XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

18 Noyabr 2016 - 00:02

Asiya nəhəngi İranı bağrına basır:Tehran onun daxili işlərinə qarışmayan Pekindən məmnundur - Təhlil

iran-cin

İda Sərkisyan

REGNUM İA, 16.11.2016

 

İrana qarşı iqtisadi sanksiyaların ləğvindən praktik olaraq bir il sonra elə görünürdü ki, Avropa malları İran bazarında Çin mallarının yerini tutmağa tələsəcək, amma gözləntilər doğrulmayıb. Çin İran iqtisadiyyatında öz yerini möhkəm tutub və mövqelərini bərkitməyi davam etdirir.

İİR və Çin münasibətləri qarşılıqlı fayda əməkdaşlığına söykənir. Ölkələr bir-biri üçün ciddi rəqabət təşkil etmir ki, bu da konstruktiv əməkdaşlığın inkişafına şərait yaradır. İran Çinə dəfələrlə “sadiq dost” deyib, İran-Çin palatasının vitse-prezidenti fevralda imzalanmış sazişi “tam dostcasına” yad edib. İİR prezidenti Həsən Ruhani müsahibələrinin birində dost ölkələrlə – Rusiya və Çinlə dostluq münasibətlərini inkişaf etdirməyi öz ölkəsinin bir nömrəli vəzifəsi adlandırıb. ÇXR İslam Respublikasına münasibətdə ağır iqtisadi sanksiyalar dövründə Qərbin diktəsinə baxmayaraq İİR ilə iş aparmağı davam etdirən, neft alan ölkə idi, lakin pullar Çindəki hesablarda qalırdı.

İran və Çin növbəti 25 il üçün ortaq biznes-strategiya layihəsi hazırlayıb. Bu strategiya mal dövriyyəsi həcmini on il ərzində $600 milyarda, yəni ildə $60 milyarda çatdırmağa imkan verəcək. Həm də neft qiymətlərinin kəskin şəkildə düşdüyü bir şəraitdə.

 

Neft və qaz

 

Neft-qaz sahəsi İran-Çin əməkdaşlığının əsas yönlərindən biridir. Çin gündəlik 6 milyon barrel həcmdə xam İran neftinin əsas alıcılarından biridir. İran isə Çin üçün tədarükçü kimi Səudiyyə Ərəbistanı, Anqola, İraq, Rusiya və Omandan sonra altıncı yerdədir. Çindəki iqtisadi artım da ölkənin enerji daşıyıcılarına tələbatını çoxaldır. Sanksiyaların ləğvi İİR-ə neft hasilatını sanksiyaöncəsi səviyyəyə qaldırıb gündə 4,2 milyon barrelə çatdırmaq imkanı verib. İİR OPEK ölkələrinin neft qiymətlərini yüksəltmək qəsdilə hasilatı dayandırmaq çağrışına baxmayaraq, hasilat həcmini artırmağı davam etdirir. İranın qətiyyəti Çində böyük maraq doğurur.

Çinin "CNPCI", "Sinopec" və "China Offshore Oil Company" kimi şirkətləri neft-qaz sənayesində geniş imkanlar qazanıb. "CNPCI" İran Milli Şirkəti, həmçinin Fransanın “Total” və İranın “Petropars Ltd Company” ilə Cənubi Fars neft yatağının 11-ci mərhələsinin işlənməsi haqda saziş imzalayıb. Saziş İran tərəfinin hazırladığı neft müqaviləsinin yeni sxemi üzrə imzalanıb. Müqavilə $4,8 milyard məbləğində qiymətləndirilir.  Layihənin iki mərhələdə həyata keçirilməsi planlaşdırılır. Birinci mərhələ qaz hasilatı üçün 2 milyard dollarlıq qurğunun qurulması və quraşdırılmasını ehtiva edir, ikinci mərhələdə isə qaz kompressorunun quraşdırılması haqda yeni saziş bağlamaq planlaşdırılır.

İranla üçtərəfli konsorsium arasındakı müqaviləyə əsasən, İranın istehsal payı müqavilə dəyərinin 70%-i təşkil edir. Bundan savayı, sualtı borunun çəkilişi, qaz kompressorları və baca platformasının montajı və quraşdırılması İranda aparılacaq.

Layihənin gerçəkləşdirilməsi texnologiyaları, sonra isə istehsalat və istismar texnologiyaları İran tərəfə mərhələ-mərhələ veriləcək. Layihənin ümumi gerçəkləşmə müddəti və fəaliyyəti 20 ilə hesablanıb. İlkin qazın hasilatı 40 aydan sonraya nəzərdə tutulub.

Çin təkcə qaz hasilatı prosesində deyil, həm də qazın özündə maraqlıdır, çünki ölkə bu gün öz neft-qaz sahəsini fəal şəkildə inkişaf etdirir ki, bunun üçün də kömür ehtiyatları hesabına təmin edilən böyük etilen ehtiyatları lazımdır. Lakin bu, dəyər və vaxt itkisi baxımından əlverişli deyil. İran Çində neft-kimya məhsullarının inkişafı üçün tamamilə sərfəli istiqamət ola bilər.

 

“İpək yolu”

 

Çin üçün daha bir mühüm layihə Çin hökumətinin gündəliyində duran Böyük İpək Yolunun dirçəldilməsidir. Çin İnkişaf Fondu bu layihənin gerçəkləşməsi üçün ölkə büdcəsindən 40 milyard dollar ayırıb ki, “İpək Yolu”nun ərazilərindən keçəcək ölkələrin yol infrastrukturlarını lazımi şəklə salsın. İran prezidenti bu ilin oktyabrında ÇXR vitse-prezidenti ilə görüşdə mənalı layihədə öz tarixi rolunu oynamağa hazır olduğunu növbəti dəfə qeyd edib.

İpək yolunun Çini İranla bağlayan hissələrindən biri artıq bu ilin fevralında istismara buraxılıb. Yük qatarının marşrutu Çin-Qazaxıstan-Türkmənistan-İran ölkələri üzrə keçir. Layihənin sponsoru Çinin “Tyananmen” yatırım şirkətidir.

Dəmiryolu “İpək yolu”nun İrandan hansı ölkəyə keçəcəyi uzun müzakirələrin məsələsi olub. Cənubi Qafqazın İranla qonşu iki ölkəsi – Ermənistan və Azərbaycan nəzərdən keçirilib. Lakin Tehranla Bakı arasında çoxlu fikir ayrılıqlarına baxmayaraq, coğrafi relyef, tələb edilən məsrəf və yolun sonrakı irəliləyişi nəzərə alınmaqla Azərbaycan daha münasib hesab edilib.

Çin layihənin daha sürətlə həyata keçirilməsi üçün infrastrukturun yaxşılaşdırılması məqsədilə həmçinin ölkələrə, o cümlədən İrana faizsiz kreditlər ayırmağa hazırdır. Xüsusən də lifli kabel şəbəkəsi və sözügdən dəmiryolunun tərkib hissəsi olan Məşhəd-Tehran dəmiryol sahəsi və Tehran-Qum-İsfahan dəmiryolunun inşası daxil olmaqla yüksəksürətli dəmiryol xətlərinin inkişafı üçün İrana kredit təqdim olunacaq. 

İran şəhərsalma və yollar naziri Abbas Axundi və Çin nəqliyyat naziri Li Syaopinin bu il noyabrın 14-də Tehran görüşündə iranlı nazir Çin tərəfini yeni yatırımlar qoymağa, həmçinin Səid Racai limanının üçüncü mərhələsinin işlənməsi və Tehranda İmam Xomeyni aeroportunun inkişafı üzrə tenderlərə qatılmağa çağırıb.

İran Çin-Pakistan iqtisadi dəhlizinə qoşulmaq arzusunu bildirib – bu haqda İran prezidenti Nyu-Yorkda BMT Baş Assambleyasının sammitində qeyri-rəsmi söhbətdə bildirib. Çin İranın hazırlığına müsbət reaksiya verib, çünki İranın iqtisadi dəhlizşə qoşulması bölgə ölkələrinin əməkdaşlığının möhkəmlənməsinə yardım edər. İran-Pakistan  münasibətlərindəki vakuum nəzərə alınsa, bu, Tehran tərəfindən əməkdaşlığın inkişafı yönündə mühüm addımdır.

 

Dinc atom

 

Çin İranın atom sənayesində fəal iştirak edir. Nüvə sazişinin implementasiyasından sonra bu ölkələr yeni şərait nəzərə alınmaqla nüvə sahəsində əməkdaşlıq haqda yeni müqavilə bağlayıb. 5+1 qrupundan (BMT TŞ ölkələri və Almaniya) Əraqdakı nüvə reaktorunun araşdırma mərkəzinə çevrilməsində yenidən təşkilolunmanın etibar edildiyi ölkə məhz Çin olub. Müqavilə mətnini İran tərəfi hazırlayıb, əsas işləri də iranlı mütəxəssislər Çin nüvəçilərinin iştirakı ilə həyata keçirəcəklər.

Bir sıra ekspertlərin fikrincə, Çinin İran atom sənayesində iştirakı “Rosatom”un simasında Rusiyanın iştirakına təhdid yarada bilər. Lakin Çinin İranla əməkdaşlıq özəllikləri bundan ibarətdir ki, ÇXR öz fəaliyyətini Moskva ilə razılaşdırıb hər yolla  şimallı tərəfdaşının – Rusiyanın maraqlarına toxunmamağa cəhd edir. Güman etmək olar ki, Rusiya tərəfi Çinin iştirakı ilə atom layihələrinə cəlb olunacaq.

 

Müdafiə və təhlükəsizlik

 

Əməkdaşlıq müdafiə sahəsi olmadan ötüşmür. Bu il noyabrın 10-da Çin müdafiə naziri Vantsyuan ikitərəfli, bölgəsəl və beynəlxalq məsələlər üzrə hərbçilər və yüksəkçinli siyasilərlə danışıqlar apardığı İranda üçgünlük səfərdə olub. Tərəflər iki ölkə arasında hərbi sahədə əlaqələrin dərinləşməsi barədə saziş imzalayıb. İran Baş Qərargahının rəisi, general-mayor Məhəmməd Baqiri Çin nazirinə birgə hərbi təlim keçirməyi təklif edib.

İran-Çin hərbi əməkdaşlığı adi silahlar və hərbi texnikanın, xüsusən də kibersilahlanma sahəsinin möhkəmləndirilməsinə yönəlib. İran sanksiyalar ləğv edildikdən sonra artıq Çindən 1 milyard dollar dəyərində “Chengdu J-10” model 150 qırıcı alıb.

İran hərbi sənayeni, xüsusən də aviasiya sahəsini müstəqil şəkildə inkişaf etdirir. Çin isə öz texnologiyasını təqdim edir. Ölkələr təcrübə mübadiləsini – hər iki ölkədə mütəxəssislərin hazırlanmasını də fəal şəkildə praktikadan keçirir.

 

ATZ layihələri

 

İİR iqtisadiyyatına yatırım və xarici sərmayəni cəlb etmək üçün azad ticarət-sənaye zonaları və sənaye parkları modelini inkişaf etdirir. İran və Çin bu sahədə saziş əldə edib, çünki sənaye zonalarının yaradılmasında Çinin marağı az deyil. İran-Çin sazişinə əsasən, bu istiqamətin inkişafı üçün Pekin zəruri kapital və texnologiya təqdim etməyə hazırdır. Çin investisiyası ilə ilk sənaye zonası Hörmüzqan əyalətinin Cask şəhristanında yaradılacaq. Caskın yerləşdiyi zona – Fars körfəzinin sahili – nəzərə alınsa, zona təkcə İran və Çin üçün deyil, bütün bölgə üçün faydalı ola bilər. Çin həmçinin Okeaniyanı materiklə birləşdirən Çabahar neft yatağı və limanın inkişafı layihəsində də iştirak edir.

 

Banklar və maliyyələşmə

 

Çin İxracat-idxalat Bankı (“Eksimbank”) İranda bir sıra yeni layihələri maliyyələşdirməyi öz üzərinə götürməyə razılaşıb. “One-Belt, One-Road” investisiya şirkəti on il ərzində İranda investisiyanı 500 milyad dollaradək artırmağı planlaşdırır. Bu gün İrana investisiya fondun Asiya istiqamətinin hamısının cəmi 2%-ni təşkil edir.

Bank sahəsi əməkdaşlığın ən problemli sahəsidir. Çin banklarının, xüsusən də Çin Bankının İranda öz filiallarını açmağa hazır olduğuna baxmayaraq, bu, hələlik baş tutmayıb. Məsələ burasındadır ki, Vaşinqton İrana münasibətdə nəinki bütün sanksiyaları ləğv etməyib, həm də daim yeniləri ilə təhdid edir.  ABŞ-ın yeni prezidenti Donald Trampın seçilməsindən sonra durum daha da qeyri-müəyyən olub, çünki respublikaçı liderin İrana və nüvə sazişinə münasibəti xeyirxah deyil. Böyük bank və maliyyə qurumları İranla geniş əməkdaşlıqdan ehtiyat edir. İran öz tərəfindən bank sisteminin beynəlxalq standartlara uyğun islahatı üçün ciddi iş aparıb. Çin, Sinqapur, Cənubi Koreya, Hindistan, Yaponiya, Avstriya, İngiltərə və s. kimi bir sıra ölkələrlə bank sahəsində əməkdaşlıq sazişləri imzalanıb.

 

Neftsiz mal dövriyyəsi?

 

İran Çin tərəfindən təkcə satış bazarı kimi deyil, həm də qeyri-neft mallarının – xammal, kənd təsərrüfatı texnikası və avadanlığının tədarükçüsü kimi nəzərdən keçirilir. Sanksiyalar ləğv edildikdən sonra  ilk yarım ildə İran mallarının əsas idxalatçısı məhz Çin olub. İran-Çin münasibətləri qarşılıqlı faydalı əməkdaşlığın parlaq nümunəsidir. İranda Rusiyaya münasibətdə tarixi keçmişə və bir sıra müasir faktlara (xüsusən də 2007-ci ildə İrana S-300 satmaq yasağı) əsaslanan  müəyyən inamsızlıq varsa, Çinlə həmişə güvənli münasibətləri olub. Çin hətta sanksiyalar dövründə də, təbii ki, İran maraqları ilə üst-üstə düşən öz maraqlarından çıxış edərək İranla əməkdaşlığı davam etdirib. İndiki mərhələdə ikitərəfli və bölgə əməkdaşlığı yolunda ciddi maneələr yoxdur. Tehran əvvəlki tək əsas qurucularından biri Çin olan Şanxay Əməkdaşlıq Təşkilatına girməyə hazır olduğunu sərgiləyir. Əvvələr TŞ-nın sanksiyaları buna mane olurdusa, indi bu cür əngəl yoxdur. Tehran üçün bu da önəmlidir ki, Qərbdən fərqli olaraq, Pekin bu dövlətin daxili işlərinə qarışmır, ona bərabərhüquqlu tərəfdaş kimi yanaşır…

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə