XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 December 2016 - 22:05

Türkiyədə artan terror hadisələrinin görünməyən üzü:ABŞ-ın “B” planımı? - Təhlil

 

kayserid_1

Türkiyə yenə terror hücumuna məruz qalıb. Bu dəfə məkan olaraq Qeysəri şəhəri seçilib.

Strateq.az xəbər verir ki, yerli vaxtla saat 08.45-də törədilən bu terror aktı nəticəsində, ilkin məlumatlara görə, 14 nəfər həyatını itirib, 55 nəfər yaralanıb. Yaralılardan bəzilərinin səhhəti ağırdır.

Son terror hadisəsində ölən və zərərçəkənlərin əksəriyyəti hərbçilərdir. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından yayılan açıqlamaya əsasən, əsgərlər şənbə günü olduğundan iznə çıxıbmışlar.

Türkiyə baş nazirinin müavini Veysi Kaynak terror qurbanlarının kimliyinə daha təfsilatlı aydınlıq gətirib. Onun bildirdiyinə görə, terrora məruz qalan əsgərlər xüsusi yetişdirilən hava desantları imiş. Kaynak, həmçinin, son terror hadisəsinin həyata keçirilmə tərzi baxımından bir neçə gün əvvəl İstanbulda baş verən hücuma bənzədiyini də etiraf edib.

Həqiqətən də hər iki terror hadisəsinin bir sıra bənzər tərəfləri var. Əsas bənzərlik hər ikisinin də xüsusi etina ilə seçilmiş şəxslərə qarşı törədilməsidir. Beşiktaş hücumunda on minlərlə insanın toplandığı futbol yarışının asayişini təmin edən polislər, son hücumda isə hərbçilər seçilmişdir. Xüsusilə Beşiktaşda mülki vətəndaşlar çox zərər görməsin deyə, terrorçuların saatyarım müddətində futbol azarkeşlərinin seyrəlməsini gözlədikləri də məlumdur. Hər bir terror hadisəsinin hakimiyyətə verilmiş hansısa mesaj olduğunu nəzərə alsaq, bu faktlar ən kiçik detallarına qədər analiz olunmalı və hadisənin arxasında dayanan qüvvələrin əsl niyyəti aydınlaşdırılmalıdır.

Zənnimizcə, son iki hadisədə məhz asayiş keçikçiləri və ordu mənsublarının hədəfə alınması hansısa qüvvənin Türkiyəyə qarşı müharibə elanı deməkdir. Deyəsən, qardaş ölkənin prezidenti də bu mesajı müharibə elanı kimi başa düşmüş, Beşiktaş hücumundan sonrakı çıxışlarının birində milli səfərbərlik elan etdiyini bildirmişdi. Bununla da, Türkiyədən tələb edilənlərin yerinə yetirilməyəcəyini, lazım gələrsə savaşacaqlarını ortaya qoymuşdur.

Ərdoğanın məlum çıxışından bir neçə gün sonra ordunun ən seçkin qüvvələrinə qarşı həyata keçirilən son terror aktı təsadüfi deyil və qarşı tərəfin “zarafat etmədiyini” büruzə verməsi kimi başa düşülə bilər.

Sual oluna bilər: bu terror hadisələrinin arxasında dayanan kimdir və qardaş ölkədən nə tələb olunur?

Beşiktaşdakı terror aktını TAK adlı təşkilat götürmüşdü. Bu hesabla Qeysəridəki hadisəni də törədən odur. Özünün bəyannaməsinə görə, TAK Abdullah Öcalanın liderliyini qəbul edən, amma PKK-ın “fəaliyyətsizliyini” bəyənməyib 2004-ci ildə ondan ayrılan bir təşkilatdır. İndiyə qədər adı eşidilməməsinin səbəbi mətbuata qapalı olması, yalnız terror hadisələriylə məqsədinə varmağa çalışmasıyla bağlıdır. Terror hadisələri ilə bağlı bir neçə sətirlik xəbərlərdən başqa, TAK-ın fəaliyyəti, məram və məqsədləri barədə yeganə məlumat haqqında danışdığımız bəyannamədir.

Bəyannamədə təşkilatın quruluş səbəbi bu cür ifadə olunur: "Kongra-Gel-in və HPG-nin siyasi balansları gözləyən mübarizə üsullarını zəif hesab etdik. Buna görə də 1,5 il əvvəl təşkilatdan ayrılıb TAK-ı meydana gətirdik… Türkiyənin hər yerində bombalar patlayacak, sui-qəsdlər olacaq və yanğınlar törədiləcək. Heç bir qayda-qanun tanımayacağıq. Hədəfə intiqam ruhuyla yönələcəyik".

Türkcəyə tərcümədə adı “Kürdüstan Azadlıq Şahinləri” olan bu təşkilatın törətdiyi ilk qanlı hadisələr 2005-ci ilə təsadüf edir. Həmin il İzmirin Kuşadası və Çeşme rayonlarında bir neçə terror hadisəsi törətsə də, TAK əsasən bəzi meşə yanğınlarını öz üzərinə götürməklə gündəmə gəlmişdi. Zaman keçdikcə, təşkilatın törətdiyi terror hadisələri də artdı.

2012-ci ildən 2015 ilə qədər Türkiyədə “kürd açılımı” siyasəti yürüdüldüyündən, bir sıra təşkilatlar kimi, TAK da terror hadisələrindən uzaq dayandı.  2015-ci ildən sonra isə təşkilatın mübarizə metodunu dəyişib intihar hücumlarına keçdiyini görürük. Onu İŞİD-in terror tərzindən ayıran əsas tərəflərindən biri hədəf kimi əsgər və polisləri seçməsidir. İŞİD isə “keyfiyyətdən” çox, “kəmiyyətə” üstünlük verir, nə qədər çox adam ölərsə, özünün o qədər yaxından tanınacağına inanır və qələbəlik mülki hədəflərə yönəlir.

TAK-ın ötən ildən etibarən qədəm qoyduğu yeni intihar hücumları mərhələsində törətdiyi ilk və yeganə hadisə 2015-ci ildə İstanbulun Sabiha Gökçen hava limanında baş verdi. 2016-cı ildə isə TAK-ın ayağına yazılan terror hadisələri də artdı. Bu il təşkilat ən azı 8 terror aktı həyata keçirdiyini elan edib.

Sözsüz ki, hər hansı terror təşkilatı qısa müddət ərzində bu qədər aktı təkbaşına törədə bilməz. Bunun üçün ya onun arxasında hansısa xarici qüvvə dayanmalı, ya da həmin təşkilat ölkə hakimiyyətinin zəif buraxdığı nöqtələrdən faydalanmalı, öz qanlı əməllərini törətmək üçün münbit şərait tapmalıdır.

Nə yazıq ki, Türkiyədə bu iki amilin ikisi də mövcuddur. Yaxın coğrafiyasında hər gün dəyişilən geopolitik şərtlər Ankaranı xarici siyasətdə kardinal dəyişikliklər getməyə vadar etdiyi kimi, daxili siyasətin də buna uyğunlaşdırılma ehtiyacı yaranır. Bu isə istər-istəməz köhnə müttəfiqlərin maraqlarına cavab vermir, onların hökumətdəki tərəfdarlarını da narazı salır.

Ərdoğan hakimiyyətinin narazı qüvvələri zərərsizləşdirmək üçün ilk gündən indiyə qədər ordu, polis, xəfiyyə və s. orqanlarda apardığı kadr islahatları bu dövlət qurumlarının işlərini öz axarında apara bilməsini ləngidir. Üstəlik, “vurulan” bütün kadrlar “vətənə xəyanət” ittihamıyla məhkum olunurlar. Bu isə öz növbəsində həmin orqanlardakı sələf-xələf münasibətlərinə zərər vurur. Hər kadr dəyişikliyində sələflərin təcrübəsindən istifadə olunmaması, onların qurduğu xəbərləşmə mexanizmlərinin sıradan çıxarılması milli təhdidlərə nəzarət imkanlarını da heçə endirir.

Tək orduda bu müddət ərzində Ergenekon, Balyoz, 28 fevral, Əsgəri casusluq və FETÖ-çülərlə mübarizə və s. kimi çox sayda kadr islahatları həyata keçirilmişdir. Eyni sözləri başqa dövlət qurumları barədə də demək olar. Dövlət orqanlarında aparılan hər “təmizlik”dən sonra boşalan yerlərə ya daha təcrübəsiz, ya da hansısa qüvvələrə bağlı adamlar gətirilmişdir. Ən pisi isə odur ki, bir-birini əvəz edən bu qüvvələr həm də bir-birilərinin düşməninə çevrilmişlər. Halbuki, dövlətin daimiliyi üçün onun strukturlarının varislik prinsipiylə işləməsi vacib şərtlərdən hesab olunur.

AKP hakimiyyətinin son 15 ilə yaxın müddətdə yürütdüyü milli azlıq siyasəti də ardıcıl olmamışdır. O, Türkiyə tarixində heç zaman görülmədiyi qədər “kürd açılımı” siyasətinə imza atdığı kimi, birdən-birə bu siyasətə ən kəskin mövqe tutan hökumətə çevrilməyi bacarmışdı. Nə yazıq ki, bu siyasət dəyişikliyinə qədər isə olan olmuş, separatçılar dövlətin ən yüksək orqanlarında irəliləyə bilmişlər. İndisə bu siyasətdən geri qayıdış sərt reaksiyalarla müşaiyyət olunur.

Türkiyənin get-gedə terror ağuşuna atılmasında ən əsas səbəblərdən biri də köhnə “müttəfiqlərin” qəzəbidir. Ümumiyyətlə, ABŞ-ın Suriyada yürütdüyü siyasət ilk gündən Ankaranın əleyhinə olmuş, iki müttəfiq arasında ciddi fikir ayrılığına yol açmışdır. Vaşinqtonun Suriyanın şimalında kürd separatçılarını dəstəkləməsi “iplərin” qopmasının başlıca səbəblərindəndir. AKP hakimiyyətinin radikal şəkildə ABŞ-dan uzaqlaşıb Rusiyaya yönəlməsi isə Vaşinqtonu narahat etməyə bilməz.

Təsadüfi deyil ki,  bu oriyentasiya dəyişikliyindən az keçməmiş 15 sentyabrda ABŞ-a bağlı qüvvələr dövlət çevrilişinə cəhd etdilər. Həmin cəhdin baş tutmamasından sonra isə dövrəyə “B”, “C” planları çıxarılmalıydı. Mümkündür ki, terrorla Türkiyəni geri qaytarmaq siyasəti də bu planın tərkib hissəsindən olsun.

R. T. Ərdoğanın ilk terror hadisəsindən sonra "milli səfərbərlik" elan etməsi də vəziyyətin mürəkkəbliyindən xəbər verir. Hər halda hansısa terror təşkilatıyla mübarizədə milli səfərbəyliyə ehtiyac yoxdur. Adətən, milli səfərbərliklər böyük dövlətlərlə qarşı-qarşıya gəlmək ehtimalı yaranda elan olunur…

 

Heydər Oğuz

Strateq.az