XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Dekabr 2016 - 03:26

Ter-Petrosyandan onu yenidən hakimiyyət olimpinə qaldıracaq çıxış:"Bu gün danışıq masası üzərində olan təklif 1997-ci ildəkinin eynidir"

petrosyan-55

Məlum olduğu kimi, ötən həftə İrəvanda Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın lideri olduğu müxalif “Erməni Milli Konqresi” partiyası (AMK) qurultay keçirib. Qurultayda Levon Ter-Petrosyan həm Ermənistandakı real ictima-siyasi durumu qiymətləndirməyə imkan verən, həm də özünün və lideri olduğu təşkilatın Qarabağ münaqişəsinə baxışlarını əks etdirən proqram xarakterli geniş nitq söyləyib.

Artıq bir çox ekspertlərin qənaətincə, bu nitqiylə sabiq Ermənistan prezidenti bir tərəfdən Qarabağ münaqişəsinin sülh yoluyla həllində maraqlı olan xarici güclərin, o biri tərəfdən də müharibədən və iqtisadi çətinliklərdən yorulmuş erməni cəmiyyətinin diqqətini çəkməklə, çox yaxın gələcəkdə bu ölkədə hakimiyyəti götürə biləcək ən ciddi siyasi qüvvəyə çevriləcək.

Xatırladaq ki, dekabrın 18-də “Aravot” qəzeti Ermənistanın eks-prezidentinin həmin nitqinin rus dilində tam mətinini yayıb, Virtualaz.org saytı isə çıxışı Azərbaycan dilinə tərcümə edib.

Strateq.az ictimai marağı və siyasi əhəmiyyətini nəzərə alaraq, Levon Ter-Petrosyanın həmin çıxışının tam mətnini oxucularına təqdim edir:

***

 

… Mən son məqalələrimdən birində qeyd etmişdim ki, Ermənistanın bütün bəlalarının – ağır sosial durumun, əhalinin kasıblığının, kütləvi mühacirətin, ordunun yetərincə silahlanmamasının, qanunsuz seçkilərin, ədalətin yoxluğunun, demokratiya və insan haqlarının tapdalanmasının kökü korrupsiyadır: milli sərvtin dövlətin vəzifəli şəxsləri tərəfindən başdan-başa və acgözcəsinə talanmasıdır!

Lakin belə görünür ki, bu, aysberqin görünən tərəfidir. Görünməyən tərəfi – Ermənistan dövlətinin quruculuğunun əsasında dayanan siyasi fəlsəfədir, başqa cür desək, Qarabağda status-kvonun saxlanılması və daha yüz il beləcə blokada şəraitində inkişaf strategiyasıdır.

Bu cür acınacaqlı nəticələrə vaxtilə proqnozlaşdırıldığı kimi, həmin fəlsəfənin gətirib çıxardığını izah etmək, məncə, artıq olardı. Fakt bundan ibarətdir ki, 1998-ci ildə bizdə bir ölkə var idi, bu gün isə biz tamamilə ayrı ölkədə yaşayırıq. Bu, o deməkdir ki, həmin mühüm vəzifəni, hansı ki, biz onu 18 il əvvəl daha güclü mövqedə olanda həll edə bilərdik, indi müqayisəolunmaz dərəcədə zəif vəziyyətdə həll etməyə məcburuq. Daha bir qədər gözləyəndə isə biz indikindən də betər vəziyyətə düşəcəyik, bu qaçılmazdır. Bununla da 1920-ci il avantürizmini, əraziləri maksimum genişləndirməyə can ataraq, Ermənistan respublikasının əlində olan ərazilərin təxminən yarısını itirməyi təkrar etmiş olacağıq.

Belə hesab edilirdi ki, 2008-c il iqtisadi böhranının hələ də tam müəyyən edilməyən nəticələri, artan mühacirət tempi, təhlükəli səviyyəyə gəlib çatmış dövlət borcu, defolt təhlükəsi və xüsusən də aprel müharibəsindən sonra baş qaldıran çaxnaşmalar Ermənistan hakimiyyətinə ayıldıcı təsir göstərəcək. Onu məcbur edəcək ki, Qarabağ məsələsində yürüdülən destruktiv, fəlakətə aparan siyasətini kökündən dəyişdirsin, indiki çağırışlara qarşı tamam ayrı strategiya işləyib hazırlasın.

Ancaq mövcud rejimin reaksiyalarına baxanda görünür ki, bizi bu məsələdə də məyusluq gözləyir. Çünki gözlənilən rasional addımların əvəzinə, bu rejim siyasi arenaya yeni axmaq ideologiya atıb, bu ideologiya bütün neqativ nəticələri ilə bizi yenidən dalana aparır. Söhbət “millət-ordu” ideologiyasından gedir və təəsüf ki, bu, yeni hökumətin proqramında da özünə yer tapıb. Məsələnin “millət-ordu”nun formalaşdırılmasının birinci addımı kimi yeni vergi növünün tətbiqi ilə bağlı olan mənəvi tərəfini bir kənara qoyaraq,  mən bu anlayışın ancaq siyasi məzmununa toxunmaq istərdim. Lakin bunun üçün əvvəlcə aydınlaşdırmaq lazımdır ki, həmin anlayışın məğzi altında əslində nə gizlənir.

Amazonları hesaba almasaq, tarixə “millət-ordu”nun yaradılmasının üç uğurlu halı məlumdur: birinci ikisi orta əsrlər Monqolustanında və İsveçrəsində, üçüncüsü müasir İsraildə baş verib. Bu zaman nəzərə almaq lazımdır ki, orta əsrlər üçün “millət” anlayışı şərti olaraq istifadə olunur. “Millət-ordu” anlayışı barədə elementar təsəvvür yaratmaq üçün bu üç halın hər birinin qısaca məzmununa baxmaq lazımdır.

XIII əsrin əvvəllərində Çingizxan bir-biri ilə əsrlər boyu vuruşmuş onlarla monqol qəbiləsini silah gücü ilə birləşdirərək ənənəvi qəbilələrarası münasibətlər sistemini sərt ordu sistemi ilə əvəzlədi. Bütün kişilər orduya çağırıldı, Çingizxanın onlarla, yüzlərlə, sonradan minlərlə qoşun birləşməsində – tümənlərdə rotasiya əsasında xidmət keçdi. Bir tərəfdən bu, monqollarda “milli” birlik şüurunu ayıltdı, digər tərəfdən elə qüdrətli, qorxunc hərbi güc yaratmağa imkan verdi ki, onun sayəsində azsaylı xalq qısa zaman ərzində Sakit okeandan Polşaya, Anadoluya qədər sayca ondan 200 dəfə artıq əhalisi olan əraziləri fəth etdi. Bu nəhəng imperiya, bununla belə, cəmi 50-60 il yaşaya bildi, Böyük xan Kubilayın ölüm ilində (1294) dörd hissəyə parçalandı – monqolların zəfər yürüşlərinin dayandırılmasından sonra hərbi enerjisi tükəndi, imperiyanı birləşdirən ideologiyanın formalaşdırılması mümkün olmadı, əsasən də monqol xalqının azsaylı olması üzündən.

Qeyd olunduğu kimi “millət-ordu” modelinin növbəti uğurlu tətbiqi İsveçrədə də olub, ancaq burada həmin modelin meydana çıxmasına və tətbiqinə gətirib çıxaran səbəblər, qarşıya qoyulan məqsədlər monqollardan fərqli idi. Əgər monqolların nümunəsində bu, başqalarının torpaqlarını fəth etmək ambisiyalarından irəli gəlirdisə, isveçrəlilərdə bu, düşmən əhatəsində öz ölkələrini qoruyub saxlamaq tələbatından irəli gəlirdi.

Əhalisi qarışıq alman-fransız-italyan mənşəli olan İsveçrə konfederasiyasının formalaşdırıldığı 500 ildən çox dövr ərzində (1291-1815) onun feodal hakimiyyəti qorxulu qonşularının – Fransa, Almaniya və Avstriyanın hücumlarına qarşı dayanmalı olurdu. Bu zaman isveçrəlilər birmənalı şəkildə öz qüvvələrinə əsaslanırdılar və döyüş qabiliyyətli ordunun yaradılmasını millətin ən böyük vəzifəsi kimi nəzərdən keçirirdilər. Və hərçənd ki, son 200 ildə İsveçrə neytral ölkə kimi xarici təhdidlərə məruz qalmayıb və Avropa qitəsində gedən müharibələr ondan yan keçib, güclü ordu ənənəsi bu gün də isveçrəlilər üçün ümummilli qayğıdır. Hansı ki, 18 yaşından 50 yaşına qədər bütün sağlam kişilər müqavilə əsasında, könüllü və rezervist kimi hərbi xidmətə cəlb olunub. Təsadüfi deyil  ki, İsveçrə adambaşına düşən hərbçi sayına görə dünyanın ən hərbiləşdirilmiş ölkəsidir, gözəl hazırlıq keçmiş ehtiyatın hesabına bir-iki gün ərzinə silahlı qüvvələrinin sayını onlarla dəfə artıra bilir.

“Millət-ordu” ideyasının erməni adeptləri İsrail təcrübəsini əsas götürdükləri üçün buna daha geniş yer vermək lazım gəlir. İsrailin “millət-ordu” modelinin yaranmasının səbəbləri mahiyyətcə İsveçrə modelinin səbəblərindən o qədər də fərqlənmir və düşmən əhatəsində xalqın, dövlətin özünü qoruması, yaşaması zərurətindən irəli gəlir. BMT Baş Assambleyasının 1947-ci il 29 noyabr tarixli qətnaməsi əsasında Fələstin iki bərabər hissəyə bölündü – hərəsi 14 milyon kvadrat kilometr olmaqla. İsrail bu qətnaməni tanıdı və Fələstində Britaniya mandatının başa çatdığı gün öz müstəqilliyini elan etdi. Fələstin ərəbləri və ərəb ölkələri isə BMT qətnaməsini tanımayaraq ertəsi gün İsrailə qarşı müharibə elan etdilər. Ancaq sarsıdıcı məğlubiyyətə uğrayaraq İsraillə atəşkəs bağlamağa məcbur oldular.

Beləliklə, ərəb qonşularından dinc yanaşı yaşamağa rədd cavabı alan İsrail mövcudluğunu qoruyub saxlamaq üçün müstəsna olaraq öz qüvvəsinə arxalandı və imkan daxilində ordusunu gücləndirməyə başladı. Bunun sayəsində növbəti müharibələrdə də qələbə qazandı. Kemp-Devid razılaşmasının imzalanmasından və İsrailin Misirlə, İordaniya ilə barışıq razılaşmasının ratifikasiyasından sonra ərəb-israil münaqişəsində atmosfer fundamental şəkildə yaxşılaşdı. 1993-cü ildə isə İsrail dövlətini Fələstin Azadlıq Təşkilatı da rəsmən tanıdı. Bu da Fələstin-İsrail barışıq prosesinin başlamasına səbəb oldu, həmin proses hələ də yekunlaşmayıb.

Əlavə etmək lazımdır ki, İsrailin “millət-ordu” ideologiyası ölkənin təhlükəsizliyinin təmin olunması və mövcudluğun qorunub saxlanılması missiyasının yerinə yetirilməsi ilə yanaşı, digər bir sıra milli vəzifələrin də həllinə imkan verdi. O cümlədən müxtəlif ölkələrdən mühacirət edən, müxtəlif mədəniyyətlərin, dillərin daşıyıcısı olan vətəndaşlar kütləsindən vahid dilin, mədəniyyətin birləşdirdiyi millətin yaradılmasına, elmin və texniki dərrakənin sürətli inkişafına, hərbi-sənaye kompleksində tətbiq olunan ən müasir texnologiyaların iqtisadiyyatın müxtəlif sferalarında həyata keçirilməsinə imkan yaratdı.

İsrail silahlı qüvvələrinin xüsusi rolunun ifadəsi həm də budur ki, məcburi hərbi xidmət həm kişilərə, həm qadınlara aiddir, son 60 ildə səkkiz baş nazirdən üçü (Rabin, Şaron, Barak) generallar olublar, ikisi (Beqin, Şamir) isə “İrqun” silahlı təşkilatının əfsanəvi komandirləri idi.

Vaxtın azlığı “millət-ordu” modelinə dair bu tarixi nümunələr haqda daha ətrafı bəhs etməyə, onların hər birinin məzmununa varmağa, iqtisadi, demoqrafik və ictimai inkişafa təsirlərinə dair danışmağa  imkan vermir. Ancaq hesab edirəm ki, bu qısa icmal da həmin ideyanın meydana gəlməsinə hansı amillərin və səbəblərin gətirib çıxardığı, onun həyata keçirilməsinə nə qədər resursların tələb olunduğu haqda, əlbəttə, insan və maddi-texniki resurslar da daxil olmaqla, təəsürat yaratmağa bəs edir. Səbəblər haqda nə lazımsa deyildi. Resurslar haqda danışmaq isə artıqdır, çünki söhbət uğurlu eksperimentlərdən gedir və deməli, onların yerinə yetirilməsi üçün bəs edəcək qədər resurslar da olub.

Bütün bu əsas hallardan irəli gələn nəticələrdən belə məlum olur ki, “millət-ordu” quruculuğunun erməni versiyasının arxitektorları ilk növbədə aşağıdakı üç suala cavab verməyə borcludur: həmin proqram hansı məcburi səbəblərdən irəli gəlib, hansı problemlərin həllinə hesablanıb və onun həyata keçirilməsi üçün nə qədər resurs lazımdır?

Sualların ardıcıllığını pozaraq, ilk növbədə, resurslardan başlayaq.

Əhalisi müstəqilliyin elan edilməsindən bu yana durmadan artıb 600 mindən 7 milyona çatan İsrailin nümunəsindən fərqli olaraq, Ermənistanın əhalisi 1988-ci il zəlzələsindən və sovetlərin dağılmasından sonra daim azalmaqdadır. Bu proses indi də heç bir dayanma və ya heç olmasa yavaşlama tendensiyası göstərmir. İnsan resursları məsələsində Ermənistan hakimiyyəti Diaspora böyük ümidlər bəsləyir. Özüm də diaspordan olan biri kimi bütün məsuliyyətimlə deyirəm ki, bu gözlənti tamamilə xülyadır və özünü aldatmadır. Yada salmaq kifayət edir ki, 1990-cı illərdəki üçillik müharibədə Diaspordan cəmi 12 nəfər iştirak edib. Bu rəqəmi vaxtilə ürək ağrısı ilə müharibənin bütün detallarına və təfərrüatlarına malik olan Vazgen Sərkisyan açıqlamışdı.

Maddi resurslar məsələsində də mənzərə insan resurslarında olduğu kimi kifayət qədər kədərlidir. Ermənistan iqtisadiyyatı 1994-2008-ci illər ərzində müəyyən inkişaf tendensiyasına malik olduqdan sonra dəhşətli geriləmə yaşayır, üstəlik, təəsüf ki, heç bir sağlamlaşma perspektivlərinə malik deyil. Necə deyərlər, tunelin sonunda işıq görünmür. Bu, heç də o demək deyil ki, Ermənistanda milli sərvət yaradılmır. Şübhəsiz ki, yaradılır, ancaq 2001-ci ildən başlayaraq hakimiyyətdəki yüksək vəzifəli şəxslərin soyğunçuluğu nəticəsində bu sərvət dəbdəbəli sarayların tikintisinə və Afrikada şir ovuna xərclənir, qalanı xarici banklarda toplanır. Hansı miqyasda soyğunçuluqdan söhbət getdiyi barədə təsəvvür yaratmaq üçün deyə bilərəm ki, bu sərvət Qarabağda 300 min əhali saxlamağa və supermüasir silahlara malik ordu yaratmağa bəs edərdi.

Əgər Ermənistan iqtisadiyyatının indiki vəziyyəti bu qədər acınacaqlı olmasaydı, hakimiyyət həlak olan və yaralanıb əlil olan hərbçilərin ailələrinə kompensasiyanın verilməsi üçün xalqdan 1000 dram tutulması barədə biabırçı qanunu qəbul etməzdi. Hansı ki, bu qanun elə ilk addımdaca “millət-ordu” ideologiyasını nüfuzdan saldı, dövlətin ləyaqətinə ağır zərbə vurdu və bizi dünyanın qarşısında gülünc duruma saldı.

Maddi resurs məsələsində də Diaspora arxayınlaşmaq lazım deyil. Hər şeydən əvvəl, Diaspor Ermənistana niyə kömək etməlidir ki, onun sərvətlərini öz hakimiyyəti talayır. İkincisi, xeyriyyəçilərin və sadə xalqın müstəqilliyin ilk illərində göndərdiyi humanitar yardımın ölkənin büdcəsinin iki-üç faizindən çox olmadığını da unutmaq lazım deyil. Bu isə, gəlin, etiraf edək ki, “millət-ordu” quruculuğu kimi çox xərc tələb edən proqrama çox cüzi töhfədir. Hətta Ermənstanın bütün dövlət büdcəsi belə bu proqrama xərclənsəydi, bəs etməzdi.

İndi isə birinci suala -“millət-ordu” modelinin hansı zərurətdən irəli gəldiyinə keçək.

Bizim gördüyümüz kimi, monqolların məsələsində bu səbəblər onların başqa ölkələrin torpaqların fəth etmək ambisiyalarından irəli gəlirdi, orta əsrlər İsveçrəsinə və müasir İsrailə gəldikdə, düşmən əhatəsində mövcudluğu qoruyub saxlamaq, təhlükəsizliyini təmin etmək zərurəti bu modelin tətbiqi üçün əsas idi.

Erməni xalqının fatehlik səyləri barədə danışmaq, həqiqətən, gülməlidir, əgər, əlbəttə ki, Bakının alınması, Qərbi Ermənistanın azad edilməsi və dənizdən-dənizə Ermənistanın yaradılması kimi sayıqlamaları nəzərə almasaq. “Millət-ordu” məsələsində mövcudluğunu qoruyub saxlamaq və düşmən əhatəsində təhlükəsiz yaşayışı təmin etmək məcburiyyətinə gəldikdə İsveçrə təcrübəsini tam kənara qoymaq lazımdır. Çünki orta əsrlər arxada qalıb və dövlətlər arasında münasibətlər beynəlxalq hüququn tamamilə ayrı prinsipləri əsasında nizamlanır. İlk baxışdan adama elə gələrdi ki, bu nöqteyi-nəzərdən Ermənistanın problemi İsrailin problemi ilə müqayisə olunandır. Doğrudan da müqayisə olunandır, ancaq ciddi əlavələrlə.

Artıq qeyd etdim ki, uzunmüddətli ərəb-israil münaqişəsinin əsasını beynəlxalq hüquqa zidd olan reallıq, ərəb ölkələrinin BMT qətnaməsini tanımaqdan imtina etməsi təşkil edir. Belə vəziyyətdə İsrailin öz gücünə arxayın olmaqdan və “millət-ordu”nun yaradılmasından başqa yolu qalmırdı. Yəni İsrail bu fikrə könüllü gəlməmişdi, əvvəldən məcbur idi ki, həmin modelə keçsin. Yeri gəlmişkən, hətta Misir və İordaniya ilə sülh müqaviləsinin imzalanmasından sonra da məcburi xarakterli bu zərurət ortadan qalxmadı. Çünki 21 ərəb və islam ölkəsi BMT qətnaməsinin ruhuna zidd olaraq, bu günə kimi İsrail dövlətini tanımayıblar, bu da İsrail üçün ciddi narahatlıq mənbəyi olaraq qalır.

İsraildən fərqli olaraq, Ermənistan Pakistan istisna olmaqla bütün BMT üzvləri tərəfindən tanınıb. Qonşu dövlətlərdən ancaq Azərbaycan və Türkiyənin Ermənistanla diplomatik münasibətləri mövcud deyil. Digər iki qonşu – Gürcüstan və İranla əvvəldən isti dostluq münasibətləri yaradılıb, qarşılıqlı faydalı və geosiyasi amillər nəticəsində bu münasibətlər nəinki pozulmazdır, eyni zamanda daha da dərinləşmək və daha effektiv əməkdaşlıq perspektivlərinə malikdir.

Müstəqilliyini əldə edəndən sonra İsrail altı müharibə yaşayıb – Misirə, Suriyaya, İordaniya və Livana qarşı. 1981-ci ildə İraqın nüvə reaktoruna güclü hava zərbəsini nəzərə almasaq. Ermənistanın isə ancaq Azərbaycanla sərhəd münaqişəsi var. Bu planda qeyd etmək yerinə düşər ki, indiki Ermənistanın vəziyyəti nəinki İsrailin vəziyyətindən, eləcə də birinci Ermənistan respublikasının vəziyyətindən fərqlənir. Hansı ki, cəmi iki il yarımlıq mövcudluğu ərzində dörd qonşusundan üçü ilə müharibə aparmışdı.

Azərbaycanla və Türkiyə ilə ziddiyətlərin aradan qaldırılması, mehriban qonşuluq münasibətlərinin qurulması ancaq bir məsələdən – Qarabağ münaqişəsinin nizamlanmasından asılıdır. Mən bu məsələyə az sonra keçəcəyəm. Bu həqiqəti qeyd etməmək olmur ki, Türkiyə, Azərbaycana qeyd-şərtsiz siyasi dəstəyə baxmayaraq, Ermənistana qarşı blokadadan başqa heç bir düşmənçilik aktı tətbiq etməyib və Qarabağın ərazicə genişlənməsinə (işğala-red.) heç nəylə mane olmayıb.

Bundan əlavə, ola bilsin, paradoksal səslənə bilər, ancaq Türkiyə özünün nümayişkarənə dəstəyi ilə Azərbaycanda böyük ümidlər yaradaraq onu kompromislərdən kənara itələdi. Əgər münaqişə tərəflərindən birini dəstəkləmək əvəzinə, neytrallıq nümayiş etdirsəydi və bununla da Azərbaycanı kompromislərdən aralamasaydı, Kəlbəcərdən sonra sonuncu daha beş rayon itirilməzdi.

Türkiyənin destruktiv müdaxiləsi Qarabağ münaqişəsi ətrafında gərginliyi azaltmadı, əksinə artırdı. Hər necə də olsa, bütün yuxarıda deyilənlədən belə nəticə çıxır ki, Ermənistan İsrailin müstəqilliyini əldə etməsindən sonrakı 40 ildə qarşılaşdığı, hələ də aktuallığını itirməyən təhlükələrin böyük qismindən azaddır.

Deməli, bizim ölkə, əlbəttə ki, milli ordunun gücləndirilməsi zərurətini diqqət mərkəzində saxlayaraq, heç bir halda İsrailin “millət-ordu” quruculuğu nümunəsinə əl atmalı deyil. İsrailin ərəb və islam dünyası ilə olan problemləri ilə müqayisədə Ermənistanın və Qarabağın problemi daha lokaldır, həll edilə biləndir. Məhz bu səbəblə dünya ictimaiyyəti onları hələ prioritet hesab etmir. Bütün bunlardan əlavə İsrail təcrübəsinin mənimsənilməsi metodoloji planda zəifdir, əlçatandır. Çin iqtisadi islahatlarının möcüzəsi, məsələn, ancaq Çində baş verə bilər.

Bir sözlə, bizim “millət-ordu” quruculuğu proqramı uğursuzdur, yaxşı düşünülməyib, təhlükəli proqramdır və yeganə nəticəsi ancaq mühacirəti stimullaşdırmaqdan, ermənilərin kökünün Qarabağdan və Ermənistandan birdəfəlik kəsilməsindən ibarət ola bilər. Belə təəsürat yaranır ki, rejim “millət-ordu” proqramını ancaq millətin ləğvi hesabına həyata keçirmək niyyətindədir. Yəni müəyyən müddət sonra ola bilsin ki, bizim güclü ordumuz olacaq, ancaq həmin vaxta xalq qalacaqmı, bu, sual altındadır.

Təbii olaraq sual yaranır: əgər Ermənistan “millət-ordu”nun yaradılmasına məcburən əl atmırsa, o zaman hansı məqsədi güdür?

Əlbəttə, belə hesab etmək olar ki, “millət-ordu” quruculuğu ideyasının müəlliflərinin məqsədi növbəti patriotik flirtdir və bu, hakim partiyanın boş seçkiqabağı şüarlarından – “bütün millət fədailərə çevriləcək”, “dünya milləti”, “millət-təşkilat”, “dənizdən-dənizə Ermənistan”, “Kür-Araz respublikası”, “bir qarış da olsun torpaq vermərik”, “ümumerməni bankı”, “Gümrü texnoparkı”, “Dilican maliyyə mərkəzi”, “İstanbul – qan gölü” nağıllarından biridir. Əgər bu belədirsə, o zaman “millət-ordu” ideyası o qədər də təhlükəli deyil. Çünki əvvəlki sabun köpükləri kimi partlayıb gedəcək. Əgər rejimin fikri bu dəfə ciddidirsə, o zaman məsələyə ciddi yanaşmaq lazımdır. Bu ideyanın əslindı Qarabağ məsələsində status-kvonu bu dəfə başqa qablaşdırmada saxlamağa yönəlmiş həmin strategiyadan ibarət olduğunu dərk etmək üçün o qədər də çox ağıl tələb olunmur.

Yəni hakimiyyətin ruhuna yaxın olan marketinqin məntiqinə əsasən mənəvi aşınmış, istehlakçını darıxdırmış və işə yaramadağı sübut olunmuş brend başqa, daha cəlbedici və qulağa yaxşı səslənən brendlə əvəzlənib. Başqa sözlə desək, ötən 18 ilin acı təcrübəsindən dərs götürülməyib, rejim Azərbaycan və Türkiyə ilə əbədi qarşıdurma siyasətini davam etdrməyi qərara alıb. Hansı ki, bu siyasət qısa dövr ərzində artıq Ermənistanda və Qarabağda böyük sosial, iqtisadi, demoqrafik, mənəvi-psixoloji dağıntılara gətirib çıxarıb. Bu o deməkdir ki, həmin dağıntılar daha 18 il də davam etsə, Ermənistandan və Qarabağdan heç nə qalmayacaq, problem aktuallığını öz-özünə itirəcək.

Dəfələrlə deyilib ki, Ermənistanın və Qarabağın təhlükəsizliyinin, iqtisadi inkişafının və demoqrafik vəziyyətinin yaxşılaşmasının təminatı Qarabağ münaqişəsinin və erməni-türk münasibətlərinin nizamlanmasıdır. Lakin belə məlum olur ki, bu elementar həqiqəti dərk etməyə bizim hakimiyyətə 18 il də bəs etməyib.

Əslində bir vəzifə var: Qarabağ probleminin həlli! Bundan sonra erməni-türk münasibətləri öz-özünə nizamlanacaq. Qarabağ məsələsinin isə mərhələli həlldən başqa yolu mövcud deyil. Bu gün danışıqlar masası üzərində olan təklif, faktiki olaraq, 1997-ci ildəkinin eynidir: Qarabağa beynəlxalq səviyyədə tanınmış aralıq statusun verilməsi, əvəzində müəyyən ərazilərin qaytarılması, yekun status məsələsinin sonraya saxlanılması, sülhməramlı qüvvələrin yerləşdirilməsi. 

Müasir dünyada orta əsrlərin fəthetmə və cəngəllik hüququ artıq mövcud deyil, münaqişələrin kompromislərdən baqşa həll yolu yoxdur. Bizim “bir parça da torpaq güzəştə getmərik” düşüncəsinə malik xadimlərimizin sevimlisi olan İsrail nümunəsi də bunu təsdiq edir. Kemp-Devid sülh sazişinin baş tutması üçün İsrail 60 min kvadrat kilometrlik Sina yarımadasını qaytardı, Fələstin Azadlıq Təşkilatının İsraili tanımasının əvəzində isə Fələstinə tam muxtariyyət verdi, müəyyən məsələlərin nizamlanmasından sonra müstəqil Fələstin dövlətini də tanımağa hazırdır. Bunlar çətin, ağrılı kompromislər idi, onların həyata keçirilməsi naminə İsrailin baş naziri İshaq RabinMisir prezident Ənvər Sadat həyatlarını qurban verdilər. Deməli, hökmən İsraildən nümunə götürmək lazım gəlirsə, o zaman “millət-ordu”nu yox, “İndi Sülh” (Peace Now!) hərəkatından nümunə götürmək lazımdır.

Münaqişələrin kompromislər yolu ilə həlli qaydasını ancaq böyük dövlətlər poza bilər. Bunu dərk etməyən Səddam Hüseyn Küveyti tutaraq həm özünü, həm ölkəsini məhv etdi. “Kompromislərin alternativi müharibədir” deyimi çoxsaylı tarixi nümunələrlə sübut olunub. Deməyə ehtiyac yoxdur ki, müharibənin hansı fəlakətli nəticələri olur. Nəinki müharibənin özü, eləcə də müharibə ilə təhdidetmə ən barizi kütləvi mühacirət olan nəticələrlə müşaiyət olunur. Ermənistan əhalisi təkcə ağır sosial şərtlər, ədalətsizlik və korrupsiya səbəbindən  deyil, müharibənin yenidən başlaması təhlükəsi üzündən azalır. Bu hal təkcə bizə xas deyil. Bizim gözlərimiz önündə son on illiklər ərzində Gürcüstandan, Azərbaycandan, İraqdan, Suriyadan, Ukraynadan və digər ölkələrdən də müharibə qorxusu qarşısında insanlar mühacirət edirlər.

Qarabağ məsələsinin Ermənistanın maksimal səylərlə indi nail ola biləcəyi həllinə daha sərfəli şərtlərlə hələ 1998-ci ildə nail olmaq mümkün idi. Əgər bu, baş versəydi, nəinki biz son 18 ilin mənasız itkilərindən və əzablarından yaxa qurtarardıq, eyni zamanda indi daha fərqli-çiçəklənən, əhalisi sıx, inkişaf etmiş və təmin olunmuş Ermənistana, Qarabağa nail olmuşduq. Təəsüf ki, bu sadə həqiqətlər vaxtında mənim müəyyən həmkarlarım tərəfindən dərk edilmədi və biz məsələnin həlli üçün ən münasib məqamı əldən buraxdıq. 1998-ci ildəki hakimiyyət dəyişikliyinin dağıdıcı nəticələrinin səbəblərini hakimiyyətdəki şəxslərin əvəzlənməsində yox, siyasətdə vərəsəliyin pozulmasında axtarmaq lazımdır.

Keçmişi bir kənara qoyaraq, aydındır ki, biz bu gün yenidən Qarabağ məsələsinin nizamlanması üçün yaranmış yeni fürsəti əldən buraxmamaq imperiativi qarşısındayıq. Rusiyanın son vaxtlar bu istiqamətdə göstərdiyi səylər belə fürsətin yarandığını göstərir. Mən bir dəfə demişəm ki, Qarabağ məsələsinin həllinin açarı Rusiyanın əlindədir və onun indiki səyləri bunun həqiqət olduğunu göstərir. Üstəlik, Qarabağ məsələsini bir sıra səbəblərdən prioritetə çevirməyən Qərb də Rusiyanın bu məsələdə xüsusi rolunu nəinki dərk edir, üstəlik xüsusi qiymətləndirir.

Ermənistan Milli Konqresi Ermənistanda yeganə partiyadır ki, özünün sülh və kompromislər tərəfdarı olduğunu nəinki gizlətməyib, eyni zamanda dəfələrlə bu haqda açıq bəyan edib. Bunun davamı olaraq və eyni zamanda mövcud situasiyanın tələbləri əsasında Konqres qarşıdakı parlament seçkilərində silahlanma yarışının dayandırılmasına, yeni müharibə təhdidlərinin istisna edilməsinə, Qarabağ münaqişəsinin və Türkiyə ilə münasibətlərin nizamlanmasına yönəlmiş proqramla getməlidir. Hansı ki, bunu təkcə bizim partiyamızın yox, Ermənistan və Qarabağ xalqlarının həyati maraqları tələb edir.

Təbii ki, bu proqramı ancaq Konqresin seçkilərdə qələbə qazanacağı və ya parlamentdə əhəmiyyətli səsə malik olacağı halda reallaşdırmaq mümkündür. Ancaq seçkilərə hələ çox var və 2018-ci ilin aprelinə qədər ölkədə prezident üsul-idarəçiliyi qalacaq. Ona görə də bu vəziyyətlə hesablaşmaq lazımdır ki, Qarabağ məsələsinin nizamlanmasına görə məsuliyyət daha il yarım Serj Sərkisyanın administrasiyasının və onun dayağı olan siyasi partiyanın çiyinlərində olacaq.

Qalan siyasi qüvvələr, o cümlədən Ermənistan Milli Konqresi hələlik öz mövqeyini ifadə etməkdən başqa prosesə hansısa təsir rıçaqına malik deyil. Əlbəttə, bu o demək deyil ki, onlar mənəvi baxımdan üzərlərinə məsuliyyət götürməməlidir. Sülh və barışıq tərəfdarı olan bütün siyasi qüvvələr, vətəndaş cəmiyyəti təşkilatları, intellektuallar indiki hakimiyyəti Qarabağ məsələsinin həllində dəstəkləməlidir, ona münasibətindən asılı olmayaraq. Xarici təhdidlər və daxili sabitliyin pozulması təhlükələri qarşısında biz həmişə bu prinsipdən çıxış etmişik. 27 oktyabrda, aprel müharibəsi günlərində və “Sasna tsrer” hadisələri zamanı bizim göstərdiyimiz mövqe buna sübutdur. Qalan siyasi qüvvələr ya “güzəştsizdir” və “bir parça da olsun torpaq verməyənlərdir”, ya da belə deyillər, satqın adlandırılmaqdan qorxduqları üçün Qarabağ məsələsində öz mövqelərini ifadə etmirlər.

Üstəlik, bu “bir parça da olsun torpaq vermərik” təxəyyülünün daşıyıcılarından çoxunun həmin torpaqların alınmasına heç bir dəxli yoxdur, müəyyən hissəsi isə Varujan Avetisyanın (“Sasna tsrer”in lideri) dəqiq ifadə etdiyi kimi, sadəcə olaraq əllərini əsgər qanında yuyurlar. Onların mövcudluğuna heç də adi baxmaq lazım deyil. Belə ekstremist qüvvələrə inkişaf etmiş demokratik ölkələrdə, o cümlədən haqqında danışdığımız İsraildə də rast gəlinir. Hakim Respublika partiyasının nümayəndələrinin hərəkətləri isə şokedicidir, sıradan hal alıb. Bu partiyanın üzvlərindən heç biri, heç bir dövlət xadimi, koalisiyanın heç bir ortağı bu vaxta qədər heç vaxt kompromislər barədə dəqiq və açıq danışmayıblar. İctimaiyyətin sülhə hazırlanması və opponentlərə cavab verilməsi məsələsində onlar, faktiki olaraq, öz prezidentlərini tək buraxıblar. Hansı ki, bu, Ermənistan Milli Konqresinin deyil, onların işidir.

Elə məqam gəlib çatıb ki, nəhayət, dərk edəsən – Serj Sərkisyan Qarabağ məsələsinin nizamlanması prosesində nailiyyət əldə edə bilmək üçün güclü, xalqın, siyasi qüvvələrin ictimai təşkilatların əksəriyyətinin dəstəyini qazanan lider statusunda çıxış etməlidir, ölkəsinin daxilində problemləri olan zəif rəhbər statusunda deyil. Bunun üçün isə “patriotik” hay-küylə onu tərksilah etmək yox, əksinə, Qarabağ məsələsində qətiyyətli addımlar atması üçün həvəsləndirmək lazımdır. Əks halda danışıqlarda heç kim onun arqumentlərinə qulaq asmayacaq.

Xalqlar, bir qayda olaraq, o liderlərə minnətdar olur ki, onlara hətta qələbə sonluqlu müharibə yox, sülh bəxş edir. Bu həqiqət nəinki indiki dövrdə dərk edilib, eləcə də orta əsrlərdə dərindən dərk edilirdi. Orta əsrlər kralları və sultanları nə qədər hərbi uğurlar qazansalar da, o dövlət xadimləri minnətdarlıqla xatırlanır ki, öz xalqlarına sülh və rifah gətiriblər – hətta kompromislər hesabına olsa da.

Erməni həqiqətlərində bu ideyanı öz əlyazmalarında XI-XII əsrlərin salnaməçiləri Aristakes Lastivertsi və Ovannes Yerznkatsi öz əsərlərində dəqiq ifadə ediblər. Ona görə də Serj Sərkisyan əcdadlarımızın müdrikliyindən və indiki rasional siyasətin diqtə etdiyi zərurətdən çıxış etməlidir.

Mən çıxışımın bu yerində iki xəbərdarlıqla çıxış etməliyəm: birincisi, bizim indiki hakimiyyəti xarici və daxili təhdidlərə qarşı dəstəkləməyimiz heç cür rejimlə əməkdaşlıq kimi dəyərləndirilə bilməz. Biz rejimin ən sərt, ardıcıl, prinsipial tənqidçisi olmuşuq və bundan sonra da öz mövqeyimizi dəyişən deyilik. Erməni xalqının başına min cür bəla açan Respubika partiyasının formalaşdırdığı heç bir koalisiyada yer almarıq. İdeoloji, mənəvi, siyasi baxımdan biz bir-birindən mütləq fərqlənən partiyalarıq, münasibətlərimiz müxalifət-iqtidar münasibətlərindən o yana gedə bilməz. İkincisi, Azərbaycan rəhbərliyi mənim çıxışımdakı barışıq tonunu zəiflik əlaməti kimi qəbul edib, Qarabağ məsələsində mövqeyini daha da sərtləşdirsə, səhvə yol vermiş olacaq.

Azərbaycan müharibəyə yenidən başlasa, daha acı məğlubiyyətə uğrayacaq və daha bir neçə rayon itirəcək. Bundan sonra nə baş verəcək, Allah bilir. Aprel müharibəsi, hesab edirəm ki, Azərbaycana erməni xalqının təhlükə anında birləşmək və əks-zərbə endirmək qabiliyyətini sübut etməmiş deyil.

Özünün davakar ritorikasına baxmayaraq, mən İlham Əliyevi rasional düşüncəli, eləcə də onun xalqı üçün zəruri olan sülh naminə ölçüyə gələn addımlar atmağa qadir dövlət xadimi hesab edirəm. Necə ki, onun rəhmətlik atası Heydər Əliyev mənim “Müharibə, yoxsa sülh?” məqaləmə sağlam düşüncə ilə özünün geniş nitqi ilə cavab vermişdi.

Mən bu çıxışımda sonra Ermənistanın informasiya məkanında hansı hay-küyün, çığırışmasının yaranacağını təsəvvür edirəm. Biz yenidən laqeydlik, uzağı görməmək, lovğalıq karnavalının şahidi olacağıq. Biz bir çox yarlıqlara layiq görüləcəyik və artıq neçənci dəfədir ki, erməni siyasi təfəkkürünün orijinallığını xarakterizə edən aşağıdakı  paradoksal sillogizm sütununa bağlanacağıq:

a) bir qismini güzəştə gedirsən, digər qismini əldə saxlaya bilirsən;

b) heç nəyi güzəştə getmirsən, hamısını itirirsən;

c) bir hissəni əldə saxlayanlar satqınlar elan olunur, hər şeyi itirənlər qəhrəman adlandırılır.

Axı biz nəyə görə öz taleyimizi və ağrımaz başımızı sınağa çəkirik? Ona görə ki, Ermənistanda həqiqətin gözünə dik baxa bilən qüvvə artıq yoxdur. Əgər biz də başqaları kimi susacağıqsa, o zaman ölkəmizdə sağlam düşüncə közü birdəfəlik sönüb gedəcək. Ona görə də bizə hansı yarlıqların yapışdırılacağından asılı olmayaraq, mən Konqresə təklif edirəm ki, seçkilərə “Sülh, Barışıq, Mehriban qonşuluq” devizi altında getsin. Bu deviz xalqın əksəriyyətinin dəstəyini qazanmaya bilməz, çünki Ermənistanın və Qarabağın xilasının, rifahının başqa yolu yoxdur. Nüfuzlu iqtisadçıların və politoloqların, o cümlədən bizim həmvətənlərimiz Taron Açemyanın dediyi kimi, Ermənistan artıq Əfqanıstan, Somali, Liviya, Yəmən, Cənubi Sudan kimi təşəkkül tapmamış dövlətə çevrilib. “Sülh, Barışıq, Mehriban qonşuluq” devizinin həyata keçirilməsi bizə qısa zamanda bu siyahıdan çıxmağa imkan verəcək. Deməli, Ermənistanın və Qarabağın bu fürsəti əldən buraxmağa haqqı yoxdur.

Ermənistan Milli Konqresinin indiki məqamda taktikasına gəldikdə isə, arzuolunandır ki, qarşıdakı parlament seçkilərinə biz bu deviz ətrafında formalaşmış blokla gedək. Bu deviz altında yaradılacaq bloka qoşulmaq isəyən partiyalar üçün bizim qapılarımız açıqdır.

Nitqimi yekunlaşdıraraq, Konqresin Qarabağ məsələsinin nizamlanmasında mövqeyini daha da konkretləşdirmək üçün təkrarlardan qaçaraq həmin mövqenin aşağıdakı çıxış nöqtələrinə əsaslandığını qeyd edirəm:

A) Qarabağ problemi həll olunmadan, Ermənistan və Qarabağ hansısa inkişaf, çiçəklənmə və rifah perspektivlərinə malik deyil. 18 il bunu başa düşmək üçün az müddət sayılmır.

B) Danışıqlar masası üzərində olan həll yolundan başqa yol yoxdur. Bu məqamı da əldən buraxsaq, gələcəkdə bizi daha pis həll yolu gözləyir.

C) Münaqişənin nizamlanacağı halda tərəflərdən heç biri özlərini məğlub və ya qalib hiss etməməlidir. Əks halda uzunmüddətli perspektivdə bu, münaqişənin yenidən bərpa olunması təhdidinin daimi xarakter almasına gətirib çıxaracaq.

D) Ermənistan Milli Konqresi, qeyd olunduğu kimi, öz mövqeyini ifadə etməkdən başqa nizamlama prosesinə başqa təsir rıçaqına malik deyil.

E) Məsələnin həlli məsuliyyəti tamamilə indiki rejimin və onun dayağı olan siyasi qüvvələrin üzərinə düşür. Bizim mövqeyimizə qulaq asmaq istəsələr – lap yaxşı, istəməsələr – qoy başları ilə cavab versinlər.

F) Əgər bizim hakimiyyət daha sərfəli, tam qələbəni təmin edən həllə qadirdisə, biz bunu ancaq alqışlayacağıq və ondan üzr istəyəcəyik.

G) Biz münaqişə nəticəsində təkcə ermənilərin yox, azərbaycanlıların da üzləşdiyi saysız-hesabsız əzablara görə bərabər ölçüdə öz ağrımızı ifadə edirik, iki xalqın dinc yanaşı mövcudluğuna və mehriban qonşuluq münasibəti yaratmasına səmimi qəlbdən inanırıq.

Ola bilsin, mənim çıxışım acı alındı, ancaq məqsədim insanları ümidsizliyə qapamaq deyil, əksinə, yeganə obyektiv qürur və sevinc mənbəyi bu gün Henrix Mxitaryan (futbolçu) olan xalqa indiki vəziyyətdən layiqli çıxış yolu göstərmək idi…

 

Azərbaycan dilinə tərcümə etdi: Fərhad Məmmədov

Virtualaz.org