XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 January 2017 - 17:45

Neftin bihuş etdiyi Səudiyyə də başını itirib:İşığın, benzinin qiyməti qaldırılıb, minlərlə şahzadənin xərclərinə isə toxunulmur - Təhlil

S

Dmitri Bobrov

ИноСМИ (Rusiya), 23.01.2017

 

Həm Qərb, həm də ərəb analitikləri Səudiyyə Ərəbistanına bu başdan ağır il xəbər verirlər. Üç böhran – bölgəsəl, maliyyə və daxili siyasi böhran Ər-Riyad üçün bir kələfə düyünür. London iqtisadiyyat məktəbindən professor Mədaui ər-Rəşid Səudiyyə böhranını “ekzistensial” adlandırır. Amerikanın aparıcı analitiki Bryus Ridel hesab edir ki, 2017-ci il krallıq üçün ağır 2016-cı ildən daha pis olacaq.

Bəs Səudiyyə Ərəbistanını əzəmətli resurslardan yararlanıb Yaxın Şərqin siyasətini müəyyən edə bildiyi və ölkə daxilində sosial tarazlığı saxlaya bildiyi “rahatlıq zonası”ndan itələyib çıxardan əsas amillər hansılardır?

Birinci amil ən aşkarıdır: ölkə daxilində sosial müqaviləni dəstəkləmək üçün krallığın maliyyə imkanları tükənib. Neft qiymətlərinin süqutu təkcə 2015-ci ildə 100 milyard dollar təşkil etmiş büqdcə kəsirinə səbəb olub, dövlət borc etməyə başlayıb. Qiymətlərin önəmli artımı gözlənmədiyindən (xeyli dərəcədə elə Səudiyyə Ərəbistanının neft siyasəti sayəsində) krallığın vətəndaşları və saysız-hesabsız şahzadələrlə “müştəri” münasibətlərinin pulunu ödəmək getdikcə çətinləşir. 2016-cı ilin payızından dövlət qulluqçularının maaşları dondurulub, bonuslar və başqa sosial güzəştlər ləğv edilib, elektrik və benzin qiymətləri artırılıb. Səudiyyə Ərəbistanı vətəndaşları əvvəllər “Allahın hədiyyəsi” sayılan şeylərə görə ilk dəfə pul ödəməli olurlar. Qərb mətbuatındakı müşahidəçiər acı suallar verirlər – iqtisadiyyatın bu dalğası səud şahzadələrinə də toxunacaqmı?

Rəsmi məlumatlara əsasən, onların sayı beş minə, qeyri-rəsmi məlumatlara görə on beş minə yaxındır. Hələlik insayder Səudiyyə qaynaqlarına əsasən, onların saxlanması “bir rial da” azalmayıb. Amma kral ailəsi üzvləri, qohumları və qulluqçularının sayı elə həddə çatıb ki, onların maliyyələşməsi problemli olub. Ər-Riyad dilemma ilə üzləşib: kimin hesabına qənaət etməli – kral ailəsinin, yoxsa təbəələrin? Şahzadələrin qiyamı arzuolunmaz və təhlükəlidir, lakin vətəndaşlar da sosial güzəştlərdən ərköyünləşib, ehtiyacsız güzərana alışıblar. Krallıqda qadınlar işləmir və onlara avtomobil sürməyə icazə verilmədiyindən əksəriyyətinin öz sürücüsü var. Bu olduqca məsrəfli, qənaət rejiminə uyğunlaşmamış sosial bir sistemdir.

Müttəfiqlərin də maliyyələşməsi sual altındadır: Səudiyyə Ərəbistanı Misirdə hərbi rejimin dsətəklənməsinə, Yəməndə müharibəyə, həmçinin Suriyada islamçı qruplaşmalara on milyardlarla dollar sərf edib.

Bundan başqa, bütün müsəlman dünyasında vəhhabilik ideyasının təbliğinə əzəmətli pullar gedib və gedir.

Yəqin ki, burada da qənaət etmək lazım gələcək. Lakin 2016-cı ildə Ər-Riyad üçün ən xoşagəlməz iş geopolitik amil olub. İran və Rusiya HKQ-nin dəstəyi ilə Bəşər Əsəd qoşununun Hələbi götürməyi ərəb-müsəlman dünyasında Səudiyyə Ərəbistanının nüfuzuna böyük zərbə vurub. Beyrutdan Tehrana qədər “şiə qövsü”nü doğramaq və “Suriyanı sünnilərə qaytarmaq”da iddialı plan pozulub.

Səudların 2015-ci ilin martından zeydilərin şiə təriqətinə məxsus və İranın birbaşa və yaxud dolayısı ilə dəstəklədiyi qiyamçı husilərə qarşı “Qətiyyət tufanı” hərbi əməliyyatı apardığı Yəməndə də işlər yaxşı getmir. Demək olar, iki il aparılan əməliyyat əsas vəzifəni yerinə yetirməyib: paytaxt Səna əvvəlkitək husilərin nəzarətindədir, bundan savayı husilərin Səudiyyə-Yəmən sərhədində cavab zərbələrini dəf etmək mümkün olmayıb. Müharibə dinc əhali arasında böyük qurbanlara səbəb olub, bununla bağlı hətta ABŞ da Ər-Riyaddan uzaq durur. Vaşinqtonun bir il əvvəl İranla bağladığı atom sazişi səudların nüfuzuna əlavə zərbə olub.

Beləliklə, bölgəsəl qarşıdurmanın son raundu İranın xeyrinə başa çatıb: Ər-Riyadın Suriyada Bəşər Əsəd rejimini devirmək cəhdləri məğlubiyyətə uğrayıb. Əsəd qalib gəlib, çünki Rusiya və İran onun tərəfində idi. Səciyyəvidir ki, 2013-cü ildə səudların dəstəyi ilə hakimiyyətə gəlmiş Misir prezidenti əs-Sisi Dəməşqin tərəfini tutub və bununla da Ər-Riyaddakı sponsorlarını alçaldıb.

Səudiyyə Ərəbistanının xarici siyasətdə bütün səhvlərini kralın oğlu – müdafiə naziri və vəliəhd müavini Məhəmməd İbn-Salmanın yürütdüyü təcavüzkar kursla bağlayırlar. Krallığın siyasətini qoca və çəlimsiz kral Salman deyil, məhz 32 yaşlı Məhəmməd müəyyən edir. O, Yəməndə müharibə başlayıb və Suriyada, İraqda islamçıları fəal dəstəkləyib. Onun siyasətinin iflası krallıqda duruma sabitsizlik təsiri gətirir, çünki hakimiyyət uğrunda mübarizəni kəskinləşdirir. Axı qoca kral doğma oğlu Məhəmməd ibn-Salmanın xatirinə taxt varisi başqa şahzadələri sıxışdırıb. Bu arada karllıq ehramının “pərdə arxasında ” əsrin əvvəlində Səudlar sülaləsini hakimiyyətdən uzaqlaşdırmış tayfa gücləri öz saatını gözləyir.

Səudiyyə Ərəbistanı üzərində dəyişimlər küləyi getdikcə daha güclü şəkildə əsir, ölkənin kompleks modernləşməyə ehtiyacı var. Axı “neft mannası” daha qayıtmayacaq. Lakin saxlanan ultramühafizəkar ənənələr iqtisadi və yaxud sosial inkişafla bir araya pis sığışır. Bu şəraitdə köhnə, ciddi vəhhabi göstərişlərindən aralanmaq və mötədil, “mərkəzçi” islamı yeritmək cəhdləri göstərilir. Bu proses yetərincə təhlükəlidir, çünki münasibətlərin arxaik strukturunun dəyişilməyini, o cümlədən qadınların iqtisadi və siyasi fəaliyyətə buraxılmağını nəzərdə tutur. Buna baxmayaraq, “ümumi rifah” erasının başa çatmağı bu tendensiyanı dönməz edir. Şahzadə Məhəmməd ibn-Salman hətta iddialı "Vision 2030" islahat proqramı hazırlayıb, lakin bunun həyata keçirilməyi Ər-Riyad üçün hələlik əlverişsiz formalaşan daxili və xarici şəraitdən asılı olacaq.

 

Tərcümə Strateq.az-ındır.