XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 18:52

“Elektron hökumət” portalının liderləri –Elektron xidmətlərin göstərilməsi üzrə nəticələrin  təhlili

e-hokumet1

“Elektron hökumət” portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən dərc olunan “Elektron hökumət" bülleteninin 37-ci sayında 2016-cı ilin ilk 3 rübü (yanvar-sentyabr ayları) ərzində “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə elektron xidmət həyata keçirən bütün qurumlar (ümumilikdə 40 qurum, bir “Digər xidmətlər”, bir “Elektron arayışlar”) üzrə monitorinqin nəticələri dərc edilib. Nəticələrə əsasən bu ilin ilk 9 ayı ərzində e-xidmətlərdən istifadə etmək üçün müraciət edənlərin ümumi sayı 13 562 257 olub. Müraciətlərin 94.85%-i (12 863 599 müraciət) üç qurum üzrə qeydə alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 4 570 596 e-xidmətlə birinci, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 4 245 812 e-xidmətlə ikinci, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) 4 047 190 e-xidmətlə üçüncü yeri tutub.

Strateq.az elekton xidmətlərin inkişafının cəmiyyət üçün əhəmiyyətini nəzərə alaraq “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə 3 dövlət qurumu tərəfindən həyata keçirilən elektron xidmətlərlə bağlı nəticələri araşdırıb.  Bu araşdırma hər üç dövlət qurumunun bu nəticələri əldə etməsi ilə bağlı spesifik məqamlara aydınlıq gətirməklə yanaşı, proqnozları da əks etdirir.

Şəkil 1. 2016-cı ilin 3 rübü ərzində “Elektron hökumət” portalı vasitəsilə elektron xidmətlərdən istifadə.

diaqram-16-1

Nəticələrdə hər hansı dövlət qurumunun e-xidmətlər üzrə göstəricilərinin aşağı olması heç də həmin dövlət qurumunun fəaliyyətinin qənaətbəxş olmamasından xəbər vermir. Nəticələr daha çox dövlət orqanının göstərdiyi e-xidmətlərin sayından, onların fiziki və hüquqi şəxslərin tələblərinə və maraqlarına uyğunluğunun və həmin qurumun işlədiyi kontingentin sayından asılıdır.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

ƏƏSMN-nin ilk sırada yer almasının ən mühüm səbəblərindən biri Dövlət Sosial Müdafiə Fondunun 2016-cı ilin mart ayında ƏƏSMN-nin tabeliyinə verilməsidir. Belə ki, DSMF-nın e-xidmətlər üzrə göstəriciləri həmişə yüksək olub. “Elektron hökumət” bülleteninin 2015-ci ildə çap olunan 11 nömrəsinin analizi göstərir ki, DSMF-nin e-xidmətlərinə 1 288 393 müraciət, ƏƏSMN-nin e-xidmətlərinə isə 2 041 858 müraciət olub. Bu göstəricilərə 2015-ci ilin dekabr ayının göstəriciləri daxil edilməyib. Bu göstəriciləri ümumiləşdirsək, 3 330 251 müraciət edir və DSMF-nin xüsusi çəkisi 38.69% alınır. Əgər bu faiz göstəricisini bu il üçün də eyni götürsək, onda demək olar ki, Nazirliyin e-xidmətlərinə edilən 4 570 597 müraciətin ən azı 1 768 253-ü DSMF-nin e-xidmətlərinin payına düşür.  Buradan bu nəticəyə gəlmək olar ki, ƏƏSMN-nin e-xidmətlərinə ən çoxu 2 802 344 müraciət olub.

ƏƏSMN-nin e-xidmətlərinə edilən müraciətlərin ümumi sayı Nazirliyin göstərdiyi 25 e-xidmət üzrə formalaşmışdır. Əgər bu göstəriciləri Nazirliyin təqdim etdiyi e-xidmətlərin sayına bölsək onda 1 e-xidmətə orta hesabla 182 824 müraciət düşür. ƏƏSMN üzrə belə yüksək göstəricinin qeydə alınmasına səbəb olan e-xidmətlər aşağıdakılardır:

  • Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi – 1 408 190 müraciət;
  • Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi – 1 203 524 müraciət. Bu yeni xidmətdir və bu ilin fevral ayından “Elektron hökumət” portalına inteqrasiya olunub;
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi – 381 825 müraciət;
  • Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi – 266 991 müraciət;
  • Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi – 221 276 müraciət;
  • Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi – 181 422 müraciət;
  • İş yerinə dair arayış – 160 644 müraciət. Gələcəkdə bu e-xidmət üzrə göstəricilər bu səviyyədə qala bilər;
  • Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi – 139 749 müraciət.

ƏƏSMN-nin 25 adda göstərdiyi elektron xidmətdən yalnız yuxarıda qeyd olunan 8-i üzrə göstəricilər yüksək olmuşdur. Bu e-xidmətlər üzrə müraciətlərin ümumi sayının (3 963 621 müraciət) 26.53%-ni (1 051 514 müraciət) DSMF-nin “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” və “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətlərinə edilən müraciətlər təşkil edir. Qalan 17 e-xidmət üzrə ümumi göstərici 606 976 müraciət təşkil edib.

Proqnozlaşdırmaq olar ki, gələcək dövrlərdə də ƏƏSMN-nin e-xidmətlər üzrə göstəriciləri yüksək olaraq qalacaq. Ola bilər ki, birinci sırada yer almasın, amma ilk 3-də mütləq yer alacaq.  Bunun bir neçə səbəbi var.

1. ƏƏSMN-nin fəaliyyəti çox böyük bir kontingenti əhatə edir.

2. Sosial ödəmələrin əksəriyyəti Nazirlik tərəfindən aparılır və bəzi ödəmələrin hesablanması xidməti elektronlaşdırılaraq e-xidmətlərə daxil edilib.

3. Yuxarıda qeyd edilən 8 e-xidmətdən başqa ƏƏSMN-nin digər e-xidmətləri də böyük təbəqəni əhatə edir.

4. Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi yalnız elektron qaydada həyata keçirilir və Azərbaycanda fəaliyyət göstərən bütün işə götürənlər üçün məcburidir.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

 

“Elektron hökumət" bülletenində e-xidmətlərə 4 245 812 müraciət sayı ilə TQDK ikincidir. Bu sayı TQDK-nın bütün e-xidmətlərinə nisbətdə götürsək onda 1 e-xidmətə orta hesabla 283 054 müraciət düşür. Bu da ümumilikdə bütün dövlət orqanları üzrə ən yüksək nəticədir (Cədvəl 2) və ƏƏSMN üzrə 1 e-xidmətə düşən 182 824 müraciətdən 100 230 müraciət çoxdur.

Cədvəl 2. 2016-cı ilin 3 rübü ərzində “Elektron hökumət” portalı vasitəsilə e-xidmətlərdən istifadə barədə statistik məlumat. Sıra düzülüşü “Müraciət sayının e-xidmət sayına nisbəti” sütununa uyğun çoxdan aza doğru verilib.

S/s

Xidmət təchizatçısının adı

E-xidmət sayı

Müraciət sayı

Müraciət sayının e-xidmət sayına nisbəti (tam ədədə kimi yuvarlaqlaşdırılmışdır)

1

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

15

4 245 812

283 054

2

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

25

4 570 597

182 824

3

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

34

4 047 190

119 035

4

Digər qurumlar

298

698 658

2 344

Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi – 1 814 016 müraciət;TQDK üzrə yüksək göstəricinin qeydə alınmasına səbəb olan e-xidmətlər aşağıdakılardır:

  • Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu – 952 643 müraciət;
  • Namizədlərə imtahan buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi – 706 176 müraciət;
  • Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu – 430 048 müraciət;
  • Sınaq imtahanına yazılış – 200 423 müraciət.

TQDK-nın 15 adda göstərdiyi elektron xidmətdən yuxarıda qeyd olunan 5-i üzrə müraciətlərin ümumi sayı 4 103 306 (TQDK-nın göstərdiyi 15 e-xidmətin 96,64%-i) olmuşdur. Qalan 10 e-xidmət üzrə ümumi göstərici 142 506 müraciət təşkil etmişdir. Bu da hər e-xidmətə orta hesabla 14 251 müraciət edir.

Nəticələr göstərir ki,  ƏƏSMN-nin az müraciət olunan e-xidmətləri TQDK-nın az müraciət olunan e-xidmətlərindən daha işləkdir. Bunun əsas səbəbi kütləvilikdir. Yuxarıda qeyd etdiyimiz kimi ƏƏSMN tərəfindən təqdim edilən və müraciət sayına görə yüksək nəticə göstərən 8 e-xidmətdən başqa digər e-xidmətləri də böyük kütləni əhatə edir.

Proqnozlaşdırmaq olar ki, gələcək dövrlərdə də DİM-in (TQDK və DQMK) e-xidmətlər üzrə göstəriciləri yüksək olacaq.

1. DİM-in fəaliyyəti ilk növbədə məktəbli və abituriyent kontingentini əhatə edəcək. Hər il 100 000-dən artıq məzun olur və onlar abituriyent kimi sınaq imtahanlarında və əsas imtahanda iştirak edirlər. Buna görə də, “Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi”, Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu”, “Namizədlərə imtahan buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi”, “Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu” və “Sınaq imtahanına yazılış” e-xidmətlərinə müraciət yüksək olaraq qalacaqdır.

2. DQMK-nın “Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu”, “Müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi”, “Cari elanlar üzrə vəzifələrin axtarışı” və “Cari elanlar üzrə namizədin seçdiyi vəzifə, test imtahanı və müsahibə tarixi barədə məlumat” kimi e-xidmətləri də artıq DİM-in e-xidmətləri kimi vətəndaşların xidmətində olacaq. Nəzərə alsaq ki, DİM ayda azı bir dəfə dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçirəcək, onda qeyd olunan e-xidmətlər üzrə nəticələrin daha yüksək olacağını proqnozlaşdırmaq olar.

3. DQMK-nın göstərdiyi bütün e-xidmətlər, o cümlədən də dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələr üzrə namizədlərdən ərizə qəbulu, test imtahanı mərhələsində əldə olunan nəticələr barədə məlumatın verilməsi e-xidmətləri “Elektron hökumət” portalına tam inteqrasiya olunarsa, bu gələn ilki statistik göstəricilərə öz gərəkli töhfəsini verər. Qeyd edək ki, bu ilin 9 ayı ərzində təşkil olunan müsabiqələr üzrə üzrə onlayn qeydiyyatdan keçən namizədlərin sayı 13246 nəfər olmuşdur.

4. TQDK-nın digər 10 e-xidməti sırasında daha çox istifadəçi cəlb edə biləcək e-xidmət, “Onlayn sınaq imtahanının keçirilməsi” e-xidmətidir. Bu e-xidmət əslində “Elektron hökumət” portalı vasitəsilə təqdim olunan bütün e-xidmətlərdən ən çox istifadəçi toplayan e-xidmətlərdən biri ola bilər.

5. Dövlət qulluğuna qəbulla bağlı “Onlayn sınaq test imtahanlarının keçirilməsi” e-xidməti daha da təkmilləşdirilsə, bu xidmətdən istifadə edənlərin sayına xeyli təsir edər.

6. Etik davranış məsələləri ilə bağlı daxil olunan şikayətlər üzrə araşdırmaların nəticələri və görülən tədbirlər DİM tərəfindən dərc olunsa, bu, vətəndaşları etik davranışla bağlı müraciət etməyə sövq edər və nəticədə “Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulu” e-xidmətinin daha effektivliyini artırar.

7. DİM-in səlahiyyətləri sırasında “rəhbər vəzifə tutan dövlət qulluqçuları, habelə ilk dəfə dövlət qulluğuna qəbul olan şəxslər üçün təlim kursları təşkil etmək” kimi səlahiyyəti də var. Təlim kurslarına yazılış elektronlaşdırılsa və e-xidmətlərə daxil edilsə, bu nəticədə DİM-in e-xidmətlər üzrə göstəricilərinə müsbət təsir edər.

Qeyd edək ki, TQDK vətəndaşlara mobil texnologiyalar əsasında qurulmuş xidmətlər də göstərir. Bu xidmətlərdən istifadə edənlərin sayı e-xidmətlərdən istifadə edənlərin sayının orta hesabla dörddə birini təşkil edir. Cari ilin dekabr ayına olan statistik göstəricilərə görə namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların qısa mesaj (SMS) vasitəsilə verilməsi mobil xidmətindən 590 639 nəfər istifadə etmişdir. TQDK-nın virtual ödəmə kartlarının qısa mesaj (SMS) vasitəsilə satışı mobil xidmətindən isə 329 841 vətəndaş yararlanmışdır. Hər iki mobil xidmət üzrə istifadəçilərin ümumi sayı 920 480 nəfər olmuşdur. Göründüyü kimi TQDK-nın e-xidmətləri və mobil xidmətlərindən istifadə edənlərin sayı 5 000 000 nəfərdən artıq edir.

Yuxarıda qeyd edilən məsələlər gələcəkdə DİM-in (TQDK və DQMK) e-xidmətlər üzrə statistik göstəricilərinə müsbət təsir edə bilən məsələlər kimi göstərilmişdir. Amma bir amil diqqətdən kənarda qalmamalıdır. Belə ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs kimi özünü maliyyələşdirmə əsasında fəaliyyət göstərəcəkdir. Bu amil DİM-in göstərəcəyi e-xidmətlərə müraciət edənlərin sayında azalmaya səbəb ola bilər. E-xidmətlərə görə ödəmələrin minimum həddə müəyyən olunması Mərkəzin e-xidmətlər üzrə reytinqinin gələcəkdə də yüksək səviyyədə qalmasına xidmət edər.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

 

E-xidmətlərinə 4 047 190 müraciət sayı ilə “Elektron hökumət" bülletenində üçüncü sırada yer tutan RYTN-dir. Bu, Nazirlik üzrə 1 e-xidmətə orta hesabla 119 035 müraciət deməkdir. Nazirlik ümumilikdə 34 e-xidmət göstərir. Qeyd edək ki, RYTN-nin “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” e-xidməti bütün dövlət orqanları üzrə ən çox müraciət olunan e-xidmətdir (2 024 616 müraciət). Bu, Nazirlik üzrə qeydə alınan bütün müraciətlərin 50%-ni təşkil edir. Nazirliyin üçüncü sırada yer almasına xidmət edən digər e-xidmətlər bunlardır:

  • Telefon nömrəsi üzrə axtarış – 623 656 müraciət.
  • Mobil cihazların IMEI kodunun yoxlanılması – 529 889 müraciət.
  • Mobil cihazların qeydiyyatdan keçirilməsi – 479 120 müraciət.
  • AZDataCom internet xidmətinə qoşulma üçün sifariş – 180 013 müraciət.
  • Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi – 144 954 müraciət.

RYTN-nin 34 adda göstərdiyi elektron xidmətdən yuxarıda qeyd olunan 6-sı üzrə müraciətlərin ümumi sayı 3 982 248 (Nazirliyin göstərdiyi bütün e-xidmətlərin 98,40%-i) olmuşdur. Qalan 28 e-xidmət üzrə toplam göstərici 64 942 müraciət təşkil etmişdir.

Proqnozlaşıdırılır ki, RYTN-nin Əsasnaməsinə əsasən Nazirlik rabitə (telekommunikasiya və poçt) və yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, kosmik, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Bu o deməkdir ki, Nazirliyin e-xidmətlər üzrə göstəricilərinin yüksək olması gözləniləndir. Çox güman ki, gələcəkdə də göstəricilər yüksək olaraq qalacaq:

1. RYTN mobil operator şirkətləri ilə işləyən qurum olduğu üçün mobil operator şirkətləri ilə bağlı həyata keçirilən və gələcəkdə həyata keçiriləcək e-xidmətlər üzrə göstəricilərinin də yüksək olması gözləniləndir.

2. Qeyd edək ki, RYTN-nin göstərdiyi demək olar ki, bütün e-xidmətlər vətəndaşların böyük əksəriyyətinin il ərzində dəfələrlə rastlaşacağı məsələləri əhatə etdiyindən onlardan istifadə etmə hallarının gələcəkdə artmasını proqnozlaşdırmaq olar. İKT sahəsində cəmiyyətimiz maarifləndikcə bu e-xidmətlərin bir çoxu üzrə istifadəçilərin sayının gələcəkdə köklü şəkildə artması baş verə bilər.

3. Azərbaycanda mobil cihazlardan istifadə edənlərin sayı və ya mobil cihazları dəyişdirənlərin sayı günbəgün artdığından “Mobil cihazların qeydiyyatdan keçirilməsi” və “Mobil cihazların IMEI kodunun yoxlanılması” e-xidmətləri üzrə göstəricilərin gələcəkdə də yüksək qalacağını söyləmək olar.

Bütün bunlarla yanaşı qeyd edilməlidir ki, “Elektron hökumət” bülletenində dərc olunmuş monitorinqin nəticələrinə görə liderlik edən üç dövlət qurumunun bu nəticələri əldə etməsinə təsir edən daha bir amil e-xidmətlərin təqdim edilməsinə xərclənən maliyyə vəsaiti, cəlb olunan maddi-texniki vəsait və ştat vahidlərinin sayıdır. Əldə edə bildiyimiz məlumata görə, TQDK-da e-xidmətlərini həyata keçirmək üçün nə ayrıca ştat vahidləri ayırmış, nə də hər hansı bir maliyyə vəsaiti xərcləyib.

Strateq.az

 

 




Yuxarı Əvvələ Ana Səhifə