XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 December 2016 - 13:07

Şərifov – Hacıyev rəqabətinin arxa planı:Vəzifə uğrunda amansız yarış "ortaqlar"ı necə düşmənə çevirdi?

cahangir-samir

Artıq 2 ilə yaxındır ki, Beynəlxalq Bank ətrafında baş verənlər gündəmin əsas mövzusuna çevrilib. Bir zamanlar Qafqazın ən böyük bankı kimi tanınan, dünya bank bazarındakı texniki yenilikləri ilk dəfə Azərbaycana gətirən, bank xidmətləri bazarının yarıdan çoxunu idarə edən, beynəlxalq reytinq agentliklərinin Azərbaycanın suverenliyinə bərabər tutduğu bu bankın indiki durumu, həqiqətən, ürək ağrıdır.

Məlum olduğu kimi, bu 2 ildə ölkənin bütün iqtisadi problemlərinin əsas baiskarı kimi məhz Beynəlxalq Bankın fəaliyyəti göstərilib və bu səbədən də bankın sabiq rəhbəri və onun ətrafı həbsə atılıb.

Cahangir Hacıyevin yerinə təyin olunan yeni sədr – Elmar Məmmədov belə, əyləşdiyi kürsüsündə çox duruş gətirə bilməyib, bir neçə gün əvvəl vəzifəsindən azad edilib, hətta saxlanılaraq dindirildiyi xəbəri yayılıb. Maliyyə naziri Samir Şərifovla Cahangir Hacıyevin bir-birinə qarşı ittihamları isə ölkə gündəmini hələ də silkələməkdədir…

Əlbəttə, Beynəlxalq Bank ətrafında baş verənləri daha çox sadalamaq olar. Məqsədimiz isə bu zamana qədər deyilənləri təkrarlamaq yox, bankın indiki hala gətirilməsinin alt qatlarına nəzər salmaqdır.

Strateq.az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumatlar indiyədək mətbuatda işıqlandırılmayan bir çox mətləblərə aydınlıq gətirir.

Məlumatda əsasən maliyyə naziri Samir Şərifovla Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev arasındakı rəqabətin köklərinə, tarixinə işıq tutulur. Həmçinin maliyyə naziri Samir Şərifovun yüksəlişinin səbəbləri də burada öz əksini tapıb.

İstərsəniz gəlin, uzun-uzadı təqdimata gərək olmadan, mətləbə keçək.

 

Samir Şərifov necə nazir odu?

 

Bildirildiyinə görə, Samir Şərifovun bu yüksəlişi 1990-cı illərə təsadüf edir:

O, 1995-ci ildə Azərbaycan Respublikası Milli Bankında departament direktoru təyin edilib. Daha sonra baş direktor vəzifəsini icra edən Samir Şərifov 2001-ci ildə  Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsinə gətirilib. Bu vəzifəsində 5 il işləyən Samir Şərifov 2006-cı ildən isə indiki postuna – maliyyə naziri vəzifəsinə layiq görülüb”.

Sual oluna bilər: 1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin məzunu olan Samir Şərifov öz ixtisası olmayan maliyyə sahəsində ən yüksək zirvəyə necə çıxa bilib?

Məlumatda bu mətləbə belə aydınlıq gətirilir:

“90-cı illərdə  indiki maliyə naziri Samir Şərifov Mərkəzi Bankın valyuta şöbəsinin rəisi təyin olunub. Həmin vaxt ölkədə yenicə özəl banklar yaranırdı və bu trend birbaşa Samir Şərifovun rəhbərlik etdiyi sahəyə aid idi. Heç bir özəl kapitala malik olmayan Samir Şərifov da əlindəki bu fürsətdən faydalanmağa çalışırdı. El arasında "Sığorta Mamed" kimi tanınan atası bir zamanlar Əmanət Bankının sədri olduğundan kifayət qədər imkanları ilə seçilən Elmar Məmmədovu Samir Şərifov yanına çağıraraq, onun dövlət orqanlarında himayəsini boynuna götürməklə şərikli bank açmağı təklif edir və sövdələşmə baş tutur. Açılan yeni bankın rəhbərliyinə isə Samir Şərifovla birgə Xarici İşlər Nazirliyində işləmiş, sonradan dələduzluğa görə ölkədən qaçan Rövşən Rəsulov təyin olunur. Bu şərikli bank sonralar Kapital Bankın Səbail filialının müdiri Bəşər Hacıyevlə büdcə pullarının müxtəlif sxemlərlə nəğdləşdirilməsi əməliyyatlarında iştirak etdiyinə görə bağlanır. Bəşər Haciyev isə həbs olunur”.

Beləcə, diplomatiyadan bank sisteminə transfer edən Samir Şərifovun bu sahədə ilk uğurları başlayır.

Məlumatdan belə qənaət yaranır ki, nazirin qazandığı bütün uğurlarda birgə özəl bank qurduğu Elmar Məmmədovun imkanlarının da ciddi rolu olub. Bu birgə fəaliyyət Elmar Məmmədovu daha imkanlı hala gətirdiyi kimi, Samir Şərifovu da xeyli ucaldıb və varlandırıb.

Məlumatda qeyd olunur ki, Samir Şərifov Mərkəzi Bankda işlədiyi zamanlar əldə etdiyi uğuru Beynəlxalq Bankla davam etdirmək istəyir. Lakin bu məqsədinə çata bilmir: “Həmin illərdə bankın sədri vəzifəsinə Samir Şərifovun Mərkəzi Bankda rəhbəri olmuş Fuad Axundov təyin olunur. Fuad Axıundov isə Samir Şərifovu yox, Cahangir Hacıyevi kredit komitəsinin sədri vəzifəsinə gətirir. Daha sonra Cahangir Hacıyevi hansısa səbəbdən vəzifəsindən uzaqlaşdırmaq istəyən Fuad Axundovun özü kürsüsünü tərk etmək məcburiyyətində qalır. Həmin kürsüdə oturan isə Cahangir Haciyev olur”.

Bununla da əzəli rəqabət qızışır.

Məlumata görə, kifayət qədər xarizmatik xarakterə və şəxsi əlaqələrə malik olan Cahangir Hacıyevin bu “at gedişi” Samir Şərifova Beynəlxalq Bankla bağlı arzularını reallaşdırmağa imkan vermir: “Beləliklə də onda Cahangir Hacıyevə qarşı daxili qısqanclıq yaranır. Sonralar vəzifə pillələrində irəliləyən Samir Şərifov maliyyə naziri kimi Cahangir Hacıyevin sədri olduğu bankın Müşahidə Şurasına rəhbərlik edir. Qazandığı bu fürsət əzəli rəqabət şəraitində nazirin əlini gücləndirir və o, Cahangir Hacıyevi vəzifəsindən uzaqlaşdırıb, yerinə illər öncə aralarında dostluq əlaqəsi yaranmış Elmar Məmmədovu təyin etmək istəsə də, uzun müddət istəyinə nail ola bilmir. Buna Beynəlxalq Bankın həmin illərdə artan reytinqi, Cahangir Hacıyevin malik olduğu münasibətlərə sədaqəti, şəxsi əlaqələri və hörməti imkan vermir”.

Getdikcə ölkə rəhbərliyinin nəzdində nüfuzunu artıran Cahangir Hacıyevin Baş nazir postuna təyin olunması ehtimalı isə naziri daha çox qıcıqlandırır, narahat etməyə başlayır. Məlumata görə, bu barədə yayılan söz-söhbətlər Samir Şərifovu “sürətli addımlar” atmağa vadar edir:

“Cahangir Hacıyevin bu uğurlarının qarşısının alınmasının yeganə yolu isə işinin öhdəsindən gələ bilməməsi barədə qənaətin formalaşdırılması, yaratdığı “problem”lərin qabardılması, beləliklə də ölkə rəhbərliyinin yanında nüfuzdan salınması ola bilərdi. 2008-ci ildə başlayan qlobal böhran, dünyadakı bir çox bankların çökməsi də Samir Şərifovun işinə yarayırdı. Cahangir Hacıyevə qarşı ilk hücumlar da bu zaman özünü göstərirdi.

Əslində isə Beynəlxalq Banka Müşahidə Şurasının sədri kimi maliyyə nazirinin özü birbaşa rəhbərlik edirdi. Ən yüksək səlahiyyətli birinin bankdakı problemlərlə bağlı özündən aşağı vəzifə tutmuşları günahlandırması absurd idi. Buna baxmayaraq, uzun illərdən bəri davam edən “qara piar” nəticə verdi. Ötən ilin ilk aylarında Cahangir Hacıyev Beynəlxalq Bankın sədrliyindən uzaqlaşdırıldı, daha sonra isə həbs olundu”.

Maraqlıdır ki, mənbəmizin Cahangir Hacıyevin nüfuzdan salınmasının tarixi kimi göstərdiyi 2008-ci il qlobal böhrandan sonra Samir Şərifova yaxın bir şəxsin ulduzunun parlaması müşahidə edilirdi. Söhbət indiki maliyyə naziri ilə müştərək bank açan Elmar Məmmədovdan gedir.

elmar-bank-1

Məlumata görə, Elmar Məmmədov 2009-cu ildən 2013-cü ilə qədər "Kapitalbank"a, 2014-2015-ci illərdə "Azərtürkbank"a, nəhayət, Cahangir Hacıyev həbsə atılıb tam zərərsizləşdiriləndən sonra, yəni 2015-ci ildən 2016-cı ilin son aylarına qədər Beynəlxalq Banka rəhbərlik edib.

İnformasiya qaynağımız maliyyə naziri Samir Şərifovun sayəsində 2008-ci ildən parlamağa başlayan yeni bank ulduzunun Beynəlxalq Banka gətiriləndən sonra birdən-birə sönməsinin səbəblərinə də aydınlıq gətirir:

“Daim öz maddi imkanları, yuxarı vəzifələrdəki yaxınları, onlara verdiyi 100 minlərlə dollarlıq saat hədiyyələri ilə hər kəsin yanında öyünən, intiriqaçı xüsusiyyəti ilə seçilən, insanları özündən asılı vəziyyətdə saxlamaqdan həzz alan bu şəxsin ölkənin ən böyük bankına sədr təyin olunması onu ölkə rəhbərliyinə təqdim edənlərə baş ucalığı gətirmirdi. Hələ "Kapitalbank"da işlədiyi dövrlərdə yaratdığı problemlər, itkilər, sovet dövrü əmanətlərinin qaytarılmasındakı maxinasiyalar onun son vəzifəsinə təyinatını mümkünsüz etməliydi. Beynəlxalq Banka təyinatından sonra illərlə yaradılmış menecmenti dağıdaraq, yalnız şəxsi yaxınlıq prinsipləri ilə savadsız adamları işə götürməklə bu qurumu düşdüyü ağır vəziyyətdən çıxarmaq olmazdı. Əslində Elmar Məmmədovun isə belə bir dərdi yox idi. Onun əsas məqsədi illərlə arzuladığı vəzifəyə təyin olunmaq, Cahangir Hacıyevin ətrafını "vurmaq" üçün əlindən gələni etmək və Azərbaycanın bank bazarını tamamilə öz əlinə keçirmək idi”.

Mənbəmiz Samir Şərifov – Cahangir Hacıyev rəqabətinin əsas katalizatoru kimi təqdim etdiyi Elmar Məmmədovun dövlət sərmayəsi ilə qurulan bank sistemində yaratdığı şəbəkə barədə də məlumat verib.

Onun bildirdiyinə görə, bir vaxtlar atasının rəhbərlik etdiyi, 2009-ci ildən 2013-cü ilə qədər isə özünün sədri olduğu "Kapitalbank"da Elmar Məmmədovun çox ciddi şəbəkəsi var: “2014-cü ildə rəhbərlik etdiyi "Azərtürkbank"a isə faktiki olaraq, onun bu bankda yüksək vəzifə tutan qardaşı nəzarət edir. Beynəlxalq Bankda işlədiyi dövrlərdə qardaşı ilə əlbir olub qara bazarda valyuta satışını birgə təşkil edirdilər”.

 

Elmar Məmmədov niyə Beynəlxalq Bankdan uzaqlaşdırıldı?

 

Məlumata görə, Elmar Məmmədovun Beynəlxalq Banka vurduğu ən böyük zərbə keçmiş sovet təcrübəsini yeni iş yerinə daşıması və həyata keçirdiyi uğursuz əməliyyatlar olub:

“O, hələ keçmiş Əmanət Bankı dövründə  illərlə atasından öyrəndiyi “şapka” prinsipini Beynəlxalq Banka gətirdi. Məhz Elmar Məmmədovun sədrlik etdiyi 1 il 4 ayda Beynəlxalq Bankın tarixində ilk dəfə ipoteka kreditlərinə görə 15%, əmək haqqına verilən kreditlərə görə 15% “şapka” alındı.

Üstəlik, bankın gələcəyi riskə qoyularaq, Neft Fondundan xarici valyuta ilə alınan kreditlər manata çevrilərək illik 8%-lə 15-20 illiyə Elmar Məmmədovun yaxın adamlarına ipoteka kreditləri verildi. Əhalidən manatla alınan əmanətlərə isə illik 15% vəd edən bankın ipoteka kreditlərinə bu cür yanaşması anlaşılmaz olduğu qədər bir çox mətləbləri də gün işığına çıxarırdı. Cahangir Hacıyevin dövründə özlərinin imza atdığı səhvləri şişirdərək, Beynəlxalq Bank rəhbərini günahlandıran Maliyyə Nazirliyinin bu talana laqeyd yanaşması prosesin Elmar Məmmədov tərəfindən deyil, birbaşa Samir Şərifov tərəfindən idarə olunması təəssüratı yaradırdı.

Görünür, bu təəssüratın qarşısını almaq üçün Elmar Məmmədovun Beynəlxalq Bank sərgüzəşti uzun sürmədi. Onun 1 il 4 aydan sonra işdən kənarlaşdırılması Maliyyə Nazirliyinin özünüqoruma instiktindən başqa bir şey deyildi. Öz fəaliyyətini şəxsi maraq və Elmar Məmmədovun intiriqaları səviyyəsinə endirənlər Maliyyə Nazirliyini də bu illərdə alver məkanına çevridilər”.

Mənbəmiz daha sonra bildirir: “Nazirlik özünün əsas funksiyası kimi yalnız cılız xəzinədarlıq missiyası daşıdığını zənn edir. Halbuki, nazirlik daha geniş funksiyalara malik olmaqla ölkənin iqtisadi siyasətinin bütün istiqamətlərində öz sözünü deməli, ümumi iqtisadi siyasəti koordinasiya etməlidir. İndiyədək bu orqan ölkədə nə mühasibat uçotunun metodologiyasına cavabdehlik daşıyaraq onun beynəlxalq standartlara keçməsini təmin edib, nə ölkədəki normal iqtisadi mühitin yaradılması üçün iqtisadiyyatı dağıdan gömrük monopoliyasının ləğv edilməsinə təşəbbüs göstərib, nə vergi sisteminin təkmilləşdirilməsi istiqamətində hər hansı təkliflər verib, nə də ayrılan maliyyə vəsaitlərinin büdcə təşkilatları tərəfindən düzgün xərclənməsinə nəzarət edib”…

(ardı var)

Heydər Oğuz

Strateq.az