XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

25 Noyabr 2016 - 23:00

“Tramputinizm”:"Milyarder və gizli agent"in yeni geosiyasi doktrinası

Nüfuzlu «Le Temps» nəşri Donald Trampın ABŞ prezidentliyinə gəlişi ilə dünyada yeni geosiyasi doktrinanın hökmranlıq edəcəyini proqnozlaşdırıb. 

Müəllif Frederik Kollerin fikrincə, bu, Rusiya prezidentinin də dəstək verdiyi "Tramputinizm" doktrinasıdır.

 

İki lider, bir baxış…

 

Koller yazır ki, Trampın da, Putinin də dünya xəritəsinə baxışı eynidir:

«Hər ikisi millətçiliyə önəm verir, hər ikisi ordunu prioritet hesab edir və nəhayət, hər ikisi İslama qarşı mübarizə aparır. Yoxsa biz yeni doktrinanı – «Tramputinizm»i salamlayırıq? Və bu doktrina işlər konfrantasiya ilə sonlanana qədər davam edəcək? 

Bu il aprelin 27-də Tramp Vaşinqtonda çıxış edərək daxili siyasətə dair proqramını açıqladı. Tarixi məqamlara, həmçinin Birləşmiş Ştatların dünyadakı yerinə toxundu. Nitqinə belə başladı ki, Amerika ilk dəfə dünyanı İkinci dünya savaşı zamanı xilas edib. Sonra ikinci dəfə xilas edib – kommunizmi devirməklə". 

 

«Dostlarından qopdu, düşmənlərlə kompromisə getdi»

 

"Ona görə də Amerika qüdrətli olub. Sonra ABŞ öz qərbyönümlü demokratiyasını ixrac etmək arzusuna düşməklə yolundan sapıb. Üstəlik Yaxın Şərqdə xaos yaradıb. Bu da maddi baxımdan ona çox baha başa gəlib. ABŞ öz düşmənləri – Çin, İran və Kuba ilə kompromisə getməklə, dostları Misir və İsraildən qopmaqla etibarını itirdi. Nəticə ortadadır – ölkə heç vaxt bu qədər zəif olmamışdı, – deyə Tramp çıxışını tamamlayıb". 

«Le Temps» yazır ki, Tramp Amerikaya öz qüdrətini qaytarmaq istəyir: «Onun «soyuq savaşı» radikal İslama qarşı fəlsəfi mübarizədir. Onun fikrincə, bütün alyansların əsas hədəfi bu olmalıdır. Bu mübarizədə Rusiya yaxşı tərəfdə qərar tutub.

Hərbi-sənayenin triumfial qayıdışı

Qüdrətli və etibarlı olmaq üçün Amerika militarizə edilməlidir. ABŞ-ın yeni yüksəliş planına hərbi-sənaye lobbisinin iqtisadiyyatın əsas gücü olaraq triumfial qayıdışı daxil edilməlidir. Bu vaxta qədər ABŞ-ın müdafiəsindən (NATO, Şərqi Asiya) xeyir görən müttəfiqlərə gəlincə, onlar bunun «ödənişini» etməli olacaq.

Tramp deyir ki, bundan belə ölkənin idaretməsində yalnız Amerika qaydaları hakim olacaq. Onun fikrincə, milli dövlət xoşbəxtlik və harmoniyanın fundamentidir. «Mən Amerikanı zəiflədən beynəlxalq birliklərə skeptik yanaşıram», deyə Tramp bildirib».

Müəllif hesab edir ki, Trampın bu fikirlərində ziddiyyət və qeyri-müəyyənlik var. Belə ki, millətçilik ABŞ-da yox, onun müttəfiqlərində uğur qazanıb. Kommunizm isə özü süqut edib:

"Təbii ki, Vladimir Putin heç vaxt ABŞ prezidenti olmayacaq. Lakin o, Trampın «çəkdiyi» dünya xəritəsini demək olar ki, bütünlüklə bölüşür. O da İslam düşmənidir, o da qloballaşmaya qarşıdır, o da Avropa Birliyi və ümumbəşəri dəyərlərə laqeyddir. O da hesab edir ki, millətçilik legitimliyin yeganə mənbəyi və qüdrətli olmağın təməlidir. Və nəhayət hər ikisi hesab edir ki, həlledici fəaliyyət güclərin balansına söykənməlidir. Və bütün bunlar da sülh üçündür".

Müəllif qeyd edir ki, Donald Tramp və Vladimir Putin bir-birlərinə dəyər verdiklərini dəfələrlə təkrar ediblər:

«Milyarderi və gizli agenti həm də öz millətini xilas etməli olan «insan kultu» birləşdirir. Lakin onların heç biri ideoloq deyil. Bəlkə də on il əvvəl qeyri-mümkün görünən bu görüş yeni geosiyasi doktrinanın – «Tramputinizm»in yaranmasına səbəb ola bilər. Təbii ki, Trampın «qüdrətli Amerikası» Putinin «qüdrətli Rusiyası» ilə münaqişəyə girənə qədər…».
 

Strateq.az
 




Yuxarı Əvvələ Ana Səhifə