XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

16 Yanvar 2017 - 18:02

Rəfsəncaninin ölümü İran elitasını hara yönəldəcək:BİRLİYƏ, YOXSA NİFAQA? – Təhlil

rafsancani-55

Kirill Cavlax

REGNUM İA, 15.01.2017

 

İranda 2017-ci ilin əsas hadisəsi Siyasi Məqsədəuyğunluğun Təyini üzrə Şuranın sədri, eks-prezident və parlamentin eks-spikeri Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı olub. O, islam respublikasının sütunlarından biriydi və islam inqilabı lideri imam Xomeyninin yaxın çevrəsinə daxil idi. O, yanvarın 8-də Tehran xəsətxanalarının birində ürək tutmasından keçinib. Hökmət üçgünlük matəm elan edib.

Növbəti gün İran paytaxtının şimalında yerləşmiş Camaran məscidində ruhanilər, prezident Həsən Ruhani, eks-prezident Məhəməd Xatəmi, imam Xomeyninin nəvəsi Həsən Xomeyni, Baş Qərargah rəisi Məhəmməd Baqiri, İslam İnqilabı Keşikçilərin Korpusu (İİKK) komandanı Əli Cəfəri və İİKK “Əl-Qüds” elit bölməsinin komandiri Qasım Süleymani daxil olmaqla siyasətçilər Rəfsəncaninin xatirəsinə sayğı göstərməyə topalşıblar. Rəfsəncani ilə vida mərasimi yanvarın 10-da Tehran universitetində keçib. İslam respublikasının ali rəhbərliyinin hamısı burada iştirak edib. Cənazə namazını İranın ruhani rəhbəri Əli Xamenei qılıb. 2 milyondan çox adam Tehran küçələrinə Rəfsəncani ilə vidalaşmağa çıxıb. Onu imam Xomeyni mavzoleyində dəfn ediblər.

 

Dəfn və siyasət

 

İran siyasi elitası Rəfsəncaninin vəfatı haqda xəbəri dərin kədərlə qarşılayıb. Əli Xamenei öz ismarıcında qeyd edib ki, “əməkdaşlıq və dostluğumuz 59 il ərzində davam edib, lakin ölkə qarşısında duran vəzifələrin həllinə yanaşmadakı fikir ayrılıqları dostluq üçün maneə olmayıb”.

Həsən Ruhani dəfn günü Twitter-də yazıb: “Tarix yaratmış adamı bu gün son mənzilə yola salmağa hazırıq. Gəlin, bu imkandan dostluq, barışıq və milli birlik üçün istifadə edək. Divarların yerində körpü salaq”.

İİKK generalı Qasım Süleymani mərhum eks-prezidentin doğmalarını ziyarət edib. "Tasnim News" agentliyi generalın sözlərini sitat gətirir: “Cənab Rəfsəncani lap əvvəldən və ömrünün sonuna qədər sərt mövqe tutub. O, müxtəlif dövrlərdə bu və ya digər taktikanı tutub. Bununla belə, həmişə Amerika ekspansionizmi və sionizmə qarşı çıxış edib”.

Rəfsəncaninin dəfni qalmaqalsız və fitnəsiz ötüşməyib. 2 milyondan çox iranlı eks-prezidenti son mənzilə yola salmaq üçün Tehran küçələrinə çıxıb. Təbii ki, müxtəlif siyasi güclər adamların kütləvi yığışmasından öz maraqları üçün istifadəyə can atıb. Facebook və Twitter sosial şəbəkələrində 15-20 nəfərlik dəstənin “Rusiyaya ölüm” şüarı qışqırdığı  və Rusiya səfirliyini “casus yuvası” adlandırdığı videolar yayılıb.  İsrail və ərəb mediası bu çarxdan istifadə edib. Aksiya İrandakı antirusiya əhvalını sərgiləmək və Moskva ilə Tehran arasında müttəfiqlik münasibətlərini pozmaq üçün nəzərdə tutulub.

Qərb KİV-lərinin mərkəzi mövzusu “Yaşıllar hərəkatı” tərəfdarlarının  təmsil etdiyi müxalif qüvvələrin dəfndə iştirakı olub. Haşimi Rəfsəncaninin qızı Faizə kütlənin içindən atasının tabutu olan zirehli avtobusda keçərək yığışanları “viktoriya” (latınca “qələbə”-tərc.) jesti ilə salamlayıb. Xatırladaq ki, 2009-cu il etirazlarının rəmzi məhz Rəfsəncani olub – səbəb onun prezident seçkilərinin nəticələri ilə razılaşmaması idi. O, nümayişçiləri fəal şəkildə dəstəkləyib.

Müxaliflər matəm mərasimində 2009-cu il etiraz hərəkatının liderləri Mirhüseyn Musəvi, Mehdi Kərrubi və Məhəmməd Xatəmiyə dəstək şüarları qışqırıblar. Onların ikisi indiyədək ev dustağıdır. Tərəfdarlar qışqırıb: “Ev dustaqlığı ləğv edilməlidir. Bizim mövqeyimiz budur”, “Mən Mirhüseyn Musəviyəm”, “Haşimi şurası. Xatəmiyə dəstək”, “Salam Haşimi, salam Xatəmi”, “Bugünki boşluğun əvəzinə Xatəmi”.

Bundan savayı İran cəmiyyətini parçalamağa cəhd göstərilib. Rəhbər tərəfdarları bağırıblar: “Hamımız rəhbərə sevgimizə görə gəlmişik”. Onların opponentləri isə “”Hamımız bura Əkbərə (Rəfsəncaniyə-tərc.) sevgi üzündən toplaşmışıq” qışqırıblar.

Mirhüseyn Musəvi və Mehdi Kərrubinin ev dustaqlığının ləğvi uğrunda çıxış edən məclis vitse-spikeri Əli Mutəhərri Twitter-də müxaliflərin şüarlarını şərh edib: “Haşimi Rəfsəncaninin dəfinindəki şüarlar 2009-cu il etirazları liderlərinin ev dustaqlığı problemini həll etməyin gərəkdiyindən xəbər verir”.

Matəm günü dövlət televiziyasının işi tənqid dalğası doğurub. Onu matəm mərasimini yetərincə işıqlandırmamaq, həmçinin müxalif qüvvələrin iştirakı haqda susmaqda tənqid ediblər. “İran İslam Respublikasının səsi” Dövlət Teleradio şirkətinin direktoru Əli Əskəri milli medianın ünvanına tənqidlərə cavab verməli olub. ISNA agentliyi şirkət rəhbərinin sözlərini misal gətirir: “Biz tənqidi dinlədik və işimizi təshih etməyə səy göstəririk”.

Əskəri dövlət kanallarının Rəfsəncaninin çıxış və şərhlərini, həmçinin Siyasi Məqsədəuyğunluğn Təyini üzrə Şuranın fəaliyyəti barədə jurnalistlərin suallarına savab verərkən qeyd edib: “Biz ona həmişə böyük hörmətlə yanaşmışıq”.

Eks-prezidentin dəfni zamanı milli mediaların rəhbərinin başına məzəli hadisə gəlib. Məsələ burasındadır ki, İran hökuməti 2015-ci ilin martında 10 illik həbs cəzasına məhkum edilmiş Mehdi Haşimi Rəfsəncaniyə atası ilə vidalaşmağa icazə verib. "Mashregh News" informasiya agentliyinin baş redaktoru Twitter səhifəsində Rəfsəncaninin oğlunun Əskərini atasının tabutu ilə vidalaşmağa buraxmadığı videonu dərc edib. Kütlə matəm mərsimi zamanı “İRİB bizim üzqaramızdır, üzqaramızdır” şüarı səsləndirib.

Bununla belə, fitnəkarlıq və İran cəmiyyətinin bir qisminin narazılığına baxmayaraq, Rəfsəncaninin vəfatı iranlıları birləşdirib siyasi rejimi möhkəmləndirə bilər.

 

Rəfsəncaninin yerini kim tutacaq?

 

Rəfsəncani daha çox özünün yaratdığı siyasi sistem sayəsində özəl yer tuturdu. Əlbəttə, tamdəyərli əvəz tapmaq barədə danışmaq çətindir. O cür təcrübəsi, nüfuzu və cəmiyyətdə dəstəyi olan adam. Lakin siyasət boşluğu nəzərdə tutmur. Sistem salamat qalmaq üçün seçim etməli olacaq. Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır.

Rəfsəncani özündən sonra üç açar mövqe qoyub. Onları tutası adamdan çox şey asılı olacaq.

Birincisi, son 27 il ərzində başçılıq etdiyi Siyasi Məqsədəuyğunluğun Təyini üzrə Şuranın yeni sədrinin təyin edilməsi qarşıda durur. Söhbət ruhani rəhbər yanındakı məşvərət qurumundan gedir. Bu idarənin vəzifəsi Konstitusiya keşikçiləri Şurası ilə Məclis arasında meydana çıxmış münaqişələrin həllindən ibarətdir.

İran konstitusiyasına əsasən, şura rəhbəri və üzvlər rəhbər tərəfindən təyin olunur. "Mihan Emrooz" analitik informasiya portalının məlumatına görə, ən mümkün namizədlər sırasına indiki prezident Həsən Ruhani, parlamentin keçmiş sədri (1992-2000) Əli Əkbər Natiq-Nuri, məhkəmə sisteminin keçmiş başçısı Mahmud Haşimi Şahrudi, rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, həmçinin rəhbərin elçisi və Məclisin keçmiş spikeri (2004-2008) Qulaməli Həddad Adil daxildir.

İkincisi, Ekspertlər Şurasındakı yer. Rəfsəncani 2016-cı ilin fevralında keçirilmiş seçkilərdə Tehrandan seçilmişdi. O, Şuranın tərkibinə daxil olmuş namizədlərin içində daha çox səs toplamışdı. Konstitusiya keşikçiləri Şurasının mətbuat katibi Abbasəli Qədxudai "Tasnim News" agentliyinə bildirib: “Ekspertlər Şurası ən yaxın zamanda bu məsələ üzrə təkliflərini bizə təqdim etməlidir. Keşikçilər Şurası bu problemi nəzərdən keçirib qərar qəbul edəcək”.

Onun ardınca daxili işlər nazirinin müavini, seçki komissiyasının başçısı Məhəmməd Hüseyn Muqimi Rəfsəncaninin yerinə seçkini 2017-ci ilin mayında baş tutacaq prezident seçkiləri ilə birləşdirməyi təklif edib.

Üçüncüsü, İranda mötədil və islahatçı qüvvələrin qeyri-fornal lideri və hamisinin yeri indi boş qalıb. "AsreIran" portalı güman edir ki, mötədil və islahatçı qüvvələrin liderinin yerini İranın indiki prezidenti tuta bilər. İran nəşri xülasə edir: “Baxışları və fəlsəfəsinə görə Rəfsəncaniyə Ruhanidən daha çox bənzəyən başqa bir adam yoxdur. Dördüncü prezidentin “əlcəyindəki tuz” uzun illər boyu məhz o idi. Ekspertlər Şurası 2013-cü ildə prezident seçkilərində onun namizədliyini təqdir etməyəndə o, Həsən Ruhanini dünyaya təqdim edib və qələbəsi üçün hər şey edib. Rəfsəncani son günlərinə qədər Ruhaniyə yardım olaraq onda öz varisini görüb”.

Qərb analitiklərinin əksəriyyəti bu fikrə meyllənir ki, Rəfsəncaninin ölümü dörd aydan az vaxt qalmış prezident seçkilərində Ruhaninin mövqeyini zəiflədə bilər. Lakin İran parlamentinin keçmiş deputatı, Fransada yaşayan politoloq Əhməd Salamatian "Euronews"a müsahibədə ehtimal edib ki, “Rəfsəncaninin vəfatı İrandakı rejimə mənfi təsir göstərməyəcək, İran elitasında siyasi konsensus əldə etmək zərurəti isə indiki prezidentin mövqeyini yalnız möhkəmləndirəcək”.

Boş vəzifələri kimin tutacağını tezliklə biləcəyik. Bu, “İran elitası hansı kursu seçib?” sualına cavab olacaq.

 

Həsən Ruhani və Sadiq Laricani

 

Rəfsəncaninin vəfatı ilə bağlı prezident Həsən Ruhani və məhkəmə sisteminin başçısı Sadiq Laricaninin qarşıdurması yeni məna qazanır. İranda icra və məhkəmə hakimiyyətləri arasında qalmaqal dekabrın axırında qopub. Bəhanə qəzəbə gəlmiş və korrupsiyada ittiham üzrə ölüm cəzasına məhkum edilmiş oliqarx Babək Zəncaninin işi olub. IRNA agentliyi İran prezidentinin hökumət, nazirliklər, əyalət və bələdiyyə qurumlarının nəzarət qurumları təmsilçilərinin iştirakı ilə toplantıda dediyi sözləri misal gətirir: “Məgər bir adam təkbaşına 3 milyardı oğurlaya bilər? Bu işdə ona kim yardım edib? Şərikləri kimlər idi? O, bu pulları hansı yolla əldə edib? Məhkəmə hakimiyyəti hara baxırdı və niyə indiyədək xalqlın bütün bu suallarına cavab verməyib?”

2017-ci ilin əvvəlində informasiya məkanında qarşıdurma sürüb. S.Laricani prezident Ruhanini 2013-cü il seçki kampaniyasında Zəncanidən vəsait almaqda ititham edib. İran prezidentinin müşaviri Əkbər Turkan “Jamaran”-a müsahibəsində məhkəmə hakimiyyəti başçısının ittihamlarını rədd edib. Turkan bildirib: “Babək Zəncaninin Ruhaninin seçki qərargahına yardım etdiyi haqda məlumat yalandır. Çünki bizdə qərargahın fəaliyyəti haqda tam maliyyə hesabatı var. Seçkilərə qatılmış başqa namizdələr də 2013-cü il kampaniyası dövründəki maliyyələşəmələri haqda hesabat versələr, biz onu dərc etməyə hazırıq”.

Ali lider Əli Xamenei mübahisəyə qarışmalı olub. IRNA rəhbərin sözlərini sitat gətirir: “Hamı bununla hesablaşmalıdır ki, İranda müstəqil və cəsur məhkəmə sistemi var. Düşmənlərimiz nifaq səpmək niyyətindədir, lakin buna nail olmayacaqlar. Biz mərd hökumət və məhkəmə sistemi yarada bilmişik. Və bunu möhkəmlətmək niyyətindəyik”.

Bu, İran liderinin icra və məhkəmə hakimiyyətləri arasındakı mübahisəyə aşkar müdaxilə etdiyinə dair ilk haldır. İİR konstitusiyasına əsasən, ali rəhbər məhkəmə sistemi başçısını beş illiyə təyin edir. S. Laricaniyə hər hansı zərbə ruhani liderin özünün dolayısıyla tənqidi kimi qəbul edilir.

Ruhani və Laricani arasındakı münaqişə ruhani liderin kreslosuna yönəlməklə qarşıdurmadır. Təsadüfi deyil ki, irandilli BBC Rəfsəncaninin ölümünün nəticələri haqda icmalında rəhbərin gələcək varisi mövzusuna toxunub. Britaniya informasiya agentliyinin məqaləsində deyilir: “Səkkiz ildə ali rəhbər Əli Xameneinin başına bir gəlsə, İİR lideri postuna mümkün namizəd mühafizəkarlar düşərgəsindən çıxan şəxs olacaq. Sadiq Laricaninin İrana başçılıq etməyə bütün şansı var”.

İran məhkəmə sisteminin başçısı ictimai siyasətçi deyil. O, 56 yaşına doğru 2001-ci ildə Şuranın bütün tarixi ərzində ən gənc hüquqşünas olmaqla 8 il Konstitusiya Keşikçiləri Şurasında işləməyə nail olub. Laricani öz böyük qardaşlarının – İİR insan haqları üzrə Ali Şurasının baş katibi Məhəmmədcavad Ərdəşir Laricani və Məclis spikeri Əli Laricaninin təşkil etdiyi “İraq qrupu” deyilən çevrəyə daxildir.

Bundan başqa, Sadiq Laricaninin qaynatası, böyük ayətulla Hüseyn Vahid Xorasani nüfuzlu şiə ilahiyyatçısıdır, Qumda dərs keçir. Onların hamısı şiələr üçün müqəddəs, Bağdaddan 160 km şimalda yerləşmiş Nəcəf şəhərindən çıxıb.

Laricani qardaşları İran məhkəmə və qanunverici hakimiyyətinə nəzarət edirlər. Buna görə də H.Ruhaninin S.Laricani ilə münaqişəsi onun Əli Laricani ilə münasibətlərini də korlaya bilər. Bu, hökmətin qanunvericilik təşəbbüslərini boykot edə bilər.

Rəfsəncaninin gedişi İran siyasi sistemi üçün çağırışdır. Bu, inqilabdan sonra gəlmiş istənilən hökumətin problemidir. İnqiabı yaradanlar və rejim qurucuları gedərkən sabitliyi necə qorumalı? Onların yerinə kim gələcək? Başlıcası isə, inqilabi nüfuzu yeni isteblişmentə necə ötürməli?

Mayda keçəcək prezident seçkilərinə gəlincə, Ruhaninin taleyi və onun ikinci müddəti haqda narahat olmağına dəyməz. Çünki ali rəhbərdən sanksiyasız İranda bir nəfər də prezident olmaz. O isə artıq qərar qəbul edibsə, deməli, belə də olacaq.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə