İlya Plexanov
ИноСМИ (Rusiya), 10.01.2017
İran hərbi-dəniz qüvvələrinin rəhbəri, kontr-admiral Həbibulla Səyyari fevralda böyük donanma təlimləri keçiriləcəyini bildirib. “Vilayət-95” təlimi həm İranın ərazi sularında, həm də Hind okeanının şimalında beynəlxalq sularda keçiriləcək. Təlimin gedişində gəmilər arasında döyüş, gəmi raketlərinin müxtəlif növlərinin sınaqdan keçirilməsi imitasiya olunacaq və hava pilotsuzlarının tətbiqi məşq ediləcək.
Qərbdə də İranın hərbi-dəniz planlarını diqqətlə izləyirlər. "Foreign Affairs" nəşri qeyd edir ki, İran hökuməti keçən ilin noyabrında gözlənilmədən Suriya və Yəməndə hərbi-dəniz bazalarının yaradılmasını planlaşdırdığını rəsmən bildirib – iranlıların fikrincə, bu, “nüvə silahından on dəfə effektli” olacaq.
Yəməndəki baza İrana bölgədə Səudiyyə Ərəbistanına qarşı durmaq, Yəmən husilərini təchiz etmək (ABŞ HDQ son yarım ildə İrandan husilərə dənizdən silah tədarükünün beş dəfə qabağını alıb) imkanı verər və üçüncü qüvvələrin Yəməndəki münaqişəyə müdaxiləsini müəyyən qədər önləyər. Həmçinin ABŞ və 2016-cı ilin payızında husilərin İranadan tədarük edilmiş raketlərlə BƏƏ HDQ və ABŞ HDQ gəmilərinə atəş açması nəzərdə tutulur. ABŞ o zaman husilərin radarlarına cavab zərbəsi endirib, lakin İranın Yəməndə hərbi-dəniz bazasının varlığı halında bu cür əməliyyatlar ABŞ və müttəfiqləri üçün problemli ola bilər.
Suriyadakı baza İrana Aralıq dənizinin Avropa sahillərində əməliyyat aparmaq və “Hizbullah”la HƏMAS-ı İraq və yaxud başqa tranzit ölkələr ərazisindən deyil, birbaşa təchiz etməyə imkan verər.
Bundan savayı, bazalar İrana lazımdır, çünki Sudan öz limanlarını İran HDQ-nin üzünə bağlayıb. İran gəmiləri son dəfə Sudanda rəsmən 2014-cü ildə olub və Sudan bu gün Səudiyyə Ərəbistanından səxavətli maliyyə axını və yatırımlar gözləməklə bu ölkəyə getdikcə daha çox meyllənir. Səudiyyə Ərəbistanı və BƏƏ Cibuti və Eritreya limanlarından istifadə etməklə Qırmızı dənizdə nəzarəti gücləndirib İrana qarşı müqabillik yaradır. Suriya və Yəməndəki bazalar İrana qüvvələr tarazlığını bərpa etmək və Səudiyyə Ərəbistanından neft tədarükünü pozmaq təhlükəsini gücləndirməyə yardım edər.
Həbibulla Səyyari o zaman noybarda car çəkib ki, İran “dənizə qayıdır” və Fars, Oman körfəzlərində iştirakını artıracaq. Hətta kontr-admiral deyib ki, şübhəsiz, İran donanması ən yaxın vaxtlarda Afrika ətrafına, Atlantikaya və Şərqi Asiya sularına dəniz yürüşü həyata keçirəcək, həmçinin Asiya və Afrika ölkələri ilə birgə hərbi-dəniz təlimlərində fəal iştirak edəcək, bu ölkələrin limanlarına girəcək.
İran gəmiləri 2013-cü ildə Çin və Şri-Lanka limanlarına girib, Çin HDQ 2014-cü idə İranın Bəndər-Abbas limanına cavab səfəri edib. İran HDQ 2016-cı ildə Hindistan, Tanzaniya və Cənubi Afrikada olub. 2017-c ildə İran HDQ-nin Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycana səfərləri planlaşdırılır.
İranlılar noyabrda bildiriblər ki, İran gəmiləri ilk dəfə Afrikanın dövrə vurub və Atlantik okeanına çıxıb, lakin iranlıların Cənubi Aftrikada Durban limanına baş çəkməkdən savayı Aqulhas burnundan qərbə sarı üzdüyü və həqiqətən Atlantikaya çatdığı haqda birbaşa sübutlar yoxdur. İran HDQ-nin Atlantikada olması İranda yetərincə populyar mövzudur. Bu, ən azı, 2010-cu ildən bəri şişirdilir, keçən ilin aprelində isə İran ordusunun baş komandanı Ataulla Salehi da məlumat verib ki, İran “imperialist və müstəmləkəçi güclərə qarşı əlaqələri gücləndirməkdən ötrü öz gəmilərini Latın Amerikasının dost ölkələrinə (Venesuela, Nikaraqua, Boliviya, Meksika, Braziliya, Ekvador, Kuba və Kolumbiya) göndərməyə hazırdır”.
2014-cü ildən bəri arabir məlumat yayılır ki, İran özünün ilk aviadaşıyıcısını yaratmağa girişəcək, 2016-cı ilin dekabrında isə İran rəsmiləri yenidən təsdiqləyiblər ki, həm aviadaşıyıcı, həm də atom sualtı qayıq və gəmilərin inşası üzərində işləyəcəklər.
İran iddialarının geopoltik vüsəti təəssürat doğurur. Həbibulla Səyyari hesab edir ki, “Hind okeanını dünya və İran islam Respublikası üçün mühüm önəm kəsb edir” və “İran Hind okeanının şimal hissəsinin təhlükəsizliyini təmin etmək iqtidarındadır”.
Lakin ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer İran planlarını şərh edərkən etiraz edir ki, bu, ABŞ-ın seçilmiş prezidenti Donald Trampa böyük psixoloji xəbərdarlıq kimi səslənir, çünki İran əndişələnir ki, iki ölkə arasındakı münasibətlər Tramp dönəmində pisləşəcək.
Qərb hərbi ekspertləri də qeyd edirlər ki, İranın kürəsəl hərbi-dəniz planlarına çatmaq üçün bayağı şəkildə qüvvəsi yoxdur. İran gəmiləri Suriyada münaqişə gücləndikdən sonra 2011-2012-ci illərdə cəmi iki dəfə Suriyada olmaqla rəmzi şəkildə sərgiləyib ki, İran nəbzi əlində tutur. İran HDQ Ədən körfəzinə yürüş zamanı Yəmən sahillərinə isə belə də yetişə bilməyib və əslində, Yəmənin Səudiyyə Ərəbəistanı və müttəfiqləri tərəfindən blokadasını bir dəfə də təhdid etməyib. Yəməndə hərbi bazanın yaradılması da tamamilə qeyri-gerçək səslənir, çünki İranın bu ölkədə rəsmən möhkəmlənmək cəhdləri Səudiyyə Ərəbistanı və ABŞ-ın sərt hərbi fəaliyyətini doğurar.
Ekspertlər hesab edirlər ki, bu gün İranın kürəsəl dəniz macəralarına uymaq və dünya okeanlarında varlığını genişləndirməyə sadəcə ehtiyac yoxdur. İranın özgə əliylə geopolitik məqsədlərinə çatdığı birbaşa doğma bölgədə işləri isə onsuz da pis getmir, tabeliyində olan şiə qruplaşmalarından Suriya və İraqda uğurla faydalanır, husilərə, “Hizbullah” və HƏMAS-a silah tədarük edir, Yaxın Şərqdəki müharibəyə göndərmək üçün Əfqanıstan və Pakistanda qeyri-ərəb bölmələri yaradır.
Belə, ya elə, lakin İran öz donanmasını modernləşdirməyə cəhd edir. Özünün dəniz silahlarının istehsalı üzrə səylərindən başqa alış variantlarını da nəzərdən keçirir. Birinci növbədə Rusiya və Çindən.
İran müdafiə naziri Hüseyn Dehqan 2016-cı ilin fevralında Rusiyada səfərdə olub. Rusiyadan İrana tam səkkiz milyard dollar məbləğində silah tədarükü müzakirə olunub, o cümlədən “Bastion” sahil çevik raket kompleksləri, Rusiya freqatları və dizel-elektrik sualtı qayıqlarından da söhbət gedib. Artıq noyabrda Rusiyanın yüksəkçinli məmur və hərbçilərindən ibarət nümayəndə heyəti Federasiya Şurasının spikeri Valentina Matviyenkonun başçılığı ilə İrana səfər edib ki, İrana Rusiya silahlarının tədarükünü yenidən müzakirə etsin. Bu ilin əvvəlində İran prezidenti Həsən Ruhaninin Moskvaya səfəri gözlənilir.
İran-Çin hərbi-dəniz əməkdaşlığına gəlincə, İran HDQ başçısı Həbibulla Səyyari 2014-cü ildə Səmalar ölkəsinə səfər edib, 2015-ci ildə ÇXR SQ Baş Qərargah rəisinin müavini, Çin HDQ admiralı Sun Szyanqoa başda olmaqla çoxsaylı hərbi-dəniz nümayəndə heyəti İranda olub, 2016-cı ilin noyabrında isə Çin müdafiə naziri Çan Vansyuanın özü İrana gəlib. Danışıqların baş mövzusu məhz hərbi-dəniz sahəsində əməkdaşlıq və İranın Çindən gəmi, sualtı qayıq və raketlər almağı olub.
Tərcümə Strateq.az-ındır.