Heydər Oğuz: “Azərbaycan ABŞ səfirliyinə diplomatik öhdəliklərini xatırlatmalıdır”
ABŞ Konqresinin Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan bir hesabat günlərlə gündəmdən düşməyə bilər. Hesabatda 2006-cı ildən etibarən ABŞ-ın bir sıra səfirlik və konsulluqlarında İran əleyhinə casusluq fəaliyyətiylə məşğul olan şöbələrin yaradıldığı etiraf olunub. Maraqlıdır ki, ölkənin Azərbaycan səfirliyi də adı çəkilən təmsilçiliklər sırasındadır.
Strateq.az-ın verdiyi xəbərə görə, bu məlumat həmin hesabatın İranla bağlı paraqrafında yer alıb. Məlumata əsasən, rəsmi şəkildə yaradılan bu cür şöbələr Azərbaycandakı səfirlikdən başqa, ABŞ-ın İstanbul, London, Frankfurt və Aşqabat konsulluqlarında da fəaliyyət göstərir. Şöbənin məqsədi xaricdə yaşayan iranlıları izləmək, onların ölkələrindəki demokratikləşmə prosesinə cəlb olunmasını təmin etməkdir. ABŞ bu məqsədlə adı çəkilən təmsilçiliklərində farsca bilən diplomatlarını xeyli artırıb.
Xəbəri şərh edən Ədalət Partiyasının sədr müavini Heydər Oğuza görə, hesabatdakı məlumatlar ABŞ səfirliklərinin üçüncü dövlət əleyhinə casusluq fəaliyyətiylə məşğul olmasının ən yaxşı dəlil-sübutudur: “ABŞ səfirliklərinin diplomatik fəaliyyətdən kənar işlərlə məşğul olması bundan əvvəl də ortaya çıxmış və qlobal qalmaqala səbəb olmuşdu. Xatırlayırsınızsa, ötən ilin sonlarında Rusiyaya sığınan Amerika Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Snouden dünya media qurumlarına çox önəmli açıqlamalar vermiş, bir çox sirrlərin üstünü açmışdı. Onun etiraflarına görə, ABŞ, demək olar ki, bütün dünya dövlətlərinin liderlərindən tutmuş özəl şirkətlərinə qədər, ictimai çəkisi olan hər kəsi dinləyirmiş. Dinləmə prosesi yalnız adi danışıqlarla kifayətlənmir, hədəf seçilənlərin sosial şəbəkələrdəki fəaliyyəti, internet üzərindən məxfi yazışmaları belə, izlənilirmiş”.
ABŞ-ın İranda səfirliyinin olmamasını xatırladan Ədalət yetkilisinin firkrincə, görünür, super güc qonşu dövləti bu cür dolayı yolla izləmək məcburiyyətində qalıb: “Fəqət bu metod beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, həm də ölkəmizin ərazisindən üçüncü dövlətin əleyhinə yararlanmaq cəhdidir. Bizi yaxın qonşumuzla üz-üzə qoya biləcək bu fəaliyyətin isə Azərbaycana zərrə qədər xeyri yoxdur. Kimsə nəsə əldə edəcək deyə, ölkəmizin coğrafi mövqeyindən istifadəyə izn verilməməlidir”.
“Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ səfirini görüşə dəvət edib ona diplomatik fəaliyyətin qaydalarını xatırlatmalıdır”-deyən analitik əslində İrana qarşı hansısa məxfi məlumat toplamaq məsələsində başqa ölkələrlə əməkdaşlığa da pis baxmadığını gizlətmədi: “Məsələ İran əleyhinə məlumat toplamaq deyil. Hər bir dövlətin öz təhlükəsizliyini qorumaq məqsədilə bu cür fəaliyyətə ehtiyacı var və bu ehtiyac bəzən başqa dövlətlərlə əməkdaşlığı tələb edir. Amma Azərbaycan ərazisindən İrana qarşı istifadə olunacaqsa, bu, bizim milli maraqlarımız çərçivəsində olmalıdır. Hesabatdan isə belə anlaşılır ki, məlum casusluq fəaliyyəti Azərbaycan dövlətinin iradəsi xaricində aparılır və ona “İranın demokratikləşməsinə yönəlik səy” donu geyindirilir. Əgər bu xəfiyyə fəaliyyəti bizim əleyhimizə deyilsə, niyə MTN-in binasında bizimlə bərabər yox, ABŞ səfirliyinin binasında gizli şəkildə yürüdülür?”
ABŞ-ın geoplotik oyunlarda tez-tez mövqe dəyişdiyini bildirən Heydər Oğuz bunun ən bariz nümunəsinin elə İranla bağlı siyasətində özünü büruzə verdiyini düşünür: “Bir müddət əvvələ qədər Yaxın Şərqdə yerləşən dövlətlərin hamısı rəsmi Vaşınqtonun İrana qarşı düşmən mövqeyi tutduğu arqumentinə əsaslanıb, müəyyən addımlar atırdı. Daha sonra bütün bu fəaliyyətlərin İranın işinə yaradığı, onun bölgədə təsir gücünü artırdığı məlum oldu. ABŞ-ın Yaxın Şərq məsələsində birdən-birə İranla əməkdaşlığa getməsi onlar üçün əsl sürprizə çevrildi və ciddi narahatlıq yaratdı”.
Sabah eyni prosesin bizdə də təkrarlana biləcəyindən ehtiyatlanan Heydər Oğuz Azərbaycan siyasi iradəsini ayıq olmağa çağırdı. Onun sözlərinə görə, 2006-cı ildən indiyə qədər bu məlumatın məxfi saxlanması və birdən-birə rəsmi hesabata salınması təsadüfi olmaya bilər: “Bu addım iki ehtimalla atıla bilər: ya keçmiş agent Snouden Rusiyanın əlinə keçəndən sonra keçmiş məxfi məlumatlar öz gizliliyini itirib və onların etirafında heç bir problem görülmür; ya da ABŞ-ın ölkəmizdəki səfirliyində yaradılan bu şöbə əslində İrana qarşı yox, onunla birlikdə bizim əleyhimizə də fəaliyyət göstərir və iz azdırmaq üçün bu məlumat, guya, ictimaiyyətə sızdırılır. İlk ehtimal doğrudursa, bu şöbə yaxın günlərdə fəaliyyətini dayandırdığını elan edəcək. İkinci ehtimal doğrudursa, şöbənin təmasda olduğu bütün İran vətəndaşları nəzarət altına alınmalı və onların fəaliyyəti izlənməlidir”.
Analitik şəxsən ikinci ehtimalı daha inandırıcı hesab edir: “ABŞ-ın Yaxın Şərq ölkələrindəki fəaliyyətinə nəzər salanda, onun dövlətçilik ənənlərindən uzaq, dini status daşıyan diktatorlarla əməkdaşlıq etdiyini görürük. Səudiyyə kralına, BƏƏ əmirlərinə yaşıl işıq yandıran super güc, nədənsə, eyni məhəbbəti dünyəvi diktatorlardan əsirgədi. Misir prezidenti Hüsnü Mübarəkin, İraqın dövlət başçısı Səddam Hüseynin qurban olaraq seçilməsi bu mənada təsadüfi deyildi. Eyni şəkildə Bəşər Əsəd rejimininin hədəfə alınması həmçinin… Dəfələrlə yazılarımda qeyd etdiyim kimi, ABŞ-ın İslam coğrafiyasında başlıca məqsədi məhzəb savaşları törətmək və ölkələri çarəsiz duruma salmaq, öz mərhəmətindən asılı vəziyyətə salmaqdır. Bunun üçünsə həmin ölkələrin siyasi xarakterinin dəyişilməsi, məzhəbçilik donuna bürünmələri tələb olunur. Bu mənada, dünyəviliyiylə tanınan Azərbaycan siyasi hakimiyyəti yox, dini görüşlü İran ABŞ-ın Yaxın Şərq strategiyasına daha uyğundur”.
Şərhinin sonunda Heydər Oğuz onu da bildirdi ki, hansı ehtimalın doğruluğundan asılı olmayaraq, Azərbaycan hakimiyyəti ABŞ səfirliyindən bu fəaliyyəti dayandırmağı tələb etməlidir.