XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

23 Yanvar 2017 - 22:59

Sərxoş vitse-prezident, kabusa dönən andiçmə, 1 ay sonra ölən prezident…- Tarixə damğa vuran ABŞ inauqurasiyaları

Prezident inauqurasiyası (andiçmə) uzun illərdir ABŞ mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib. Hətta seçilmiş prezidentə səs verməyənlər belə, bu günü milli bayram kimi qəbul edirlər. Bu mərasimlərdə Vaşinqtona bütün ştatlardan 2 milyona yaxın insan gəlir.   

ABŞ-da inauqurasiya mərasimi bir neçə hissədən ibarət olur. Ənənəyə görə, seçilmiş prezident və vitse-prezident xanımları ilə birgə Ağ Evə çay içməyə gəlirlər. Orada onları səlahiyyət müddəti başa çatan prezident və vitse-prezident, həmçinin onların xanımları qarşılayır.

Sonra onlar and içmək üçün Kapitoliyə yola düşürlər. Bunun ardınca prezident korteci təntənəli şəkildə Ağ Evə doğru yol alır, səlahiyyət müddəti başa çatan prezident isə vertolyotla Endryus hərbi bazasına yollanır.

Rəsmi mərasim paradla sonlanır və yeni prezident Ağ Evin tribunasında qarşılanır. Səhəri günün axşamı Vaşinqtonda musiqili qəbullar təşkil olunur.

Strateq.az xarici mətbuata istinadən ABŞ-dakı inauqurasiya ənənəsinin tarixinə və bu mərasimlərin ən yaddaqalan hadisələrinə nəzər salıb.

 

Ənənə necə yarandı?

 

Vaşinqtonun inauqurasiyası

 

ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun inauqurasiyası Konqresdə olmuşdu.

Sağ əlini «İncil»ə qoyan Vaşinqton belə demişdi: "Mən təntənəli şəkildə and içirəm ki, Birləşmiş Ştatların prezident öhdəliklərini vicdanla yerinə yetirəcəm. Bütün gücümlə ABŞ Konstitusiyasının qoruyub müdafiə edəcəm».

Onun səsləndirdiyi xüsusi çıxış, andiçmə və "Tanrı köməyim olsun» sözləri sonralar bütün ABŞ prezidentləri üçün ənənəyə çevrildi.

Prezident Tomas Cefferson isə ikinci inauqurasiyasından sonra at belində prezident iqamətgahına yollanıb. Həmin vaxt onu musiqinin müşayiəti ilə yola salıblar ki, bu da sonradan inauqurasiyalarda paradın keçirilməsinin əsasını qoyub.

Cefferson başqa bir ənənənin də müəllifi olub – həmin gün Kapitoli arzuedən hər kəsə açıq elan edilib.

ABŞ-ın 22-ci prezidenti Qrover Klivlend hərbi parad təşkil edərək inauqurasiya mərasiminə yeni bir element əlavə etmişdi.

İnauqurasiyanın şərəfinə «bal» təşkil etmək dördüncü prezident Ceyms Meddisonun təşəbbüsü olub. Nəticədə mərasimlər artmış və ABŞ-ın digər şəhərlərində də keçirilməyə başlamışdı.

 

Ölüm gətirən inauqurasiya

 

ABŞ-ın 9-cu prezidenti Uilyam Henri Harrison kabusa çevrilən inauqurasiya yaşayıb. 

Harrison inauqurasiya zamanı palto geyinməkdən imtina etmişdi. O, həmçinin çətirdən istifadə etməmişdi. Halbuki 2 saatlıq çıxışı müddətində fasiləsiz dolu yağmışdı.

Çıxışdan sonra o, andiçmə münasibətilə təşkil edilən 3 musiqili mərasimə qatılmış və səhərədək orada qalmışdı.

Böyrəkləri möhkəm soyuqlayan Harrison üç həftə sonra bərk xəstələnmiş, düz bir ay sonra isə dünyasını dəyişmişdi.

Maraqlıdır ki, Harrisonun nəvəsi Benjamin də prezident olmuşdu və onun da inauqurasiyasında dolu yağmışdı. Lakin o, babasının səhvini təkrarlamamış, mərasim boyu çətirin altında dayanmışdı.

Ceyms Noksun andiçmə mərasimində də hava olduqca pis keçmiş, güclü fırtına qopmuşdu.

Hava şəraiti ilə bağlı ard-arda yaşanan xoşagəlməzliklərdən sonra inauqurusiya tarixi 4 martdan 20 yanvara çəkilmişdi.

Lakin tarixin dəyişməsinin, məsələn, prezident Con Kennediyə köməyi dəyməmişdi.

Onun inauqurasiyasının axşamı 15 santimetrdən yuxarı qar yağmışdı.

Və ordu  parad üçün yolu təmizləməklə məşğul olmuşdu.

 

Sərxoş vitse-prezident

 

Qaydaya görə, prezidentin ardınca vitse-prezident də and içməlidir.

Adətən, mərasimin bu hissəsi o qədər də diqqət çəkmir. Lakin Endryu Consonun 1985-ci ildəki inauqurasiyası belə olmamışdı.

Endryu Consonun inauqurasiyası

 

Namizədliyi Avraam Linkoln tərəfindən irəli sürülən Conson mərasim qabağı olduqca əsəbi idi və cəsarət toplamaq üçün viski içmişdi.

Nəticədə onun inauqurasiya çıxışı «sərxoş çərənləməsi» kimi yadda qalmışdı.

 

 

1913-cü ildən 21-ci ilədək prezident olan Vudro Vilson andiçmə ənənəsini dəyişdi. 

4 mart 1913-cü ildə – ilk inauqurasiyası zamanı Vilsonun istəyi ilə Vaşinqtonda bir dənə olsun əyləncəli mərasim keçirilmədi. Vilson hesab edirdi ki, andiçmə günü musiqili mərasimlərin keçirilməsinə heç bir əsas yoxdur.

ABŞ tarixindəki inauqurasiya mərasimləri etiraz aksiyaları ilə də yadda qalıb. Məsələn, Bill Klintonun və Barak Obamanın andiçmə mərasimlərində olduğu kimi.

Lakin ən səs-küylü etirazlar 2001-ci ildə Corc Buşun inauqurasiyası zamanı olmuşdu. 8 dərəcə şaxtada küçələrə çıxan nümayişçilər Buşu qələbəni oğurlamaqda ittiham etmişdilər.

Həmin gün nümayişlərə 20 min insan qatılmış, onlara nəzarət üçün isə 9 min polis ayrılmışdı…

 

Strateq.az