XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

01 Dekabr 2016 - 14:02

Nazirə müxalif olan müavin- Putin 34 yaşlı Oreşkini niyə nazir təyin etdi?

Ulyukayevin qəfil və müammalı həbsindən sonra Rusiyada iki həftədir boş qalan iqtisadi inkişaf naziri postunu kimin tutacağı məlum oldu. Prezident Vladimir Putin rüşvət ittihamı ilə həbs edilən keçmiş nazir Aleksey Ulyukayevin yerinə maliyyə nazirinin müavini Maksim Oreşkini təyin etdi.

34 yaşlı Oreşkin bu təyinatla Rusiya hökumətində təmsil olunan ən gənc nazir statusunu da qazandı. Onunla eyni yaşda  daha bir nazir var – Nikolay Nikiforov. Lakin Oreşkin ondan bir ay kiçikdir.  

Vaxtilə Rusiya Mərkəzi Bankında işləyən Maksim Oreşkinin əsas hədəfi iqtisadiyyatın inkişafını əngəlləyən sədləri aradan qaldırmaqdır. Hökumətin bugünkü geniştərkibli iclasına o, artıq nazir statusu ilə qatılacaq.

Oreşkin kimdir?

Maksim Oreşkin maliyyə nazirinin müavini postunu 2015-ci ilin martından tuturdu. Ondan əvvəl isə Maliyyə Nazirliyinin Strateji Planlama Departamentinin direktoru olmuşdu. 

Hökumətdə təmsil olunmazdan əvvəl 7 il müxtəlif maliyyə strukturlarında çalışmışdı – «Rosbank», «VTB Kapital» v s.

Vladimir Putinlə görüşdə Maksim Oreşkin rəhbərlik edəcəyi nazirliyin qarşıdakı il üçün hədəflərindən danışdı. Bildirdi ki, gələn il nazirlik iqtisadiyyatın inkişafı üçün təsirli tədbirlər görəcək.

Putinlə Oreşkinin görüşü

 «Ən pisi geridə qalıb. Lakin inkişaf tempi təbii ki, qaneedici deiyl. Ona görə də 2017-ci il üçün başlıca hədəflər açar tədbirlərin görülməsidir. Bu tədbirlər ölkə iqtisadiyyatının inkişafının qarşısını alan baryerləri aradan qaldırmağa imkan verəcək», deyə Oreşkin Putinlə görüşündə bildirmişdi.

Putinin cavabı isə belə olmuşdu: «Maksim Stanislavoviç, kifayət qədər gəncsiniz. Lakin sizə gənc mütəxəssis demək olmaz. Savadlı, yetkin və təcrübəlisiniz. Sizə uğurlar arzulayıram».

Həbsindən təxminən bir ay əvvəl keçmiş nazir Ulyukayev də əsas hədəflərini müəyyənləşdirmişdi – Rusiya vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi. 

Mübahisələr və toqquşan mövqelər 

Məlum həbsdən iki ay əvvəl isə gənc Oreşkinlə nazir Ulyukayev arasında neftin qiyməti və ölkəyə mümkün təsirləri ilə bağlı üstüörtülü mübahisə yaranmışdı. Oreşkin həmçinin «Rosneft»in özəlləşdirilməsi təşəbbüsünü aktiv şəkildə dəstəkləyənlərdən idi. Halbuki Ulyukayev buna qarşı çıxırdı.

Ulyukayev «Rosneft»in başqa bir dövlət neft şirkəti olan «Başneft»in səhmlərini almasının əleyhinə idi. O, hökumətə bu məsələni başqa variantlarla həll etməyi təklif etmişdi.

Ulyukayev hesab edirdi ki, «Rosneft»i «Başneft»in özəlləşdirilməsi prosesinə yaxın buraxmamaq üçün müxtəlif üsullar var. 

"Başneft"in özəlləşdirilməsi hökumət üçün nəhəng sazişə imza atmaq idi. Şirkətin kapitalında dövlət payı 315 milyard rubla yaxın idi ki, bu da Rusiya büdcəsi üçün kifayət qədər böyük məbləğ deməkdir.

Həmin vaxt Putin etiraf etmişdi ki, hökumətin "Başneft"in özəlləşdirilməsi ilə bağlı mövqeyindən təəccüblənib. Bu, həm də onun prosesə qarşı çıxan Ulyukayevə dolayı etirazı idi.

Bütün bu mübahisələrə görə Rusiya hökuməti bu ilin avqust ayında «Başneft»in özəlləşdirilməsini təxirə salmışdı. Lakin sentyabrın 30-dan proses yenidən bərpa olunmağa başladı. 

Okytabrın 10-da isə baş nazir Dmitri Medvedev «Başneft»in səhmlərinin 50,08 faizinin satışı ilə bağlı xüsusi sərəncam imzaladı. İlin sonuna qədər də «Rosneft»in özünün dövlət səhmləri özəlləşdiriləcəyi elan olundu.

Beləliklə, «Rosneft» məsələsində Ulyukayevlə Oreşkinin mövqeləri toqquşurdu. Hökuməti qane edənsə Ulyukayevin yox, gənc nazir müavininin tutduğu mövqe idi.

Oreşkin bu ilin avqustunda açıqlama vermişdi ki, əgər dövlət səhmlərini satmaq mümkün olmasa, Ehtiyat Fondu sürətlə «əriyəcək».

Daha bir maraqlı məqam və müamma ondan ibarətdir ki, Ulyukayev məhz «Rosneft»dən 2 milyon dollar rüşvət almaqda ittiham olunur. İddiaya görə, o, bu pulu «Başneft» şirkətinin dövlət səhmlərini (50 faizini) ala bilmək üçün «Rosneft»ə müsbət rəy verməsi müqabilində alıb. 

Aleksey Ulyukayev

Müəmma və açıq qalan suallar…

«Rosneft»lə bağlı bütün işlər hökumət səviyyəsində və ölkənin birinci şəxsinin də razılığı əsasında yekunlaşandan sonra şirkət Ulyukayevə niyə rüşvət verməli idi? Yaxud keçmiş nazir Putinin yaxın adamı İqor Seçindən necə hədə yolu ilə rüşvət ala bilərdi?

Başqa bir məqam – Ulyukayev sistemin korrupsiyalaşmasına qarşı çıxır və bununla mübarizə aparmaq üçün konkret təkliflər verirdi. Belə olan halda korrupsiyaya bulaşmağa necə risk edə bilərdi?  Özü də qalmaqallı «Rosneft» işi üzrə…  

Bu suallar ətrafında yerli ekspertlər də baş sandırır. Ulyukayevin həbsini maraqlı tərəflərin «Rosneft»in hər «tikəsi» uğrunda savaşının tərkib hissəsi kimi qiymətləndirənlər də var, ABŞ-da respublikaçı Donald Trampın qələbəsindən sonra bu vaxta qədər Rusiyada əsasən demokratların «qanadı» altında mövcud olan liberalların şəbəkəsinin sıradan çıxırılması kimi görənlər də.

Suallar az deyil və onların çoxu hələ ki açıq qalıb. Görünən isə odur ki, Putini hökumətin təşəbbüslərinə qarşı çıxan Ulyukayevdənsə, prinsipial məsələlərdə rəhbər şəxslərin mövqeyini bölüşən Oreşkin qane edir… 

Strateq.az