XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2016 - 12:41

Ruslar İŞİD-ə qarşı “Taliban”la ittifaqa girib –Əfqanıstanda Rusiya-ABŞ toqquşması qaçılmaz görünür - Təhlil

t

“Taliban” hərəkatının silahlıları Əfqanıstanda

© AFP 2016, Arif Kərimi

 

Русская служба BBC (Böyük Britaniya), 25.11.2016

 

Əfqanıstanda qorxurlar ki, Rusiya ilə “Taliban” arasında əlaqələrin qaydaya düşməsi ölkədə onsuz da qəliz olan durumu daha da ağırlaşdıra bilər. İŞİD-in iki il əvvəl bölgədə görünməsindən bəri Rusiyanın taliblərlə yaxınlaşma prosesinə başlaması haqda informasiya zaman-zaman Əfqanıstan KİV-lərinə sızır.

Yeni cihadçı qruplaşmanın Mərkəzi Asiyada Rusiya sərhədlərinin yanında peyda olması haqda Moskvanın narahatlığı əfqanlara aydındır. Eyni zamanda onları getdikcə daha çox narahat edir ki, Suriya və Ukraynada təzahür edən Rusiya-Amerika rəqabəti müharibənin viranə qoyduğu Əfqanıstana da yayıla bilər.

Rusiya Əfqanıstanın Tacikistanla şimal sərhədi boyunca dislokasiya  olunmuş 6 min nəfərlik motorlaşdırılmış diviziyasını gücləndirir. Bu, narkotiklər və üsyançı əhvali-ruhiyyənin Mərkəzi Asiyaya sızmasını önləmək cəhdləri ilə izah olunur.

Şayiələr dolaşır ki, Moskva “Taliban”a silah tədarükünə başlayıb. Rusiya son 15 ildə Əfqanıstana dəstək verib və ölkədə Qərb güclərinin varlığı barədə suallar verməyib. Lakin hər şeyə əsasən, vəziyyət dəyişilir.

Rusiya prezidentinin Əfqanıstan üzrə özəl təmsilçisi Zamir Kabulovun fevralda Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüşdə bildirdiyi kimi, “Rusiya İŞİD-in bölədəki varlığından narahatdır, prezident Putin daxil olmaqla Rusiya rəhbərliyi Əfqanıstan hökumətinin İŞİD-lə mübarizə üzrə səylərini alqışlayır”.

Kabulov bu yaxınlarda Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində təsdiq edib ki, ölkəsi və “Taliban” İŞİD-ə qarşı mübarizədə həmfikirdir və ABŞ-a nisbətdə eyni baxışları var.

"Anadolu" agentliyi noyabrın 15-də Kabulovun sözlərini sitat gətirir: “Bu iddia ilə razıyam ki, Amerikanın Əfqanıstan üzrə heç bir strategiyası yoxdur… Onların Əfqanıstanda olması yeganə məqsədlə izah olunur… Əfqanıstan Çin, Mərkəzi Asiya, İran, Rusiya və Pakistana nəzarət etmək üçün geopolitik baxımdan önəmli məkandır. Təbii ki, bu durum bizi narahat edir”.

 

“O gün artıq yaxındır”

 

“Taliban” rəhbərliyi keçmişdə Rusiya və İranla hər hansı münasibətin olduğunu inkar edib. Lakin taliblər indi beynəlxalq münasibətlərinin genişlənməsi ilə qürrələnirlər. “Taliban” təmsilçisi Zəbihulla Mücahid oktyabrda  Londonda çıxan “Əl-Şərq Əl-əvsət” qəzetinə müsahibədə bildirib: “Biz məqsədəuyğun və effektli bütün üsullardan istifadə edirik ki, Əfqanıstanda davam edən Amerika işğalından narahat olmuş bölgə ölkələri arasında ümumi mövqe yaradaq. Həm bizim, həm də bölgə ölkələrinin ümumi vəzifəsi var – ölkəmizi və bölgəni Amerika intriqalarından və şər niyyətlərdən xilas etmək”.

“Taliban”ın Kabildəki məşhur tərəfdarı eyham vurub ki, ola bilsin, qruplaşmanın Rusiya ilə əlaqələri Moskvanın İŞİD-in bölgədəki varlığından təşvişdən o yana keçir.

“Amerika öz siyasətini dəyişməyincə, müharibəyə son qoymayınca və Əfqanıstanda iştirak israrını kəsməyincə, Rusiya və Çin daxil olmaqla bölgə ölkələri “Taliban”ı ABŞ-ın səmadakı üstünlüyünü təhdid edən silahla təmin edə bilər. Düşünürəm ki, o gün artıq yaxındır”, – deyə kabilli məşhur siyasin şərhçi, hər şeyə əsasən, “Taliban” rəhbərliyi ilə sıx əlaqəsi olan Nəzər Məhəmməd Mutməin bu günlərdə açıqlayıb. Şərhçinin sözləri Qəbdəki Əfqanıstan diasporası üçün ABŞ-dan yayımlanan Payam-e-Afghan TV telekanalının efirində səslənib.

 

Yeni alyansların yaradılması

 

Gözlənildiyi kimi, ABŞ prezidenti seçilmiş Donald Tramp Rusiya ilə münasibətlərin qaydaya salınması ilə məşğul olacaq. Əfqanıstanda bəziləri hadisələrin bu cür inkişafında müsbət tərəflər görür və ümid edirlər ki, bu, bölgədə vasitəli müharibənin növbəti raundundan yayınmaq imkanı verəcək. Buna baxmayaraq, bölgədə dolayısı ilə Rusiya-Amerika müharibəsinin yayılma ehtimalı əvvəlkitək böyük hesab olunur.

Əfqanıstanın Ariana TV telekanalı hökumət başçısı Abdulla Abdullanın təmsilçisi Cavid Faysalın sözlətrini sitat gətirir: “Rusiya ilə ikitərəfli və çoxtərəfli münasibətlərimiz var və onların terrorçu qruplaşma ilə əlaqələri qəbuledilməzdir”.

Əfqanıstan üzrə dekabra planlaşdırılmış və Moskvada baş tutmalı olan beynəlxalq konfrans bir daha işarə edir ki, yeni alyansların yaradılması prosesi davam edir. “Rusiya, Çin və Pakistanın iştirakı ilə konfransın məqsədi nədir? Son Rusiya-Pakistan hərbi təliminin hədəfi nədən ibarət idi? Bütün bunlar göstərir ki, yeni alyansların yaradılması prosesi gedir. Oyun qaydaları dəyişir və bunun bədəlini əfqanlar ödəyir” – noyabrın 22-də Tolo TV telekanalında teledebatın gedişində siyasi şərhçi Tahir Yarqal bu cür baxış nöqtəsini ifadə edib.

 

“Əfqanıstanın düşmənləri”

 

Hər şeyə əsasən, Əfqanıstan sakinləri ümid edirlər ki, Rusiya 1980-ci illərdəki “səhvlərindən” yayınacaq. Əfqanıstan siyasi şərhçisi Aynuddin Bəy Tolo TV efirində deyib: "“Taliban”la əməkdaşlıq Rusiyanın keçmiş səhvlərinin təkrarı olacaq. Baxaq, görək, ruslar nə edəcək”.

Noyabrın 22-də "Taand" vebsaytında dərc edilmiş məqalədə deyilir: “Ruslar Əfqanıstanda Amerikaya üstün gəlmək istəyirlər, lakin əfqanların həyatı bahasına. Ölkəmiz dolayı müharibələrin hərbi əməliyyatlar səhnəsinə dönməyə yaxındır”.

Əfqanıstan parlamentinin yuxarı palatasının təmsilçisi Fəzl Hadi Müslimyar da ölkənin siyasi elitasının əksər təmsilçiləri kimi hadisələrin bu cür inkişafından narahatdır.

“Taliblər Əfqanıstanın düşmənidir və onlarla istənilən münasibət Əfqanıstan xalqı ilə düşmənlik münasibətinə bərabərdir”, – Müslimyarın bu sözlərini "Radio Azadi" noyabrın 22-də sitat gətirib.  

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə