XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2016 - 22:37

ABŞ-da “birinci ledi” olmaq əzabı:3 min kompromat, 200 minlik qab-qacaq və prezident xanımlarının narahat həyatı...

«Birinci ledi»lərin həyatı göründüyü qədər asan deyil. Hətta dünyanın super dövlətində belə, tənqid və ittiham edənlər, kompromat toplayıb şayiələr yayanlar mütləq olacaq.  

Yeni seçilmiş prezident Donald Trampın xanımı, ABŞ-ın yeni birinci xanımı Melaniya da bütün bunlardan yan qaça bilməyəcək.

Hücumlar artıq başlayıb. Bu yaxınlarda «American Music Award»ın təqdimat mərasimində 21 yaşlı amerikalı model Cidci Hadid məşhur parodiyası ilə Melaniya Trapmı pis vəziyyətə saldı. 

«Mən ərim Barak Obamanı, qızlarım Saşa və Maliyanı çox sevirəm» deməklə gənc model Melaniya Trampın məlum qalmaqallı çıxışına və bu çıxışın plagiat olmasına işarə vurdu. 

Ən aşağı reytinq

Melaniya Tramp

İddialara görə, seçkiöncəsi kampaniya zamanı xanım Tramp Mişel Obamanın çıxışındakı fikirləri təkrarlamış və buna görə uzun müddət sərt tənqidlərə tuş gəlmişdi.  

Statistika göstərir ki, amerikalılar «birinci ledi»lərinə heç vaxt bu qədər pis yanaşmayıb. Seçkidən qabaq «Gallup»un keçirdiyi sosioloji sorğu göstərdi ki, Melaniyanın reytinqi cəmi 28 faizdir. Halbuki potensial «birinci ledi»lərin reytinqi 50-dən aşağı olmurdu.

Düzdür, Melaniya özü də ənənəvi ledilərdən deyil. Özündən əvvəlkilərdən fərqli olaraq o nə ABŞ-da doğulub, nə də İngiltərədə. Melaniya əslən sosialist ölkəsi olan Yuqoslaviyadandır. 16 yaşında modelliyə başlayıb.

ABŞ-a gələndən iki il sonra Donald Trampla tanış olub. Aralarında 24 il yaş fərqi olsa da, Melaniya qısa zamanda milyarderlə sevgili olub. 2015-ci ildə isə onunla rəsmi nikaha girib.

Melaniya tez-tez qalmaqalların və şayiələrin mərkəzində olur. Amma o da inkarolunmazdır ki, bunaqədərki birinci xanımlar da ətrafdakılardan xeyli çəkməli olublar.

Mişel Obama

Amerikalıların mühafizəkar kəsimi Mişel Obamaya nifrət edirdi. Nə etməsindən asılı olmayaraq, irad üçün əsas tapırdılar. Məsələn, düzgün geyinmir, hər yerə «burnunu soxur» və s.

Piylənməyə qarşı proqramın təbliğinə başlayanda isə onu ağdərili amerikalıları acından öldürməyə çalışmaqda ittiham etmişdilər.

Aleks Cons adlı bir radio aparıcısı isə bir az da uzağa gedərək Mişel Obamanın əslində kişi olduğunu, sonradan cinsiyyətini dəyişdiyini iddia etmişdi. Aparıcı Mişelin qızlarının da ona qətiyyən oxşamadığını bildirmişdi.

Ərinin əvəzinə prezidentlik edən xanım…

Edit Ruzvelt

1919-cu ildə ABŞ prezidenti Vudro Vilson insult keçirəndən sonra Ağ Evdən köçur və xanımın Editin razılığı olmadan heç kimlə görüşmür. Nə vitse-prezident, nə də nazirlər onunla birbaşa təmas qura bilirdi. 

Vilsonun hansı məktubları və sənədləri oxuyacağına, eyni zamanda kimin mövqeyini dinləyəcəyinə də xanımı qərar verirdi. Bir çox tarixçilər hesab edir ki, xəstəlikdən sonrakı iki il ərzində ölkəni faktiki olaraq Edit idarə edib. 

Siyasi rəqiblərin Edit Vilsonu görməyə gözləri yox idi və hesab edirdilər ki, o, işlərə lazım olduğundan çox müdaxilə edir. 

ABŞ Senatında ona «Dəmir şahzadə» adını qoymuşdular. Maraqlıdır ki, Konstitusiyanın 19-cu maddəsinə (qadınlara səsvermə hüququnun verilməsi) düzəliş də məhz prezidentin işlərini Editin yürütdüyü vaxtda – 1920-ci ildə verilmişdi. Halbuki Vudro Vilson bu səlahiyyəti hər ştatın öz ixtiyarına verməyi düşünürdü.

Editə qədər ABŞ-da "birinci ledi"lərin işi çay servizlərinin seçilməsi, evin dizayn işlərinə baxmaq və Ağ Evə gələn qonaqları qarşılamaqdan ibarət idi.

Bu ənənəni pozmağa çalışan və siyasətə müdaxilə etməyə cəsarət edən dərhal özünə çoxsaylı düşmən qazanırdı.

 

Elenora Ruzvelt…

 

İkinci Dünya savaşı zamanı Birləşmiş Ştatlara rəhbərlik edən Franklin Ruzveltin xanımı Elenora Ruzvelt bütün ömrü boyu antisemitizm və irqçilik qanunları ilə mübarizə apardı. Bu qanunlar əsasən cənub ştatlarında hakim idi. Onun baxışları o dövr üçün həddən artıq müasir idi. 

Elenora Ruzvelti anti-Amerika faəliyyətində və kommunistlərə dəstək verməkdə ittiham edirdilər. Onun sionist razılaşmasında yer aldığını və kənar qüvvələrin əlaltısına çevrildiyini əks etdirən karikaturalar çəkirdilər.  

Federal Təhqiqatlar Bürosunda Elenora Ruzveltlə bağlı 3 min səhifəlik kompromat toplanmışdı.

 

1 səs, 2 prezident…

 

Hillari Klinton

Bill Klintonun prezidentliyindən sonra Ağ Evə gələn birinci ledi Hillari Klintonu da sevməyənlər az deyildi. Respublikaçılar onu da dövlət işlərinə həddən artıq müdaxilədə ittiham edirdilər.

Xanım Klinton ilk vaxtlardan ərinin siyasi faəliyyətində iştirak edirdi. Bill Klinton hələ seçkiöncəsi kampaniyada vəd vermişdi ki, qalib gələcəyi təqdirdə, Amerika eyni anda 2 prezidentə sahib olacaq.

Ağ Evə gələn kimi Hillari səhiyyə sahəsində islahatlara başladı. Söz verdi ki, tibb hər kəs üçün əlçatan olacaq. Onun bu təklifi cəmiyyətin bir hissəsində etirazla qarşılandı. Hətta onu təhdid edənlər də oldu. Nəticədə Hillari «bronejilet»lə gəzməli oldu.

Melaniya Tramp artıq elan edib ki, ənənəvi "birinci ledi" olmaq istəyir və siyasətə qarışmağı düşünmür. Amma bu tip "birinci ledi"lər də hamını qane etmir. Onları yüngül xasiyyətli olmaqda, pulları boş yerə xərcləməkdə ittiham edir və barələrində hər detala fikir verirlər.  

Nensi Reyqan

Bir vaxtlar Nensi Reyqan da oxşar vəziyyətlə üzləşmişdi. Onun əri Ronald Reyqanı «teflon prezident» adlandırırdılar. Çünki heç bir qalmaqal ona təsir etmirdi. Nensini isə «Yapışqan ledi» adlandırırdılar. Absurd olsa belə, istənilən ittiham onu illərlə təqib edirdi. 

Ronald Reyqanın bədxahları Nensinin təmtəraq və həddən artıq bahalı geyim sevgisindən danışırdılar. Bir dəfə Nensi Ağ Evə 200 min dollarlıq qab-qaşıq sifariş vermiş, media da bundan əməlli-başlı qalmaqal yaratmışdı.

Nensinin mütəmadi olaraq astroloqla məsləhətləşdiyi üzə çıxanda onu nəinki məsxərəyə qoydular, həmçinin məxfi məlumatları yaymaqda ittiham etdilər.

«Bəlkə astroloq hər şeyi Amerikanı sevməyən qüvvələrə ötürür», deyə söhbətlər çıxmağa başladı. İttihamlara cavab verməsi isə Nensini daha pis vəziyyətə saldı. Mətbuat onu aqressivlikdə ittiham etdi, hətta ona yeni ad da qoydular – «Ledi-əjdaha».

 

Utancaq və daş-qalaq olunan ledi

 

Prezident Riçard Niksonun xanımının hekayəsi daha kədərli idi. Pet Nikson ömrü boyu xəstəlik səviyyəsində utancaq olmuşdu və ictimaiyyətin diqqətindən qaçmağa çalışırdı. 

Ərinin siyasi karyerası onun həyatını cəhənnəmə çevirmişdi. Nikson kommunistlər və Amerika xalqının düşmənləri ilə mübarizə aparır, xanım isə uşaqları ilə evdə otururdu. 

Seçkiöncəsi kampaniya zamanı Pet əri ilə bütün Amerikanı və dünyanın yarısını dolaşmış, üzündə təbəssümlə Niksonun təşviqatını aparmışdı. 

Niksonun əleyhdarları nümayişlərdə Peti daş-qalaq edir, media isə onun hər addımının saxta olmasından yazırdı. Ona «Plastik Ped» adı qoymuşdular. Nikson isteafaya gedəndən sonra Pet hər küçədən keçəndə onun arxasınca tüpürürdülər.

Bütün bu xoşagəlməzliklərin müsbət tərəfi də var idi. Əleyhdarlar həmişə azlıqda olurdu. Məsələn, Eleonor Ruzveltə amerikalıların 68 faizi etimad göstərirdi. Nensi Reyqanın reytinqi 57 faizdən aşağı düşmürdü. 90-larda Hillari Klintonun tərəfdarlarının sayı 64 faizdən çox idi. Həmin vaxt Bill Klintonda isə bu rəqəm cəmi 55 faiz idi. 

Yəqin Melaniya Trampı da sevənlər tapılacaq. Ən azı Mişel Obamanı görməyə gözü olmayanlar…

Strateq.az
 




Yuxarı Əvvələ Ana Səhifə