XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2017 - 11:59

Vladimir Putinin məharətlə gizlədilmiş gözqamaşdırıcı sərvəti –40, 70, yoxsa 200 milyard dollar...?

P

Rob Vayl

Time (ABŞ), 27.01.2017

 

Deyirlər ki, pul hakimiyyətlə bir tutulur. Vladimir Putinin isə indiki anda olduqca çox hakimiyyəti var.

Deməli, nə qədər pulu var? O, bunu gizlədir.

Bütün dünyanın agent və casusları artıq uzun müddətdir var qüvvələrilə Rusiya prezidentinin şəxsi sərvətinin həcmini öyrənməyə can atırlar. Lakin keçmiş KQB agenti Putinin şəxsi mülkünü tapmaq praktik olaraq mümkün deyil, çünki ehtimal ki, məxfi şirkətlər şəbəkəsinin daxilində  bölünüb, daşınmaz əmlaka qoyulub və başqalarının hesablarında gizlədilib. Bu gün bütün dünyanın onun siyasi motivləri üzərində baş sındırdığı bir vaxtda Putinin gizlədilmiş var-dövlətini tapmaq cəhdləri onun Rusiyadakı hüdudsuz hakimiyyətinin qaynaq və səbəblərini anlamağa kömək edər.

Bax, bizə məlum olan budur.

Ekspertlər Rusiya prezidentinin sərvətindən danışarkən, ən çox Kremlin orta rütbəli keçmiş müşaviri Stanislav Belkovskinin dəyərləndirməsinə əsaslanırlar. O, 2007-ci ildə bildirib ki, Putinin sərvətinin həcmi, ən azı, 40 milyard dollara çatır. Bu, həqiqətən belədirsə, onda Putin asanlıqla "Forbes" dərgisinin versiyası üzrə dünyanın ən varlı adamlarının ilk onluğuna düşür.

(Bu arada "Forbes" dərgisi – dünyanın ən varlı adamlarının əsas salnaməçisi – Putini özünün milyarderlər siyahısına daxil etməyib. Dərgi 2015-ci ildə bunu onunla izah edib ki, aktivlərin mənsubiyyətini sübut edə bilməyib.)

Belkovski öz dəyərləndirməsində Putinin əsasən neft sektorunda bir neçə şirkətdəki ehtimal ediən payı haqda məlumata söykənib. Onun dediyinə görə, “Surqutneftqaz” neft şirkətinin səhmlərinin 37%-i, “Qazprom” səhmlərinin 4,5%-i və "Gunvor" beynəlxalq energetika qrupu səhmlərinin kifayət qədər böyük zərfi ona məxsusdur.

Ən azı, 40 milyard dollar, – Belkovski o zaman "Guardian"a müsahibədə deyib. – Maksimumu bilmirik. Barəsində mənə heç nə məlum olmadığı digər bizneslərin də olduğu haqda gümanlarım var”.

Amerika hökuməti təmsilçiləri də Putinin "Gunvor"la əlaqələri haqda danışıblar. ABŞ Xəzinədarlığı 2014-cü ildə sanksiyaların tətbiqi zamanı verdiyi bəyanatda qeyd edib: “Putin "Gunvor"a vəsait qoyub və ola bilsin, bu şirkətin fondlarına çıxışı var”.

2012-ci ildə gəliri 93 milyard dollar təşkil etmiş "Gunvor" qrupunun təmsilçiləri onun səhmlərinin bir hissəsinin Putinə məxsus olduğunu inkar edirlər.

Belkovski sonradan 2012-ci ildə prezident çevrəsinə yaxın “konfidensial qaynaqların” yeni məlumatına əsaslanıb Putinin sərvətini 70 milyard dollar dəyərləndirib. O, bu haqda Araşdırma Jurnalistikası Bürosuna müsahibədə bildirib.

Bu məlumat düzdürsə, belə çıxır ki, Putin "Bloomberg"in məlumatına görə dünyanın ən varlı adamı olan və sərvəti 84 milyard dollar qiymətləndirilən Bill Geytsi, demək olar, haqlayıb. Putinin digər tənqidçisi – amma onun sözləri böyük şübhə doğurur – bildirir ki, Rusiya prezidentinin sərvəti 200 milyard dollara çatır.

Şübhəsiz, Putini təmtərağın ən müxtəlif atributları əhatə edir. Məsələn, şayiələrə görə, Qara dəniz sahilindəki bir milyard dollar dəyərində saray ona məxsusdur. BBC-nin qeyd etdiyi kimi, bu sarayı rus çarlarının şəhərkənarı saraylarını xatırladan əzəmətli sütunlar düzümü bəzəyir. Bəzi məlumatlara görə, orada həmçinin şəxsi teatr, üç helikopter tuta bilən enmə zolağı və mühafizəçilər üçün yaşayış binaları var.

Bu saray məxsusi Putin üçün tikilib, vəsait isə Rusiya oliqarxlarının yaratdığı və rüşvət üçün nəzrədə tutulmuş məxfi fonddan götürülüb. Bu barədə Rusiyanı könüllü tərk etmiş, Rusiyada fəaliyyətdə olan sxem haqda məlumatı jurnalistlərlə bölüşən Rusiya biznesmeni Sergey Kolesnikov BBC-yə müsahibədə danışıb.

Ehtimal edilən bu sxem Kermldəki hakimiyyətin Putinə təkcə Rusiyanın korporativ sərvətinə deyil, həm də ölkənin ən varlı oliqarxlarının şəxsi sərvətinə çıxışı barədə sistemi təmsil edir.

Və əgər şayiələrə inanılsa, Qara dəniz sahilindəki saray Putinin heç də yeganə sarayı deyil. Baş nazirin keçmiş birinci müavininin 2012-ci ildə topladığı qalmaqallı qovluğa əsasən, 20 saray, dörd yaxta, 58 təyyarə və 400 min funt-strelinq dəyərində saat kolleksiyası Putinə məxsusdur.

"Telegraph" nəşrinin xəbərinə görə, Boris Nemtsov bu sənəddə yazmışdı: “20 milyondan çox adamın zorla güzəran keçirdiyi bir ölkədə prezidentin təmtəraqlı yaşayışı həddini aşmış rəhbər tərəfindən cəmiyyətə həyasız və abırsızcasına meydan oxumaqdır”.

"Telegraph"da az adamın xəbəri olduğu Moskvadan cənubi-şərqdə Saratov yaxınlığında Volqa çayının yaxasındakı üçmərtəbəli iqamətgahdan danışılır. Burada alman qəndilləri, İtaliya mebeli, həmçinin bilyard zalı, qış bağı, hovuz və sauna görmək olar.

Çox ehtimal ki, biz həqiqəti heç vaxt bilməyəcəyik. Putin, Donald Trampdan fərqli olaraq, cammaat içində öz sərvətini car çəkməməyə çalışır. “Sadəcə, müzakirəyə dəyməyəsi boşboğazlıqdır, sadəcə, cəfəngiyyatdır, – "Bloomberg View" köşə yazarı Leonid Berşidskinin yazdığı kimi xəbər verir. – Onlar bütün bunları burunlarından qurdalayıb çıxardıb və kağızlara yaxıblar”.

Lakin "New York Times"ın reportyoru Stiven Li Mayersin “Yeni çar” (The New Tsar) kitabında yazdığına görə, Putin bunu inkar etmir ki, bəzi misilsiz şeylər ona məxsusdur. “Mən təkcə Avropada deyil, həm də dünyada ən varlı adamam: mən emosiya toplayıram, – Putin deyib. – Mən bununla varlıyam ki, Rusiya xalqı Rusiya kimi böyük ölkənin rəhbərliyini iki dəfə mənə etibar edib. Hesab edirəm ki, bu, mənim ən böyük sərvətimdir”.

 

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə