XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2016 - 01:47

Sürpriz ziyarətin pərdəarxası:Çavuşoğlu İrana niyə gedib? - Təhlil

cavusoglu-ruhani

"Böyük regional güclər birlikdə hərəkət edərlərsə, İraq və Suriyadakı problemlər kənar xarici güclərə gərək qalmadan öz həllini tapar”.

Strateq.az xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani deyib.

İrana gözlənilmədən səfər edən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğluyla görüşü zamanı bu fikirləri dilə gətirən Ruhani regionda gərgin vəziyyətin yaşandığını da etiraf edib, “problemlərin həllində Tehranla Ankaranın əməkdaşlığının və məşvərətinin böyük fərq yarada biləcəyinə" inandığını bildirib.

Çavuşoğlu da öz növbəsində gözlənilməyən səfərinin məqsədi barədə danışaraq bildirib ki, “Ankara İraq və Suriya problemi başda olmaqla, iki ölkə arasındakı fikir ayrılıqlarını yüngülləşdirmək niyyətindədir”.

Qeyd edək ki, iki ölkə arasında ən ciddi fikir ayrılığı İraqla bağlıdır. Bu zamana qədər həmin ölkədə baş verən hadisələrə məzhəbçi nöqteyi-nəzərdən yanaşan tərəflər, başda Mosul olmaqla, işğal altındakı bölgələrin İŞİD-dən təmizlənməsində rol oynayacaq qüvvələrin müəyyənləşdirilməsində dəfələrlə qarşı-qarşıya gəlmişlər. ABŞ-ın və İraq hökumətinin Mosul əməliyyatından kənarlaşdırdığı rəsmi Ankara buna sərt reaksiya vermiş, İrana bağlı qüvvə hesab olunan Həşdi Şabi könüllü dəstələrinin xilasetmə prosesində iştirakına qarşı çıxmışdı.

Hətta Türkiyə prezidenti bununla bağlı açıqlamasında “Gələcəkləri varsa, görəcəkləri də vardır” deyərək, Həşdi Şabinin yer alacağı hərbi əməliyyata silah gücüylə cavab verəcəklərinə eyham vurmuşdu. Ankaranın bütün narazılıqlarına baxmayaraq, əməliyyatda Həşdi Şabi də yer aldı və o, hazırda Mosulun qərb cinahında ciddi döyüşlər aparır.

Türkiyə üçün ən xoşagəlməz hadisə isə bundan ibarətdir ki, 2 gün öncə İraq parlamenti sözügedən könüllü hərbi qüvvələrin statusu məsələsini müzakirəyə çıxartdı və onu ölkənin ikinci ordusu elan etdi. Məhz bu hadisənin ardından Çavuşoğlu da İrana sürpriz səfərə yollandı. Görünür, Həşdi Şabinin legitimləşdirilməsi Türkiyənin bu zamana qədər irəli sürdüyü son arqumentini də alt-üst etdiyindən, ölkə rəsmiləri yaranmış yeni situasiyaya uyğun siyasətlərini İranla birgə hazırlamağa qərar verıb.

Sual oluna bilər: İraq parlamentində keçirilən Həşdi Şabi müzakirələri qardaş ölkəni niyə bu qədər narahat edir?

Sözsüz ki, məsələ təkcə Türkiyə prezidentinin odlu-alovlu danışmasına baxmayaraq, qarşı çıxdığı prosesin önünü kəsə bilməməsi deyil. Dünya ictimaiyyəti bu zamanadək populist çıxışlarıyla gündəm yaratmaqdan xoşlanan cənab Ərdoğanın daha sonra asanlıqla ritorikasını dəyişdirdiyinin çox şahidi olub: o, ya bu barədə susmağa üstünlük verərək, dediklərini unutdurmağı bacarıb, ya da “dünya beşdən böyükdür” sözləriylə imperialist Qərb dünyasının haqsızlığından gileylənməklə vəzifəsini tamamlayıb. Yəqin ki, Həşdi Şabi hadisəsindən eyni metodlarla yayınmaq siyasət ustası olan R.T. Ərdoğan üçün o qədər çətin olmazdı.

Fəqət, Həşdi Şabinin legitimləşdirilməsi hadisəsinin Türkiyəni ciddi narahat edən başqa bir səbəbi var. Belə ki, məlumata görə, müzakirələrdə Türkiyənin regionda ən yaxın potensial müttəfiqi ola biləcək türkmən millət vəkilləri də Həşdi Şabinin lehinə səs veriblər. Təklifin əleyhinə gedənlər isə sünni fraksiyası və kürd millət vəkilləri olublar. Həmin qrupun boykot etdiyi səsvermədə kvorum alındığından, Həşdi Şabi artıq rəsmi ordu statusu alıb.

Həşdi Şabinin legitimləşməsi bir yana, Ankaranın bu zamana qədər yürütdüyü siyasət nəticəsində özünün uzantısı olan şiə türkmənləri İrana qapdırması və bunun əvəzində Şimali İraq kürdlərinin tərəfində dayanması isə perspektiv baxımından qardaş ölkənin dövlət mənafeyinə ziddir. Ən azı ona görə ki, bu gün çətin vəziyyətdə olduğu üçün Ankarayla yaxın münasibətlər quran Ərbilin sabah onunla üz-üzə gəlməyəcəyinə heç kim zəmanət verə bilməz. Zira, Şimali İraq kürd muxtariyyətinin son hədəfi müstəqillikdir və bunu Bərzani hökumətinin yetkililəri də zaman-zaman dilə gətirməkdən çəkinmirlər. Şimali İraqın müstəqilləşməsi isə “Böyük Kürdüstan” idealını digər coğrafiyalarda yaya, o cümlədən Türkiyədə yaşayan kürdləri də riqqətə gətirə, eyni addım atmağa həvəsləndirə bilər. Bu isə əliylə şir bəsləyənlərin özlərinin ət qurtarandan sonra yemə çevrilmək aqibətinə bənzəyir.

Üstəlik, strateji olaraq Türkiyənin də maraqlarına cavab verməyən bu inadlaşma regionun parçalanmasını və ya məhzəb müharibəsini körükləyir. Artıq Şimali İraqın ən çox türkmən yaşayan şəhərlərindən olan Tuzxurmatunun faktiki olaraq türklər və kürdlər arasında bölündüyü barədə xəbərlər yayılır. Məlumata görə, əhalisinin 70%-i türkmənlərdən təşəkkül tapan şəhərdə məhəllələr arasında belə, keçid məntəqələri qurulub, bir etnik qrupun yaşadığı məhəlləyə digər etnik qrupun üzvləri buraxılmır. Türkmən məhəllələrini İmam Hüseynin, kürd məhəllələrini isə Bərzaninin portretləri bəzəyir. Tuzxurmatu bu halıyla hər an parlamağa hazır barıt çəlləyini xatırladır.

Xatırladaq ki, bir ay bundan əvvəl həmin şəhərdə türkmənlərlə kürdlər arasında ciddi insidentlər yaşanmış, Həşdi Şabiyə qoşulan türkəsilli sakinlərlə peşmərgələr arasında döyüşlər başlamışdı. Zorla yatırılan bu döyüşlərin yenidən başlaması qığılcımın bütün regiona sıçramasına, xüsusilə Şimali İraqda kürd-türkmən ixtilafına yol aça bilər. Konfliktin böyüməsi isə Türkiyəni hansı tərəfi müdafiə etmək çətinliyi qarşısında qoyar.

Görünən budur ki, region dövlətlərinin ərazi bütünlüyü bütün hallarda Ankaranın mənafeyinə uyğun olduğundan, Türkiyə öz ənənəvi siyasətində redaktələr etməyə çalışır. Ölkənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Ruhaniylə görüşündə səsləndirdiyi fikirlər də bundan xəbər verir: "İraq və Suriyanın ərazi bütövlüyü və milli birliyinin qorunması həm İran və Türkiyənin, həm də regional sülh və sabitliyin xeyrinədir".

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə