XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

27 Yanvar 2017 - 18:12

Türkiyə, Rusiya və İran Suriyanı necə böləcək? –Üç ssenari - Təhlil

as

Astana danışıqlarının iştirakçıları

© AP Foto, Sergey Qrits

 

Pavel Novotnı

Info.cz (Çexiya), 27.01.2017

 

Qazaxıstanın Astana şəhərində hökumətlə üsyançılar arasında sülh danışıqları Suriya müharibəsindən, demək olar, altı il sonra başlanıb. Danışıqları Rusiya, Türkiyə və İran təşkil edib. ABŞ nümayəndə heyəti göndərməyib.

Üsyançılar iddia edirlər ki, birinci növbədə barışıq haqda danışıq aparmaq istəyirlər. Amma analitiklər artıq spekulyasiya edirlər ki, dövlətlər Suriyanı öz nüfuz dairələrinə böləcəkmi və bunlar hansılar olacaq?

Suriyada parçalanma artıq  gedir. Ölkə əcnəbi oyunçuların nüfuz dairələrinə bölünə bilər. Rusiya Beynəlxalq məsələlər üzrə şurasının, yəni Rusiya Xarici İşlər Nazirliyinə yaxın təşkilatın rəhbəri Andrey Kortunov yanvarın ortalarında bu barədə "Reuters"ə bildirib. Daha mühümü budur ki, bu təşkilat təkcə RF XİN-in fikrini deyil, daha çox onun məqsədlərini də bölüşür.

Moskva siyasətçilərindənsə Kortunov və Rusiyanın digər analitikləri daha açıq ola bilər – ehtimal ki, taktiki səbəblər üzrə isə hətta açıq olmalıdırlar. Astanadakı görüşü yeni Moskva-Ankara-Tehran oxu təşkil edib. Analitiklər hər şeydən öncə məhz onların planları haqda fikir yürüdürlər.

Rusiya analitiklərinin sözlərinə görə, Moskva gələcəkdə ələvilərin məskunlaşdığı bölgədə nüfuzunu saxlayacaq. Söhbət 1920-1936-cı illərdə paytaxtı Latakiya olan Ələvi dövlətinin mövcud olduğu dənizyaxası zonadan gedir. Rusiyanın istifadə etdiyi Tartus və Xmeymim bazaları orada yerləşir. Ələvilər azlıq təşkil etsələr də, savaşöncəsi Suriyanın özəyini təşkil ediblər və prezident Bəşər Əsəd də ailəsi ilə onlara aiddir.

 

Ankara və Tehran geridə qalmaq istəmir

 

Rusiya ekspertlərinin sözlərinə görə, Türkiyə (həm də təkcə o deyil) Əzəz, Əl-Bab və Cerabulus şəhərləri arasındakı ərazini hərbi qüvvə ilə tutaraq Suriyanın şimalında özünə nüfuz dairəsi müəyyən edib. Strateji Araşdırma və Pronozlar İnstitutundan Vladimir Aqeyev əlavə edir ki, hər şeydən göründüyü üzrə, bu, Əl-Bab şəhəri götürülən zaman türk koalisiyasına hücumdan vaz keçmiş Moskva və Dəməşqin razılığı ilə baş verib. Rusiyalılar, guya, yaraqlıların Hələbin üsyançılar hissəsindən çəkilməyinə hər şeydən əvvəl ona görə razılaşıblar ki, onların müəyyən qismi Əl-Bab yaxınlığında Türkiyə tərəfdən radikal islamçılara qarşı döyüşlərdə iştirak etməyə hazırlaşırdı.

İrana gəlincə, Moskva analitikləri onun da Suriyanın bir hissəsinə haqqını etiraf edirlər. “Nüfuz dairələrinə bölünmə – o, doğrudan da, planlaşdırılırsa – Türkiyə və Suriya hökumət qoşunlarının tutduğu mövqelər üzrə baş verə bilərdi, – Rusiya Hərbi Proqnozlaşdırma Mərkəzindən Anatoli Çıqanyuk hesab edir. – İran qoşunlarının bu gün Rusiya HKQ ilə qarşılıqlı şəkildə hərəkət etdiyi nəzərə alınsa, üçtərəfli format da tamamilə əsaslıdır”.

 

Ancaq sınaq şarı?

 

Hər şeydən göründüyü kimi, Rusiya analitikləri sınaq şarı buraxırlar, Kreml isə reaksiyanı gözləyir. Bəlkə də, onlar bəzən özlərindən danışır, yəni Rusiya siyasi spektrinin ayrı-ayrı mərkəzlərinin mövqelərini müdafiə edirlər. Rusiya analitikləri variantları şərti meyllənmə ilə ifadə edirlər. Və buna baxmayaraq: Suriya həqiqətən parçalanıb və ərazisinin önəmli hissəsini xarici dövlətlər, qruplaşmalar tutub. Hətta bundan betəri. Görünür, bəziləri artıq öz planlarını həyata keçirməyə başlayıb və əhalinin transferini təşkil edirlər. Əlbəttə, ayrı-ayrı etnik-dini qruplar bütün vətəndaş müharibəsi boyunca yerlərini dəyişirlər və qaçış və sürgünlərin olmayacağını güman etmək sadəlövhlük olardı. Britaniyanın "The Guardian" qəzeti şiə İranı və müttəfiq “Hizbullah” hərəkatının artıq gerçəkləşdirməyə girişdiyi dəqiq plan barədə məlumat verib. Plana əsasən, gələcəkdə Livan sərhədi ilə Dəməşq və Xomsu birləşdirən şərti xətt arasında bir sünni də yaşamayacaq.

Başqa sözlə: etnik-dini dəyişiklik, bununla isə Rusiya və İranın müttəfiqindənsə daha çox vassalı Bəşər Əsədin prezidenti olduğu Suriyanın mümkün bölünməsi də tənzimlənməyən hərbi mərhələdən mütəşəkkil mərhələyə keçir. Bu, həm də ona görə baş verir ki, Dəməşqdəki rejim müttəfiqlərin sayəsində salamat qalsa da, həm iqtisadi, həm də hərbi planda artıq son dərəcədə taqətdən düşüb. (İran, İraq, Əfqanıstan, Livan və s.-dən) əcnəbi şiə döyüşçülər sayca hələ keçən il Suriya ordusunun kadrlarına bərabər idi.

Yəni hər şey tədricən baş verir və unutmağına dəyməz ki, söhbət fərziyyələrdən gedir. Amma çox az adamın şübhəsi var ki, Suriyanın Tartus və Latakiya şəhərlərinin yaxınlığından Aralıq dənizinə çıxışda son dərəcə maraqlıdır.

 

İran dəhlizi

 

Şiə İranı Körfəzlə Aralıq dənizi arasında dəhliz yaratmağa məqsədyönlü şəkildə nail olur: İraqdan Suriyaya keçməklə “Hizbulllah”ın ağalıq etdiyi Livanın cənubuna. İsrail jurnalistləri – həm də təkcə olar deyil – ehtimal edirlər ki, bu dəhlizlə “Hizbullah”a, yəni İsrail sərhədinin lap yanına İran silahı tədarük olunacaq.

Türkiyə “Fərat qalxanı” vaxtı cənub sərhədinin yanında Suriyanın bir hissəsini həqiqətən də nəzarətə götürüb və yalnız gözlənilməz Qərb tərəfindən əl tutulan Suriya kürdləri ilə mübarizəyə başlayıb.

Yeri gəlmişkən, ifrat dərəcədə assertiv (xarici təsirlərdən asılı olmayan subyekt-tərc.) Rusiyanın onlara necə yanaşacağını müşahidə etmək maraqlı olacaq. Beyrutda yaşayan britaniyalı şərhçi Devid Herst yada salır ki, Kremlin Moskva və Ankaranın əməkdaşlığından vəcdlə xəbər verən "Sputnik" agentliyi bu faktı unudub ki, Rusiya Suriya kürdlərinə öz paytaxtında təmsilçilik açmağa yol verib. Ancaq bu, Rusiyanın Türkiyə ilə barışmağına qədər baş verib…

Bəs Suriya münaqişəsinə cəlb edilmiş başqa oyunçular? Deyəsən, Körfəz ölkələri müdafiə mövqeyi tutub, lakin ola bilsin, Amerikanın yeni, tamamilə gözləniməz prerzidenti Donald Trampın Yaxın Şərqdə hansı siyasəti yürüdücəyini gözləyir. Artıq adı çəkilən Devid Hersti təəccübləndirib ki, Səudiyyə kralı Salman dekabrda (seçilməmiş) parlament qarşısında çıxış edərkən bundan bir neçə gün qabaq şiə koalisiyası, Suriya ordusu və İranın öz müttəfiqləri ilə Hələbin sünni üsyançıların əldə saxladığı hissəsini götürdüyünə baxmayaraq, Suriyadakı durumu bir dəfə də xatırlatmayıb. Axı Körfəz onları dəstəkləyirdi. Ola bilsin, monarx məğlubiyyətə görə xəcalət çəkir, ya da artıq həm üsyançılardan, həm də Suriyayadan əlini üzüb?  

 

Üç ssenari

 

Həmçinin Suriyanın necə bölünəcəyini yalnız güman etmək olar: qeyri-formal, yaxud ölkənin müharibəyə qədərki sərhədlərində yeni qurumlar. Üç ssenari ağla gəlir: Sudan, Bosniya və Livan.

Birinci iki (yaxud daha çox) suveren dövlətlərin meydana çıxacağını bildirir. Bosniyadakı qurumlarda hətta ümumi bayraq da var, dövlət başçıları isə kollektivdir ki, əsas xalqlar təmsil olunsun. Amma ümumi hökumət çox zəifdir. Livan isə Suriyanın yaxınlığında özünü sığorta edən sistem yaradıb və hökumətdəki postlar etnik-dini prinsip üzrə bölünür. Həmçinin mümkündür ki, nüfuz dairələri kağızda deyil, yalnız suriyalıların və onların xarici qəyyumlarının beynində yaranacaq…

Bəli, Suriya həmçinin faktiki olaraq Əsədin adamlarının rəhbərliyi altında unitar dövlət kimi qala bilər. Lakin heç kim bilmir ki, prezidentə qarşı qiyam etmiş bütöv bölgələri və əvvəllər görmədiyi müstəqilliyi dadanları, xüsusən də kürdləri qeyri-hərbi üsullarla tabe olmağa necə məcbur etmək mümkündür.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə