofeodal nizamda geri qalan xalqlar və hətta hökumətlər borcların əsiridirlər. Hər kəs borc içində boğularkən, faizlər bir neçə nəfəri daha da zənginləşdirir. Onlar pulu kassada tutmaz, dünya hadisələrini idarə etmək üçün istifadə edər, planetdəki hər şirkətin və hər bankın gerçək sahibinə çevrilərlər. Bu məqsədlə, gizli cəmiyyətlər, "think-tank" mərkəzləri və könüllü yardım qurumlarından ibarət olan geniş bir şəbəkə qurar, bütün üzvlərini bir səfdə birləşdirərlər.

Türkiyədəki zənginlər onların finans uzantılarıdır. Birlikdə xeyriyyə tədbirləri keçirərlər. Sanarsınız ki, həyatlarını insanlığa həsr ediblər. Halbuki hədəfləri özlərinə xidmət edən tək bir dünya dövləti qurmaq və dünya əhalisini azaldaraq, irqləri saf-çürük etməkdir”…

Sait Yılmazın bu fikirləri bir çoxlarımıza məsələni şişirtmək kimi görünə bilər. Biz də bunu istisna etmirik. Amma bir neçə il bundan əvvəlki vəziyyətimizlə indiki dövrümüzü müqayisə edəndə türkiyəli iqtisadçının o qədər də haqsız olmadığını görürük. Bir vaxtlar neftin qiymətini yüksək səviyyələrdə tutaraq Azərbaycan kimi bəzi post-sovet ölkələrini asan qazanca öyrəşdirən neft maqnatları birdən-birə dəyişdirdikləri siyasətlə “qara qızıl”ı sudan ucuz hala saldılar. Ölkəmizdə yaranan maliyyə böhranı səbəbindən Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna etdiyimiz müraciət zamanı isə qəbuledilməz təkliflə qarşılaşdıq. Azərbaycan hakimiyyəti bu təkliflərin mahiyyəti barədə indiyə qədər heç nə deməsə də, həmin görüşlərdən əliboş qayıtması, görüşdən əvvəl isə ikinci özəlləşdirmə proqramının gündəmə gətirilməsi bəzi mülahizələr üçün ipucları verir. Belə görünür ki, tələb etdiyimiz 3-4 milyard dollar müqabilində hökumətimizdən strateji önəm daşıyan müəssisələrin satışa çıxarılması təklif olunub. Azərbaycan siyasi iradəsi isə təkliflərin xeyli təhlükəli olduğunu düşündüyündən, öz “yağımızda qovrulmağı” daha məqsədəuyğyn hesab edib.

imf dunya-bankasi

Əlimizdə hər hansı ciddi məlumat olmadığından bu versiyanı sadəcə bir sıra dünya təcrübəsinə söykənən mülahizə kimi irəli sürürük. Daha doğru məlumatlar rəsmilərimizdə olduğundan, ictimaiyyəti daha dolğun məlumatlandırmaq imkanı da onlardadır. Məsləhət bilsələr, bir çoxlarımızda yaranan bu şübhələrə son qoya bilərlər… Bütün  hallarda zaman yaranmış suallara ən doğru cavabı verəcək.

 “Uoll-Strit”in qurucularının təkcə son bir əsrdə bu möhtəşəm var-dövlətə necə sahib olduqlarına nəzər salanda da Said Yılmaz kifayət qədər haqlı görünür və ən azı, “od yanmasa, tüstü çıxmaz” atalar sözü yada düşür. Söhbət Rotşild və Rokfellerin finas imperiyalarının  ortaya çıxmasında bir əsrdə iki dəfə baş verən böyük dünya müharibələrinin, neft və qızıl uğrunda aparılan savaşların mühüm rol oynamasından gedir. Bu barədə kifayət qədər araşdırmalar aparıldığından, cild-cild kitablar yazıldığından, bir daha eyni həqiqətlərin üzərində dayanmaq lüzumsuz uzunçuluq olardı. Odur ki, mülahizələrimizi daha başqa sual üzərinə davam etdirmək istərdik.

Soruşa bilərsiniz: "Uoll-Strit" əsasən dünyanın başqa ölkələrini soyur, var-dövlətini Amerikaya daşıyır, nəticədə amerikalılar xoşbəxt həyat sürürlər, hətta onların işsizləri belə bizim sutkada 20 saat işləyənlərimizdən daha firavan yaşayırlar. Bəs, onda bu “nankor”lar niyə dünyanın əzilən xalqlarından daha artıq narahatdırlar?

rockefeller-gift-143 

İlk baxışdan bu sualda böyük həqiqət payı var. Çünki doğrudan da ABŞ-ın bugünkü ehtişamı bu acımasız imperializmdən qaynaqlanır. Xüsusilə, II Dünya müharibəsindən sonra ABŞ məhz bu finans gücünə görə dünyanın cazibə mərkəzinə çevrilib. Nəticədə, ən kasıb amerikalı belə, “Uoll Strit”in verdiyi “sus payı”yla bir çoxlarımızın xəyal etdiyimiz səviyyədə dolanırlar.

Buna baxmayaraq, “Uoll Strit”in dünya hegemoniyası uğrunda mübarizəsi ABŞ-ı da ciddi təhlükələrlə üz-üzə qoyub. Sonu gəlməyən müharibələr və bu müharibələrə xərclənən pullar, sadə amerikalıların susması üçün xırda və orta iş adamlarının belinə yüklənən vergilər ölkənin iqtisadiyyatında ciddi problemlər yaradır. Xüsusilə, ABŞ oliqarxlarını daha da zənginləşdirən iqtisadi qloballaşma siyasətləri bir sıra müəssisələrin ya işini dayandırmasına, ya da başqa ölkələrə çıxıb getməsinə yol açır. Bizim iş adamlarımıza da xeyli tanış gələn bu mənzərə Amerikada gündən-günə artan və büdcədən qidalanan işsizlər ordusunun yaranmasına gətirib çıxarır.

Məsələni daha dərindən anlamaq üçün, gəlin, seçki prosesi zamanı Trampın namizədliyini dəstəkləyən türk əsilli iş adamı İbrahim Kurtuluşun bəzi fikirlərinə nəzər salaq. Yeri gəlmişkən qeyd edək ki, İbrahim Kurtuluş “Uoll Strit”ə yad birisi deyil. 25 ildir ki, bu qurumda birja və maliyyə mütəxəssisi kimi çalışır.

Klassik azərbaycanlı təfəkkürüylə desək, “Uoll Strit”in çörəyini yeyən İbrahim Kurtuluş seçkilərdən əvvəl BBC-yə verdiyi müsahibəsində ABŞ-ın imzaladığı beynəlxalq ticarət müqavilələrini tənqid edərək deyirdi: “NAFTA deyilən anlaşmaya görə, Amerikanın Miçiqan əyalətində ən böyük televizorların ekranlarını istehsal edən bir şirkət onun hissələrini Çindən alıb Miçiqana gətirir. Həmin hissələri Meksikaya göndərib orada montaj etdirir. Meksikada quraşdırılan bu televizorlar yenidən Amerikaya geri qaytarılır. Paketləndikdən sonra da buradan marketinq edilir”.

o-2

Təsəvvür edirsinizmi, qloballaşan dünyada Amerikadakı ən böyük televizor fabrikinin icra etdiyi iş sadəcə son məhsulu paketləməkdən ibarətdir. Televizorun bütün hissələri Çində istehsal olunduğu kimi, montajı belə, Meksika işçilərinin alın təriylə ərsəyə gəlir. Bütün bunların isə iki başlıca səbəbi var: Amerikada işçi qüvvəsinin bahalığı və dövlətə ödənən vergi. Şirkətlər də məhz buna görə öz kapitallarını xaricə çıxarmağa məcbur olurlar.

Təsadüfi deyil ki, Tramp öz seçki platformasında yuxarıdakı misalda toxunulan 3 məsələnin üçü barədə də islahatlar aparacağına söz verirdi: Amerikada vergiləri azaldacaq, Meksikadan və Çindən idxal edilən malların rüsumlarını artıracaq.

Sözsüz ki, vəd edilən bu addımlar təkcə bir fabrikə görə atılmayacaqdı. Yəqin ki, bu örnəklər ABŞ-ın bir çox şirkətləri üçün də keçərli olduğundan həmin islahatlar prezidentliyə ən şanslı namizədin seçki platformasına çevrilmişdi.

İbrahim Kurtuluş sözügedən müsahibədə bunu etiraf edərək deyir: “ABŞ-da şirkətlərdən alınan vergilər də dünyanın ən üst səviyyəsindədir. Demokratlar sosializm quruluşu sayağı hərəkət edirlər. Zəngindən alıb kasıba vermək istəyirlər. Bu gün sağlam olub işləməyən, bunun əvəzinə sosial yardımlarla bəslənən çox sayda amerikalı var. Bir şirkət yüz dollar qazanırsa, bunun 35 dollarını dövlətə vermək məcburiyyətindədir. Vergi verməmək üçün Amerika şirkətləri pullarını offşor banklarda saxlayırlar. Oralarda şirkət açıb pulunu Amerikadan qaçırırlar. “Google” və “Apple” kimi şirkətlər pullarını xarici ölkələrdə tuturlar. Tramp prezident seçilsə, bu vergiləri 15%-ə endirəcək və həmin qurumların xaricində tutduqları pullar yenidən ölkəyə gəlib iqtisadiyyatı canlandıracaq. Trilyonlarla dollar hazırda Amerika xaricindəki banklardadır".

dollar

Xatırladaq ki, bu fikirlər Trampın seçki platformasının əsasını təşkil edirdi və İbrahim Kurtuluşun sözlərindən də göründüyü kimi, dünyanın hazırda ən zəngin iş adamları kimi tanınan bir çox qurumlar belə, adı heç zaman “Forbes” jurnalına düşməyən super zənginlərin yürütdüyü siyasət ucbatından xaricə qaçmağa məhkum olublar. Ən azı kapitalları baxımdan…

Amerikanın alternativ iqtisadiyyatı ilə proletariat sinfini eyni hədəfdə birləşdirən, daha başqa təbirlə desək, Trampı müasir “qullar üsyanı”nın “Spartak”ına çevirən başqa bir məsələ isə ABŞ-ın hərbi xərcləridir.

Yuxarıda epizodik olaraq qeyd etdiyimiz kimi, dünyanı tək dövlət kimi idarə etməyə çalışan ultrakapitalistlər bugünkü səviyyələrinə gəlmək üçün I və II Dünya müharibələrindəki maliyyə maxinasiyalarına borcludurlar. Görünür, həmin müharibələrdə damaqları elə bala batıb ki, bu gün də onlar ən gözəl qazanmağım yolunu qan tökməkdə görürlər. Nədən ki, müharibə hərb sənayeçiləri üçün həm müstəmləkələrin oğurlanan sərvətləri, həm də öz mallarını sata biləcəkləri ən gözəl bazardır.

Statistik məlumata görə, ABŞ hərb sənayesinin II Dünya müharibəsindən sonra ən çox silah satdığı müştərilərin başında Səudiyyə Ərəbistanı və körfəz ölkələri gəlir. Bildirilir ki, o dövrdən indiyə qədər Yaxın Şərq ölkələri ABŞ silah sənayesi məhsullarının 65%-ni alıblar. İstənilən məhsulun daha karlı satışı üçün bazarda ona ehtiyacın yaranması vacib şərtlərdəndir. Tələbat yoxdursa, təklifin də mənası qalmır.

rotsild

İqtisadiyyatın əlifbası olan bu məntiqlə hərəkət etsək, II Dünya müharibəsindən sonra Yaxın Şərqdə niyə qanların durmadığının əsl səbəbini anlaya bilərik. Görünür, məhz bu tələbatı canlı tutmaq üçün əvvəl müsəlman ərəblərin baş ağrısına çevrilən İsrail problemi yaradıldı. Daha sonra isə 1967-ci ildə bütün ərəb dünyası 6 gün ərzində ovuc boyda İsrailin qarşısında diz çökdürüldü və ABŞ silahlarının gücü onlara daddırıldı. Nəhayət, can qorxusundan dünyanın ən zəngin təbii sərvətlərinə malik bu coğrafiya silah bazarı halına gətirildi. Bu da yetmədi, 1979-cu ildə 8 il davam edən İran-İraq savaşı çıxdı. Ara sakitləşən kimi, İraq işğal olundu və daha sonra “ərəb baharları” Yaxın Şərqin səhralarını “qan leysanına” qərq etdi, müsəlman coğrafiyası içəridən məzhəb müharibələrinə sürükləndi. Hazırda bu savaşlar daxili konfliktdən çıxarılıb regional münaqişəyə döndərilir.

İran, Türkiyə, Suriya, İraq, Səudiyyə Ərəbistanı və körfəz ölkələri… Dünya neftinin 60%-nin, qaz ehtiyatının önəmli qisminin yerləşdiyi və onların qlobal bazara çıxarılması marşrutuna çevrilmiş həmin ərazilər həm təklif olunan silahları almaq imkanına malikdirlər, həm də öz sərvətlərini imperialist ağalarına dəyər-dəyməzinə sata bilərlər. Üstəlik, daxili və xarici müharibələrdə var-dövlətlərinin təhlükəsizliyini təmin etmək üçün əllərindəki pulları da əfəndilərinin kassalarında – beynəlxalq banklarda saxlamalıdırlar. Bir növ, əfəndilərinə ölkələrinin bütün sərvətlərini müftə-müsəlləh verirlər. Sadəcə kassalarda qorunan bu pulların üzərində regional qubernatorların adı yazılır, o qədər… Əvəzində isə həmin coğrafiyalarda qan su yerinə axır və Pentaqonun qan dəyirmanının çərxi dönür.

yemen

İlk baxışdan bunun ABŞ-da yaşayan qullara heç bir dəxli yoxdur kimi görünməsinə baxmayın. ABŞ-dakı qullar da əslində Yaxın Şərqdə və dünyanın digər coğrafiyalarında axan qanlarla işləyən hərb dəyirmanının çərxinin dönməsindən az əziyyət çəkmirlər. Qanları hesabına olmasa da, alın tərləriylə. Təsəvvür edin ki, bu gün dünyanın ən böyük hərbi qüdrəti olan ABŞ hər il bu “qan dəyirmanı”na milyardlarla dollar xərcləyir. 2016-cı il isə bu büdcə indiyə qədər təsadüf olunan ən yüksək səviyyədə müəyyənləşdirilib 607 milyard dollar. Bu məbləğin önəmli qismi isə Yaxın Şərqə sərf olunub. Gəlin, bu yerdə sözü yenə mütəxəssislərə buraxaq.

Professor Ceffri D. Saçs (Kolumbiya Universitetinin Dünya İnstitutunun rəhbəri, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Ki Munun, ondan əvvəl isə Kofi Annanın xüsusi müşaviri): “ABŞ ordusunun 4999 hərbi bazasından yalnız 4 min 249-u ölkənin sərhədləri daxilində yerləşir. Digər 662 hərbi baza isə 36 fərqli ölkədədir”.  

Professorun fikrincə, bu müəzzəm ordunun tələb etdiyi xərclər ABŞ iqtisadiyyatını çökdürəcək. Halbuki bu xərclərin ABŞ-a heç bir xeyri yoxdur: "ABŞ bir qitə imperatorluğudur və regional hərbi təhdid yaşamır. Buna baxmayaraq, hərbi investisiyalar və silaha çəkilən xərclərin həcmi çox böyükdür… Üstəlik, bu rəqəmlərə hərbi kəşfiyyat dairələri və müəssisələri daxil deyil”.

ordu

Sadə amerikalılar da bunu başa düşə bilmirlər. Onların məntiqincə, bir halda ki, ABŞ heç bir təhdidlə qarşı-qarşı deyilsə, niyə onların büdcəyə ödədikləri pullar NATO çərçivəsində Avropa ölkələrini, Yaxın Şərqdə neft marşrutlarının təhlükəsizliyini qorumalıdır? Axı o marşrutlardan axan neft belə, ABŞ sənayesini canlandırmır. Əksinə, ABŞ öz sənayesinin tələbatından artıq qalan neft ehtiyatını xaricə satır. Yaxın Şərqin nefti isə ya Çinə, ya Avropaya axır. Əvəzində Avropa ölkələri NATO-ya boyun olduqları milli gəlirlərinin 2%-ni belə, üzvlük haqqı kimi ödəmirlər. ABŞ isə milli gəlirinin 5%-dən artığını hər il Pentaqona yedirməlidir. Bu məbləğ isə üst-üstə götürəndə elmə, təhsilə, sosial yardıma ödənəndən qat-qat artıqdır.

İstərsəniz, gəlin, yenə bu etirazları özünü amerikalı adlandıran İbrahim Kurtuluşun dilindən eşidək: "Dünya neftinin 60%-i Hörmüz boğazından keçir. Boğazdan keçən gəmilərin təhlükəsizliyini biz təmin edirik. Bu gün Çin qış aylarında o boğazda gəmi saxlamır. Yaponiya və Hindistan da həmçinin. Yalnız biz gəmilərimizi orada tuturuq. Bu döyüş gəmilərinin oradan keçən xarici ticarət gəmilərini qoruma vəzifəsinin pulu da vergi ödəyən Amerika vətəndaşlarının cibindən çıxır. Mən niyə Çinin təhlükəsizliyinin pulunu cibimdən ödəyim ki?”

iraq-ordusu

Sual verməsinə baxmayın, yəqin ki, İbrahim Kurtuluş da soruşduğu mətləblərin cavabını gözəl anlayır. Ona da bəllidir ki, özünün və ABŞ vətəndaşlarının həmin gəmilərə ödədiyi pul Çinin və ya Avropanın cibinə getmir. Həmin pullar ABŞ-ın silah sənayesinin çərxini döndərir. Hansı ki, Yaxın Şərq və Şərqi Avropa xalqları o silah mexanizminə öz qanlarıyla işləyən dəyirman kimi baxırlar. Kim bilir, bəlkə də sabah elə Cənubi Qafqaz xalqları üçün də eyni dəyirmanın pərlərinə qan tökmək mükəlləfiyyəti yaranacaq.

Məsələyə bu aspektdən yanaşanda ABŞ “qullar dünyası”nın “Spartak”ının Yaxın Şərq ölkələri və Rusiya ilə münasibətləri düzəldəcəyini dilə gətirməsi təsadüfi görünmür. Bu, qullar dünyasının ortaq maraqlarından da irəli gələ bilər, dünya ağalarının “Spartak” müqəvvası yaratmaq istəyindən də.

Bəs, hansı ehtimal daha doğrudur? Ümumiyyətlə, ABŞ-ın xarici və daxili siyasətində imza atacağı yeni dəyişikliklərdən tərəflər nə qazanacaq, nə itirəcək?

Bu suallara daha sonrakı yazılarımızda aydınlıq gətirəcəyik…

 

Heydər Oğuz

Strateq.az