XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2017 - 23:36

Ankara yenidən “qonşularla sıfır problem” siyasətinə qayıdır:Türkiyənin Rusiya ilə sürətli yaxınlaşmasının sirri açılır - Təhlil

rusiya

Türkiyənin Rusiyayla münasibətlərini normallaşdırmasıyla Yaxın Şərqdə də sular durulmağa başlayıb.

Strateq.az xəbər verir ki, Suriya məsələsində Rusiya ilə ortaq məxrəcə gələn Türkiyə indi İraqla da dil tapmağa çalışır.

Ötən gün Bağdada gedən Türkiyə baş naziri Binali Yıldırım və onun iraqlı həmkarı Heydər İbadinin rəhbərliyi ilə Türkiyə-İraq Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü toplantısı keçirilib. Toplantıda tərəflər “öz torpaqlarında terror təşkilatlarının yurd salmasına və iki ölkənin milli təhlükəsizliyini təhdid edən hər hansı fəaliyyətə icazə verməyəcəkləri” barədə razılığa gəliblər. Şurada həmçinin tərəflərin beynəlxalq koalisiyanın İŞİD-ə qarşı mübarizəsində əməkdaşlıq edəcəkləri qərara alınıb.

"Tərəflər arasında … bölgədə təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün birlikdə çalışmaq, həmçinin məzhəbi və etnik qütbləşmə daxil olmaqla, bölgənin təhlükəsizlik və sabitliyini təhdid edən bütün faktorları aradan qaldırmaq üzərində razılıq əldə edildi" – Türkiyə-İraq 3-cü Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının birgə bəyanatında belə deyilir.

Bir müddət əvvələ qədər rəsmi Bağdadın həyata keçirdiyi Mosul əməliyyatı çərçivəsində bir-biriylə müharibə ritorikasıyla danışan iki dövlətin indi İŞİD-ə qarşı birgə mübarizə aparmaq üçün qollarını çırmalaması Yaxın Şərqdəki geopolitik balansın tamamilə dəyişilməsi anlamına gəlir. Görünən budur ki, Türkiyə bundan sonra öz ənənəvi müttəfiqi hesab olunan ABŞ və beynəlxalq koalisiya ilə deyil, regional qüvvələrlə – Rusiya, İran, İraq, Suriya ilə birgə hərəkət edəcək.

Sözsüz ki, Türkiyənin bu çətin addımı atması təsadüfi deyil.

Ankaranın strateji oriyentasiyasını yenidən gözdən keçirməsinin bir səbəbi müttəfiqlərinin, daha konkret desək, ABŞ-ın Yaxın Şərqlə bağlı siyasətinin Türkiyənin də torpaq bütünlüyünü təhdid etməsidirsə, digəri Ağ Evdə hakimiyyət dəyişikliyindən sonra Vaşinqtonun yürüdəcəyi siyasətin qeyri-müəyyənliyidir.

Məlum olduğu kimi, Obama hakimiyyəti Suriyada İŞİD-ə qarşı mübarizədə PKK-nın uzantısı olan PYD-ylə əməkdaşlığa üstünlük verirdi. Bu isə istər-istəməz kürd separatçılarının Suriyanın şimalında müstəqil dövlət qura biləcəkləri ehtimalını yaradır və Ankaranı narahat edirdi. Nədən ki, super gücdən maddi və mənəvi dəstək alan “Kürdüstan”ın qurulması 40 ilə yaxındır, Türkiyənin baş ağrısına çevrilən PKK-nı daha güclü hala gətirə, ölkə daxilində separatizm əhval-ruhiyyəsini artıra bilərdi. Qardaş ölkədə stabilliyi pozacaq bu prosesin qarşısını almaq üçün Ankaranın bütün iradlarına Vaşinqtondan verilən cavab isə bu cür idi: nə etməli, İŞİD-ə qarşı aktiv və uğurlu mübarizə aparmaq üçün PYD-dən özgə alternativ yoxdur. Biz də PYD üzərində dayanmağa məcburuq.

Rəsmi Ankara müttəfiqinin bu bəhanəsini kəsmək üçün alternativ olaraq özünü ortaya atdı və Suriyaya müdaxilə etdi. Ötən ilin yay aylarında başlanan “Fərat qalxanı” əməliyyatı ilə İŞİD-ə qarşı daha təsirli mübarizə aparılmasına baxmayaraq, Türkiyənin başqa dövlətin ərazisinə müdaxiləsi bir sıra problemlərin yaşanmasına şərait yaradırdı. Suriya bu əməliyyatı suverenlik haqlarına təcavüz kimi qəbul edir, müttəfiqləri Rusiya və İran da onu dəstəkləyirdi.

Türk ordusunun “Fərat qalxanı” çərçivəsində keçirdiyi hava hücumlarını dayandırmaq üçün Rusiyanın Suriyaya yerdən-göyə raket qurğuları verməsi və rəsmi Dəməşqin bir daha hava sərhədləri pozularsa, Türk təyyarələrini vurmaq təhdidi Ankaranın əl-qolunu bağlayır, İŞİD-ə qarşı mübarizədə hava üstünlüyünü əlindən alırdı. Çətin durumda qalan Türkiyə Suriyaya rəqib kimi yox, dost kimi girməyə məcbur idi. Problem “Əsəd dostları” koalisiyasının əsas güc mərkəzi sayılan Rusiyayla anlaşaraq, həll edilə bilərdi. Bunun üçünsə rəsmi Ankara Hələbdəki “mülayim müxaliflər”ə dəstəyini kəsməli, bir növ, Suriyanın ikinci paytaxtı sayılan şəhərin alınmasına göz yummalı, ölkənin ərazi bütövlüyünü tanımalı idi. Ötən ilin sonlarında İran, Türkiyə, Rusiyanın Moskvada bağladıqları atəşkəs sazişində də bu xüsus yer almış və bundan sonra Hələbdə düşdüyü mühasirədən təxliyə edilən “mülayim müxalif”lərin “Fərat qalxanı” əməliyyatına qoşulması razılaşdırılmışdır.

Türkiyənin bu önəmli addımları atmasından sonra Binali Yıldırımın İraqa getməsi Moskva görüşünün yalnız Suriya ilə məhdudlaşmadığını, Bağdadla da münasibətləri normallaşdırma dövrünə qədəm qoyulduğunu göstərir. İki ölkə arasında 3-cü Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurası toplantısının məhz həmin görüşdən sonra keçirilməsi Ankaranın yenidən “yaxın qonşularla sıfır problem” strategiyasına qayıtmaq niyyətindən xəbər verir.

Əlbəttə ki, xətalı yoldan qayıtmaq bütün hallarda qazancdır və Ankaranın bu geridönüşdə qazancı Suriyadan və İraqdan az deyil. Ankaranın ən ciddi qazancı stabilləşəcəyi güman olunan Yaxın Şərqdə önəmli güc mərkəzlərindən biri halına gəlməsidir. Türkiyənin nə qədər məcburən olsa belə, atdığı bu addımın gətirdiyi divident hətta “Əsəd dostları” koalisiyasının qurucu müttəfiqi İranı belə qısqandıracaq səviyyədədir. Bu yaxınlarda İranın geopolitik mətbu orqanlarından biri Moskva görüşü barədə dərc etdiyi analizində açıq şəkildə etiraf edirdi ki, Türkiyə ilə Rusiyanın yaxınlaşması İranın regiondakı əhəmiyyətini azaldır, Tehranın ikinci plana düşməsinə səbəb olur. Analizə görə, sonradan ittifaqa qoşulan Ankarının bu gücünün sirri Qərblə müttəfiqliyidir. NATO üzvü olan Türkiyəni itirmək ABŞ üçün asan olmayacağından, Vaşinqton regiondakı dağıdıcı siyasətindən geri çəkilməyə, daha konstruktiv siyasət həyata keçirməyə məhkumdur.

İlk baxışdan, Türkiyənin öz ənənəvi orbitindən uzaqlaşması, həqiqətən də, ABŞ-ın üçün asanlıqla həzm ediləcək durum deyil. Türkiyə-ABŞ münasibətləri tarixinə nəzər salanda da bunu aydın şəkildə görə bilərik. Məsələn, hələ 1964-cü ildə ABŞ prezidenti Lindon Beyns Consonun İsmət İnönüyə olduqca kobud üslubda yazdığı məktubundan sonra Türkiyə o zaman da məcburən SSRİ-yə yaxınlaşmışdı. Mütəxəssislər ABŞ-ın bu sayqısızlığının səbəbini qardaş ölkənin super güc üçün strateji əhəmiyyətinin azalmasıyla izah edirlər. Bildirildiyinə görə, 1960-cı illərdə nüvə silahı daşıyan sualtı gəmilərini hazırlayan ABŞ-ın Türkiyədəki hərbi bazalara ehtiyacı qalmamış və o, su hövzələri üzərində qurulan dünya hegemonluğunu “gözəgörünməyən” yeni hərbi texnika ilə əldə tutacağına xeyli arxayın olmuşdu. Türkiyənin SSRİ-yə həvalə edilməsiylə nəticələnən bu arxayınlıqdan istifadə edərək, Rusiya öz hərbi donanmasını Aralıq dənizinə göndərmiş və imperial hədəfi olan “dünya dənizləri hegemoniyası”nın dəlindiyini düşünən Vaşinqton yenidən Türkiyə ilə münasibətlərini düzəltməyə məcbur olmuşdu.

Bu gün yenə ABŞ-ın qorxulu röyasına çevrilən eyni situasiya yaranır. Bir tərəfdən Suriyada böhranından istifadə edən Moskva Aralıq dənizindəki mövqelərini gücləndirir, dənizin ən strateji bölgəsi sayılan şərq hissəsinə tamamilə nəzarət edir, digər tərəfdən isə regionun ən önəmli ölkələrindən sayılan Türkiyə ilə ittifaq qurur. Bu isə ABŞ üçün bütünlüklə Yaxın Şərqi itirmək deməkdir. Bununla belə, indiyədək yalnız hərbi qüdrəti sayəsində dünya ağalığını sürdürən ABŞ da artıq çiynində daşıdığı “ağa” yükünü çəkə bilmir. Bir tərəfdən tələb olunan hərbi xərclər, digər tərəfdən isə təkqütblü dünyanın gətirdiyi qlobal iqtisadi münasibətlər bir-birinin antaqonistinə çevrilib. Nədən ki, hərbi xərc tələbini qarşılamaq üçün vergilərin artırılması ABŞ-ın beynəlxalq şirkətlərinin ölkəni tərk etməsinə, daha ucuz maliyyət gücünə sahib coğrafiya axtarışına səbəb olur. Nəticədə ABŞ-da işsizlik sürətlə artır, sosial gərginlik yaranır, real iqtisadi sektorlar çökür.

Son prezident seçkilərində bütün media qurumlarının əleyhinə təbliğat aparmasına rəğmən, Donald Tramp məhz bu problemləri qabardaraq, tərəfdar toplaya bilmiş və seçkinin qalibi olmuşdur. Tramp seçki platformasında açıq şəkildə ölkəsinin təhdid obyekti olmadıqlarına görə hərbi xərcləri azaldacağını, ABŞ-ın öz qınına çəkiləcəyini, Rusiya və Suriya ilə əməkdaşlığa üstünlük verəcəyini bildirirdi. Trampın vədləri həqiqətən də həyata keçirilərsə, ABŞ-ın yeni xarici siyasətində Türkiyənin də geopolitik əhəmiyyətinin azalacağını təxmin etmək mümkündür. Zira Rusiya ilə əzəli rəqabət dostluq münasibətlərinə çevriləcəksə, onun qarşısında yaradılan sipərlərə də ehtiyac qalmayacaq.

Türkiyənin regional qüvvələrlə “sıfır problem” siyasətinə geri qayıdışının başlıca səbəblərindən biri də budur…

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə