XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2016 - 09:30

İŞİD-ə qarşı “bağlı qapı” taktikası:“Bütün “xilafətçi”lərə ÖLÜM!”

john

"İndiyədək Mosulun 25%-i xilas edilib, şəhərin nə zaman işğaldan tamamilə qurtarılacağı isə bilinmir".

Strateq.az xəbər verir ki, ABŞ liderliyindəki antı-İŞİD koalisiyasının sözçüsü Cohn Dorrian belə deyib.

Kürd televiziyası “Rudaw TV”-yə açıqlamasında Cohn Dorrian, bununla belə, İraq ordusunun Mosulda İŞİD-i dörd bir tərəfdən mühasirəyə aldığını, əməliyyatların plana uyğun şəkildə və uğurla getdiyini bildirib. O, xilasetmə əməliyyatının niyə bu qədər ləng getdiyinə də aydınlıq gətirib: “Təşkilat mənsublarının qaçış yolu yoxdur, mütləq sonları ölümdür. Təşkilat hərbi olaraq ciddi bir təzyiq altındadırlar”.

Başqa təbirlə desək, Mosul əməliyyatında İŞİD qüvvələrinə “açıq qapı” verilmədiyinə görə, onlar son ana qədər vuruşmağa məhkum olunublar, bu da şəhərin qısa müddət ərzində işğaldan azad olunmasının qarşısını alır.

Cohn Dorrianın səsləndirdiyi başqa fikirlər də həmin ehtimalı qüvvətləndirir: "Hazırkı döyüş şəraitinin Mosulun tamamilə nə zaman azad olunması mövzusuyla əlaqəsi yoxdur. Şəhərin neçə ayda və ya neçə gündə xilas olunacağını bilmirik. Əhəmiyyətli olan İŞİD-in püskürdülməsidir”.  

Sözçü koalisiya qüvvələrinin bu əməliyyatda əhəmiyyətli rol oynadıqlarını vurğulayaraq, indiyə qədər “xilafətçi”lərin başına 5 mindən artıq bomba yağdırıldığını da etiraf edib: "Bombardıman nəticəsində yüzlərlə təşkilat mənsubu öldürülüb”.

Qeyd edək ki, Mosul əməliyyatında “bağlı qapı” taktikasının həyata keçirilməsi Rusiyanın tələblərindən biridir. Suriyada İŞİD-ə qarşı mübarizə missiyasını boynuna götürən Moskva Mosul əməliyyatının ilk günlərində bəyanat verərək, prosesi 24 saat ərzində və ciddi şəkildə izlədiklərini bildirmiş, İŞİD-çilərin Mosuldan qaçmasına şərait yaradılmamasının vacibliyinə toxunmuşdu. Bundan sonra İraq gücləri şəhərin qərb cinahından da əməliyyatlara start vermiş, Mosul-Rakka yolu bağlanmışdı.

Moskvanın əndişəsi səbəbsiz deyildi. Əməliyyat şiddətləndikcə, Mosuldan “xilafət”in ikinci paytaxtı hesab olunan Rakkaya qaçan İŞİD-çilər ya burda gözlənilən əməliyyatı çətinləşdirə, ya da aradan çıxıb fərd-fərd başqa ölkələrə gedə, o cümlədən öz məmləkətlərinə qayıda bilərdilər. Bu isə nəticə etibarilə terror təhlükəsinin dünyanın başqa regionlarına transferi deməkdir.

İŞİD-çilərin bir mərkəzdən ətrafa yayıla biləcəkləri marşrutda yer alan ölkələrin başında isə Rusiya gəlir. Nədən ki, Rusiyadan bu təşkilata qoşulanların sayının 7 mindən artıq olduğu güman olunur və İŞİD-ın liderlərinin əksəriyyətini də Rusiya vətəndaşları təşkil edir. 20 min xarici legionerə öz strukturlarında yer verən təşkilat üçün bu rəqəm, sözsüz ki, az miqdar deyil və “mühacirlərin” geri qayıdışı Rusiyanı təcrübəli, itirəcəyi heç nə olmayan “canlı bombalarla” üz-üzə qoya bilər.

Görünür, “çibanı” kökündən çıxartmaq istəyən beynəlxalq birlik “bütün İŞİD-çilərə ölüm!” kimi olduqca çətin nəticələri olan hərbi taktikaya üstünlük veriblər. İnsafən, günahkara tövbə haqqı tanımayan bu cəza metodunun nə qədər ədalətli və uğurlu olması da terrorizmə hümanist yanaşmaqdan az mübahisəli deyil.

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə