XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

31 Yanvar 2017 - 13:45

«Əcəl zəngi»ni gözləyən Cənubi Koreya– Trampın «sənaye inqilabı» «nəhəngləri» diz çökdürəcək

ABŞ prezidenti Donald Trampın ilk geniş mətbuat konfransı zamanı verdiyi əsas mesajlardan biri də bu oldu – «Sənaye Amerikaya qayıdacaq!».

Əslində bu mesaj Trampın seçkiöncəsi kampaniyada bu istiqamətdə səsləndirdiyi ultimativ açıqlamaların bir cümləlik xülasəsi idi. Tramp dəfələrlə bəyan etmişdi ki, sənayenin Birləşmiş Ştatlardan uzaq düşməsi onu qane etmir və özündən əvvəlki prezidentlərin bu səhvini düzəldərək amerikalılara yeni iş yerləri açmaq üçün hər şey edəcək.

Bu ultimatum, məhsulları ilə ABŞ bazarında böyük paya sahib olan Çini olduqca məyus etdi. Və ilk günlər «ticarət savaşı»nın əsas tərəfi kimi əsasən Çin göstərildi.

İndi daha bir ölkə – istehsal etdiyi məhsullarla həm dünya, həm ABŞ bazarlarına yaxından nüfuz edən Cənubi Koreya da təşviş içində öz «əcəl zəngi»ni gözləməkdədir. Trampın bir fərmanı bu ölkənin də sənayesinə böyük zərbə vura bilər.   

Strateq.az xarici mətbuata istinadla xəbər verir ki, Trampla bağlı Cənubi Koreyada təəccüb doğuran konsensus yaranıb. Həm sağçılar, həm solçular ABŞ-ın yeni prezidenti Donald Trampı sevmir. 

Ən maraqlısı isə Cənubi Koreyanın bu məsələdə Şimali Koreya hökuməti ilə də həmrəy olmasıdır. 

İnauqurasiya dönüş nöqtəsi oldu

Cənubi Koreya prezidenti Pak Kın Xen

Son günlər Cənubi Koreya qəzetlərinin hamısında Trampa həsr olunan məqalələr dərc olunur. 

Düzdür, Trampın qələbəsi Koreyada sensasiya yaratmadı. Buna səbəb Amerikadakı seçkilər zamanı Cənubi Koreyada yaşanan siyasi qalmaqal idi. Və böyük ehtimalla, bu qalmaqal hazrıkı prezident Pak Kın Xenin impiçmenti ilə yekunlaşacaq.

Prezidentin adı ətrafında yaranmış səs-küy yerli KİV-lərin diqqətini Vaşinqton gələn xəbərlərdən ayırdı.

Bununla yanaşı, ilk vaxtlar Seulda çoxları Trampı seçicilərə istədiyi vədləri verən, lakin onları yerinə yetirməyi düşünməyən demaqoq kimi tanıyırdı. Bu səbəbdən koreyalılar onun qələbəsindən çox narahat olmamışdılar.   

Lakin Trampın inauqurasiyası sanki dönüş nöqtəsi oldu. Cənubi Koreyanın siyasi elitası gec də olsa anladı ki, dünya ciddi şəkildə dəyişməyə başlayır və uzunmüddətli perspektivdə bu məsələ prezidentin impiçmentindən daha önəmlidir.

Eyni zamanda Koreyada hamı bu fikirdədir ki, dəyişikliklər onlara yaxşı heç nə vəd etmir. 
 

Koreya nədən ehtiyat edir?

 

Yerli mətbuat ABŞ-la bağlı demək olar ki bütün məqalələrində «təhlükə», «şok», «böhran» sözlərindən istifadə edir. 

Bu təlaş Amerika və Avropada Trampı sevməyənlərin təlaşından fərqlənir. Qərbdən fərqli olaraq Cənubi Koreya ictimaiyyətini Yaxın Şərqin demokratikləşməsi, indoneziyalı işçilərin taleyi, afrikalı azlıqların diskriminasiyası kimi, məsələlər maraqlandırmır. 

Koreyalılar ümumiyyətlə, uzaq ölkələrin taleyi üçün narahatlıq keçirməyə meylli deyillər.

Onları ən çox narahat edən Trampın xarici malların ABŞ bazarına girişinə qoymaq istədiyi məhdudiyyətdir. 

Koreyanın 50 ildən artıqdır ixrac hesabına yaşadığını nəzərə alsaq, bu perspektivin niyə narahatlıq yaratdığı aydın olur.

Düzdür, bu məsələdə Trampın ilkin hədəfi Çin və Meksikadır. Lakin Koreya bu ölkələrin ardınca növbənin ona çatacağından ehtiyat edir.

Əslində bu narahatlığında haqsız deyil. Çünki Trampın Çinlə bağlı dediklərinin Cənubi Koreyeya da aidiyyəti var. Üstəlik Tramp Koreya sənayesinə olduqca sərfəli olan sərbəst ticarət haqda ikitərəfli sazişi də ləğv edə bilər.

 

«Toyota»dan sonra növbə «Kia»nındır?

 

Koreyalıları Trampın Meksika ilə bağlı addımları da narahat edir. 

Tramp artıq neçənci dəfədir ki, Meksikada zavodlar tikən koorparasiyaları sərt tənqid edir. Şirkətlərin başqa ölkədə iş yerlərini  açması və istehsal olunan məhsulu da ABŞ-a satması Trampı qane etmir.

Bu məsələdə ən çox itirən isə Meksikada avtomobil zavodu tikməyə hazırlaşan «Toyota» şirkəti oldu. Tramp bu şirkəti məhsullarına yüksək gömrük vergi tətbiq etməklə hədələdi.

Bu biznes-modeldən Koreya da istifadə edir. Məsələn, «Kia» şirkətinin Meksikanın Monterrey şəhərindəki zavodunda ötən il istehsal olunan avtomobillərinin 80 faizinin (105 min ədəd) alıcısı ABŞ olub. 

İndi bu zavodun da taleyi sual altındadır. Tramp vəd etdiyi tarif dəyişikliyini yaxın gələcəkdə reallaşdıran kimi həm «Kia», həm də Cənubi Koreyanın Meksikadakı digər şirkətləri ciddi problemlər yaşayacaq.

Trampın seçilməsinin siyasi nəticələrinə gəlincə, bu, koreyalıları daha az narahat edir. Lakin siyasi xəttin iqtisadi xoşagəlməzliklərə səbəb olacağından ehtiyat edirlər.

Eyni zamanda Trampın Çinlə münasibətləri kəskinləşdirməkdə israrlı olması rəsmi Seulda əməlli-başlı gərginlik yaradıb.

 

Vaşinqton, yoxsa Pekin?

 

Son illərdə Cənubi Koreya həqiqətən də ikili mövqe tutur. Seul bir tərəfdən Vaşinqtonun hərbi-strateji müttəfiqidir, bir tərəfdən də Çin ölkənin əsas əsas ticarət tərəfdaşıdır. 

Bu ikitirəlilik getdikcə daha çox görünməyə başlayır. Məsələn, ötən ilin yayında Vaşinqton Koreyaya Amerika raketdən müdafiə sistemini yerləşdirdi. 

Tərəflər bunu Şimali Koreyadan müdafiə üçün quraşdırıldığını iddia etdilər. Lakin bu sistemə radar da daxildir ki, onun vasitəsilə Çinlə bağlı kəşfiyyat məlumatları toplamaq mümkündür.

Pekin Vaşinqtonla Cənubi Koreya arasındakı bu razılaşmaya öznəməxsus şəkildə cavab verdi. Bəzi Çin şirkətlərinin Koreyadakı fəaliyyətini dayandıraraq Seula qarşı bir növ, sanksiya tətbiq etdi.

Eyni zamanda vətəndaşlarının Cənubi Koreyaya səfərlərinə  məhdudiyyət qoydu. Cənubi Koreyada turist kontingentinin əsas hissəsini məhz çinlilər təşkil edir.

Çində fəaliyyət göstərən Koreya şirkətlərində kütləvi yoxlamalar başladı. Əmək qanunvericiliyi, maliyyə, sanitar və s. sahələrdə pozuntulura yol verən şirkətlər sərt şəkildə cəzalandırıldı.

Nəhayət, hələ seçki kampaniyası zamanı Donald Tramp bəyan etmişdi ki, Seuldan Koreyadakı ABŞ hərbi bazasına daha çox xərc ayrılmasını tələb edəcək.

Hazırda hərbi baza müştərək qaydada maliyyələşir. Lakin Tramp bildirib ki, bu azdır və Koreya xərclərin daha çox hissəsini üstlənməlidir.

 

Şimali Koreya təhlükəsi

 

Şimali Koreya lideri Kim Çen İn

Seulu Trampla bağlı narahat edən bir məqam da var. Ağ Evin buna qədərki sahiblərindən fərqli olaraq Tramp Şimali Koreyanın nüvə problemini güc yolu ilə həllinə gedə bilər. 

Söhbət, təbii ki, irimiqyaslı savaşdan yox, Şimali Koreyanın nüvə və raket komplekslərinə zərbələrin endirilməsindən gedir.  

Bütün bunları nəzərə alaraq, Pxenyan ABŞ-a zərbə endirmək gücündə olan qitələrarası ballistik raketlərinin istehsalını və sınaqdan keçirilməsini bir neçə ilə başa çatdıracaq. 

Əgər bu, Trampın rəhbərliyi dövründə olsa, ABŞ-ın yeni prezidenti Şimali Koreyanın nüvə kompleksini iflic vəziyyətə salmağa çalışacaq. 

Bu variantlar Vaşinqtonda bundan əvvəl də zaman-zaman müzakirə olunub. Lakin müzakirələr həmişə nəticəsiz qalıb. 

Tramp Şimali Koreyaya hətta yarımçıq (yalnız nüvə obyektlərinin vurulması) savaş açsa belə, bu, Cənubi Koreya üçün fəlakət olacaq. Ən azı ona görə ki, cavab olaraq Şimali Koreya atəş zonasında yerləşən Seula zərbə endirəcək. 

Üstəlik Tramp bir neçə dəfə bəyan edib ki, müttəfiqlərinin təhlükəsizliyi onun üçün prioritet deyil. 

 

Trampın qələbəsini 10 gün sonra xəbər verdilər

 

Demək ki, Seula zərbə endiriləcəyi təqdirdə, Tramp bunu təbii qarşılayacaq və ABŞ-ın birbaşa təhlükədən qoruyan amil kimi qəbul edəcək.  

Belə perspektiv Pxenyanı da narahat edir.

Təsadüfi deyil ki, Şimali Koreya mətbuatı Trapmın qələbəsindən yazmadı və buna 10 gün sonra tam başqa mövzulu bir xəbərdə toxundu.

Yeri gəlmişkən, bu ölkənin mətbuatı bir qayda olaraq, hökumətin pis hesab etdiyi xəbərləri yaymır. 

Koreyanın bu qorxu və narahatlığın nə dərəcədə əsaslı olduğunu zaman gösğərəcək. Hələliksə o məlumdur ki, Ağ Evin yeni sahibinə görə koreyalıların yuxuları hələ uzun müddət ərşə çəkiləcək…

 

Strateq.az