XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

19 Noyabr 2016 - 13:04

Sabiq baş nazir Arsen Yatsenyuk:“Putin Ukraynanı öz nüfuz dairəsinə qaytarmaq cəhdlərini heç vaxt dayandırmayacaq” – Müsahibə

Rixard Hertsinger, Saşa Lenarts

Die Welt (Almaniya), 18.11.2016

 

Ukraynanın keçmiş baş nazir Arsen Yatsenyuk ümid edir ki, Donald Tramp onun ölkəsini taleyin ixtiyarına buraxmayacaq. O, Angela Merkeli təqlid üçün böyük örnək sayır. Yatsenyukun alman nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik:

 

– Donald Trampın ABŞ prezidenti seçilməsi sizi nə dərəcədə möhkəm narahat edir?

– Hələlik birmənalı qiymət vermək tezdir. Mühafizəkar dəyərləri aydın şəkildə dəstəkləyən Respublikaçılar partiyası Senat və Nümayəndələr Palatasında əksəriyyətlə təmsil olunub. Bundan başqa, hələ Ali Məhkəmə də var. Bu instansiyalar prezidentə nəzarət edir. Amerika prezidenti diktator deyil, o, bu cür sistemdə avtoritar rəhbər kimi istədiyini edə bilməz. Krımın ilhaqına gəlincə, 100 dövlətin üzv olduğu BMT bunu beynəlxalq hüquq normasının pozulması kimi pisləyib. Buna hüquqi baxımdan məhəl qoymamaq olmaz.

– Amma Tramp heç nə etməməklə, məsələn, Suriya üsyançılarına dəstək verməmək və Ukraynanın şərqindəki Rusiya qoşunlarına göz yummaqla qüvvələr tərtibini Rusiyanın xeyrinə dəyişə bilər…

– Çox şey seçilmiş prezidenti kimlərin əhatə etdiyindən, hansı müşavirləri təyin etməyindən, dövlət katibinin kimliyindən asılı olacaq. Düşünürəm ki, Rusiya prezident seçkilərinin nəticələrindən öz mənfəətini şişirdir. ABŞ ABŞ olaraq qalır, Tramp da onun uzunmüddətli strateji maraqlarını rəhbər tutaraq, o cümlədən azad dünyanı təmsil edən mühüm sima kimi hərəkət etməli olacaq.  

– Trampın qələbəsi sağçı populistlərə, Avropanın tamam Rusiyayönlü hərəkatlarına böyük impuls verir. Bu, Avropa Birliyi (AB) daxilində təzyiqin artması və sanksiyaları ləğv edib Putinə güzəşt etmək tələbinə səbəb ola bilərmi?

– Şübhəsiz, populist və demaqoqlar Avropa hökumətlərinə təzyiqə cəhd edir ki, bu cür nəticəyə nail olsunlar. Rusiya Avropada radikal qüvvələri maliyyələşdirib "Russia Today" kimi KİV-lər vasitəsilə dezinformasiya yayaraq bu kartı oynayır. Lakin görürük ki, burada təhlükə qarşısında qalan təməl prinsip və dəyərlərdir. Qərbdə kimsə Ukraynanın hesabına Rusiya ilə sazişə gəlməyin mümkünlüyünü düşünürsə, böyük səhv edir. Yekunda Avropa və ABŞ-ın özü buna görə yüksək qiymət ödəməli olacaq.

– Amma hazırda Tramp bununla öyünür ki, bir biznesmen kimi sövdələşməyin yolunu bilir. Yəqin, hesab edir ki, Rusiya ilə sürətli uğur gətirə biləsi sövdəyə gedə bilər.

– Ancaq dünyanı sadəcə çevirib təpəüstə qoymaq olmaz. Bu, artıq populizm dalğasında olmuş ölkələrdə gözə dəyir. Yunanıstanda Aleksis Sipars hökuməti BVF-a və sərt qənaət rejiminə qarşı fəal şəkildə durmaqla Avropada populist əhvali-ruhiyyənin hərəkətləndirici qüvvəsiydi. Və indi nə görürük? Yunanıstan BVF-nun bütün şərtlərini yerinə yetirmək və sərt qənaət rejimi ilə barışmalı olub.

– Yeri gəlmişkən, hər şey Siprasın istədiyi kimi baş versəydi, Rusiyaya qarşı sanksiyalar daha olmazdı.

– Lakin gəlin, faktlara söykənək. Yunanıstan hökuməti Rusiyaya rəğbət bəsləsə də, sanksiyaları dəstəkləyir.

– AB-nin Ukrayna ilə assosiasiya sazişi haqda referendumun yekunları üzrə Niderlandiya hökuməti hələlik onu ratifikasiya etmək istəmir – bu göstərir ki, sağçı-populist hərəkatlar artıq təsir edir. Sazişin tam iflası mümkündürmü?

– Referenduma gəlincə, söhbət başlıca olaraq Ukrayna haqda deyil, AB-nin birliyindən gedirdi. Buna görə də bu məsələ üzrə konsensus əldə ediləcəyinə əminəm. Bəzi üzv ölkələrdən fərqli olaraq, AB-nin əlverişli kompromis tapa bilən güclü rəhbərliyi var. Artıq dediyim kimi, biz populist və demaqoqların sonrakı uğurlarının yer ala biləcəyi yeni eranın astanasındayıq. Və ABŞ-ın yeni administrasiyası sanksiyaları ləğv etsə, AB-nin ünvanına dağıdıcı qüvvə siqnal olacaq. Xüsusən vacibdir ki, AB-nin nüfuzlu siyasətçiləri öz əqidə və planlarını möhkəm saxlasın. Bu yaxınlarda federal kansler Merkel bunu nümayiş etdirib. O, ABŞ-ın seçilmiş prezidentini təbrik edib, ancaq eyni zamanda əsas prinsip və dəyərlərini də vurğulayıb.

– AB-nin bütövlüyü üçün sınaq Ukrayna üçün vəd edilmiş vizaların ləğvidir. Viza rejimi ləğv ediləcək, yoxsa AB manevr edəcək?

– Ləğv olunacaq. Ləğv olunmalıdır. Təkcə mənim hökumətim viza rejiminin ləğvini əldə etmək üçün zəruri 144 sərəncam və göstəriş qəbul edib. Biz bütün şərtləri yerinə yetirdik və Avropa Komissiyası bunu artıq qəbul edib. Əks halda bunu Ukrayna xalqına necə izah etməliyik? Biz AB bayrağı altında Avropa dəyərləri uğrunda mübarizə apardıq və buna görə ukraynalıların həyatını qurban verdik, hər şeyi etdik ki, AB-nin təlimatlarını yerinə gətirək, indi isə qərar uzadılacaq? Buna son qoyun! Öz vədinizi yerinə yetirin! Bu məqamda yenə də Avropa liderlərinin gücü haqda məsələ ilə üzləşirik: AB-nin öz sözünün üstündə durmağının böyük əhəmiyyəti var.

– Qərb həmrəyliyini doğrultmaq üçün Ukrayna bütövlükdə yetərincə iş görürmü? Sizi həmişə qınayırlar ki, islahatlar kifayət qədər sürətlə irəliləmir, korrupsiya ilə fəal mübarizə aparılmır…

– Siz təsəvvür etməlisiniz ki, iki-üç il əvvəl bizdə hansı şərait var idi. Mən 2014-cü ilin yazında baş nazir olarkən Ukrayna müflis dövlət idi, dövlət xəzinəsində 15 min avro var idi! Qazımız, kömürümüz, polisimiz, hərbçilərimiz və xüsusi xidmətlərimiz yox idi. Maydandan sonra isə xalqın gözləntiləri o qədər yüksək idi ki, buna tam şəkildə yalnız sehrli çubuğun köməyi ilə uyğunlaşmaq olardı. Lakin hökumət iki ildə mənim rəhbərliyim altında büdcə kəsirini 10,5%-dən 2,5%-ə endirdi. Mənə bu cür nəticə göstərə biləcək Avropa ölkəsini göstərin! Biz polis, yeni ordu, yeni sosial təminat sistemi yaratdıq. Yunanıstandan fərqli olaraq sosial etirazlarsız fonda qənaət rejimini yerinə yetirdik. Və korrupsiya məsələlərini araşdırmaq üçün antikorrupsiya qurumu yaratdıq. İki ildə daha nə qədər iş görmək olar? Tamamilə aydındır ki, səhvlər də buraxmışıq. Lakin Ukraynada hər şeyin yetərincə sürətlə baş vermədiyi haqda daim tənqidlər yağdırmaq Ukrayna xalqına münasibətdə düzgün deyil.

– Ukrayna bu yaxınlarda dövlət məmurlarının bütün gəlir və mülklərinin elektron qeyydiyyatı sistemini istismara buraxıb. Bu, ölkədə necə qəbul edilir? Bəzi açar siyasətçilərin hansı sərvətin sahibi olduğunu görəndə çoxları sarsıldı.

– Sistem siyasətçi və dövlət qulluqçularının gəlirləri məsələsi üzrə tam şəffaflıq yaradır və bu cür şey dünyanın başqa heç bir ölkəsində yoxdur. Bəli, bu cür məlumatların elanı adamı sarsıdır, amma bu, sağlamlaşmağa ilk addımdır. Göstərilən vəzifəli şəxslər artıq beş aydan sonra yenidən öz gəlirlərini göstərməlidirlər, bu arada isə antikorrupsiya qurumu göstərilən məbləğin hər bir qəpiyini diqqətlə araşdırır.

– Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu yaxınlarda Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verib. O, həm də nüfuzlu oliqarxlarla kooperasiyada qınadığı Pyotr Poroşenkonun ünvanına kəskin ittihamlar işlədib…

– Bu məqamda populistlər fenomeninə qayıtmalıyıq. Onlar Odessa kimi böyük və mühüm bölgəyə başçılıq etmiş bu adam kimi məğlubiyyətə uğrasalar, həmişə hansısa qeyd-şərt və hansısa qapazaltı tapırlar. Lakin siyasətçinin vəzifəsi vədlər vermək və özünü ədalət, rifah və azadlıq uğrunda ən böyük mübariz tək təqdim etmək deyil, əhaliyə gerçək nəticələr təqdim etməkdən ibarətdir. O, bu baxımdan uğursuzluğa düçar oldu. Bundan sonra ondan danışmaq boşuna vaxt itirmək olardı. Demaqoqlar, populistlər və siyasi təlxəklər istənilən ölkədə var və Ukrayna istisna deyil.

– Necə düşünürsünüz, Minsk sazişlərinin gerçəkləşməsinə hələ şans varmı?

– Putin vaxt udmağa çalışır. Doğrudanmı, kimsə həqiqətən də inanır ki, o, Ukraynanın uğurlu dövlət, əla iqtisadiyyatlı və demokratiyalı ölkə, AB və NATO üzvü olmasını istəyir? Xeyr, Ukrayna Putinin şəxsi psixoloji travmasıdır. Ukraynanı öz nüfuz dairəsinə qaytarmaq cəhdlərini heç vaxt dayandırmayacaq. Buna görə də AB-ni parçalamaq, Avropada seçkilərə təsir etmək, kansler Merkelin mövqeyini sarsıtmaq üçün əlindən gələni edir. Və hətta azad Qərb və ABŞ-ın təsirini cüziləşdirəcək və əsas rol oynayacağı yeni dünya düzəni müəyyən etmək istəyir. Onun Suriyaya müdaxiləsinin arxasında da bu gizlənir. Gəlin, Donald Trampa qayıdaq: mən buna inanmıram ki, o, ABŞ prezidenti kimi bununla barışa bilər. Ən azı, mən belə istəyərdim.

– Şəxsi siyasi planlarınız necədir? Ukrayna prezidenti?

– Bu, Allahın və Ukrayna xalqının iradəsindən asılıdır.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə