XƏBƏR LENTİ

08 Avqust 2020

Digər Xəbərlər

22 Yanvar 2017 - 14:17

Yenidən gərginləşən Şərqi Avropa:Balkan yarımadasında “rus rüzgarı”

Balkan

ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsilə dünyanın geopolitik nizamının xeyli dəyişəcəyi güman olunur. Ekspertlər xüsusilə, Rusiyanın yenidən qlobal güc mərkəzi kimi öz təsir gücünü artıracağını ehtimal edirlər. Moskvanın yaxın gələcəkdə Yaxın Şərqlə bərabər, Şərqi Avropada da dayaqlarını möhkəmlədəcəyi fikri irəli sürülür.

Maraqlıdır ki, ABŞ-da hakimiyyət dəyişikliyinin üzərindən cəmi 2 gün keçir, Şərqi Avropada isə Trampın prezident seçildiyi rəsmən elan olunduqdan dərhal sonra siyasi atmosferin isinməsi müşahidə edilir. Bir sözlə, Avropanın, həmçinin dünyanın "əsəb mərkəzlərindən" biri hesab olunan Balkan ölkələrində son zamanlar baş verən proseslər yeni geopolitik nizamlanmanın təzahürü təsiri bağışlayır və belə bir suala yol açır: I Dünya müharibəsinin və bunun davamı olaraq həm də II Dünya müharibəsinin əsas bəhanəsi rolunu oynayan Balkanlardakı ziddiyyətlərin alovlanması həmin coğrafiyanın yenidən Rusiyanın təsir dairəsinə düşməsinə şərait yarada bilərmi?

Bu sualın ən doğru cavabını, əlbəttə ki, bir müddətdən sonra öyrənəcəyik. Hələlik isə, bilinən bir həqiqət var: Balkan yarımadası yeni geopolitik nizamlanmanın bəhanəsinə hamilədir.

Çox uzun-uzadı şərhə yol vermədən Balkanlardakı hazırkı vəziyyət barədə Anadolu Agentliyinin hazırladığı bir analizi Strateq.az oxucularına təqdim edirik:

***

“Qış aylarında dondurucu soyuqların səbəb olduğu ölüm hadisələrilə gündəmə gələn Balkanlar, bir tərəfdən də bölgə ölkələri arasında son günlərdə sürətlə aktivləşən etnik gərginliklər üzündən xeyli isindi. Bir-biri ardınca yaşanan hərarətli hadisələr Balkanlarda vəziyyətin hələ də nə qədər həssas olduğunu və bir anda asanlıqla pozula biləcəyini göstərdi.

Əvvəl Serbiya-Xorvatiya arasındakı AB gərginliyi, sonra Bosniya və Herseqovinada konstitusiyaya zidd “Serb Respublikası Günü”nün qeyd olunması, daha sonra Kosovanın sabiq baş nazirlərindən Ramuş Haradinajın həbsə alınması və son olaraq Serbiya-Kosovo arasındakı qatar gərginliyi, 1990-cı illərdə öz aralarında döyüşmüş bu ölkələrin arasındakı münaqişənin yenidən yüksəlməsinə gətirib çıxardı.

 

Serbiyanın AB üzvlük müzakirələri

 

AB ilə üzvlük müzakirələrində iki yeni səhifə açan Serbiya ötən dekabr ayında Xorvatiyanın vetosuyla mədəniyyət və təhsil bəhsini ittifaq komissiyasına qəbul etdirə bilmədi. Daha əvvəl də Xorvatiyanı özünün AB yolunu kəsməkdə günahlandıran Serbiya rəhbərliyi bu son hadisənin ardından sərt açıqlamalar vermiş, gərginlik bir anda yüksəlmişdi.

Yenə dekabr ayında Xorvatiya prezidenti Kolinda Grabar Kitaroviçin Dubrovnik şəhərindəki bir məktəbdə uşaqlara payladığı Yeni il hədiyyə paketlərindən Serb firmasına aid şokoladların çıxması "mini böhrana" səbəb oldu.

"Xoşagəlməz bir sürprizlə" qarşılaşdığını söyləyən Kitaroviç uşaqların ailələrindən üzr diləyəcəyini və hədiyyə paketlərinin içindəki şokoladların Xorvat şokoladlarıyla dəyişdiriləcəyini ifadə edərək, yerli istehsalı təşviq etmək lazım olduğunu söylədi. Kitaroviçin açıqlamaları bir sıra Avropa liderləri tərəfindən "xorvat milliyyətçiliyi" kimi qiymətləndirildi və Serb rəsmiləri də bu şərhlərə laqeyd qalmadılar.

Bu hadisə uşaqlara paylanan kiçik bir şokoladın belə, Balkanlarda kövrək münasibətləri əndazədən çıxaracaq potensiala sahib olduğunu göstərir.

 

Bosniya-Herseqovinadan xorvat liderinə reaksiya

 

Yenə Kitaroviç ölkə mətbuatına verdiyi müsahibədə Yaxın Şərqdəki döyüşlərə qatılmış "minlərlə" xarici döyüşçünün Bosniya-Herseqovinaya döndüyünü və bunun Xorvatiya üçün böyük təhdid təşkil etdiyini irəli sürdü. Bosniya-Herseqovinanın xarici döyüşçülər üçün sığınacaq olduğunu iddia edən Kitaroviçə Bosniya və Herseqovina tərəfinin də cavabı sərt oldu.

Bosniya və Herseqovina Müdafiə naziri Dragan Mektiç iddiaların əsassız olduğunu ifadə edərək, sözügedən sayın minlərlə  deyil, yüz ətrafında olduğunu söylədi. Kitaroviçin qış turizmi mövsümü əvvəlində qəsdən belə bir açıqlama verdiyini vurğulayan Mektiç, Xorvatiyanın Serbiyada, daha sonra Bosniya Herseqovinada gərginliyə səbəb olduğunu bildirdi.

Bosniya-Herseqovina Prezident Şurasının Boşnak üzvü Bakir İzetbegoviç də xorvat prezidentini "iki dəfə düşünməyə" çağıraraq, əsl təhdidin Xorvatiyanın xorvat milliyyətçiliyi ilə "dolub daşması" olduğunu söylədi.

 

Konstitusiyaya zidd Serb Respublikası günü

 

Bosniya-Herseqovinada Boşnak-Serb gərginliyini artıran önəmli bir hadisə, ölkədəki iki subyektdən biri olan Serb Respublikasında (Republika Srpska) qeyd olunan konstitusiyaya zidd "RS günü" oldu.

Bosniya-Herseqovina Konstitusiya Məhkəməsinin daha əvvəl qadağan etməsinə baxmayaraq, RS sədri Milorad Dodikin təşəbbüsüylə əvvəl “Serb Respublikası Günü”ylə bağlı referendum keçirildi. Referendumdan müsbət nəticə çıxmasıyla 9 yanvarda genişmiqyaslı mərasimlər keçirildi. "Serb Respublikası Günü”ylə bağlı referendum bir çox tərəfdən 2018-ci ildə keçirilməsi planlaşdırılan müstəqillik referendumunun testi olaraq görülərkən, beynəlxalq cəmiyyətin sıx təzyiqinə baxmayaraq, serb lider Dodikin geri addım atmaması mühiti daha da gərginləşdirdi.

Son olaraq 9 yanvarda Banja Luka şəhərində keçirilən dini və rəsmi mərasimlərə yalnız Bosniya-Hersoqovinalı serblər deyil, Serbiyada yüksək səlahiyyətli rəsmilər də qatıldı. Mərasimə Bosniya-Hersoqovina Silahlı Qüvvələrinin tərkibindəki piyada birliyinin qatılması isə gərginliyin daha da artmasına səbəb oldu.

Dövlətin ordusundakı bir birliyin konstitusiyaya zidd mərasimlərə qoşulmasına ölkədəki beynəlxalq ictimaiyyət nümayəndələri də sərt reaksiya göstərdilər.

 

Serbiya-Makedoniya arasında gözlənilməz gərginlik

 

Serbiya Xarici İşlər naziri İvica Daciç bir reportajında, ölkəsinin Makedoniyanı "Makedoniya Respublikası" kimi tanımaqla səhv etdiyini bildirərdi. Onun bu qəzəbinin səbəbi isə həmin ölkənin Serbiyadan ayrılan Kosovanı müstəqil bir dövlət kimi tanıması idi.

Serbiyanın Makedoniya mövzusunda böyük səhv etdiyini bildirən Daciç "Hər kəs əvvəlki Yuqoslaviyanı Makedoniya Respublikası adıyla tanıyırdı. Biz isə Yunan qardaşlarımıza yumruq atır, sonra onlardan Kosovanın müstəqilliyini tanımamalarını gözləyirik. Yunanıstanı təhqir edərək Makedoniyanı konstitusiya adı ilə tanımışdıq. İndi isə makedonlar hər dəfə Kosovo lehinə səs verirlər" – demişdi.

Makedoniya Xarici İşlər Nazirliyinin Daciçə cavab açıqlamasında isə Serbiya və Makedoniya arasındakı dostluğun pozulmamasının lüzumu vurğusu önə çıxarıldı.

Xalqlarının böyük əksəriyyəti Ortodoks olan bu iki qonşu ölkə arasındakı gözlənilməz gərginlik qısa sürsə də, Makedoniyanın dövlət orqanları mövcud əlaqələrin pozulmaması üçün məsuliyyətli davranılmasının lazım olduğunu bildirdilər.

 

Makedoniya-Albaniya gərginliyi 'xortladı'

 

Makedoniyadakı növbədənkənar parlament seçkilərinin ardınca hökumətqurma işləri davam edərkən, ölkədəki alban partiyalar birgə bəyanat yayımlayaraq, öz yol xəritələrini paylaşdılar. Ancaq bu partiyaların nümayəndələrinin bəyanatdan əvvəl Albaniya Baş naziri Edi Rama və Kosovo prezidenti Haşim Thaçi ilə görüşmələri makedonlar tərəfindən "daxili işlərə müdaxilə" kimi xarakterizə edildi.

Makedoniya xarici işlər naziri Nikola Poposki yazılı açıqlamasında qonşu ölkənin baş naziri, ya da prezidentin, Makedoniyanın daxili işlərinə qarışmasının uyğun olmadığını vurğuladı.

 

Kosovo-Serbiya münasibətləri də 2017-cı ilə gərgin başladı

 

Serbiya ilə Kosovo münasibətləri də son dövrdə olduqca gərginləşib. 2016-ci ilin sonlarında Trepça mədənlərinin səhmlərinin böyük əksəriyyətinin Kosovo hökumətinə təhvil verilməsi, ardından kosovalı bir polis rəisinin Serbiyaya girişi əsnasında nəzarətə alınması əlaqələri olduqca gərmişdi. 2017-ci ilin başlarında, 5 yanvarda Kosovonun sabiq baş nazirlərindən Ramuş Haradinaj Serbiyanın çıxardığı beynəlxalq axtarışla Fransadakı bir hava limanında nəzarətə alındı.

Daha əvvəl Laheydə iki ayrı iddia çərçivəsində mühakimə olunan və bəraət edən Haradinajın bu qərarlara baxmayaraq, nəzarətə alınması, iki ölkə arasında yeni bir gərginliyə səbəb oldu. Kosovo və Albaniyada təşkil edilən etiraz yürüşlərində Haradinajın sərbəst buraxılması tələb edildi.

Bir həftəyə qədər gözaltında tutulan Haradinaj çıxarıldığı məhkəmə tərəfindən nəzarət şərti ilə sərbəst buraxıldı.

11 yanvarda Kosovanın şimalındakı Mitroviça şəhərində hökumətə aid ofislərə bomba atılmasının ardından, 14 yanvarda “qatar böhranı” baş verdi. Təxminən 20 il sonra ilk dəfə Belqrad-Mitrovica səfərinə başlayan qatar üzərinə 21 dildə "Kosovo Serbiyanındır" ifadələri yazılı şüarla yola çıxdı. Kosovo sərhədinə yaxın bir nöqtədə dayandırılmış qatarın ölkəyə girişinə icazə verilmədi. Sərhədə Kosovo xüsusi hərəkat polis birliyi göndərildi.

Kosovo tərəfi qatarı "təxribat vasitəsi" olaraq xarakterizə etdi, iki ölkənin dövlət liderləri mövzuya bağlı çox sərt açıqlamalar verdi. Kosovo baş naziri İsa Mustafa qatarın ölkəyə girməməsi üçün hər cür fəadakarlığa hazır olduqlarını dedi, onun Serb həmkarı Aleksandar Vucic isə kosovalıları qarşıdurma mühiti yaratmaqda günahlandırdı.

Serbiya prezidenti Tomislav Nikoliç də "döyüşə oğullarımla qatılaram" ifadələrini istifadə edərək guruldadı. Kosovo Daxili İşlər naziri Skender Hyseni isə Serbiya ilə əlaqələrdə iki ehtimal olduğunu bildir: "Ya dialoq, ya döyüş!"

 

 Balkanlar hara gedir?

 

Həssas və kövrək tarazlıqlar üzərində qurulan, etnik böhran çıxarmaq tonqal qalamaqdan daha asan olan Balkanlarda müşahidə edilən bu gərginliklər 1990-cı illərdə bir-biriylə döyüşmüş ölkələr arasındakı əməkdaşlıq və dialoq prosesinin pozulmasına və qarşılıqlı güvən itkisinə səbəb ola bilər.

Beynəlxalq ictimaiyyət Balkanlarda yeni bir silahlı qarşıdurmaya icazə verməyəcək kimi görünsə də, bu gərginlik, bölgə ölkələrinin iqtisadi və ticarət əlaqələrinə də mənfi təsir göstərə bilər.

Bir çox insanın hələ milliyyətçiliklə, nifrət ritorikasıyla və tarixi hadisələrlə uğraşdığı Balkanlarda əsl atılması lazım olan addım isə iqtisadi əlaqələri inkişaf etdirmək, yeni məşğulluq imkanları yaratmaq, təhsilin keyfiyyətini artırmaq, həyat standartlarını yüksəltmək və ortaq hədəf olan AB üzvlüyü yolunda irəliləməkdir.

Milliyyətçi ritorikaların səs qazandırdığı Balkanlarda isə gələcək yerinə keçmiş müzakirə edilir, körpülər yerinə divarlar hörülür, birləşdirici siyasətlər yerinə separatçı ifadələrə daha çox yer verilir.

Birlikdə yaşamaq məcburiyyətində olan Balkan xalqlarının aralarındakı anlaşılmazlıqları aşması lazımdır. Balkanların daha parlaq bir gələcəyəmi, yoxsa xaotik bir inamsızlığın hökm sürdüyü fərqli istiqamətəmi gedəcəyini, bölgə ölkələrinin xarici müdaxilələrinə imkan vermədən öz aralarında razılaşıb anlaşmaları təyin edəcək.

İllər boyunca qanlı döyüşlərin böyük dağıntılara, ölümlərə səbəb olduğu bölgədə yeni nəslin yeni döyüşlərə yox, daha parlaq bir gələcəyə ehtiyacı var. Balkan xalqları səssiz bir təqibçi və sonunu yalnız "rejissorun" bəyəndiyi pis bir filmin aktyorları olmamalıdır”.