XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2017 - 12:02

Yadigar Sadıqlıdan “ana müxalifət” açıqlaması:“AXCP rəhbərliyi Müsavatı zəif düşürməyə çalışır”-VİDEO

Yadigar Sadıqlı: “Səxavət Sultanlının 166 nəfərlik siyasi məhbus siyahısı ilə bağlı açıqladığı mövqe Müsavat rəhbərliyi tərəfindən qəbul olunmadı”

 

yadigar1

 

Yadigar Sadıqlı ilə heç bir zaman heç bir tanışlığımız olmayıb. Onu ara-sıra “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə mətbu-siyasi deyişmədə və qovğada görmüşəm və yaddaşımda da elə qazınıb. Başqa bir halda və başqa bir yerdə qarşıma çıxmayıb – təbiri caizsə. Sonra məhbusluq həyatım başlayanda onun adı hər zaman gündəmimdə olub. Hələ bir müddət əvvəl Aydın Canıyev “Xural”ın Lənkəran bölgəsi üzrə xüsusi müxbiri kimi yazdığı yazılar ölkəni bir-birinə vuranda və bunun da nəticəsində Aydın Canıyev həbs ediləndə, nədənsə hər zaman Yadigar Sadıqlının reaksiyasını gözləmişəm. O da hadisələrə heç bir reaksiya verməyib. Nədənsə mənə uzun müddət elə gəlib ki, Lənkərandan yazılan yazılara Yadigar bəy mütləq cavab və reaksiya verməlidir. Hətta yazılan yazıların səbəblərindən biri onu bilmişəm. Çox sonra – yalnız Bakı İstintaq Təcridxanasında Aydın Canıyevlə görüşüb söhbətləşəndən sonra bilmişəm ki, yox, Lənkəran məsələsinə onun heç bir dəxli yoxmuş.

Mənim həbsxana gündəliklərimdə digər bütün siyasi və vicdan məhbusları kimi, Yadigar Sadıqlının da siyasi həyatının bəzi detalları öz əksini tapıb. Onun tutulmasını, prosesi, məhkəməsini yaxından izləmişəm. İçi mən qarışıq bütün siyasi məhbuslara informasiya dəstəyi verən “Yeni Müsavat” qəzeti bu məsələdə diqqətçəkən şəkildə ona dəstək verib. Rauf Arifoğlunun belə həssaslıqları olur. Elə o da Yadigar Sadıqlının qiymətləndirməsinə səbəb olub və müsahibədən də hiss etdim ki, Raufla məsələ artıq qapanıb. Partiyası və başqanı ilə münasibətlər nə qədər gərgin olsa da…

Cəmiyyətin çox ləyaqətli və şərəfli adamlarındandır Yadıgar Sadıqlı. Çətin günlər insanın bütün xarakterik cizgilərini ortaya çıxarır. Həbsxana da elə oldu Yadigar bəy üçün. Tanımayanlar da tanıdı. Bilməyənlər də bildi. Əslində, zəmanənin bir qəribə məqamı da budur. İndi yaxşı oğullar və qızlar Vətənin həbsxanalarından xalqa daha çox sevimli çıxırlar. Yaxşı çıxanlar təbii ki. Yadigar Sadıqlı da Vətənin həbsxanalarından elə çıxanlardandır.

Ona daha çox Müsavatdaxili çəkişmələrdən suallar verilmişdi. Müsavatın qalmaqallı və nəticələri haqqında bitmək-tükənmək bilməyən qurultayı baş tutanda Yadigar Sadıqlı həbsxanada olub. Ona görə də onun suallara bu qədər aydın və sərrast cavab verəcəyini düşünmürdüm. Başqan müavini təyin olunanda da içəridə olub Yadigar bəy. Amma Arif Hacılının namizədliyini dəstəkləyib və bu gün də o qərarının üstündədir.

Ağır, sakit, çox danışmayan, nə danışdığını əməlli-başlı ölçüb-biçən bir xarakteri var. İddialı olduğu hiss olunmur, amma yox da deyil. Xarakterli bir müsavatçı kimi onun “Qaynar Qazan”da dedikləri önəmlidir.

“Qaynar Qazan”ın 34-cü qonağı Müsavat partiyasının başqan müavini Yadigar Sadıqlıdır…

 

Əvəz Zeynallı

 

I hissə

 

Müsavat partiyasında ciddi hakimiyyət bölgüsü var

yadigar

– “Qaynar Qazan”ın bugünkü qonağı Müsavat partiyası başqanı Arif Hacılının müavinlərindən biri Yadigar Sadıqovdur. Xoş gəlmisiniz, Yadigar bəy.

– Çox sağ olun, xoş gördük.

– Sizə çoxlu suallar var, amma əsasən də Müsavat partiyası daxilində baş verən hadisələrlə bağlı suallardır. Müsavat partiyası daxilində vəziyyət elə kritikdirmi ki, belə sualların yaranmasına səbəb olur?

– Yox, hal-hazırda partiya daxilində belə bir fikir ayrılığı yoxdur. Fikir ayrılıqları özü də demokratiyanın bir nümunəsidir. Ciddi partiyadaxili mübarizə yoxdur. Qurultaydan sonra yaşanan bəzi olaylar var idi ki, onların da bir hissəsi partiyadan gedənlərlə getdi, bir hissəsi də partiyada qaldı və nəticələrlə barışdı. Bu gün hal-hazırda partiyanın daxilində vəziyyət kifayət qədər normaldır.

– Vüqar Əlizadə soruşur: “Partiyadaxili demokratiyanın səviyyəsi sizi qane edirmi?”

– İnstitutlar baxımından götürdükdə Müsavat partiyası dəfələrlə sübut edib ki, Azərbaycanda demokratiya uğrunda yalnız sözdə deyil, əməldə mübarizə aparıb və Azərbaycan siyasətinə bir çox yeniliklər gətirib. Müsavat partiyasında bütün seçkili vəzifələr yalnız gizli səsvermə yolu ilə həyata keçirilir. Müsavat partiyasında başqanın, rayon təşkilatı sədrlərinin, Nəzarət Təftiş Komissiyası sədrlərinin və başqa vəzifələrə seçkilərlə bağlı məhdudiyyət tətbiq olunur. İki dəfədən artıq seçilmək olmaz. Partiyada ciddi funksiya ayrılığı, belə deyək, hakimiyyət bölgüsü var – MNTK, icra orqanı, məclis sədrliyi öz yerində… 2000-ci ildə Milli Məclisə proporsional seçkilər keçiriləndə Müsavat partiyası ilk və son partiya oldu. Ondan sonra proporsional seçkilər ləğv olundu. Namizədlərin siyahısını icraedici orqanın təşəbbüsü ilə deyil, praymeriz keçirərək, müsavatçıların  seçimi ilə müəyyən edildi. Azərbaycanda bir çox partiyalarda bu hallar yoxdur, hətta gizli səsvermə anlayışına belə hələ ki, müraciət olunmayıb.

– Yəni deyirsiniz ki, partiyadaxili demokratiya istənilən səviyyədədir?

– İnstitutlar baxımından kifayət qədər yoluna qoyulub. Təbii, ölkələrdə müəyyən fərqlər ola bilər, yəni biz Almaniya, Avropa ölkələri kimi, o cəmiyyətin insanları deyilik. Hansısa fikrə kəskin münasibət ola bilər. Məsələn, tənqid qəbul olunmaya bilər. Amma ən əsası institutlardır. Müsavat partiyasında da bu institutlar normal işləyir. Müsavat partiyasında hansısa tənqidi fikrə görə partiya üzvünün cəzalandırılması və s. və i. mümkün olan şey deyil.

– Yadigar bəy, siz həbsdə olanda Müsavat partiyasının qurultayı keçirildi?

– Bəli.

 

Müsavat başqanı ola bilərəm

yadigar-evez3

– Onda siz başqan təyin olundunuz, eləmi?

– Müavin…

– Hə… Başqan müavini… İnşallah, başqan da olarsınız… Ümumiyyətlə, başqan olmaq istəyirsinizmi?

– Mən dəfələrlə bunu müsahibələrimdə, məqalələrimdə bildirmişəm. Müsavat partiyasının başqanı olmaq çox böyük şərəfdir və mən onu da bildirmişəm ki, Azərbaycanın tarixində ictimai-siyasi roluna görə, Müsavat partiyasının başqanı respublika prezidentindən sonra ikinci mühüm siyasi postdur. Təbii ki, hər kəs istəyər ki, bu qədər əhəmiyyətli bir vəzifəni tutsun. Sadəcə olaraq, hələ ki, mən belə bir fikrə gəlməmişəm, qərarımı verməmişəm. Hələ ki, növbəti qurultaya var və biz də bir komanda şəklində işləyirik. Arif bəy öz səlahiyyətlərini kifayət qədər uğurla icra edir. Gələcəkdə bu ola da bilər, olmaya da bilər. Mənim üçün əsas partiyanın mənafeyidir. Arif Hacılıya da məhdudiyyət var və bundan sonra yalnız bir dəfə təkrar seçilə bilər. Ola bilsin ki, elə insan olsun ki, onun partiyaya məndən də yaxşı rəhbərlik eləyə bildiyini hesab edim və dəstəkləyim. Yəni əsas partiyanın mənafeyi olmaq şərtilə bu, ola da bilər, olmaya da bilər…

– Belə görünür ki, zamanı gələndə iddialı olacaqsınız.

– Qəti bir söz deyə bilmərəm…

– Kamal Zeynallı soruşur: “Başqan müavini olmaq qürurvericidirmi?” Seymur Hüseynin də bununla bağlı bir sualı var: “Bilmək istərdim, Yadigar bəy təyinatlı başqanın müavini olmağından qürur duyurmu?” Deyəsən, bu sualda bir az ironiya var.

– Hə, ikinci sualda var. Bilirsinizmi, Azərbaycanda nə dövlət səviyyəsində, nə partiya səviyyəsində, nə də QHT səviyyəsində Müsavat partiyasının keçirdiyi seçkilər kimi seçkilər olmayıb. Siz də o vaxt həbsdə idiniz…

– Bəli, mən də həbsdə idim…

– Müəyyən məlumatlarımız var idi. Tamamilə şəffaf, insanların gözü önündə, internetdə canlı yayımlanmaqla… Bir çox hallarda da xaricdə olan müsavatçılar, azərbaycanlılar internet vasitəsilə seçkilərin nəticələrini izləyənlər, Say Komissiyasının fəaliyyətini izləyənlər, qurultay nümayəndələrindən daha tez, o cümlədən də seçilən başqandan daha tez nəticələrlə tanış oldular. Belə olan halda hansısa təyinatdan söhbət etmək tamamilə cığallıqdır…

– Burada hər halda “təyinatlı başqan” deyəndə Müsavat partiyasının sədri Arif Hacılı nəzərdə tutulur da?

– Yəqin ki… Hələ də o iddia var ki, Arif Hacılını İsa Qəmbər təyin eləyib. Düzü, mən anlamıram, daha hansı şəkildə seçki keçirmək olardı ki, o “təyinatlı” yox, “seçkili başqan” adlandırılsın? Sualın məğzinə gəldikdə isə, bayaq da dedim, Müsavat partiyasının başqanı Azərbaycanda çox mühüm siyasi postu, onun müavini olmaqdır. Mənim şəxsi anlamımda sıravi müsavatçı olmağın özü də bir şərəfdir.

 

“Sual belə olmur, atam balası…”

yadigar2

– Qurultayla bağlı xeyli suallar var. Demək olar ki, əksər suallar onunla bağlıdır. Mərdan Seyidbəyli soruşur: “Müsavat partiyasının qurultayında İsa bəyin Arif Hacılıya dəstək olmasının faktiki olaraq partiyanın iki yerə bölünməsinə səbəb oldu. İsa Qəmbər öz yerini xarizmatik, savadlı, siyasi mənsubiyyətindən asılı olmayaraq ictimai-siyasi fəaliyyətlə məşğul olan insanların qəbul etdiyi Qubad İbadoğluna yox, başqanlıq potensialı olmayan Arif Hacılıya verdi. Bu, nə dərəcədə düzgün idi? Özündən sonra güclü başqana ehtiyac görməyən İsa bəyin səmimiyyətinə inanırsınızmı?”

– Ramiz Rövşənin təbirincə desək, “sual belə olmur, atam balası…” Yəni tamamilə öz fikirlərini qoyub ortaya, öz gəldiyi nəticələri açıqlayıb, sonda da sual xatirinə sual qoyub. Mən şəxsən belə hesab eləmirəm. Həbsdə olsam da, prosesləri ciddi şəkildə izləmişəm. Başqa cəzaçəkmə müəssisələrindən fərqli olaraq qəzet almağımda problemim yox idi. Normal şərait yaradılmışdı.

– Siz 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılırdınız?

– 14 saylıda. Mənim cinayətim ağır cinayətlərə aid deyildi.

– Hə, sizi ağır cəzalandırmayıblar…

– Deməli, İsa bəyin heç bir mövqe ortaya qoymadığı hamıya məlumdur. Əksinə, İsa bəyin yaxın adamlarının, yaxın qohumlarının Qubad İbadoğlunu dəstəkləməsi səbəbindən elə bir görüntü yarana bilərdi ki, İsa bəy Qubad bəyi dəstəkləyir. Amma Arif bəyi dəstəkləməsilə bağlı gerçəkdən mənim dediyim təəssürat yarana bilərdi. Gerçəkdən isə heç bir mövqe ortaya qoymamışdı. Başqan timsalında keçirdiyi son mətbuat konfransında İsa bəyin müəyyən bir narahatlıq keçirdiyi və mövqeyini bildirmək istəməsi sezilib. Lakin yenə də ehtiyac görülmədi və hesab olundu ki, bu, Müsavat partiyasında seçkinin balansını çox birtərəfli edə bilər. Ona görə də İsa bəy sona qədər heç bir münasibət bildirmədi və Arif Hacılı onun dəstəyi olmadan Müsavat partiyasının başqanı seçildi.

– Yenə başqan Arif Hacılı ilə bağlı suallar var. Tural Əliyev soruşur: “Qurultayda sizin dəstəklədiyiniz namizəd kim olub? Pənah Hüseyn niyə Müsavat partiyası ilə əlaqələri soyutdu?” Bununla nə əlaqəsi olduğunu bilmirəm, amma yenə də sualları verdim.

– Bildiyiniz kimi o vaxt belə bir qərar qəbul olunmuşdu ki, qurultaya bir ay qalmış namizədlər öz təbliğatlarını apara bilərlər. Onların tərəfdarları təbliğat kampaniyasına başlaya bilərlər. Kampaniyanın əvvəlində həbsxanadan bir müraciət göndərdim və Arif Hacılını dəstəklədiyimi bildirdim. Pənah Hüseynin Müsavat partiyası ilə münasibətlərinin niyə korlanması ilə bağlı mənim dəqiq məlumatım yoxdur. O vaxt mən rəhbərlikdə də təmsil olunmurdum. Yavaş-yavaş başlanan bir prosesdir. Hər halda mənim bununla bağlı bir versiyam yoxdur.

 

Pənah Hüseynin son zamanlar siyasi xəttində hakimiyyətə qarşı daha yumşaq mövqe sezilir

yadigar-evez2

– Arif Hacılının başqan olmasından sonra ola bilərmi? Çünki Pənah bəy əsasən İsa bəylə dostdur.

– Dostluq əslində İsa bəyin başqan olub-olmamasına baxmamalıdır. Belə çıxır ki, Pənah bəy Müsavat partiyasının başqanı İsa bəy olanda dost olur, olmayanda yox? O fikirdə deyiləm. Yəqin ki, burada da siyasi məsələlər rol oynamağa başlayır. Pənah Hüseynin son zamanlar siyasi xəttində hakimiyyətə qarşı daha yumşaq mövqe sezilirdi. Mənə elə gəlir ki, bu, əsas mövqe ayrılığında rol oynadı.

– Yəni Pənah bəyin haklimiyyətə daha loyal yanaşmasımı?

– Daha yumşaq deyək. Hal-hazırda da səhv eləmirəmsə, bir neçə partiya Antiböhran Koalisiyasında təmsil olunurlar. Bəli, artıq bu, bir göstəricidir ki, o, özünü bu koalisiyaya daha yaxın bilib, başqa partiyalarla fəaliyyət göstərir. 

– Amma Antiböhran Koalisiyasını da hakimiyyətə yaxın bilirsiniz.

– Yaxın demədim, daha yumşaq dedim.

– Daha yumşaq yaxından daha yaxın deyilmi?

– Yox. Sadəcə ola bilər ki, daha kəskin tənqid edə bilərsən. Ola bilər ki, daha yumşaq tənqid edə bilərsən. Hansısa məsələlərdə kəskin mövqe ortaya qoyarsan. Bir başqası isə onun yanından keçib, susqunluq nümayiş etdirə bilər. Necə ki, məsələn, Avropa oyunlarında Müsavat partiyası Azərbaycanda yeganə siyasi partiya oldu ki, Avropa oyunlarını boykota çağırdı. Digər heç bir siyasi təşkilat, heç bir partiya bunu etmədi. Hətta olimpiadada iştirak edən oyunçulara da uğurlar arzuladılar və s. və i. Halbuki bu Azərbaycanın var-dövlətini havaya sovurmaqdan başqa bir şey deyildi. Milyardlarla pul xərcləndi…

 

İdmançılara “uğur” arzulamaq düzgün deyildi

 

– Olmamalı idimi o oyunlar? İdmançılarımıza uğurlar arzulanmamalı idi?

– Azərbaycanın bu gün keçirdiyi həmin o maddi böhranda Avropa oyunlarına xərclənən milyardlarla pulun çox böyük əhəmiyyəti var. Ona görə də Azərbaycan iqtisadiyyatına bu qədər ciddi zərbə vuracaq bir tədbirdə iştirakda “uğur” arzulamaq, mənə elə gəlir ki, düzgün mövqe deyildi.

– O kontekstdən yanaşanda o zaman builki İslam oyunlarına da eyni dərəcədə yanaşılmalıdır?

– Yanaşmaq olar, amma inanmıram ki, İslam oyunlarına bu qədər pul xərclənsin. Hər halda İslam oyunlarında Avropa oyunlarına nisbətən bir qədər infrastruktur yaranıb – stadion tikilib, atletlər kəndi salınıb və s. və i. Bu dəfə yəqin ki, o qədər pul xərclənməyəcək. İkincisi də, heç o qədər pul da yoxdur ki, xərclənsin. Az xərclənəcək, amma yenə də mənim fikrimcə, – çünki bu məsələ Müsavat partiyasında bir orqan tərəfindən müzakirə olunmayıb – yenə də bu böhran vəziyyətində idman oyunlarına o qədər fikir vermək, bu qədər pul xərcləmək, onu diktatorların bir təbliğat alətinə çevirmək həddindən artıq yersizdir və Azərbaycan iqtisadiyyatının boynunda bir ağır daş kimi sallanıb.

– Anar Məlikov soruşur: “Müsavat partiyası niyə parçalandı? AXCP-yə qarşı aqressiya haradan qaynaqlanır?”

– Anar bəyi tanıyıram. Facebook üzərindən normal münasibətlərimiz olan bir şəxsdir. Şəxsi görüşümüz olmayıb. Müsavat partiyası parçalanmayıb. Belə deyək, Müsavat partiyasının onlarla üzvü qurultaydan sonra Müsavat partiyasından uzaqlaşdı. Buna parçalanmaq demək, öz arzularını gerçəklik kimi təqdim etmək deməkdir. Parçalanmanı biz AXCP-nin taleyində görmüşük – bir neçə dəfə parçalanıb. Başqa partiyalar var idi – Vəhdət partiyası 5-6 dəfə parçalandı. Adı Vəhdət olsa da… O vaxt Ayaz Mütəllibovun yaratdığı Vətəndaş Birliyi Partiyası parçalandı, səhv etmirəmsə, onun tərəfindən Ümid partiyası yaradıldı. Müsavat partiyasında parçalanma baş verməyib. Bir neçə üzvümüz partiyanı tərk eləyib. Təbii ki, istəməzdik ki, belə olsun, hamı qurultayın nəticələrini qəbul eləsin, amma yenə də onların öz seçimidir və onlar Müsavat partiyasından kənar Azərbaycanda demokratiya uğrunda mübarizə aparacaqlarsa, bu hakimiyyətə qarşı mübarizə aparacaqlarsa, mən şəxsən onlara uğurlar arzu edirəm.

AXCP-yə qarşı münasibətə gəlincə, şəxsən bu sual mənə ünvanlanıbsa, mənim tərəfimdən belə bir hal yoxdur. Sadəcə, Müsavat partiyasına qarşı bir çox hallarda haqsız həmlələr olub, hücumlar olub. AXCP və Milli Şuranı Azərbaycanda yeganə siyasi təşkilat kimi qələmə vermək cəhdləri olub. Təbii olaraq mən də bütün bunlara cavab vermək zorunda qalıram. Çünki bu, mənim borcumdur. Hətta hüququm yox, borcumdur. Çünki sıravi müsavatçılar bizlərə – rəhbərlikdə olanlara etimad göstəriblər və məni şəxsən qurultayda Məclis üzvü seçiblər. Sonra da Məclisdə Divan üzvü seçiblər. Başqan məni müavinliyə təqdim edəndə mənə Məclis üzvləri etimad göstərib, səs veriblər. Ona görə də onların mənafeyini müdafiə etmək, onlara qarşı olan haqsız münasibətə cavab vermək mənim birbaşa borcumdur. Bu gün əgər mən müsavatçıların mənafeyini müdafiə etməyəcəmsə, o zaman sabah vətəndaşlara necə inandırmaq olar ki, biz hakimiyyətə gələndə sizin hüquqlarınızı, sizin mənafeyinizi müdafiə edəcəyik.

– Sizcə, Azərbaycanda əsas, ana müxalifət hansı partiyadır? Necə fikirləşirsiniz?

– Bunu araşdırmaq həmişə ziyanlı mövqeyə gətirib çıxarır. Mən şəxsən hesab edirəm ki, Azərbaycanda müxalifət hansısa bir təşkilatdan, yalnız bir təşkilatdan ibarət deyil. Müsavat partiyası da ciddi müxalifət partiyasıdır. AXCP və daxilində formalaşdırdığı Milli Şura da müxalifətçi qurumdur. ReAL kifayət qədər ciddi və uğurlu fəaliyyət göstərir. Uğurlar arzulayıram. NİDA, D18 təşkilatı son zamanlar əsasən hakimiyyətə qarşı birmənalı mövqe sərgiləyən təşkilatlardır.

– Yəni sadaladığınız bu təşkilatların hamısını müxalif qüvvə hesab etmək olar, deyirsiniz.

– Təbii… Müxalif qüvvədirlər. Sadəcə, mən bu gün onların arasında kimin ana müxalifət, kimin əsas müxalifət olduğunu araşdırmağı ziyanlı hesab edirəm.

 

Zakir bəy həbsdən iki həftə əvvəl çıxan bir insan haqqında yazmışdı ki…

yadigar-evez1

– Zakir Cavanşirli soruşur: “Suallarımı səmimi və kişi kimi cavablandırmasını istəyirəm, siyasətçi kimi yox. VIII qurultaydan sonra Müsavat partiyasını kim maliyyələşdirir? Başqan müavini kimi maaşı nə qədərdir? Müsavat partiyasının parçalanmasında marağınız… əgər varsa. İstefa barəsində düşünürsünüzmü?”

– Zakir bəyin bir mövqeyi mənim yadımda qalıb. Həbsdən iki həftə idi çıxmışdım. Hansısa saytda mənim bir müsahibəm yayınlanmışdı. Müsavat partiyasının VIII qurultayı ilə bağlı mövqeyimi soruşmuşdular, mən də demişdim ki, “kifayət qədər iş aparılıb və ədalətli seçki keçirilib və leqitim strukturlar formalaşdırılıb”. Qurultayın nəticələrini qəbul eləməyənlərdən biri bunu sosial şəbəkədə paylaşmışdı və Zakir bəy də həbsdən iki həftə əvvəl çıxan bir insan haqqında – mənim haqqımda yazmışdı ki, “o haram pulları övladlarınıza necə yedizdirirsiniz?” Nəsə, maliyyə məsələsi Zakir bəyin çox həssas və şübhəli yanaşdığı bir mövqedir. Müsavat partiyasını həmişə olduğu kimi müsavatçılar maliyyələşdirir. O cümlədən mən maliyyələşdirirəm. Ayda 10 manat üzvlük haqqı ödəməklə. Mən şəxsən… Başqa bir maliyyələşdirən yoxdur. Maaşla bağlı… Mənim Müsavat partiyasına üzvlük haqqı ödədiyim 10 manatdan başqa, mənim Müsavat partiyası ilə heç bir maliyyə əməliyyatım yoxdur. Yəni daha dəqiq desək, mən maaş almıram.

– Müavinlərə maaş verilmir?

– Xeyr.

– İctimai əsaslarla işləyirsiniz?

– Təbii. İctimai əsaslarla işləyirik. İmkanım olsa idi, üzvlük haqqını da artırmaqla, partiyaya daha çox kömək etmiş olardım. Təəssüf ki, o imkan yoxdur. Biz əsasən, kommunal xərclərin ödənilməsinə, bir neçə texniki işçi var ki, onlara da maaş demək olmaz – güzəranlarını keçirmək üçün pul ödənilir. Əsasən xərcimiz buna gedir – işıq pulu, su pulu, telefon pulu və s. və i. Ofisin icarə haqqı da bura daxildir. Yəni Müsavat partiyasının maliyyə vəziyyəti heç də ürəkaçan deyil. Məsələn, sentyabr ayında biz mitinq keçirəndə başqa təşkilatlardan fərqli olaraq, rayon üzvlərimizə yolpulu ödəyə bilmədik ki, mitinqdə gəlib iştirak etsinlər. Gəliş-gediş pulunu ödəyə bilmədik. Mən 2000-ci ldən Müsavat partiyasının üzvüyəm. Heç bir vaxt partiyanın maliyyə baxımından çox güclü olduğunu görməmişəm. Belə deyək, 2005-ci ildən sonra da maliyyə daha da zəifdir.

– Daha iki sualın cavabı qaldı: “Müsavat partiyasının parçalanmasında marağınız… əgər varsa… Bir də istefa barəsində düşünürsünüzmü?”

– Müsavat partiyasına mənim həddindən artıq ali münasibətim var. Bu tarixdən də irəli gələ bilər. Mən hesab edirəm ki, Müsavat partiyası Azərbaycanın müqəddəs bir məkanıdır. O baxımdan Müsavat partiyasının parçalanmasında, zəifləməsində, süqutunda marağı olan bir kəs Azərbaycansevər bir şəxs ola bilməz. O, Azərbaycanın da parçalanmasını, süqutunu istəyən bir şəxs ola bilər. Ona görə də bu sualı mən çox təhqiramiz hesab edirəm. Xüsusən də, Müsavat partiyasının başqan müavini, Müsavat partiyasının parçalanmasını necə istəyə bilər? İstefa məsələsinə gəlincə, bu barədə heç düşünməmişəm. İstefa barəsində yalnız o vaxt düşünə bilərəm ki, Allah uzaq eləsin, sağlamlıq və yaxud da başqa bir səbəbdən partiyaya lazım olduğu qədər kömək edə bilməyəm. O zaman o vəzifəni nahaq yerə tutmayım deyə istefa verə bilərəm ki, başqası həmin vəzifəni daha səmərəli həyata keçirsin və partiyaya daha çox xeyir versin.

 

Biz mitinqə pul xərcləyə bilmədik, amma AXCP xərclədi

 

– Ərəstun Qorxmaz soruşur: “Müsavat partiyasının keçirdiyi mitinqlərə nədən 200-300 nəfər adam gəlmişdi? Belə çıxır ki, Müsavat partiyasını heç üzvləri də dəstəkləmir…” Burada Bakıxan Qəribli müdaxilə edərək, yazıb ki, “məncə Əvəz bəy bu sualı çıxaracaq. Çünki say məsələsində ən azı 10 dəfə qərəzkarlıq edirsiniz. Əsaslı şəkildə isə, yəqin ki, Yadigar bəy bu suala cavab verəcək”. Mən bu sualı çıxarmadım.Ona görə ki, həmin mitinqdə mən də iştuirak edirdim. Həqiqətən də 200-300 adam deyildi. Yəni mən şəxsən hesab edirəm ki, – AXCP-nin mitinqindən sonra idi, bizim müqayisə aparmaq imkanlarımız oldu. Mən o vaxt bu haqda yazmışdım da… – təxminən 4-5 min nəfər civarında adam var idi. Məncə…

– Müsavat partiyası zamanında on minlərlə, yüz minlərlə adamın iştirakı ilə mitinqlər keçirən bir partiyadır. Onsuz da sentyabr mitinqlərində iştirak edən insanların sayı ilə razı deyilik, biz də istəyərdik ki, daha çox insan iştirak eləsin. Onu 10 dəfə, 20 dəfə kiçiltməyə də ehtiyac yox idi. Artıq məlumdur ki, hansı məqsəd güdülüb. Bir məqama mən bayaq toxundum. Biz Müsavat partiyasının rayon təşkilatlarının üzvlərinə yol pulu ödəyə bilmədik. Biz haradasa 500-600 manat xərclə o mitinqi keçirdik. Əsasən texniki vəsaitlərə, nəqliyyata, bayraqlara, plakatlara və s. pul xərcləməklə. Ondan artıq pul xərcləməyə bizim imkanımız olmadı.

– Belə çıxır ki, mitinqlərin daha yaxşı alınması üçün daha yaxşı pul xərcləməlisən?

– Təbii…

– O zaman Cəbhə bir həftə əvvəlki mitinqə yaxşı pul xərclədi, deyirsiniz?

– Belə deyək, məsələn, mənim yaşadığım Lənkərandan cəbhəçilər bir avtobus tutub gəlmişdilər və mitinqdə iştirak elədilər, getdilər.

– Amma siz onu eləyə bilmədiniz?

– Biz onu eləyə bilmədik. Onu eləmək üçün bizim maliyyəmiz olmadı.

– Amma bir məsələ də var ki, AXCP-nin mitinqi ilə Müsavat partiyasının mitinqi bir-birindən əsaslı şəkildə fərqləndi və bu da belə fikirlərin ortaya çıxmasına səbəb oldu ki, bu xalq artıq meydanlarda Cəbhəni seçir. Bu qənaət sizcə doğrudurmu?

– Bilirsinizmi, seçə bilərlər. Cəbhə də demokratiya uğrunda mübarizə aparır və əgər onun mitinqində daha çox adam iştirak edirsə, mən bunda faciəvi bir şey görmürəm. Lakin burada iki ciddi amil var idi: Birincisi, biz rayonlarda olan üzvlərimizi maliyyə olmadan mitinqə cəlb edə bilmədik. İkincisi, AXCP-nin və Milli Şuranın mitinqinə dini camiənin verdiyi dəstək qat-qat ciddi idi və qat-qat çox idi. Hacı Taleh Milli Şuranın üzvüdür, Allah qapısını açsın. Milli Şuranın mitinqində iştirak eləməklə bağlı birbaşa çağırış etmişdi. Bir şeyi də nəzərə alaq ki, bu mitinq tək Cəbhənin deyil, Milli Şuranın da mitinqi idi. Milli Şurada da həm ayrı-ayrı şəxslər, həm də İslam partiyası və s. partiyaların üzvləri də təmsil olunurdular. Müsavat partiyasının mitinqi isə yalnız müsavatçıların mitinqi idi.

– Niyə? Sizə də D18 dəstək verirdi, NİDA dəstək verirdi.

– D18 ilə NİDA Milli Şuranın mitinqinə də dəstək verdi. Bu məsələdə ciddi fikir ayrılığı yoxdur. Digər tərəfdən, müəyyən amillər də rol oynadı. O cümlədən Milli Şuranın sentyabrın 17-nə mitinq təyin etməsi… Bu, insanlarda ciddi əhvali-ruhiyyə düşüklüyünə səbəb oldu. 17-də bir mitinq, 18-də başqa bir mitinq. Digər tərəfdən, sentyabrın 16-17-də həbslər həyata keçirildi. Cəbhənin, Milli Şuranın mitinqindən öncə… Milli Şura mitinqdən əvvəl bu rəqəmlər, həbslər haqda məlumatı açıqlamadı. Mitinqlər qurtarandan sonra bu haqda məlumat verdi. Ertəsi gün də bizim mitinq idi. Təbii olaraq, bu həbslər də, həbs xəbərləri çox təəssüf ki, Azərbaycan cəmiyyətinin mitinq əhval-ruhiyyəsinə, mitinq anlayışında toparlanmasına çox ciddi təsir edib.

 

17 sentyabr mitinqi çox gözlənilməz oldu

 

– Dediyinizin tərcüməsi budurmu: Bizim mitinqlərə hakimiyyətlə birlikdə Cəbhə də mane oldu?

– 17-18 sentyabr mitinqlərin keçirilməsinə ciddi təsir elədi. Sosial şəbəkələrdə də bunu açıq-aşkar görmək olardı ki, insanlarda ciddi bir ruh düşgünlüyü yarandı, “nəyə lazım idi?” Xüsusilə də o kontekstdə ki, Müsavat partiyası sentyabrın 11-i mitinqinə kifayət qədər dəstək verdi, müsavatçılar çox ciddi şəkildə təbliğatını apardılar.

– Mən də elə hesab edirəm. O dönəmdə də bu haqda yazmışdım ki, 11-ni 18-də eləmək olardı, yəni qüvvələri, səyləri birləşdirib, eləmək olardı.

– Onlarla müsavatçı sentyabrın 11-i mitinqində iştirak etdi. Gənclərimiz də iştirak etdilər. Başqan müavinləri səviyyəsində də iştirak etdilər. Orada elan olundu ki, sentyabrın 17-də Milli Şura daha bir mitinq keçirəcək…

– Bir az da gözlənilməz oldu…

– Çox gözlənilməz oldu. Bu da cəmiyyətin əhval-ruhiyyəsinə, prosesin gedişinə ciddi təsir elədi.

– Yadigar bəy, çox səmimi bir cavab istəyirəm. Çox rəsmisiniz… Nədir bu, bitməz-tükənməz savaşın səbəbi? Əli Kərimli Arif Hacılını qəbul eləmirmi? AXCP Arif Hacılını başqan kimi görmək istəmirmi? Nədir bunun səbəbi?

– Vallah, başqa bir təşkilatın Müsavat partiyasında kimi başqan görüb-görməməsi çox gülünc olardı və hər halda bu, Müsavat partiyasının daxili işidir. Düzdür, başqa rakursdan götürəndə seçki olan vaxt, qurultay öncəsi bir çox Müsavat partiyasının üzvü olmayan şəxslər buna münasibət bildirirdilər. Namizədlərdən hansınısa dəstəklədiklərini bildirirdilər. Bu da tamamilə təbii qarşılanıb. Çünki Müsavat partiyası hər halda Azərbaycan tarixində oynadığı ictimai-siyasi rolu ilə digər partiyalardan fərqlənib. Məsələn, mənimlə birlikdə cəzaçəkmə müəssisəsində olan Qurban Məmmədov müraciət göndərib Arif Hacılını dəstəkləmişdi. İlqar Məmmədov Qubad İbadoğlunu dəstəkləmişdi.

– Tofiq Yaqublu da Qubad İbadoğlunu dəstəkləmişdi.

– Tofiq Yaqublu müsavatçıdır. Mən indi Müsavat partiyasından kənar münasibətlərdən danışıram. O dövrdə bu, təbii idi. Amma qurultay oldu, qurtardı və Müsavat partiyasının başqanı seçilibsə, başqa bir təşkilatın “Müsavat partiyasının başqanı filankəs olmalı idi”, – kimi yanaşması çox yersiz olardı.

 

AXCP Müsavatı zəif düşürməyə çalışdı

yadigar-evez

– Siz necə hesab edirsiniz? Yaxşı, zaman-zaman AXCP ilə Müsavat partiyasının arasında müəyyən problemlər olub, amma indi sanki daha barışmaz hal kimi görünür. Yəni heç bir halda bir araya gəlmə məsələsi görünmür.

– Son vaxtlar baş verən proseslər daha çox AXCP-nin mövqeyi ilə bağlıdır. Bayaq səsləndirdim, “ana müxalifət bizik!” – deyə bilərlər. İndi hər kəs özünə ana müxalifət deyir, o bir problem deyil – “yeganə müxalifət bizik!”, “Milli Şura çərçivəsindən kənarda müxalifət yoxdur”, “Bütün müxalif qüvvələr Milli Şurada birləşib” kimi yanaşmalar AXCP-Müsavat münasibətlərinə təbii, təsir eləyir. Digər tərəfdən, qurultaydan sonra baş verən proseslər, Müsavat partiyasının Milli Şuradan çıxması ilə bağlı baş verən proseslər, mən şəxsən hesab edirəm ki, AXCP rəhbərliyi hesab elədi ki, Müsavat partiyasını zəif düşürmək üçün, çoxdan arzulanan önə keçmək prosesini həyata keçirmək üçün çox uyğun şərait yaranıb və bunu həyata keçirməyə çalışdılar. Hələ də o prosesi davam etdirirlər. Bu da Azərbaycanın demokratik prosesinə həddindən artıq böyük zərbədir…

– Çox maraqlı fikirdir. Yəni önə keçmək üçün Müsavat partiyasının üstünə gələ-gələ gedirlər, deyirsiniz?

– Bəli…

– Bayaq mitinqlə bağlı danışanda maraqlı bir fikir səsləndirdiniz. Taleh Bağırzadə faktoru… Siz ona görə Taleh Bağırzadəni, Nardaran hadisələrində həbs olunan dindarları siyasi məhbus olaraq tanımadınz?

– Yox, elə söhbət yoxdur. Səxavət Soltanlı bir mövqe sərgiləmişdi, siyasi məhbus siyahısını analiz edib, belə bir nəticəyə gəlmişdi ki, həmin siyahıda bu qədər dindarın olması, Avropadan, Amerikadan Azərbaycana baxan insanlar üçün belə bir nəticə yarana bilər ki, Azərbaycanda siyasi müxalifət yox səviyyəsindədir. Sivil müxalifət yox səviyyəsindədir. Ərəb ölkələrində olduğu kimi, Azərbaycanda da dini müxalifətlə hakimiyyət arasında mübarizə gedir. Bu da hakimiyyətin xeyrinə olar. Avropada, Qərbdə o qənaətin yaranması, hakimiyyətin xeyrinə olar. O baxımdan, vicdan məhbusu hesab edək və s. Əslində, Səxavət bəyin də fikri ilə razı deyiləm. Çünki siyasi məhbus olmadan vicdan məhbusu olmaq mümkün deyil. Yəni siyasi məhbus ilkin mərhələdir. Vicdan məhbusu isə daha yüksək mərhələdir. İstənilən vicdan məhbusu həm də siyasi məhbusdur. Amma hər siyasi məhbus da vicdan mıəhbusu deyil…

 

Səxavət Soltanlı razılaşdırılmamış, yanlış mövqe sərgiləmişdi

 

– Düzdür. Yəni o mövqe Müsavat partiyasının mövqeyi deyil?

– Xeyr. O zaman biz – Arif Hacılı, Gülağa Aslanlı və mən Almaniyada idik. Avropa Koordinasiya Mərkəzinin yaranmasında iştirak edirdik. Oradan internet əlaqələrimiz də zəif idi. Orada xeyli görüşlər də keçirirdik. Ümumiyyətlə, bu mövqedən xəbərimiz olmadı. Sonra gəldik və məlum oldu ki, Səxavət bəy belə bir mövqe sərgiləyib. Bu, heç kəs tərəfindən qəbul olunmadı. Bizim 166 siyasi məhbusun adı olan siyahıda – Leyla Yunus, Oktay Gülalıyev müraciət edib – mən imza atmışam, Tofiq Yaqublu, Fərəc Kərimli imza atıb. Yəni biz onları siyasi məhbus kimi tanıyırıq və başqa cür də ola bilməz.

– Maraqlıdır, sonra Müsavat partiyasının mövqeyi necə oldu? Sonradan cəmiyyətə bir açıqlama vermədiniz, deyəsən…

 

I hissənin sonu

 

 

Strateq.az