XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

24 Yanvar 2017 - 14:58

Trampdan dünya nizamını alt-üst edən ilk addım:ABŞ yenidən “qınına” çəkilir - TƏHLİL

trump1-1

 

ABŞ prezidenti Donald Tramp seçkiqabağı kampaniyasında verdiyi vədlərdən birini də reallaşdırdı.

Strateq.az xəbər verir ki, o, dünən Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ-ın Trans-Sakit Okean Ortaqlıq müqaviləsindən (TPP) çəkilməsini nəzərdə tutan fərman imzalayıb.

Mətbuat konfrasında ABŞ prezident bu addımının səbəblərinə aydınlıq gətirib. Trampa görə, TPP ABŞ üçün “pis” müqavilə idi: "Bunu uzun müddətdir ki, müzakirə edirik. Az əvvəl atdığımız bu addım amerikalı işçilər üçün çox əhəmiyyətli idi”.

Qeyd edək ki, TPP müqaviləsi ABŞ-ın sabiq prezidenti Barak Obamanın ən mühüm layihəsi hesab olunur və Sakit okean sahillərində yerləşən 12 ölkə arasında sərbəst bazar iqtisadiyyatı qurmağı hədəfləyirdi.

Hesablamalara görə, layihə baş tutsaydı, hər il ABŞ iqtisadiyyatı 80 milyard dollara yaxın pul qazanacaqdı. Digər sahildaş ölkələrin də qazancı az olmayacaqdı. Ümumilikdə 800 milyon insanın yaşadığı coğrafiyada həyata keçirilməsi nəzərdə tutulan layihənin dünya iqtisadiyyatına hər il 300 milyard dollara yaxın xeyr gətirəcəyi təxmin edilirdi.

Müqavilədə iştirakı gözlənilən digər 11 subyekt də kiçik dövlətlər deyildi – Bruney, Çili, Yeni Zellandiya, Sinqapur, Avstraliya, Kanada, Yaponiya, Malayziya, Meksika, Peru, Vyetnam. Dünya iqtisadi gücünün 40 faizini öz əllərində cəmləşdirən bu dövlətlərin ticari əməkdaşlığı getdikcə böyüyən Çinin təsirini azaltmaq və Asiyanın digər müttəfiq dövlətlərini qorumaq üçün nəzərdə tutulurdu. Çıxışlarının birində Barak Obamanın özü də bunu etiraf edərək demişdi: “Bu regionda qaydaları biz yazmasaq, Çin yenidən yazacaq”.

Barak Obamanın iki il bundan əvvəl ortaya atdığı və digər 11 müttəfiqini inandırdığı Trans-Sakit okean ortaqlığı müqaviləsində böyük məsafələr qət olunsa da, ölkə liderlərinin keçirdikləri mütəmadi görüşlərdə ümumi razılıq əldə edilsə də, sabiq prezidentin hakimiyyəti dövründə bu layihəni reallaşdırmaq mümkün olmadı. Maraqlıdır ki, indiyəqədərki uğursuzluğun səbəbkarı də elə layihəni irəli sürən ABŞ-ın özü idi. Çünki prezidentlərin razılaşdıqları bu müqavilə ölkə parlamentlərində təsdiq olunduqdan sonra qüvvəyə minə bilərdi. ABŞ Konqresi isə bu müqaviləni təsdiqləmirdi.

Konqresin prezidentə müxalifətçiliyinin bir neçə başlıca səbəbi vardı. Əvvəla, əksər konqresmenlər hesab edirdilər ki, bu müqavilə çərçivəsində danışıqlar məxfi aparıldığından və müqavilənin bəzi müddəaları gizli saxlanıldığından nəyə səs verəcəkləri aydın deyil.

İkincisi, Sakit okeanın digər dövlətlərini Çin təsirindən qorumaq üçün yaradılan sərbəst ticarət ortaqlığı ABŞ-ın öz iqtisadiyyatını çətin vəziyyətə salırdı: layihə çərçivəsində gömrük rüsumlarının minimum həddə endirilməsi və gələcəkdə tamamən ləğv olunması ABŞ-ın qapılarını Asiya istehsalçılarının üzünə taybatay açar, Vaşinqtonun öz yerli şirkətlərindən aldığı vergiləri artırmasına səbəb olardı. Bu da öz növbəsində nəhəng şirkətlərin Asiya ölkələrinə axışına gətirib çıxarardı.

Prinsipcə, TPP layihəsi hələ qüvvəyə minməmişdən əvvəl də bu təhlükənin yaşandığı sezilirdi. Məlumata görə, “Ford” və “GM” kimi avtomobil şirkətləri öz ehtiyat hissələrini Çində istehsal edib ABŞ-a göndərirdilər. “Apple” kimi dünya nəhəngi də, demək olar ki, bütün məhsullarını eyni qaydada Çində düzəldib, üzərinə “Made in USA” damğası vururdu.

Trampın fikrincə, TPP müqaviləsi qüvvəyə minərsə, bu tendensiya digər Asiya ölkələrinə yönəlmə ilə daha geniş vüsət ala və ABŞ iqtisadiyyatını tamamilə çökdürə bilərdi. Təhlükənin qarşısını almaq üçün isə ABŞ-ın nəhəng sərbət ticarət ortaqlıqlardan imtina etməsi, bunun nəticəsi olaraq, gömrük rüsumlarını artırması və vergiləri azaltması tələb olunurdu. Hakimiyyətə gəldiyi ilk günlərdə onun TPP-dən imtina etməsinin səbəbi də bu idi.

Təsadüfi deyil ki, həmin addımdan sonra Tramp ABŞ-ın 12 nəhəng şirkət sahibini və idarəçilərini ziyafətə dəvət etmiş, onları öz “möcuzəvi” iqtisadi strategiyasının detalları barədə məlumatlandırmışdı. Ziyafətdə vergi yükləri səbəbilə ABŞ-dan didərgin düşən “Ford” firmasının yüksək səlahiyyətlisi Mark Filds, “Dell” şirkətindən Maykl Dell və “SpaceX” dən Elon Musk da iştirak edirdilər. Bildirildiyinə görə, qonaqlarla söhbətində Tramp həyata keçirəcəyi iqtisadi siyasətin onun özünü belə heyrətləndirəcək tərəflərindən danışıb: "Orta sinif və şirkətlər üçün vergini çox böyük bir nisbətdə azaldacağıq və ən mühümü, bu, məni də təəccübləndirdi, xərclər də böyük nisbətdə azalacaq – hardasa, 75%,  hətta daha artıq”.

Tramp, həmçinin iş adamlarına xaricdə fəaliyyətlərini davam etdirəcəkləri təqdirdə onlardan “sərhəd vergisi” alınacağı barədə də xəbərdarlıq edib.

Göründüyü kimi, yeni prezidentin iqtisadi siyasətinin bütün hədəfləri ABŞ sərmayədarlarının öz ölkələrinə investisiya yatırmağa təşviq etməyə yönəlib. TPP-dan imtinanın da kökündə bu məqsəd dayanıb.

ABŞ-ın TPP-dan ayrılması onun müttəfiqlərini də xeyli əndişələndirir. Bu nigarançılıq Trampın prezident seçkilərini qazandığının məlum olduğu ilk günlərdən bəri Sakit okean sahillərini ciddi düşüncələrə qərq etmişdi. Ötən il noyabr ayının axırlarında Perunun paytaxtı Limada bir araya gələn ittifaq liderləri Tramp hakimiyyəti dövründə ölkələrinin taleyinin necə olacağını müzakirəyə çıxarmışdılar. Liderlərin əndişələrinə ABŞ-ın sabiq prezidenti Barak Obamanın cavabı isə xeyli mübahisəli idi. Obama həmkarlarına təskinlik verərək demişdi: “Ən pis ehtimalı düşünməyin. Nəticə çıxarmazdan qabaq yeni iqtidarın hakimiyyətə gəlməsini gözləyin”.

Obamanın bu çıxışı “Trampın devrilmə ehtimalı var” kimi mübhəm şübhələri ağla gətirsə də, müttəfiqlərin gözlədiyi “pis ehtimal” özünü doğrultdu; yeni prezident seçkiqabağı vədlərindən birini yerinə yetirdi.

İndi Asiya ölkələrini bir sual maraqlandırır: getdikcə iqtisadi cəhətdən böyüyən və regiondakı bazarları div kimi udan Çin qarşısında nə edəcəklər? ABŞ-sız da bu divin qarşısını kəsmək, dolayısıyla TPP-ni davam etdirmək mümkün olacaqmı?

Yaponiyanın baş naziri Şinzo Abe iki ay əvvəl bu sualları olduqca bədbin cavablandırmışdı. Onun fikrincə, ABŞ-sız TPP-nin də heç bir anlamı yoxdur. Amerika qitəsində yerləşən Meksika isə qitələrarası ittifaqdansa, Kanada-ABŞ-Meksika müttəfiqliyinə bel bağlamaqla özünə təskinlik verir. Halbuki Trampın seçkiqabağı kampaniyasında əsas hədəflərindən biri də Meksika idi. O, Meksikadan ABŞ-a idxal  olunan mallara ağır gömrük rüsumları qoyacağını ayrıca bir mövzu kimi ortaya atmışdı. Bu baxımdan Meksika rəhbərliyinin nikbinliyi “ümidsizlikdən doğan ümid” təsiri bağışlayır. Yeni Zellandiya isə bu məsələdə daha realist görünür. Ölkənin baş naziri Con Key mövzu ilə bağlı açıqlamasında alternativ arayışları içərisində olduğunu gizlətməmişdi: “ABŞ-ın bölgədə olmasını istəyirik. Əgər o olmayacaqsa, yaranacaq boşluğu doldurmaq lazımdır. Bu boşluğu isə Çin doldura bilər”.

Bir çox inkişaf etmiş Asiya ölkəsinin qorxulu röyasına çevrilən bu ehtimal, deyəsən, reallaşmaq üzrədir. Trampın hakimiyyətə gəlməsindən sonra Çin, ABŞ-da xeyli bazar itirməsinə baxmayaraq, Vaşinqtonun başsız buraxdığı Asiyada at oynatmaq üçün geniş sahələr qazana bilər. Pekin də bu avantajının fərqindədir. Bunu Çinin müxtəlif rəsmiləri bir çox açıqlamalarında dilə gətirməkdən çəkinməyiblər. Ölkənin xarici işlər naziri naziri Vanq Yinin səsləndirdiyi bu fikirlər də eyni qəbildəndir: “Çin və Rusiya Sakit okean sahillərində azad iqtisadi zona yaratmaq üçün əlindən gələni etməlidir. Bunun üçün isə mütəmadi ünsiyyətdə olmaq lazımdır”.

Vanq Yinin həmin fikirləri yeni status-kvoda Çinin iqtisadi-siyasi strategiyasının da ipuclarını ortaya qoyur – Rusiyanın hərbi dəstəyini alaraq Asiyaya yayılmaq. Çinin tarix boyu ən böyük hədəfi olan bu röyasını reallaşdırmaq yolunda elə bir ciddi manesinin qalmadığı ortadadır. Pekini bu şirin yuxudan ancaq Rusiya ilə çarpışan maraqları diksindirə bilər. Hələlik başı iqtisadi sanksiyalara və NATO-nun yaxın coğrafiyada yayılmasının qarşısını almağa qarışan Moskvanın bu işə girişməsi üçün isə toparlanması lazımdır. Bu baxımdan, Tramp hakimiyyətinin Rusiya ilə münasibətləri normallaşdırması təsadüfi görünmür və heç də milyarder rəhbərin, bir çoxlarının düşündüyü kimi, ruspərəst olmasından irəli gəlmir. Məqsəd iki təhlükəni bir-biriylə üz-üzə qoymaq, rəqibləri öz güclərindən istifadə edərək zəiflətməkdən ibarətdir. Eynilə Şərq döyüş fəlsəfəsində olduğu kimi…

Qeyd edək ki, II Dünya müharibəsindən sonra parlayan ABŞ əfsanəsinin sirri də əslində bu fəlsəfədə yatır. Sənayeləşmə dövrünün gətirdiyi yeni iqtisadi tələblər Avropanın bir çox ölkələrini üz-üzə qoymuş, iki dəfə böyük müharibələrə cəlb etmişdi. Beləcə, Avropa ölkələri zəifləmiş, o dövrə qədər öz qitəsindən kənara çıxmayan ABŞ isə savaşan tərəflərə ərzaq malları və silah satmaqla güclənmişdi. Mütəxəssislər II Dünya müharibəsi ərəfəsində ABŞ sənayesinin dünya iqtisadi gücünün 75%-inə sahib olduğunu bildirirlər. Məhz bu iqtisadi potensialı onun dünya hegemonluğuna can atmasını şərtləndirmişdi. SSRİ-nin dağılmasıyla təkqütblü dünya qurmaq həvəsi ABŞ-ın iqtisadi yükünü artırmış, xüsusilə hərbi xərclər və bu yolun perspektivinin görünməməsi super gücün çəkə bilməyəcəyi həddə yüksəlmişdi. Görünür, Vaşinqton indi regionu digərlərinin döyüş poliqonuna çevirmək və özü proseslərə xaricdən dəstək verməklə yenidən II Dünya müharibəsindən əvvəlki dövrünə qayıtmaq – “qınına çəkilmək” istəyir.

Amma “rəqibin öz gücündən istifadə edərək qələbə çalmaq”  fəlsəfəsi ilə Çinə qalib gəlmək mümkün olacaqmı? Bax, bu sual xeyli mübahisəli görünür. Nədən ki, çinlilər avropalı deyillər, Şərq döyüş fəlsəfəsinin ruhu onlara daha doğmadır və bu cür siyasətlərin altında yatan hikmətləri daha düzgün anlaya bilirlər. Üstəlik, ortada bir də II Dünya müharibəsi təcrübəsi var…

Heydər Oğuz

Strateq.az