XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

22 Dekabr 2016 - 00:41

Ruhaninin İrəvan səfərində Azərbaycana verilən mesaj:“Biz də ermənilərlə dost olarıq!”

ruhani

İran prezidenti Həsən Ruhani Ermənistana rəsmi səfərə gedərək, həmkarı Serj Sarkisyanla görüşüb.

Strateq.az xəbər verir ki, Ruhanı bu ölkədə mərasimlə qarşılanıb və liderlər ikitərəfli və heyətlərarası görüşlər keçiriblər.

Ruhanini "erməni xalqının gözlədiyi qonaq" olaraq xarakterizə edən Sarkisyan iki ölkə arasındakı əlaqələrin tarixi köklərə söykəndiyini bildirib.

Ruhani də öz növbəsində İran və Ermənistanın eyni mədəniyyətdən gəldiyini, iki xalqın hər zaman dostluq və sülh şəraitində yaşadığını ifadə edib. Ermənistanı dost ölkə kimi qəbul etdiklərini ifadə edən Ruhani əlaqələri daha da inkişaf etdirmək istədiklərini deyib.

Təmaslar çərçivəsində Ermənistan və İran arasında idman, fövqəladə hallar, turizm və gömrük sahələrində əməkdaşlıq sazişləri ilə yanaşı səfərin nəticəsiylə bağlı birgə bəyanat imzalanıb.

Qeyd edək ki, nə qədər rəsmi və gözlənilən səfər kimi xarakterizə olunsa da, Ruhaninin bu səfərinin zamanlaması təsadüfi görünmür. Bir müddət əvvəl İsrail baş naziri Binyamin Netanyahunun Azərbaycana rəsmi səfəri İranda ciddi etirazla qarşılanmış, cümə xütbələrində kəskin tənqid olunmuşdu. İran tələbələri adından Tehrandakı səfirliyimizə etiraz əlaməti olaraq İsrailin Fələstində törətdiyi qətliamların tablosu göndərilmiş, “ərazisi işğala məruz qalan bir müsəlman ölkəsinin digər müsəlman ölkəsini işğal edən dövlət yetkilisinin əlini sıxmaması” tövsiyə olunmuşdu.

Məhz bu ərəfədə İran prezidentinin Azərbaycan torpaqlarının 20%-ni işğal edən Ermənistana səfəri və Sarkisyanın əlini sıxması, bu da azmış kimi, eyni mədəniyyətdən gəlmələrini, dost dövlətlər olduğunu xatırlatmaları, sanki, rəsmi Bakıya verilmiş bir mesajdır. Bu səfərilə Ruhani, sanki, demək istəyir ki, bizim İsrail problemimiz olduğu qədər, sizin də Ermənistan kimi düşməniniz var; siz öz ərazinizdə İsraillə əməkdaşlıq edərsinizsə, biz də eyni addımı Ermənistanda atarıq.

Halbuki, Azərbaycanın İsraillə yaxın münasibətlərə önəm verməsi səbəbsiz deyil. Torpağının 20%-i işğal olunan və xristian təəssübkeşliyi üzündən beynəlxalq qurumlardan kifayət qədər dəstək ala bilməyən bir ölkə kimi Azərbaycan istəsə də, istəməsə də İsraillə yaxın münasibətlər qurmaq məcburiyyətindədir. İsraillə əməkdaşlıq rəsmi Bakıya həm onların lobbilərindən yararlanaraq, haqlı davasını beynəlxalq kürsülərdən söyləmək, həm əsas gəlir mənbəyimiz olan neftimizi onlara satmaq, həm enerji təhlükəsizliyimizi təmin etmək, həm də ölkəmizin müdafiəsi üçün lazım olan silahları almaq imkanı verir.

Bununla belə, Azərbaycan İsraillə münasibətlərdə mənsub olduğu mədəniyyət dairəsinin maraqlarını da həmişə nəzərə alıb. İstər İsrailin birbaşa, istərsə də ölkəmizdəki yəhudi icmasının dəfələrlə tələblərinə baxmayaraq, indiyədək Təl-Əvivdə səfirliyimizin açılmaması islam ölkələrinin, o cümlədən İranın könlünə toxunmamaq niyyətilə izah olunur. Baxmayaraq ki, İsraildə bir sıra ərəb ölkələrinin səfirlikləri var.

Sirr deyil ki, rəsmi Bakının bu həssasiyyətinə rəğmən, İsraillə yaxınlaşmasında İranın Ermənistanla yaxın təmasları da müstəsna rol oynayıb. Əhalimizin böyük əksəriyyətinin müsəlman olmasına, məhz buna görə də dünyanın aparıcı ölkələri tərəfindən problemlərimizə laqeyd yanaşılmasına baxmayaraq, İranın da indiyədək Ermənistanla dostluq münasibətləri qurması ölkəmizin regionda təklənməsinə gətirib çıxarır. Bu vəziyyətdə İsraillə yaxın təmas Azərbaycan üçün kiçik nəfəslik fünksiyasi daşıyır.

Faktiki olaraq, öz siyasətinin nəticəsini bəhanə gətirən İranın Azərbaycana vermək istədiyi mesajları haqlı görünmür.

Tehran həqiqətən də İsraillə yaxın münasibətlərimizi xoş qarşılamırsa, müstəqilliyimizin ilk illərindən bəri davam etdirdiyi bu siyasətinə korrektələr etməlidir. Yoxsa, günahı başqasında axtarmaq nə qədər asan yol olsa da, problemin həllində yetərsiz qalar.

Ruhani həzrətləri onu da unutmamalıdır ki, ermənilərlə özlərini eyni mədəniyyət dairəsinə aid etməsi rəhbərlik etdiyi dövlətin siyasi ideologiyası ilə də daban-dabana ziddir. Ona görə ki, adı İran İslam Respublikası olan bu dövlət milli mədəniyyətləri inkar edərək, islam vəhdəti nəzəriyyəsini özünün yeganə prinsipi olaraq seçib. Ermənistan isə, təbii ki, dini nöqteyi-nəzərdən İranla eyni mədəniyyət dairəsinə daxil ola bilməz. Belə çıxır ki, Ruhani milli mənsubiyyət baxımından məsələyə yanaşır. Ermənilərin farslar kimi Hind-Avropa dil qrupuna daxil olması da bu ehtimalı gücləndirir. Əgər belədirsə, İran prezidentinin bu fikirləri ölkəsinin fars şovinizmi üzərində qurulmasının etirafı təsiri bağışlayır.

Ermənistanla əlaqələrə fars şovinizmi nöqteyi-nəzərindən yanaşan Ruhani həzrətləri rəhbərlik etdiyi dövlətin ideoloji prinsiplərinə sayqı duymursa, öz işidir. Amma yaddan çıxarmamalıdır ki, nə qədər basqı altında yaşasalar belə, İranın qurucu subyektlərindən biri də ermənilərlə heç bir milli yaxınlığı olmayan Azərbaycan türkləridir və həmin qüvvənin heysiyyatıyla oynamaq, onu yox saymaq, üstəlik, bunu açıq şəkildə dilə gətirmək həmişə İranda böyük inqilabi situasiyalara səbəb olub, olur, olacaq…

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə