XƏBƏR LENTİ

05 İyun 2020

Digər Xəbərlər

19 Yanvar 2017 - 19:24

Tramp Putinin ayağına gəlir:ABŞ prezidenti Astana görüşündə iştirak edə bilər - Təhlil

putin-trump

Suriya probleminin müzakirə olunacağı Astana sammitinin yanvarın 23-də – ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasimindən 3 gün sonra keçirilməsinin yeni detalı aydın olub.

Ekspertlər bu zamana qədər sammitin zamanlamasını ABŞ-da hakimiyyət dəyişikliyinin nəzərə alınmasıyla izah edirdilər. Təxmin edilirdi ki, Obama hakimiyyətinin, nəyin bahasına olursa-olsun, Astana görüşünü poza biləcəyindən ehtiyatlanan tərəflər bilərəkdən sammiti Tramp iqtidarı dövrünə salmışdılar. Bu gün isə beynəlxalq ictimaiyyətin indiyədək gözləmədiyi bir sürprizlə qarşılacağı ortaya çıxıb: sammitdə ABŞ-ın yeni prezidentinin də şəxsən iştirakı gözlənilir.

Strateq.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mətbuata açıqlamasında etiraf edib.  Moskvada keçirilən mətbuat konfransında bir jurnalistin “ABŞ hansı şərtlərlə danışıqlarda iştirak edə bilər” sualına Lavrovun cavabı gözlənilməz olub: “Artıq dəvət olunublar”.

Lavrov açıqlamasında dəvət edilən şəxsin kimliyi barədə də “ipucları” verib: "ABŞ-ın yeni rəhbərliyinin bu dəvəti qəbul edəcəyinə və bütün danışıqlar mərhələsində öz mütəxəssisləriylə təmsil olunacağına ümid edirik."

Qeyd edək ki, Lavrovun ümid dolu açıqlamasına baxmayaraq, ABŞ-ın yeni rəhbərliyinin Astana sammitində iştirakı düşünüldüyü qədər də asan olmayacaq. Nədən ki, yeni prezident rəqibləri tərəfindən Rusiya ilə yaxın münasibətlərdə ittiham edilir. Hətta onun seçilməsində “rus barmağı” axtarılır, seçkilərin legitimliyi şübhə altına alınır. Bu qədər kritik bir zamanda Trampın birdən-birə Rusiya və Türkiyənin geopolitik layihəsi olan Astana görüşünə qatılması ciddi söz-söhbətləri bərabərində gətirməklə yanaşı, dünyanın yeni düzənindəki dəngələri də alt-üst edə bilər.

Andiçmə mərasimindən cəmi 3 gün sonra ABŞ prezidentinin Astanaya gəlməsini dünya ictimaiyyətinə verilmiş mühüm mesaj kimi də qiymətləndirmək olar. Çünki yazılmamış diplomatik qaydalara görə, seçilmiş prezidentlər ilk səfərlərini, adətən, ən yaxın strateji müttəfiqlərinə edərlər. İndiyə qədər isə ABŞ-Rusiya münasibətləri hətta “soyuq savaş” dövründən daha qalmaqallı mərhələdə seyr edir, Vaşinqtonun təhrikilə başda Avropa olmaqla, dünyanın bir çox ölkələri şimal qonşumuza qarşı sanksiyalar həyata keçirirdilər. Tramp hakimiyyətə gələndən sonra atacağı ilk addımın Astana görüşündə iştirak olması isə iki ölkə arasındakı münasibətlərin düşmənçilikdən dostluq müstəvisinə keçməsi anlamına gələcək ki, bu da dünyanın yenidən bölüşdürülməsinin ilkin mərhələsi kimi tarixə düşəcək.

Maraqlıdır ki, bir müddət əvvəl Trampın adını açıqlamaq istəməyən bir müşaviri “Sunday Times” qəzetinə yeni prezidentin andiçmə mərasimindən sonra rusiyalı həmkarıyla görüşə biləcəyini bildirmişdi. Onun sözlərinə görə, görüş İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcəkdi. Trampın digər iki müşaviri tərəfindən dərhal təkzib olunmasına baxmayaraq, xəbər ABŞ ictimaiyyəti tərəfindən xüsusi maraqla qarşılanmışdı. Bunun başlıca səbəbi isə görüşün keçiriləcəyi yerin adıyla bağlıydı. Belə ki, İslandiyanın paytaxtı Reykyavik 1986-cı ildə ABŞ-ın o zamankı prezidenti Ronald Reyqanın Sov. İKP baş katibi Mixail Qorbaçovla bir araya gəlib nüvə silahlarını azaltmaq üçün sənəd imzaladığı məkan kimi yadda qalmışdı. Həmin sazişdən qısa müddət sonra SSRİ dağılma prosesinə qədəm qoymuş və təkqütblü dünya yaranmışdı.

Odur ki, yenidən başlanan “soyuq savaş” atmosferində Reykyavik adının hallanması ağla həmin görüşü gətirir və “tarixi təkrarlanma” assosasiyası yaradırdı. Donald Trampın son zamanlar səsləndirdiyi bəzi fikirlər də bu ehtimalı qüvvətləndirirdi. Belə ki, o, çıxışlarında rusiyalı həmkarıyla məşhur Reykyavikdə olduğu kimi nüvə silahlarını azaltmaq barədə müzakirələr aparmaq arzusunu ortaya qoyurdu.

Görünür, Rusiyanın məğlubiyyətinin simvolizə edən Reykyavikin Astana ilə əvəzlənməsi bu təsəvvürlərin yaranmasının qarşısını almağa hesablanıb. O da mümkündür ki, Trampın gündəmində ümumiyyətlə Astana görüşü yer almasın. Sadəcə, Rusiya ABŞ-da Reykyavik adı ətrafında aparılan psixoloji savaşa cavab olaraq, yeni prezidenti Astanaya dəvət etmiş və psixoloji üstünlük qazanmağa çalışmışdır.

Hansı versiyanın doğruluğundan asılı olmayaraq, həm Trampın Rusiyayla yenidən nüvə müzakirələrini başlatmaq istəməsi, həm də Rusiyanın onu Astana görüşünə dəvət etməsi səbəbsiz deyil.

Əvvəla, ABŞ rəhbərliyinin Rusiyanın nüvə silah gücünə bu qədər ciddi əhəmiyyət verməsi başadüşüləndir. Ona görə ki, 1986-cı ildən etibarən Moskva ilə Vaşinqton arasında keçirilən bir çox rəsmi görüşün təməlində məhz nüvə silahları dayanıb. 1991-ci ildə imzalanan Strateji Silahların Azaldılmasına dair Müqaviləyə (START) görə, tərəflər öz nüvə başlıqlarını xeyli azaltmağı qarşılarına məqsəd qoymuş və 2009-cu ilin 5 dekabrında keçirilən Obama-Medvedyev görüşündə də bu məsələ əsas gündəm mövzusu olmuşdur.

Strateji Silahların Azaldılmasına dair Müqavilənin şərtlərinə nəzər salanda, Vaşinqtonun niyə bu qədər narahat olduğunun və xüsusilə, Rusiyanın Suriyaya müdaxiləsindən sonra geri çəkildiyinin səbəbləri aydınlaşır. START-ın mətnində yer alan məlumatlara əsasən, 2009-cu ilin yanvarına qədər ABŞ-ın 5 min 200 nüvə başlığı; istifadəyə hazır 2700 (2 mini strateji, 500 taktiki) döyüş başlığı olduğu təxmin edilirdi. Rusiyanın isə strateji silahları isə bundan xeyli çox idi; hardasa 3 qat – 14000-ə qədər. Rusiya-ABŞ arasındakı 2002 Moskva razılaşmasına (Strateji Hücum Silahlarının Azaldılmasına dair SORT) əsasən isə iki ölkə istifadəyə hazır döyüş başlıqlarını 2012-ci ilə qədər xeyli azaltmalı idilər. ABŞ 1700-2200-ə, Rusiya isə 4138-ə qədər.

Bu fakt Rusiyanın nüvə gücünün ABŞ-dan xeyli çox olduğundan xəbər verir və Vaşinqtonun Rusiyayla davranışındakı bəzi ehtiyatlı məqamlara aydınlıq gətirir.

Müqavilədə nüvə silahlarının azaldılması ilə bağlı ortaya qoyulan son tarix də maraqlı idi – 2012. Yəni tərəflər 2012-ci ilə qədər müqavilənin bu şərtini tam yerinə yetirməli idilər. Maraqlıdır ki, Rusiya-ABŞ arasındakı son ziddiyyətlərin yenidən “soyuq savaş” mərhələsinə geri dönməsi də məhz bu tarixin bitiş anına təsadüf edir.

Bilindiyi kimi, 2013-cü ilin  oktyabr ayında Ukrayna Avropa İttifaqı ilə imzalanacaq ortaqlıq müqaviləsindən imtina etmiş və aylarla sürən nümayişlər nəticəsində Rusiya tərəfdarı olan hakimiyyət yıxılmışdı. Rusiya da Qərbin bu addımına cavabsız qalmamış, Krımı və bəzi Ukrayna torpaqlarını işğal etmişdi. Nəticədə Qərbin sanksiyaları ilə üzləşən Moskva daha sonra Suriyaya hərbi müdaxilə edərək, Vaşinqtonun “Yeni Yaxın Şərq” proyektinin qarşında sipər yaratmış və beləcə, bu coğrafiyada ABŞ-ın təsir gücünü ciddi şəkildə zəiflətmişdi. ABŞ isə öz növbəsində Şərqi Avropa ölkələrini NATO-ya üzv etməyə çalışmaqla, Moskvanın burnunun dibində yeni təhlükə ocaqları yaratmaq istəsə də, öz arzusunu tam reallaşdıra bilməmişdi. Xüsusilə Varşavada keçirilən son NATO toplantısında Vaşinqtonun bu aqressiyası müttəfiqlərinin ciddi sərt reaksiyasıyla qarşılanmışdı. Başda Fransa olmaqla, bir sıra Avropa ölkələri Rusiyaya qarşı sanksiyaların lüzumsuzluğunu dilə gətirmişdilər. Əvvəl Rusiya ilə açıq konfliktə girməsinə baxmayaraq, daha sonra onunla münasibətlərini normallaşdırmaq yolunu tutan Türkiyənin bu addımı isə Vaşinqton üçün əsl soyuq duş effekti vermişdi. Rəsmi Ankaranı 15 iyul hərbi çevrilişi ilə cəzalandırmaq istəyən Vaşinqtonun bu niyyəti də baş tutmayınca, Obama hakimiyyəti xeyli yalnızlaşmalı olmuş və tamamilə başqa havaya oynayan Tramp hakimiyyətə gətirilmişdi.

İndiyə qədər açıq etiraf edilməsə də, son zamanlar ABŞ-Rusiya münasibətlərinin “soyuq savaş” mərhələsinə qayıtmasında, zənnimizcə, nüvə silahının azaldılması hədəfinin baş tutmaması da mühüm rol oynamışdı. Bəlkə də ABŞ siyasi elitası Rusiyanı istədiyi ölçüdə "nüvəsizləşdirə" bilmədiyini anladığından, Reyqanla başlayan “soyuq savaş” sonrası siyasətini bitirmək qərarına gəlmişdi. Di gəl ki, Rusiya əvvəlki SSRİ olmadığından və ABŞ-ın yeni dönəmdə yol verdiyi yanlışlar ağır nəticə verdiyindən, bu konflikti uzun müddət davam etdirməyin mənasızlığı anlaşıldı və Trampla yeni siyasətə qədəm qoyuldu.

Kim bilir, bəlkə də bu yeni mərhələnin başlanğıcı da elə Astana görüşü olacaq. 1986-cı ildə Rusiyanın tənəzzülü ilə nəticələnən Reykyavikin əvəzinə 2017-ci ildə Astananın seçilməsinin başqa simvolik anlamı da var. İslandiyadan fərqli olaraq, Astana Moskvaya daha yaxındır. Görünür, bu, həm də yeni mərhələnin qalibinin ayağına gəlmək mənasını verir.

ABŞ-Rusiya münasibətlərinin yeni mərhələsinin ən ciddi qazananlarından biri isə Ankara olacaq. Ən azı ona görə ki, Astana görüşünün əsas təşkilatçılarından biri də elə Türkiyədir. Və deməli, ABŞ prezidenti həm də Türkiyənin ayağına gəlir. Yeni status-kvoda Türkiyənin regional güc mərkəzinə çevrilməsinin isə bizim coğrafiyaya da mühüm təsirlərinin olacağı gözlənilir. Obama zamanında Yaxın Şərqdə güclənən İranın Astana sammitinə ABŞ-ın dəvət olunmasına açıq-aşkar qarşı çıxması da bununla bağlı ola bilər.

Azərbaycanın strateji müttəfiqi sayılan Türkiyənin dünyadakı nüfuzunu gücləndirməsi, sözsüz ki, bizim səsimizin də dünyaya çatdırılmasında müstəsna rol oynayacaq.

Heydər Oğuz

Strateq.az