XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2016 - 22:29

Avropaya Tramp silləsi –Yeni Amerika "köhnə qitəyə" qarşı Rusiya ilə birgə hərəkət edir - III yazı

tramp

Birinci yazı : Donald Tramp:ABŞ-ın "qullar üsyanı"nın yeni "Spartak"ı? – Təhlil

İkinici yazı: strateq.az/manshet/112953/tramp-qan-dəyirmani-qarsisinda.html?share=facebook&nb=1

 

III yazı

"ABŞ-ın “qullar dünyası”nın “Spartak”ının – Donald Trampın prezident seçildikdən dərhal sonra Yaxın Şərq ölkələri və Rusiya ilə münasibətləri düzəldəcəyini dilə gətirməsi təsadüfi görünmür. Bu, qullar dünyasının ortaq maraqlarından da irəli gələ bilər, dünya ağalarının “Spartak” müqəvvası yaratmaq istəyindən də…

Bəs, hansı ehtimal daha doğrudur? Ümumiyyətlə, ABŞ-ın xarici və daxili siyasətində imza atacağı yeni dəyişikliklərdən tərəflər nə qazanacaq, nə itirəcək?”

Ötən yazımızı bu suallarla bitirmişdik. Növbəti yazını qələmə almağa fürsət tapmamış, dünyada baş verən bəzi hadisələr sanki qarşıya qoyduğumuz suallara cavab mahiyyətində idi. Həm də hər şey o qədər tez baş verirdi ki, doğrusu, dünyanın sürətinə heyrətlənməmək mümkün deyildi. Obrazlı desək, hazırkı zaman dilimində dünyanın sürəti yazıçı təxayülünü üstələyir. Bununla belə, hadisənin mahiyyətini anlamaq və müasir “Spartak”ın ortaya çıxma zərurətini izah etmək üçün çox götür-qoydan sonra yazını davam etdirməyə qərar verdik…

Beləliklə, sualların cavabına keçək.

Trampın “Spartak”lıqda səmimiliyini düşünənlərin söykəndiyi arqumentlər olduqca sadədir: o, kifayət qədər imkanlı bir iş adamıdır. İş adamı kimi ABŞ-ı uzun illər boyu ağuşuna alan "Uoll Strit" imperializminin Amerika iqtisadiyyatına vurduğu zərbənin qarşısını almaqda maraqlıdır. Üstəlik, milyarder olduğu üçün onun hansısa böyük sərmayənin təsiri altında qalmağa ehtiyacı yoxdur. Bu xüsusiyyətilə Tramp indiyə qədər gəlib-getmiş bütün ABŞ prezidentlərdən fərqlənir və fərdi keyfiyyətləri onun satın alınmasına da imkan vermir.

Belə düşünənlərdən biri də ötən yazımızda bəzi düşüncələriylə tanış olduğumuz türk əsilli amerikalı iş adamı İbrahim Kurtuluşdur. Gəlin, onu daha ətraflı dinləyək:

"“Uoll Strit”in öz maraqları var. Prezidentləri istiqamətləndirmək üçün kampaniyalarında dəstək çekləri yazarlar. Hillari Klinton seçilərsə, “Uoll Strit”in kuklası olacaq. “Uoll Strit”dəki bankirlər kampaniyasında milyonlarla dollar məbləğində yardım yatırırdılar. Hillari prezident olarsa, vətəndaşımı dinləyəcək, yoxsa özünə on milyonlarla dollar yardım edən “Uoll Strit” bankirlərinimi? “Uoll Strit” həmişə bir kukla idarə etmək istəyir. Buna görə də Klintona daha çox yanaşırlar. Trampa niyə yanaşamırlar? Çünki onsuz da adam milyarderdir. Tramp satılacaq biri deyil”.

abs-rus

İbrahim Kurtuluşun irəli sürdüyü arqumentlərin nə qədər haqlı olduğunu zaman göstərəcək. Amma onun bəzi mülahizələriylə indidən razılaşmamaq olar.

Belə ki, Tramp nə qədər adı “Forbes” jurnallarını bəzəyən iş adamı olsa da, tale ona iki dəfə müflis olmaq acısı yaşadıb. Heç kim təminat verə bilməz ki, üçüncü dəfə və birdəfəlik iflasa uğramaq qorxusu onun yuxusunu ərşə çıxarmır. Ümumiyətlə, ABŞ deyilən məmləkətdə həyatın boyu dəfələrlə bu acını dada, sonra isə yenidən sevinə bilərsən. O məmləkətdə iflasa uğramayan bir neçə ailə var və adətən, onların iradəsinə qarşı gedən istənilən iş adamı qısa zaman ərzində bütün mülkiyyətlərini itirməli olur. Bu mənada zənginliyi nəinki Trampı o iradədən tam bağımsız hala gətirmir, əksinə, onlardan daha çox asılı vəziyyətə salır.

Sözsüz ki, Trampın arxasında daha ciddi qüvvələrin olduğunu və bu iradənin “Uoll Strit”lə dərin mübarizəyə girdiyini də istisna etmirik. Mümkündür ki, Nyu-Yorkun bu milyarderlər məhəlləsində toplanmış qlobal imperializmin aparıcı qüvvələri arasında da mülkiyyət bölüşdürülməsi yarışı başlasın və onlardan bəziləri Trampın, bəziləri isə Klintonun namizədliyini dəstəkləsin. Hər halda ABŞ qullarının “Spartak”ı arxasınca düşənlərin bəzilərinin, o cümlədən İbrahim Kurtuluşun hələ də “Uoll Strir” şinelini əyinlərindən çıxarmaması bu ehtimalı qüvvətləndirir.

Xatırladaq ki, Kurtuluş 25 ildir bu dünya maliyyə imperiyasında kredit və sığorta məsələlərinə baxır.

Fikrimizcə, bu ehtimallar əməli fəaliyyətdə öz təsdiqini taparsa, Trampın sözün həqiqi mənasında qollarını çırmalayıb səmimi şəkildə meydana çıxmasına inanmaq olar. Əks təqdirdə, o da, İbrahim Kurtuluşun dediyi ki, “Uoll-Strit”in kuklalarından biridir. Mümkündür ki, bu səfər sadəcə onlara “pullu kukla” lazım imiş.

O zaman gəlin, bu ehtimaldan doğan növbəti suallara cavab axtaraq: Pullu “Spartak” nəyə xidmət edə bilər? Qlobal imperialist dairələrə zəngin kukla obrazını yaratmaq nə üçün gərəklidir?

abs teh esas

Zənnimizcə, bunun iki başlıca səbəbi var:

1) ABŞ-dakı daxili sosial narazılığı sakitləşdirmək;

2) Trampı göstərərək qlobal niyyətlərə nail olmaq.

Daxili sosial narazılığa ötən yazılarımızda qismən toxunmuşduq. Odur ki, bu ehtimalın üzərində çox dayanmaq istəmirik. Sadəcə, icmal şəkilində bunları bildirməkdə fayda görürük ki, dünya hegemoniyasını tamamilə ələ keçirməyə can atan bu anlayış sahiblərinin yürütdüyü məqsədyönlü siyasət ABŞ-da bir sıra iqtisadi və sosial problemlərə yol açmışdı. İlk növbədə ABŞ iş adamları ölkədən kənara çıxmağa məhkum olmuş, işsizlik get-gedə artmış, bağlanan beynəlxalq müqavilələr nəticəsində xarici istehsalçıların Amerikaya ixrac etdikləri mallar yerli məhsullardan ticari baxımından daha avantajlı hala gəlmişdi. Məsələn, Obama hakimiyyəti dövründə Avropa Birliyi (AB) ilə “Transatlantik Sərbəst Ticarət Bölgəsi” adlı saziş imzalanması gözlənilirdi. İlkin razılıqların əldə olunmasına baxmayaraq, Avropanın daxilində baş verən müxtəlif anlaşılmazlıqlar, xüsusilə “Brexit” hadisəsi yekun sənədə imza atılmasını əngəllədi. Əgər bu müqavilə bağlansaydı, Avropa ölkələri heç bir vergi ödəmədən öz mallarını ABŞ-a ixrac edə biləcəkdilər. ABŞ-ın yerli sənaye müəssisələri Obama hakimiyyətinin sosial siyasətləri nəticəsində 35% vergi ödəyirlər. Avropada isə bu vergilər 15-20% aralığında dəyişilir. Qəpiyin belə iqtisadi rəqabətdə ciddi üstünlük təmin etdiyi indiki dövrdə bu, ABŞ iş adamlarının avropalı həmkarlarına uduzmağı demək idi.

Eyni sözləri qloballaşmağa yelkən açan ABŞ-la dünyanın digər ölkələri arasında bağlanan sazişlərə də aid etmək olar. Donald Trampın seçki platformasında vergilərin azaldılması və idxal mallarının rüsumunun artırılması məsələlərinin mühüm yer tutması da bununla bağlı idi.

ab-dis-isleri

Bundan əvvəlki yazılarımızda bildirmişdik ki, “Uoll Strit” imperiyasının digər əsas gəlir qaynaqlarından biri də silah və neft ticarətidir. Trampın hakimiyyətə gəlməsində və ya gətirilməsində bu iki amilin də müstəsna rol oynadığı istisna olunmur. Təsadüfi deyil ki, o, seçkiqabağı təşviqat çıxışıarının birində “Uoll Strit”in hərbi siyasətini tənqid edərək deyirdi: “NATO-nun fəaliyyəti mafiyasayağı təhlükəsizlik əvəzində, xərac toplamaq əməliyyatı olmamalıdır”. Bununla da o, faktiki olaraq, NATO-nun müxtəlif xoflar yaradaraq, NATO üzvlərindən, yəni Avropa ölkələrindən külli miqdarda xərac topladığını etiraf edirdi.

İşin ironik tərəfi isə ondan ibarət idi ki, Trampın NATO-nun xərac istismarından xilas etmək təklifi də Avropanı nəinki bu baş ağrısından qurtarmır, əksinə istismara “ləbbeyk” deməyə yönləndirir. Bu mənada Trampın prezident seçilməsi xəbəri yayılan kimi, AB Xarici İşlər nazirlərinin dərhal toplantı çağırmaları təsadüfi görünmür. İki gün öncə, yəni 14 noyabr 2016-cı il tarixində Brusseldə bir araya gələn nazirlərin gündəmində Trampla yanaşı, NATO, Transatlantik Sərbəst Ticarət Bölgəsi, Ukrayna və Türkiyə məsələsi də var idi.

Sual oluna bilər: Tramp, özünün dediyi kimi, Avropanı NATO-nun istismarından xilas etməyə çalışdığı halda, AB Xarici İşlər nazirləri nədən narahatdırlar?

nato

Fikrimizcə, bu faktın özü hər şeyin deyildiyi qədər sadə olmadığını göstərir. Məlumatlara görə, nazirləri ən çox iki məsələ narahat edirmiş. Onlardan biri yuxarıda bəhs etdiyimiz ABŞ-AB arasında bağlanması nəzərdə tutulan “Transatlantik Sərbəst Ticarət Bölgəsi”(TSTB) sazişinin taleyi, digəri isə NATO-nun gələcəyi imiş.

Birinci məsələ Avropaya iqtisadi, digəri isə hərbi cəhətdən zərbə vurmaq deməkdir.

Xatırladaq ki, Tramp seçkiqabağı çıxışlarında prezident seçiləcəyi təqdirdə hər iki əməkdaşlıqdan vaz keçəcəyi barədə fikirlər səsləndirmiş və Avropada bu fikirlər təhdid kimi qəbul olunmuşdu.

TSTB sazişinin Avropaya vuracağı iqtisadi zərbələr həqiqətən də əndişə yaradacaq ölçüdədir. Məlumata görə, hazırda AB ölkələrindən ABŞ-a hər il ən azı 700 milyard dollarlıq məhsul ixrac olunur. Bunun da böyük hissəsi Almaniya, Fransa və İngiltərənin payına düşür. “Brexit” qərarından sonra İngiltərənin ABŞ-la imzaladığı saziş onun itkisini kompensasiya etsə də, digər Avropa ölkələrinin bu sazişin bağlanmamasından ciddi narahatlıq keçirmələri başa düşüləndir. Çünki sözügedən saziş bağlansaydı, bu rəqəm daha da böyüyəcəkdi. Tramp isə nəinki TSTB sazişini imzalamayacağı, hətta ixrac mallarının rüsumunu belə, artıracağını bildirib. Üstəlik, o, ABŞ-da şirkət vergilərini 200% azaldacağına verdiyi sözü yerinə yetirsə, bu da Avropa ölkələrinin ixracatına ciddi təsir göstərəcək. Zira daxili bazarda yerli məhsullar Avropa mallarından daha ucuz satılacaq. Nəticəsə AB sənayesi ABŞ bazarında ciddi müştəri itkisiylə üzləşəcək.

rus-ordusu

Əlbəttə ki, məsələ bununla bitsəydi, iqtisadi itkiyə hardasa tab gətirmək olardı. AB-ni isə hazırda ən ciddi narahat edən məsələ təhlükəsizliklə bağlıdır. Belə ki, Obama hakimiyyəti dövründə NATO-nun Rusiyaya qarşı siyasətləri, Şərqi Avropada hərbi bazalar qurması Moskvanı əks tədbirlər almağa vadar etmişdi. Ukraynanın işğalıyla daha da böyüyən bu ziddiyyət hərbi xərclərin artırılması mövzusunu gündəmə gətirmişdi. ABŞ yetkililəri NATO büdcəsinin 3/2-ni qarşıladıqlarını və bunun üçün milli gəlirlərinin 5%-ni hərbi sənayeyə xərclədiklərini əsas gətirərək, Avropa ölkələrindən də bu həyati məsələyə eyni həssasiyyəti göstərməyi gözlədiklərini dilə gətirirdilər. “Ayının yüz oyununun bir armudun başında” olduğunu düşünən AB isə həmin fikrə müsbət yanaşmır, hərbə pul xərləməkdənsə, sosial problemlərin həllinə, əhalinin rifah halını yüksəltməyə daha rasional siyasət kimi baxırdı. Nəticədə NATO nizamnaməsində nəzərdə tutulan milli gəlirlərinin 2%-ni belə, müdafiə məsələsinə ayırmağı çox görürdülər. Bu isə ABŞ silah sənayesinin maraqlarına cavab vermirdi.

Mümkündür ki, ABŞ-ın başbilənlərinə müdafiə məsələlərinə barmaqarası baxmağın nə dərəcədə zərərli olduğunu Avropaya başa salmaq üçün Tramp kimi sağı-solu bəlli olmayan birisini taxta çıxartmaq lazım idi. Ozü də hava, su qədər.

Görünür, Trampın çıxışlarında açıq şəkildə NATO-nun daha çox Avropanın təhlükəsizliyini qoruduğunu, başqa qitədə yerləşən ABŞ-ın isə regional təhdidlə üz-üzə qalmadığını dönə-dönə xatırlatması və Rusiyayla münasibətləri düzəldəcəyinə işarə vurması, Yaxın Şərq problemlərinin həllində onunla müttəfiqlik edəcəyini dilə gətirməsi gəlişigözəl sözlər deyildi. Məqsəd “ipiqırıq” Avropanı yenidən haqq yoluna gətirməkdir.

putin-sarkisyan

Bu işdə Tramp Amerikasına isə ən yaxşı köməklik göstərən qüvvə isə, nə qədər qəribə səslənsə də, Rusiyadır. Təsadüfi deyil ki, Tramp hakimiyyətə gələcəyi ərəfədə və ondan sonra Rusiyanın yenidən post-sovet məkanlarında təsir dairəsini böyütdüyü müşahidə olunur. Artıq bir ilə yaxındır Suriyaya hərbi müdaxilə edən Rusiya keçirdiyi hərbi əməliyyatlarla dünyanı mat qoymağa çalışır, Avropanın dünyaya açılan nəfəsliyi sayılan Aralıq dənizini hərbi donanmasıyla doldurur, bu da azmış kimi, bir vaxtlar Genişlənən Avropa proyekti çərçivəsində əlindən çıxan ərazilərdə hegomoniyasını bərpa edir. Xüsusilə ABŞ-dakı son seçkilərdən sonra Rusiyanın bu istiqamətdə fəallaşdığı müşahidə olunur.

Bir neçə gün öncə Vladimir Putinin Rusiya ilə Ermənistan Silahlı Qüvvələrinin birləşdirilməsi təklifini dəstəkləməsi və Cənubi Hərbi Bölgəsi nəzdində birləşmiş qüvvələr yaradılması qərarını təsdiqləməsi də qınından çıxan rus xofunun təzahürlərindən biridir.

Xatırladaq ki, imzalanan qərara əsasən, Rusiya müdafiə və xarici işlər nazirliklərinə Ermənistanla saziş bağlamaq vəzifəsi tapşırılıb. Azərbaycan üçün də ciddi problemlərdən biri bundan ibarətdir ki, bağlanacağı gözlənilən saziş çərçivəsində ortaq hərbi güc yaradılacaq. Sülh zamanı həmin ortaq hərbi gücün başında Ermənistan Baş Qərargahının təyin edəcəyi və Rusiyanın təsdiqləyəcəyi komandir dayanacaq. Müharibə dövrlərində isə komandanlıq səlahiyyəti Rusiyaya keçəcək. Razılaşma qüvvəyə minəndə rus əsgərləri Ermənistan torpaqlarını xaricdən gələcək təhdidlərə qarşı qoruyacaq.

Rusiya ilə Ermənistan arasında bağlanması nəzərdə tutulan bu saziş Avropa Birliyinin yaxın tərəfdaşlıq etdiyi Gürcüstan, Azərbaycan və Türkiyə üçün ciddi təhdid deməkdir.

bolqar

Moskva yalnız Cənubi Qafqazda da dayanmır, Avropa Birliyinin sərhədləri daxilinə də müdaxilə edir. Ötən bazar günü Bolqarıstanda keçirilən prezident seçkilərini Rusiya tərəfdarı Romali Radevin qazanması bunun ən bariz örnəklərindəndir. Məlumata görə, Sosialist Partiyanın dəstəklədiyi müstəqil namizəd Radev səslərin 59.4%-ni alaraq, əzici üstünlüklə hakimiyyət başına keçib. Sabiq Hava Qüvvələri komandiri olan Radev dəfələrlə açıq şəkildə "Avropa yerinə, təkrar Rusiya ilə yaxınlaşmalıyıq" fikirini təkrarlayıb və AB-nin Rusiyaya sanksiyalarına qarşı çıxıb.

Maraqlıdır ki, eyni gündə AB ilə Rusiyanın uğrunda ciddi mübarizə apardığı Moldovada da prezident seçkiləri keçirilirdi və burda da zəfəri sosialistlər qazandı: Partiyanın lideri İqor Dodo səslərin 54%-dən çoxunu alaraq, prezident seçildi. Dodonun zəfər nitqini ölkəsinin rəsmi dilində yox, rusca söyləməsi də diqqətçəkici idi.

Trampın prezident seçilməsini müzakirə etmək üçün Brüsselə toplanan AB Xarici İşlər nazirlərinin iclasına Macarıstan nazirinin təşrif buyurmaması və bunu Trampı müdafiə etməsiylə əsaslandırmasını da siyahıya əlavə etsək, yalnızlaşmış, öz coğrafiyasında belə, təsir gücünü itirmiş Avropa mənzərəsilə üz-üzə qalırıq.

Sözsüz ki, bütün bunlar Avropanın Şərqdən sökülməyə başlamasının ilkin əlamətləridir. “Brexit” qərarıyla bu ittifaqın şimaldan və qərbdən daha əvvəl söküldüyü də bir həqiqətdir.

Məsələlərə bu aspektdən yanaşanda ABŞ-ın Tramp zərbəsinin ilk növbədə Avropaya vurulduğunu görə bilərik. Yalnız Avropayamı? Bəs, Çin və Trans Sakit okean ölkələrinə necə? Bunlar öz yerində, bəs bizi və strateji müttəfiqimiz olan qardaş Türkiyəni Trampın hakimiyyəti illərində nələr gözləyir?

Bu və digər suallara daha sonrakı yazılarımızda cavab axtaracağıq.

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə