XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2016 - 15:52

17 min adadan ibarət ölkənin səfiri:"7 ayda Prezidentinizlə 6 dəfə görüşmüşəm..." - MÜSAHİBƏ

indoneziya-sefir-2

İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani Strateq.az saytına maraqlı müsahibə verib. O, hazırda İslam dünyasında baş verən proseslərdən tutmuş, İndoneziya-Azərbaycan əlaqələrinin gücləndirilməsi üçün hansı addımların atılmasının zəruriliyinədək bir çox məsələlərdən danışıb:

 

– Cənab səfir, hazırda müsəlman dünyasında xoşagəlməz proseslər baş verir: Suriyada vətəndaş müharibəsi, Yəməndə daxili toqquşmalar, İranla Fars körfəzi ölkələrində mübahisələr, İŞİD… Sanki, müsəlman dünyasının böyük bir hissəsi xaosun qurbanı seçilib. Bu, bütün dünya müsəlmanlarını ciddi narahat edir. Müsəlman ölkəsi olan İndoneziyanın təmsilçisi kimi, Sizin baş verənlərlə bağlı dəyərləndirmənizi eşitmək maraqlı olardı.

– İlk olaraq İndoneziyanın perespektivləri barədə məlumat vermək istəyirəm. Bildiyiniz kimi, İndoneziya əhalisinin sayı 270 milyondur. Adalar qrupundan ibarət olsa da, ən böyük müsəlman ölkəsidir. İndoneziyanın şərqindən qərbinə qədər olan məsafə İraqdan İrlandiyaya qədər olan məsafəni əhatə edir. Və yaxud,  Bakıdan Londona qədər olan məsafədir. 270 milyon əhalinin 80 faizindən çoxu müsəlmandır.

İndoneziya etnik çoxluğa və multikulturalizmə malik bir ölkədir. Bizdə olan İslam dini bir qədər fərqlidir. Bizim ölkədə müxtəlif dinlər və onun nümayəndələri var. Buna baxmayaraq, onlar  qüdrətli bir İslam dini olan ölkədə yaşaya bilirlər.

Səudiyyə Ərəbistanı, Oman, Suriya, İraq, İordaniya, Fələstin, Yəmən, Misir birləşərsə, böyük və qüvvətli bir müsəlman ölkəsinə çevrilə bilər. Həm də bizim ölkənin əhalisi onların əhalisinin sayından çoxdur.

Sualınızın cavabına gəldikdəsə, deyərdim ki, qeyd etdiyiniz İŞİD və digər münaqişələrdə əsas problem din deyil. Bu, orada olan xırda, müxtəlif tayfaların, etnik qrupların problemidir. Çünki İŞİD özü hansısa qüvvələr tərəfindən təşkil olunmuş bir qrupdur. Səudiyyə Ərəbistanı ilə Yəməni götürsək, ikisi də müsəlman ölkəsidir və əvvəllər aralarında hər hansı münaqişə baş verməyib. Hazırda bu iki ölkə arasında münaqişə mövcuddur. ABŞ Səudiyyə Ərəbistanına kömək edir…

– Səudiyyə Ərəbistanı da Yəmənə İranın kömək etdiyini bəyan edir…

– Doğrudur, İraqı götürsək, bu ölkədə də həmin situasiyaydı, orada müxtəlif qüvvələr var idi. Suriyadakı hazırkı durum bəllidir, burada müxtəlif qüvvələr özünü göstərir. Rusiya, İsrail, ABŞ, Səudiyyə Ərəbistanı – bu dövlətlərin hər biri istəyir ki, Suriya müharibəsində qalib gəlsinlər və nəticədə aralarında münaqişə baş verir. Qarşıdurmanın nəticəsi olaraq, Sudan iki yerə bölünüb. Liviya da işğal olunmuş bir ölkədir. Söhbət dindən gedirsə, din olan ölkələrdə sülh şəraiti höküm sürər. Amma bu baş verənlərin dinlə əlaqəsi yoxdu.

– Etiraf edək ki, müharibə və münaqişə olan ölkələrdə baş verənlərdə kənar qüvvələrin əli var…

– Bəli, xarici qüvvələrin təsiri əsas səbəblərdən biridir. Suriya və digər müsəlman ölkələrində neftlə zəngin yataqlar var ki, bu da bir çox ölkələrin diqqətini cəlb edir. Azərbaycanın tarixinə nəzər yetirsək, görərik ki, Böyük Vətən Müharibəsində Hitler də Azərbaycanı işğal etmək istəyib. Müstəqillik qazanandan sonra Azərbaycan qüdrətli dövlətə çevrildi. Beynəlxalq tədbirlərdə İndoneizya hər zaman Azərbaycana dəstək verir, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bildirir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağı olub və tezliklə Qarabağ Azərbaycana qaytarılmalıdır.

– Qarabağdan söz düşmüşkən, Azərbaycanda hər zaman qeyd edirlər ki, müsəlman dünyası, müsəlman ölkələri münaqişənin nizamlanmasında Bakıya daha çox dəstək verməlidir. Bu məsələ ilə bağlı İslam ölkələrinin mövqeyini necə qiymətləndirirsiniz?

– Bütün bunlar Azərbaycandan asılı məsələdir. 1991-ci ildə azadlıq əldə edən Azərbaycan digər müsəlman ölkələri ilə sıx əlaqədə ola bilər. Bura İslam Konfransı Təşkilatı dövlətləri də daxildir. Belə baxanda, həmin müsəlman ölkələrinin də özünün problemləri var. Amma Azərbaycan İslam Konfransı Təşkilatına üzv olan ölkələrlə həm yaxın əməkdaşlıq, həm yaxın dostluq edə bilər, eyni zamanda problemlərin çözülməsində rolu olar.

– İslam ölkələrinin əməkdaşlıq, həmrəylik səylərini necə qiymətləndirmək olar? İslam Konfransı Təşkilatı fəaldır. Ancaq dünyada baş verən hadisələrə, İslam aləmindəki proseslərə müsəlman ölkələri adekvat reaksiya verə bilmir…

– Çünki həmin təşkilata daxil olan ölkələrin hər birinin öz problemi var. İordaniyanın İsraillə, Fələstinin İsraillə və ya Türkiyəni götürsək, Ərdoğanın Gülənlə problemi var… Yəni bəzi ölkələrin xarici, bəzisinin də daxili problemləri mövcuddur. Bircə problemi olmayan müsəlman ölkəsi Azərbaycandır.

– Bu təşkilata daxil olan ölkələrin problemləri olduğunu deyirsiniz və İKT-nin heç bir işə yaramadığı aydın olur. Belə fəaliyyət göstərən təşkilatın özünü buraxmasına bəlkə ehtiyac var?

– Bu təşkilatın yaranmasında əsas məqsəd o idi ki, müsəlman olub, amma azad olmayan ölkələrə yardım etsin. Azərbaycan da daxil olmaqla Orta Asiya dövlətləri SSRİ-nin daxilindəydi. SSRİ dağıldıqdan sonra Xəzər dənizi ətrafında olan ölkələr müstəqillik qazandı. Azərbaycanın müstəqilliyini tanıyan ilk müsəlman ölkələrdən biri İndoneziya idi. İndoneziya da İKT çərçivəsində onun müstəqilliyini tanıyıb. Çeçenistanı götürsək, müsəlman ölkəsi olsa da, Rusiyanın tərkibindədir. Biz də Çeçenistanın müstəqil dövlət olmasını arzu edirik. Məsələn, İndoneziyanın İranla və Türkiyə ilə olan münasibətləri Azərbaycanla olan münasibətlərindən əvvəl yaranıb. İndoneziyadan Türkiyəyə, İrana birbaşa uçuşlar var. İndoneziya əhalisi Türkiyə, İran haqda  geniş məlumata malikdir. Buna görə də, bu ölkələrə tez-tez səfər edirlər. Amma indoneziyalıların çoxu Azərbaycan haqqında elə də geniş məlumata malik deyillər. Burada da İndoneziya barədə ictimaiyyətdə geniş məlumat yoxdur. Hazırda çalışıram ki, ölkəniz haqqında məlumatı İndoneziyada təbliğ edim ki, daha da geniş əlaqələrimiz yaransın. Allaha şükür edirəm ki, Azərbaycana İndoneziyanın səfiri təyin olunmuşam. Çünki Azərbaycan çox gözəl, sülhsevər, sakit bir ölkədir. İnsanlarınız qonaqpərvər, mehribandır.

– Bir-birimizi tanıtmaq üçün nə etmək lazımdır? İndoneziya da digər Asiya ölkələri kimi turizm inkişafında öndə gedən ölkələr sırasındadır. Bu sahəylə bağlı Azərbaycana hansı tövsiyələri verərdiniz? Məsələn, turizmi inkişaf etdirmək üçün ilk növbədə nə etmək lazımdır?

– Azərbaycanın zəngin tarixi var. Burada çoxlu məlumatlar əldə etmək və həmin o tarixi məlumatların dünyada təbliğini təşkil etmək olar. Bura gələndə Azərbaycanın qədim ölkə olduğunu öyrəndim. Yuxarıda dediyim kimi, İndoneziya böyük bir ölkədir – 17 min adadan ibarətdir. Hər bir adanın da özünəməxsus gözəlliyi var. Azərbaycan bir neçə ölkəylə sərhəd olduğu halda, İndoneziya 13 dövlətlə həmsərhəddir. Azərbaycan qədim ölkə olmaqla bərabər, rəvayətlərə görə, Nuh peyğəmbərin gəmisinin qalıqları ölkənizin ərazisindədir. Nuh peyğəmbərin gəmisi daşqına məruz qalmış, dəniz suyunun qalıqlarından Xəzər dənizi meydana gəlib. Xəzər dünyada ən böyük göl hesab olunur.

Xalqların müxtəlif köklərinə nəzər salsaq, azərbaycanlılar və qonşu ölkələrdə olan xalqlar qafqazlılar hesab olunur. Bu Qafqaz kökənlilər də türk qrupuna daxildir. Bu kökdən latışıar və digər xalqlar var ki, həmin qrupda olan rusların, almanların, azərbaycanlıların köklərinə gətirib çıxardır. Bu isə eyni kökdən olmaq deməkdir.

Eyni zamanda Azərbaycan zərdüştilik dininin yarandığı bir ölkədir. Bu səbəbdən Azərbaycan Odlar Yurdu adlanır. Azərbaycan barədə geniş məlumatım var.

Turizmə gəlincə, Azərbaycanın turistlər üçün geniş məkana çevriləcəyinə əminəm. Fikir verin, günə 2 min indoneziyalı Ümrə ziyarətinə gedir. Bu da ilə 7 milyon rəqəm edir. Çox arzu edərdim ki, o Ümrə ziyarətinə gedən indoneziyalılar bu ziyarətdən sonra Azərbaycana səfər etsin, buranı görsünlər. Ölkəniz qədim tarixi yerlərə malikdir. Şirvanşahlar Sarayını, Qız Qalasını görə bilərlər. Azərbaycan klassik şair və yazıçıları ilə məşhurdur. Bakuvi İndoneizyada məşhurdur və ya Nizami Gəncəvinin Gəncədəki məqbərsini ziyarət edə bilərlər. Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərini uşaqlıqdan oxumuşam. Bundan əlavə, ölkənizin görməli, gəzməli yerləri də çoxdur. İndoneziya ekvatorun zümrüdü, Azərbaycan Xəzərin mirvarisi hesab olunur.

– İndoneziya dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Çox keşməkeşli tarixə malikdir və bir neçə dəfə siyasi transformasiydan uğurla keçə bilib. Hazırda Azərbaycanda da iqtisadi islahatlara start verilib. Azərbaycan neftdən asılılğı azaltmağa çalışır. Azərbaycan hökuməti ilə bu sahədə əməkdaşlıq edirsinizmi?

– İndoneziya İtaliyadan sonra ikinci ölkədir ki, Azərbaycandan böyük miqdarda neft alır – 2015-ci ilin sonu, 2016-cı ilin əvvəli üçün 3 milyard dollar dəyərində neft alıb. Digər sahələrdə İndoneziya Azərbaycandan böyük miqdarda mal almır. Azərbaycan isə bizdən 32 milyonluq mal alır. İndoneziyada iqtisadiyyatın inkişaf etmiş sahələri çoxdur. Məsələn, xam palma yağı, "Toyota" avtomobilinin hissələri, təkərləri, bir çox texniki avadanlıqları, "Samsung", "Panasonic", "LG" mobil telefonları, geyimlər, ayaqqabılar, ərzaq, içkilər və s. İndoneziyada istehsal olunur. Mebel sənayesində – mebellərdə, parket döşəmələrdə, otellərdə istifadə olunan formacıqlar da təmiz ağacdan istifadə olunur. Amma Azərbaycan İndoneziyadan almaq istəmir, belə məhsulları baha qiymətə Rusiyadan, Türkiyədən, Avropadan alır.

– Dediklərinizdən belə qənaətə gəlmək olar ki, ölkələrimiz arasında iqtisadi əlaqələr elə də yüksək səviyyədə deyil…

– Bəli, bu sahədə əlaqələrimiz yüksək səviyyədə deyil. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olmuşuq. 10 ildir ki, əlaqələrimiz formalaşıb. Hər iki ölkədə səfirliklərimiz fəaliyyət göstərir.

– Səfirliklər nə üçündür bəs? Səfirlər təyin olnur ki, ölkələr arasında əlaqələrin daha da inkişaf etməsinə vasitəçi olsun, müxtəlif görüşlər keçirsin…

– 6 ildir səfrilik fəaliyyət gösətirir. Amma Azərbaycan hökuməti tamamilə müxtəlif iqtisadiyyata malik olan ölkələri seçir. Nefti götürsək, bayaq qeyd etdiyim kimi, Azərbaycandan böyük miqdarda neft alırıq, baxmayaraq ki, İndoneziyanın özünün nefti var. Bəs Azərbaycan İndoneziyadan nə alır?  

Məsələn, viza məsələsinə toxunaq. Azərbaycan vətəndaşları üçün 30 günlük vizasız rejim tətbiq olunub. Amma İndoneziya vətəndaşları bura gəlmək üçün vizaya pul ödəməli olurlar. Həmin məbləğ də Avropa ölkələrinə getmək üçün ödənilən viza məbləğindən baha başa gəlir.  Belə olan halda indoneziyalılar bura necə gəlsin, necə ticari əlaqələr qursun? 7 aydır buradayam və bu 7 ay ərzində ölkə başçısı ilə 6 dəfə görüşüm olub. Turizm və mədəniyyət naziri ilə də görüşmüşəm. Bu məsələlər ətrafında müzakirələr aparmışıq. Hər zaman olduğu kimi, bu işlərdə söz verilir, icra olunacağı qeyd olunur… Sonuncu vədləri o olub ki,  2017-ci ilin əvvələrindən İndoneziya vətəndaşları bura gəlmək üçün vizasız rejimdən istifadə edə biləcəklər.

– Burada İndoneziya şirkətləri fəaliyyət göstərirmi?

– Azərbaycanda ticarət sahəsində müəyyən limitlər, sərhdlər var. Hər bir şirkətin ticarət etdiyi müəyyən bir sahə fəaliyyət göstərir. Bunlar xalqa məxsus deyil. Amma İndoneziyada ticarət xalqın əlindədir, xalqa məxsusdur. Biz biznesmenlər, iş adamları ilə birbaşa əlaqə saxlaya bilirik. Burada kiminləsə görüşmək istəsən, gərək ona-buna müraciət edəsən, onunla və ya kiminləsə görüşəsən. Amma bizdə bir qədər fərqlidir. Hazırda görürəm ki, Azərbaycan da qapılarını açmağa başlayır. Oktyabr ayında İndoneziyada ticarət sərgisi təşkil olunmuşdu. 15 nəfərdən ibarət iş adamı ölkəmizə səfər etmişdi.

– Azərbaycanı bu qədər sevən, 7 aydır burada olan Hüsnan Bəy Fanani bölgələrimizdə səfərdə oldumu?

– Şəki, Qəbələ, Quba, Şahdağda olmuşam. Qarşıda 3 il vaxt var. Umid edirəm ki, Azərbaycanın bütün bölgələrini gəzə biləcəyəm. Çünki bütün Azərbaycanı gəzmək niyyətindəyəm. Azərbaycanın ərazisi İndoneziyadakı Yava adasının ərazisi qədərdir.

– Sizi çox pozitiv, şən bir insansınız. İndoneziyalıların hamısı bu ruhdadır?

– Biz indoneziyalıların, burdakı kimi, qışda soyuq, yayda isti fəsli olmur. İndi bizdə yağışlar mövsümüdür.  Buna baxmayaraq, səmada günəş parıldayır, ondan sonra göyqurşağını görmək mümkündür. İndoneziyalılar hər zaman gülür, üzlərində təbəssüm olur.

– Pianoda ifa edirsiniz, rəqs bacarığınız var, zümzüməniz də öz yerində, rəssamlıq qabiliyyətiniz də həmçinin. İncəsənətin daha hansı növlərinə qadirsiniz?

– Əgər danışsam, özümü tərifləmək kimi çıxar. Tanrı da mənə qəzəblənər. Hekayələr və şeirlər kitabım var. Onu Azərbaycan dilində tərcümə etdirməyə hazırlaşıram. Gənc yaşlarımda atiletik idman növüylə, üzgüçülüklə məşğul olmuşam.

– Sənət eşqiylə aşıb-daşan bu insan necə oldu siyasət aləminə baş vurdu?

– Siyasətin ədəbi dünyası olmasa, tez quruyar, biz tez məhv olarıq. Əgər mədəniyyət, ədəbiyyat siyasətsiz olsa, inkişaf edə bilməz. Xatırladm ki, mən həm də İndoneziya parlamentinin üzvü olmuşam.

 

Laçın SƏMLA

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə