İqtisadi tənəzzül içində boğulan Rusiya dünya ağalığı uğrunda mübarizəsindən, deyəsən, geri çəkilmək fikrində deyil. Onun son zamanlar silahlanmaya ayırdığı xüsusi diqqət bu cür deməyə əsas verir.
Strateq.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, rəsmi Moskva keçmiş sovet dövründə planlaşdırılan, fəqət SSRİ-nin çöküşüylə təxirə salınan bir sıra hərbi layihələri yenidən aktivləşdirməyə başlayıb. Bu layihələrdən biri də indiyə qədər misli görünməmiş hərbi yük təyyarələri istehsal etməkdir.
Hər uçuşunda 7 min km məsafə qət edən və saatda 2 min km sürətlə uçan bu təyyarələrin 200 tona qədər yük daşıya biləcəyi gözlənilir. “PAK TA” adı verilən proyekt uğurla həyata keçərsə, Rusiyanın yeni nəsil “Armata” tanklarını və digər ağır hərbi texnikalarını 7 saat ərzində dünyanın istənilən nöqtəsinə aparmaq mümkün olacaq. Məlumatda həmçinin o da bildirilir ki, növbəti 10 il ərzində bu nəhəng təyyarələrdən 80 ədədi istifadəyə veriləcək.
Lahiyəni gerçəkləşdirən PAK TA-dan sızdırılan məlumata görə, proyekt üzərində, bir neçə ildir ki, gərgin iş gedir. Proyektin tamamlanması nəticəsində Rusiya ordusunun dünyanın istənilən yerinə hərbi müdaxilə etmək potensialı hədsiz dərəcədə arta bilər.
Beynəlxalq icmalçılar məhz bu amili nəzərə alaraq Kremlin böyük miqyaslı müharibəyə hazırlaşdığını güman edirlər.