XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

25 Mart 2015 - 10:20

Nazarbayev “Türk İttifaqı”yla Rusiyanı yaxınlaşdırır?!

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu öz Feysbuk səhifəsində Qazaxıstanın bölgə siyasəti ilə bağlı maraqlı bir təhlillə çıxış edib. Strateq.az tanınmış politoloqun həmin təhlil yazısını təqdim edir:

Prezident seçkilərinə hazırlaşan Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev martın 16-da ölkəsinin Azərbaycan Respublikasına yeni fövqəladə və səlahiyyətli səfirini təyin edib. Yeni səfir Beybit İsabayev Azərbaycandan əvvəl Qazaxıstanın Pakistan, Türkiyə və Qırğızıstanda səfiri olub. Bu, Qazaxıstan üçün yaxın ətrafda ən vacib ölkələr sayılır. Deməli, Astana yeni təyinatla Qazaxıstan-Azərbaycan münasibətlərini də canlandırmaq istəyir. Siyasi müstəvidə iki dövlət strateji müttəfiq sayıla bilərlər. Ermənistan Prezidenti Serj Sərkisyan Rusiyanın təkidi ilə Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinə üzv olmaq istəyini bildirdikdə, Qazaxıstan prezidenti həmin tədbirdə Azərbaycan prezidentinin məktubunu oxumuşdu. Məktubda deyilirdi ki, Ermənistan Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinə üzv olarkən, Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi bu prosesdə iştirak etməməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu oxuyan Nazarbayevin sonuncu cümləsi belə olmuşdu: “Biz dostumuz olan Azərbaycanı qıcıqlandıra bilmərik”. Nazarbayevin bu replikasına nə Sarkisyan, nə də Rusiya Prezidenti Vladimir Putin münasibət bildirmişdilər. Hər ikisi Nazarbayevin Azərbaycanı müdafiə etməsindən narazı qalmışdılar.

Qazaxıstan prezidentinin bu addımı Azərbaycanın siyasi dairələrində və ictimaiyyətində yüksək dəyərləndirildi. İlham Əliyev məktubun oxunmasına görə Nazarbayevə şəxsən təşəkkürünü bildirdi. Azərbaycanın bundan sonra da Qazaxıstanın geosiyasi dəstəyinə ehtiyacı var. çünki Azərbaycan Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinə üzv deyil, Ermənistan isə birliyin yeni üzvü kimi Dağlıq Qarabağda istehsal olunan malları ortaq bazara çıxartmaq istəyəcək. Ona görə də Bakı yalnız Astana vasitəsilə Ermənistanın bu planlarına mane ola bilər.

Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyi ideyasının yaradıcısı olsa da, o, bölgədə türk ittifaqının formalaşmasını da arzulayır. Nazarbayev sonuncu dəfə Türkiyədə olarkən, Altaydan başlayaraq Aralıq Dənizi sahilinə qədər 200 milyon türkün yaşadığını vurğulayaraq, türk dünyasının böyük güc olduğunu vurğulamışdı. Bu, Nazarbayevin Moskvaya mesajı idi.

Qazaxıstan Rusiya ilə eyni blokda olsa da, Astana Moskvanın siyasətindən və planlarından ehtiyat edir. Kremlin Krımı işğalı və Donbasdakı separatçılara dəstəyi, hamı kimi, Astananı da narahat edir. Putin “rusları qorumaq” adı altında Ukraynanı parçaladı. Qazaxıstanda da kompakt şəkildə xeyli rus yaşayır. Rusiya ilə Qazaxıstan arasında münasibətlərdə problem olmayana qədər Kreml Astanaya qarşı “rus kartını” işə salmayacaq. Təsadüfi deyil ki, Putin çıxışlarının birində Nazarbayevin hesabına Qazaxıstan dövlətin yarandığını dedi. Yəni Putin tarixdə belə bir dövlətin olmadığına işarə vururdu. Bu açıqlama Astanaya xəbərdarlıq mesajıydı ki, Qazaxıstanın siyasətini dəyişsə, bu ölkədə də Ukraynada olduğu kimi, mənfi proseslər başlaya bilər. Ona görə də Astana Kremllə ittifaq münasibətlərindən geri addım ata bilməz. Buna baxmayaraq, Nazarbayev türk dünyası ideyası ilə Rusiya ilə müttəfiqliyə paralel blok da formalaşdırmağa çalışır. Məqsəd Rusiyadan geosiyasi asılığı azaltmaqdır. Astana “türk bloku”nda 2 dövlətə vacib yer ayırır: Türkiyə və Azərbaycan. Türkdilli dövlətlərdən Qırğızıstan da Gömrük İttifaqı ilə Avrasiya İqtisadi Birliyinə üzv olub. Ermənistanı çıxmaq şərtilə, Gömrük və Avrasiya İqtisadi İttifaqı faktiki slavyan (Rusiya, Belarus) və türk (Qazaxıstan, Qırğızıstan) birliyindən ibarətdir. Avropa Birliyindən uzaqlaşan Türkiyə də Avrasiya İqtisadi Birliyinə maraq göstərir ki, bu faktor da Astananın xeyrinədir.

Türkiyənin Qazaxıstanda milyardlarla dollar investisiyaları var. İki ölkə arasında ticarət əlaqələri ilbəil artır. Ancaq Qazaxıstan-Azərbaycan iqtisadi əlaqələri zəifdir. Doğrudur, Qazaxıstan az miqdarda neftini Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Aralıq dənizinə daşıyır, ancaq Astana Bakı ilə daha böyük investisiya layihələrinin reallaşdırılmasını istəyir. Astana inşası tamamlanmaqda olan Bakı-Tiflis-Qars dəmiryoluna maraq göstərir, gələcəkdə Qazaxıstan bu nəqliyyat vasitəsilə mallarını Türkiyə və Avropa bazarına çıxara bilər. Bu arada, Ankara Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli format ideyasını irəli sürüb. Bu format çərçivəsində 3 ölkənin xarici işlər nazirləri və prezidentlə tez-tez görüşməli və strateji tərəfdaşlığın yollarını müzakirə etməlidirlər. Azərbaycan bu format vasitəsilə Qazaxıstanla ikitərəfli iqtisadi-ticarət əməkdaşlığını hər iki dövlətlə sıx münasibətləri olan Türkiyənin bu prosesə qoşulmasıyla canlandıra bilər.

Elxan Şahinoğlu,

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri